Məhkəmə qərarları › İş №2(103)-808/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-808/2021

29.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-808/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “mənzil ilə təmin olunma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının nümayəndəsi (arvadı) X2 və cavabdeh Şirkətin nümayəndəsi Nümayəndə iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı, 2 övladı) ilə mənzillə təmin olunmağı barədə cavabdeh Şirkətin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Qum adası” Neftqazçıxarma İdarəsində müxtəlif vəzifələrdə (elektrik, sex rəisi, mühəndis) işləmiş və işlədiyi müddətdə 2007-ci ildə həmin idarədə mənzil növbəsinə dayanmışdır. Hazırda iddiaçının mənzil şəraiti ağırdır. Belə ki, övladları və nəvələri ilə birlikdə 2 otaqlı mənzildə yaşayır. İddiaçı cavabdeh Şirkətin Yaşayış Sahələri üzrə İş Şöbəsinə ərizə ilə müraciət edərək 10 ildən artıq mənzil növbəsində olduğunu nəzərə alaraq onunla mənzillə təmin olunmağına köməklik göstərilməsini xahiş etmiş, lakin iddiaçıya göndərilmiş cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixdə keçmiş “Qum adası” NQÇİ tərəfindən iddiaçıya (4 nəfər ailə tərkibi ilə) mənzil uçotuna götürülmüş, mənzil uçot qovluğunda olan sənədlərlə bağlı müvafiq araşdırma aparılır, araşdırma başa çatdıqdan sonra ona əlavə məlumat veriləcəkdir. Bir neçə ay gözlədikdən sonra araşdırmanın nəticəsi barədə Şöbə ilə əlaqə saxladıqda iddiaçıya mənzil düşmədiyi bildirilmişdir. İddiaçı bildirir ki, Şirkətin üzrə mənzil uçotunda olan “xxxx” MTK üzvlərinin və Şirkətin həmin MTKyə ödəyəcəkləri pay haqqı Şirkətin xx.xx.2010-cu il tarixli 25 saylı qərarı ilə müəyyən edilmişdir. Həmin qərarda göstərilən pay haqqı üzvlər tərəfindən tam ödənilməlidir. Son cavabı aldıqdan sonra iddiaçıya şifahi olaraq bildirdilər ki, mənzillə bağlı Şirkətin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən idarəsinə müraciət etməlidir. Həmin idarəyə müraciət etdikdə isə iddiaçıya şifahi olaraq mənzil olmadığı bildirilmişdir. Hələ “xxxx” MTK təsis olunmamışdan əvvəl, yəni xx.xx.2007-ci il tarixdə keçmiş “Qum adası” NQÇİ tərəfindən iddiaçı (4 nəfər ailə tərkibi) ilə mənzil uçotuna götürülmüşlər. Amma buna baxmayaraq, ondan sonra növbəyə alınanlar mənzillə təmin olunmuş, ona İİ qrup əlilə isə mənzil olmadığı bildirilmişdir. “xxxx” MTK-ya üzvlük barədə qaydalar xx.xx.2007-ci il tarixdən sonra, yəni ondan artıq mənzil uçotunda olduqdan sonra qəbul edildiyindən ona şamil edilməli deyil. Göründüyü kimi, iddiaçı, 2007-ci ildən mənzil növbəsindədir, lakin həm xxxx kimi, həm də İİ qrup əlil kimi onun və ailə üzvlərinin mənzil hüquqları kobud surətdə pozulmuşdur. Pozulmuş hüquqlarının bərpa olunaraq mənzillə təmin olunmağına köməklik göstərilməsini xahiş edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının nümayəndəsi (arvadı) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Şirkətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı müraciətinə baxılması barədə cavabdeh Şirkətin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə “Qum adası” NQÇİ tərəfindən 4 nəfər ailə tərkibi (özü, arvadı, 2 övladı) ilə mənzil uçotuna götürülmüşdür. Mənzil uçot qovluğunda olan sənədlərlə bağlı müvafiq araşdırma aparılmışdır. İddiaçının müraciətinə baxılması barədə cavabdeh Şirkətin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2007-ci ildən mənzil uçotuna götürülmüş, hal-hazırda SOCAR üzrə mənzil uçotunda olan şəxslərin mənzillə təmin olunması onların müraciətləri əsasında mənzil uçotuna götürüldükləri tarixə uyğun olaraq növbəlik əsasında “xxxx” Mənzil Tikinti Kooperativi vasitəsilə həyata keçirilir. İddiaçı da həmin MTK-yə üzv olmaq üçün SOCAR-a müraciət edə bilər. SOCAR üzrə mənzil uçotunda olan MTK üzvlərinin və cavabdeh Şirkətin MTK-ya ödəyəcəkləri pay haqqı SOCAR-ın xx.xx.2010-cu il tarixli 25 saylı qərarı ilə müəyyən edilmişdir. Həmin qərarda göstərilən pay haqqı üzvlər tərəfindən tam ödənilməlidir. İddiaçının adına olan “Əmək kitabçası”nın surətindən görünür ki, o, xx.xx.2000-ci il tarixdən 2010-cu il tarixədək “Qum adası” Neftqazçıxarma İdarəsində müxtəlif vəzifələrdə (elektrik, sex rəisi, mühəndis) işləmişdir. Bakı Şəhəri Nəsimi Rayonu 31 saylı MKİS-nin “2 №-li forma” üzrə verilmiş arayışın surətindən görünür ki, iddiaçı və onun 5 nəfər ailə üzvləri Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, bina № 21, mənzil 99 ünvanında yaşayır və qeydiyyatdadırlar. “Qum adası” Neft və X4 rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin xx.xx.2007-ci il tarixli birgə iclasına dair tərtib edilmiş 70 nömrəli protokoldan görünür ki, İddiaçı 4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə qəbul edilmişdir. İşdə olan sənədlərdən və Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011ci il tarixli 383 nömrəli sərəncamından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə hazırki mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. X5 Məhkəməsi “X1” qarşı iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı deyil. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sadalanmışdır. Həmin əsaslara qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisələr aiddir. Hazırkı işdə (mənzillə təmin olunma tələbi ilə bağlı) həmin əsaslara uyğun gələ biləcək heç bir hal mövcud deyil. Tərəflər arasında mənzillə təmin olunma barədə qarşı tərəfin üzərinə öhdəlik qoyulmasına dair müqavilə münasibətləri yoxdur. İş materiallarından görünür ki, iddiaçı 4 nəfər ailə tərkibi ilə birlikdə xx.xx.2007-ci il tarixdən mənzil növbəsinə qəbul edilmişdir. Həmçinin müəyyən olunur ki, növbəyə götürülmüş şəxslər mənzil-tikinti kooperativə pay haqlarını tam ödədikdən sonra onlar kooperativə üzv kimi qəbul olunurlar. Göründüyü kimi iddiaçının cavabdeh Şirkətdən mənzil tələb etmə hüququ yalnız pay haqlarını tam ödədikdən sonra yaranır. Hazırda isə iddiaçının belə bir hüququ yoxdur. Bundan başqa nəzərə alınmalıdır ki, mənzillər növbəlilik qaydasında növbədə olan şəxslərə verilir. İddiaçı bildirir ki, cavabdeh Şirkət növbəlilik qaydasını pozmuş, ondan sonrakı növbədə olan şəxslərə mənzillər təklif etmişdir. Cavabdeh Şirkətin nümayəndəsinin iddiaçının dəlilinə etirazı ondan ibarət olmuşdur ki, bu məsələlər Şirkətin özünün daxili qaydalarına uyğun olaraq tənzimlənir, müəyyən şərtlərə cavab verən gözləntidə olan şəxslərə güzəştlər oluna bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, bu hallar Şirkətin daxili qaydaları ilə tənzimlənən məsələlər olduğu üçün qeyd olunan dəlil iddianın təmin olunması üçün əsaslı hesab oluna bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar