Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-808/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Nizami oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-808/2023 (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Bakı şəhəri 25 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cəlaləddin və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli e-2(008)-4593/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh, 21 noyabr 2016-cı il tarixdə rəsmi nikah bağlamışlar. Həmin ildə iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 4, 29 saylı mənzilə köçmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı X6 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 4 saylı evin, 29 saylı məznilinə köçürülməyi və həmin mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 noyabr 2016-cı ildə nikaha daxil olmuşdur. Birgə nikah dövründə 10 sentyabr 2017-ci il tarixdə X6 anadan olmuşdur. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti ünvan 1 ünvana o, ailə qurduğu gündən gəlin köçmüşdür. Qeyd edir ki, nikaha daxil olarkən o, ünvan 2 ünvanına gəlin köçmüşdür. Bütün cehiz əşyaları həmin mənzilə gətirilmişdir. Hazırda da həmin mənzildə yaşayır. Cavabdehin ailə üzvüdür. Cavabdeh pis işlərə qurşanmışdır. Onu qızı ilə evdən qovmuşdur. Hazırda həmin mənzilə köçə bilmir. Uzun müddətdir həmin mənzildən istifadə edir. Qeydiyyatda olduğu ünvan cavabdehin xalasının evidir.
4. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən istifadə hüququ ailə münasibətləri yarandıqda yaranır və ailə münasibətlərinə xitam verildikdə istifadə hüququna da xitam verilir. İddiaçı hal-hazırda Cavabdeh ilə nikah münasibətlərindədir və o, hal-hazırda da həmin mənzildən istifadə edir. Onun istifadə hüququnu tələb etməyi yalnız nikah münasibətlərinə xitam verildikdən sonra yarana bilər. Belə ki, İddiaçı həmin mənzili hal-hazırda da istifadə etdiyinə görə, mənzildən istifadə və ora köçürülmə ilə bağlı iddia təmin oluna bilməz.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4593/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia ərizəsi təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1330.2, 30.4-cü maddələrinin, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası mənzil Məcəlləsi
12. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
13. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
24. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in ********** nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 4, 29 saylı mənzilin mülkiyyətçisi Cavabdehdur.
25. 5 saylı Bakı “ASAN Xİdmət” X1 AZ İİ seriyalı, 165622 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 21 noyabr 2016-cı il tarixdə, 5673 nömrəli nikah akt qeydi bağlanmışdır.
26. 4 saylı Bakı “ASAN Xİdmət” X1 AZ İV seriyalı, 012858 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə X4r. Atası Cavabdeh, anası isə İddiaçıdır.
27. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 4, 29 saylı mənzili Cavabdeh mülkiyyətində olan mənzilin onun mülkiyyətinə vərəsəlik qaydasında keçməsi, İddiaçı ilə cavabdeh 2016-ci ildə ailə quraraq qeyd edilən mənzilə köçmələri və iddiaçının hal-hazırki dövürədək də həmin evdə yaşadığı, bu halın tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları ilə yanaşı mülki iş materiallarına əlavə edilmiş sənədlər ilə də öz təsdiqini tapmışdır.
28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasındakı bağlanmış rəsmi nikah pozulmadığından iddiaçı cavabdehin ailə üzvü olduğundan, bundan əlavə iddiaçı köçmək isdədiyi evdə yaşadığından və əmlakdən sərbəst istifadə etdiyindən hazırki iddia tələb təmin edilə bilməz.
29. Kollegiya qeyd edir ki, hüquqi mahiyyəti baxımından “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər.
29. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4593/2022 saylı iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova