Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8078/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Rauf Əzimovun, iddiaçının nümayəndəsi Eldar Tanrıverdiyevin, cavabdehin vəkili Vəkil iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girovla yüklü edilmiş sahiblik hüquqlarına yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.11.2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 14.02.2007-ci il tarixli, 45E nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 80.000 ABŞ dolları, faiz borcu kimi 18.920 ABŞ dolları, əldən çıxmış fayda kimi 102.000 ABŞ dolları, cəmi 200.920 ABŞ dolları məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulsun və tutma girovla yüklü edilmiş, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən cavabdehin adına verilmiş mənzil sertifikatında qeyd olunan, Nərimanov rayonu, 1934-cü məhəllə, V.Mayakovski və A.Orucəliyev küçələrinin arasındakı bunada, 4-cü alaqapı, 10-cu mərtəbə yerləşən 90 nömrəli üç otaqlı mənzilə olan sahiblik hüquqlarına yönəldilsin, sahiblik hüquqları açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 80.000 ABŞ dolları, faiz borcu kimi 18.920 ABŞ dolları, əldən çıxmış fayda kimi 500 ABŞ dolları, cəmi 99.420 ABŞ dolları məbləğində borc, habelə dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun və tutma həmin mənzilə olan sahiblik hüquqlarına yönəldilsin, sahiblik hüquqları açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. İddianın qalan hissəsi təmin edilməyib. Hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən, yəni əldən çıxmış faydanın tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Rauf Əzimov və iddiaçının nümayəndəsi Eldar Tanrıverdiyev iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu, cavabehin vəkili Vəkil isə cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Bundan əvvəl mülki işə iki dəfə apellyasiya qaydasında baxılıb. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş 27.10.2020-ci il tarixli qətnamə ilə qət olunub ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit borcunun tutulması hissəsində dəyişdirilsin, qətnamə borc üzrə tutmanın girova - mənzil sertifikatı ilə rəsmiləşdirilmiş hüquqa yönəldilməsi barədə tələbə aid olan hissədə ləğv edilsin və həmin tələb təmin edilməsin. Bu qətnamə Ali Məhkəmənin 31.05.2021-ci il tarixli qərarı ilə mübahisələndirilən, yəni iddianın təmin edilməsinə aid olan hissədə ləğv edilib və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Odur ki, hazırda qətnamənin kredit müqaviləsi üzrə borcun tutulmasına aid olan hissəsi apellyasiya qaydasında yoxlanılır. Yoxlanılan hissədə qətnamə ləğv ediılməli və tələb rədd olunmalıdır. Belə ki, iddia müddəti keçib. Kredit xətt müqaviləsi 14.02.2007-ci ildə bağlanıb, 80.000 ABŞ dolları məbləğində kredit iddiaçı tərəfindən cavabdehə verilib. Müqavilənin 2.3-cü bəndində qeyd olunub ki, kreditin qaytarılması üçün son müddət 14.02.2008-ci il müəyyən olunur. İddiaçı kredit xətt müqaviləsinin müddətinin 5 dəfə uzadıldığını təsdiq edən “əlavə razılaşma” adlı sənədlər təqdim edib. Bu razılaşmalar aşağıdakılardır: 1-ci razılaşmanın tarixi 14.02.2008-ci ildir. Həmin razılaşma ilə kreditin qaytarılması müddəti 14.02.2009-cu ilədək (12 ay) uzadılıb. 2-ci razılaşmanın tarixi 14.02.2009-cu ildir. Həmin razılaşma ilə kreditin qaytarılması müddəti 14.02.2010-cu ilədək (12 ay) uzadılıb. 3-cü razılaşmanın tarixi 12.02.2010-ci ildir. Həmin razılaşma ilə kreditin qaytarılması müddəti 14.02.2011-ci ilədək (12 ay) uzadılıb. 4-cü razılaşmanın tarixi 14.02.2011-ci ildir. Həmin razılaşma ilə kreditin qaytarılması müddəti 14.02.2013-cü ilədək (24 ay) uzadılıb. 5-ci razılaşmanın tarixi 14.02.2013-cü ildir. Həmin razılaşma ilə kreditin qaytarılması müddəti 14.02.2015-ci ilədək (24 ay) uzadılıb. Məhkəmə-xəttşünaslıq ekspertizasının 30.07.2019-cu il tarixli, 17784 nömrəli rəyinə görə 4-cü və 5-ci razılaşmadakı imzalar cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunub. Ona görə də kreditin qaytarılması müddəti 3-cü razılaşmada müəyyən edilmiş müddətdə - 14.02.2011-ci ildə başa çatıb. İddia ərizəsi məhkəməyə bu tarixdən 7 il sonra – 14.08.2018-ci il tarixdə verilib. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Kreditin qaytarılma müddəti 14.02.2011ci ildə bitib, müvafiq olaraq 3 illik iddia müddəti 14.02.2014-cü ildə başa çatıb. İddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi baş verməyib. Göründüyü kimi, iddia ərizəsi iddia müddəti bitdikdən sonra verilib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, qətnamə baxılan hissədə - kredit müqaviləsi üzrə borcun tutulması barədə tələbə aid olan hissədə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti rədd olunsun. Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 26.11.2018-ci il tarixli qətnaməsi baxılan hissədə - kredit müqaviləsi borcun tutulması barədə tələbə aid olan hissədə ləğv edilsin və İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” tələbi rədd olunsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci olan 380 manat İddiaçı ASCdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8078/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8078/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver