Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8079/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Rzayeva Günel Rza qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili X3, Cavabdehin vəkili X1, Cavabdehin nümayəndələri X5, X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, Hacıqabul MQKS-də tutmuş olduğu peşəyə yenidən qaytarılması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19.06.2019-cu il tarixində adı idarədə baş vermiş qanun pozuntusuna görə hallandığından Sahə rəhbərliyinin ona qarşı hədə qorxusu nəticəsində güclü ruhi həyəcan və psixoloji təsir altında işdən çıxma barədə ərizə yazmağa məcbur edilmişdir. Belə ki, rəis onunla X7 birlikdə iş otağına çağırtdırmış, onlara hədə qorxu gəlmiş, işdən könüllü çıxmayacaqları təqdirdə onun tərəfindən işdən qovulacaqlarını və onlara cinayət işi qaldıracağını bildirmişdir. Rəis onların yanında hüquqşünasa və kadrların rəisinə göstəriş vermişdir ki, hər ikisinin ərizəsini alıb yola salsın, həmçinin ona bildirmişlər ki, ərizə verdikdən dərhal sonra işə bərpa barədə müraciət edəcəyi təqdirdə onu işlə təmin edəcəkdir. Həmin vaxt olduqca həyəcanlı olduğundan hadisələrə düzgün reaksiya verə bilməmiş, həmçinin rəisin onun işə bərpa olması barədə vədinə inanmışdır. Nəticədə 19.06.2019-cu il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən Hacıqabul MQKS tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənləri evdə atasına danışmış, belə qərara gəlmişlər ki, dərhal ərizə yazıb işə bərpa olunsun, bu məqsədlə də həmin günün sabahısı, yəni 20.06.2019-cu il tarixdə Hacıqabul MQKS-nin rəisinə müraciət edib 19.06.2019-cu il tarixdə güclü ruhi həyəcan vəziyyətində və anlaqsız olduğunu əsas gətirərək işə bərpa olunmağını xahiş etmişdir. Hacıqabul MQKS tərəfindən ərizəsinə 01.07.2019-cu il tarixdə cavab verilərək, işə qəbulla bağlı Socar.az saytına daxil olaraq SOCAR İnsan Resursları departamentinin vakansiyalar bölməsi üzrə müraciət edilməsi tövsiyə olunmuşdur, hesab edir ki, Hacıqabul MQKS-nin rəhbərliyi onun Əmək Məcəlləsinin 69.4-cü maddəsinə uyğun olaraq işə bərpa olunmaq hüququnu məhdudlaşdırmışdır, işdən azad edilmə ilə bağlı verilmiş əmr əsassız və qanunsuzdur, işdən çıxmasına işəgötürən tərəfindən məcbur olunmuşdur, onun işdənçıxması barədə verilmiş əmr ləğv edilməli və işə bərpa edilmə ilə bağlı tələbi təmin edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir, öhdəsində 4 nəfər ailə üzvü vardır, ondan başqa heç kim ailəyə qazanc gətirmir, işdən çıxması onun həyat səviyyəsinə ciddi təsir edər, ailəsinin yaşamasını sual altında qoyar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(011)-6786/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuş, «Qaz İxrac» İdarəsinin Hacıqabul MQKS-in bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 48/k saylı 19.06.2019-cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı «Qaz İxrac» İdarəsinin Hacıqabul Magistral X10 tutduğu vəzifəyə bərpa olunması və ona 19.06.2019-cu il tarixdən işə bərpa olunduğu günədək əmək haqqının ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(011)-6786/2019 nömrəli qətnamənin ləğv edərək, iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mübahisələndirilən əmrin qanuni olması, iddiaçının öz iradəsi əsasında işdən çıxma barədə ərizə yazması və s. kimi əsaslandırmaqla, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6347/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin səlahiyyətli nümayəndəsi-vəkili kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2859/21 saylı 31.05.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndələrini, apellyasiya şikayəti ilə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının və onun nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iddia ərizəisnin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mabahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllini təmin etmədiyindən, mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan halları araşdırmadığından qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Faiq Mirzəağa oğlu 30.05.2006-cı il tarixdən X11 Kəmərləri İdarəsi-“Azərinəql” İB-də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, 86/k saylı əmr əsasında 1 aylıq sınaq müddəti ilə Təsərrüfat Sahəsinə 2-ci dərəcəli bağban olaraq qəbul edilmişdir, 12.03.2007-ci il tarixdə 58/k saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən QKX-də NÖC və A üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir, 01.07.2009-cu il tarixdə AR Prezidentinin 01.07.2009-cu il tarixli 366 nömrəli sərəncamına əsasən, "xxxx" QSC ARDNŞ-nin tabeliyinə verilmiş, ARDNŞnin 21.07.2009-cu il tarixli 100 saylı əmrləri ilə “Azəriqaznəql” İB ləğv edilərək onun bazasında Qaz Nəql İdarəsi yaradılmışdır, 01.09.2009-cu il tarixdə Hacıqabul MQKİ ləğv edilərək onun bazasında X11 Kəmərləri Sahəsi yaradılmışdır, İddiaçı 26.10.2009-cu il tarixdə 15/k saylı əmrlə Təsərrüfat Xidmətinə 4-cü dərəcəli dəmirçi çilingər peşəsinə təyin edilmişdir, 17.05.2010-cu il tarixdə 893-K saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir, 18.05.2010-cu ildə 83/k saylı əmrlə "xxxx" İstehsalat Birliyi HMQKS sahə aparatına 4-cü dərəcəli gözətçi peşəsinə təyin edilmişdir, 13.12.2010-cu il tarixdə sahə aparatına 4-cü dərəcəli təmirçi çilingər peşəsinə təyin edilmişdir, 01.03.2013-cu il tarixdə ARDNŞ-nin 15.01.2013-cü il tarixli 05 saylı əmrinə əsasən "xxxx" İB-nin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən HMQKS mövcud təşkilati hüquqi forması saxlanılmaqla ona aid əmlakla birlikdə ARDNŞ-nin Qaz İxrac İdarəsinin tabeliyinə verilmişdir, 03.12.2018-ci il tarixdə 123/k saylı əmrlə yeni ştat cədvəlinə uyğun olaraq sahə aparatında 5-ci dərəcəli təmirçi çilingər peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Hacıqabul MQKS-in rəisinə İddiaçı tərəfindən ünvanlanmış 19.06.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı 19.06.2019-cu il tarixdən işdən azad olunmasını xahiş etmişdir. 19.06.2019-cu il tarixli, 48/k saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və SOCAR “Qaz İxrac” İdarəsi X11 Kəmərləri Sahəsi arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü maddəsi əsasında ləğv edilmişdir. 19.06.2019-cu il tarixli, 2YZ97UD0002X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 19.06.2019-cu il tarixli 2YZ97UD0002X0 saylı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilərək, onun yenidən öz işinə bərpa olunması xahişi ilə işəgötürən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Hacıqabul MQKS-ə 20.06.2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. SOCAR “Qaz İxrac” İdarəsi X11 Kəmərləri Sahəsi tərəfindən İddiaçı ünvanlanmış 01.07.2019-cu il tarixli, NH-01-04/725 saylı məktubdan görünür ki, iddiaçıya işə qəbulla bağlı Socar.az saytına daxil olaraq SOCAR İnsan Resursları Departamentinin vakansiyalar bölməsi üzrə müraciət etməsi tövsiyə olunmuşdur. İşə baxan birinci instansiyası məhkəməsi şahid qismində ifadə vermiş X4 və X2 ifadələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı M.Umbayev ilə birlikdə idarənin inzibati binasında 19.06.2019-cu il tarixdə sonuncunun törətdiyi əməldə aidiyyətinin müəyyən olunmasının aydınlaşdırılması məqsədilə həmin gün işəgötürən tərəfindən çağırılaraq dindirilmiş, bundan sonra dərhal idarənin hüquqşünası Elnur Cəfərovun qəbulunda və kadrlar şöbəsində olmuş, işdən çıxması barədə ərizə ilə cavabdehə müraciət etmiş, 20.06.2019-cu il tarixdə isə iddiaçının atası X8 məsələyə aydınlıq gətirməsi və oğlu İddiaçı işə bərpa olunması məqsədilə inzibati binada idarə rəisinin, sonra isə hüquqşünas E.Cəfərovun qəbulunda olmuşdur. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iradə ifadəsində cavabdehin təsiri istisna olunmur, həmçinin 19.06.2019-cu il tarixdə işdən çıxma barədə iddiaçı tərəfindən verilmiş ərizə, onun sərbəst iradə ifadəsinin təcəssümü kimi deyil, iş yerində baş vermiş hadisənin nəticəsi kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən araşdırma tam aparılmayaraq və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verilməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin hallarından görünür ki, iddiaçının işdən çıxma ərizəsini öz iradəsi ilə yazmaması, buna cavabdehin təsirinin olması, iş yerində baş vermiş hadisənin nəticəsi olması barədə qənaətə məhkəmə şahid ifadələri və cavabdehin etirafına istinad etməklə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin maddənin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 83.1.-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2.-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən çıxma ərizəsini öz iradəsi ilə yazmaması, buna cavabdehin təsirinin olması, iş yerində baş vermiş hadisənin nəticəsi olması barədə qənaətə məhkəmə şahid ifadələri və cavabdehin etirafına istinad etməklə gəlmişdir. Lakin məhkəmə qətnamələrində istinad edilən şahid ifadələri məhkəmə iclas protokolunda göstərilən ifadələrdən fərqlidir. Eyni zamanda, qətnamədə cavabdehin nümayəndəsi H.Məmmədovun adından qeyd edilən “həmin gün şöbədə oğurluq hadisəsi olmuşdur, həmin hadisədən rəhbərlik narahat olmuşdur, iddiaçının iştirakı ehtimal olunduğundan rəis iddiaçını və oğurluq hadisəsi törədən X7 yanına çağırtdırmışdır, onların otaqda nə danışdıqlarından xəbərsizdir, iddiaçı və M.Umbayev rəisin otağından çıxdıqdan sonra onun iş otağına gəlmişlər, ərizə yazaraq işdən çıxacaqlarını ona bildirmişlər, o da onlara demişdir ki, bu barədə kadrlar şöbəsinə müraciət etməlidir, onlar həmin şöbəyə gedərək ərizə vermişlər, onları heç kim buna məcbur etməmişdir, bir gün sonra iddiaçının atası X8 rəisin və onun qəbulunda olmuşdur, oğlunun oğurluq hadisədə heç bir iştirakının olmamasını bildirmiş və xahiş etmişdir ki, onu işdən çıxartmasınlar, hətta qəbulda olarkən atasının halı pisləşmiş, ürəyinin sıxıldığını bildirmişdir, ona yardım etmişlər” məzmunlu izahat verməsi göstərilsə də, məhkəmə iclas protokollarında belə bir izahatın verilməsi görsənmir. Birinci istansiya məhkəməsi tərəfindən sübutlara qiymət verilərkən nəzərə alınmamış, məhkəmə iclas protokoluna uyğun olmayaraq şahidlərin ifadələrinə istinad edərək, iddiaçının iddiasında göstərilən faktların təsdiq olunduğu nəticəsinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 271.1-ci maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Həmin maddənin 271.2.9 və 271.2.10cu maddəsinə əsasən işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatları, şahidlərin ifadələri protokolda göstərilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən çıxma ərizəsində ərizədə göstərilən müddətdə işdən azad edilməsi üçün xüsusi halların göstərilməməsi və bu halın işəgötürən tərəfindən araşdırılmamasının Əmək Məcəlləsinin 69.3-cü hissəsinə uyğun olmaması ilə bağlı qənaəti yanlışdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin bütün bəndlərinin təhlili onu deməyə əsas verir ki, həmin maddədə göstərilən təminat, yəni işçinin işdən ərizədə göstərdiyi gün azad edilməsi zamanı xüsusi səbəbin göstərilməsi tələbi işəgötürənin hüquqlarının qorunması məqsədi daşıyır, həmin maddənin 5-ci hissəsində yalnız işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmədiyi göstərilmişdir. Digər hallarda isə, işçinin ərizədə göstərdiyi gün işdən azad edilməsinə qadağa yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində əmək müqaviləsinin ləğvi müddətini dəqiq göstərdiyindən həmin ərizənin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi tələbini də Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətində deyil, ərizədə göstərilən tarixə kimi irəli sürməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ailə vəziyyətini nəzərə alaraq onun tərəfindən işdən öz xahişi ilə azad olunması barədə ərizə verilməsinin inandırıcı olmaması və iddiaçının bu hərəkətin hüquqi nəticələri barədə cavabdeh tərəfindən yanıldılması barədə qənaəti işin araşdırılmış hallarına uyğun olmadığı və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab edir, çünki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, bu hissədə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəməsi şahidlərdən birinin iddiaçının ailə üzvü olmasını, digərinin isə əvvəllər cavabdeh təşkilatda işləyən şəxs olmasını, onların işin nəticəsində maraqlı olması ilə yanaşı onların ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamasına da hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392,393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(011)-6786/19 nömrəli qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8079/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8079/2021
07.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver