Məhkəmə qərarları › İş №2(103)-8082/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8082/2020

12.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8082/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X6 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, onun vəkili X4, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nəzarət Ölçü Cihazları İdarəsinin hüquq məsləhətçisi X5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 2639/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Cavabdeh" ASCnin Nəzarət Ölçü Cihazları İdarəsinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, 359-K saylı əmrinin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixdən Cavabdeh ASCnin Bakı Su-kanal idarəsi Yasamal rayon Su Kanal departamenti kommersiya şöbəsinə 5ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə qəbul olunmuş, daha sonra Bakı şəhərinin Nəsimi və Xətai rayonlarında Müştəri Xidmətləri şöbəsinin su kəməri təsərrüfatında eyni vəzifələrdə, aparılan yenidən qurulma ilə əlaqədar xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin yeni yaradılmış Nəzarət Ölçü Cihazları İdarəsi, Fakturalamanın icrası şöbəsi X9 idarəsi üzrə fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində ona dair heç bir inzibati tənbeh tədbirləri görülməmiş, əmək intizamına həmişə ciddi riayət etmiş və işi ilə bağlı heç bir ciddi nöqsanlara yol verməmişdir. Azərbaycan Respublikası Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi rəisinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 359-K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrin verilməsinə əsas xx.xx.2020-ci il tarixli 83 saylı xidməti yazı və Həmkarlar ittifaqının xx.xx.2020-ci il tarixli 01/01-06/01-217 saylı məktubu olmuşdur. Sözügedən halda tərəfındən hansı əmək funksiyasının və ya əmək müqaviləsi üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilməməsi, yaxud da Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı hala yol verilməsi əmrdə göstərilməmişdir. Əsl vəziyyət isə ondan ibarətdir ki, təxminən 1 ildən artıq müddət xidmət apardığı ərazidə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən qeyri-qanuni tikili olan obyektə su sayğacı quraşdırılmadığına görə işdən azad edilmişdir. Belə ki, həmin obyektdə istifadə olunan içməli su üzərində sayğac olmadığına görə cərimə yazılmasından ötrü (çünki sayğac quraşdırılması üçün texniki şərt mövcud deyildi) bir neçə dəfə rayon SKİ rəhbərliyinə müraciət etsə də, rəhbərlik həmin obyektə hər hansı cərimə protokolu tərtib olunmasına icazə verməmişdir. Su sayğacı qoyulmasını təklif etmiş, lakin texniki şərt olmadığından, yəni süzügedən obyekt 500 millimetrlik su borusunun üzərində tikildiyindən buna icazə verilməmişdir. Təxminən 2020ci ilin fevral ayında həmin obyektin sahibi obyektə çəkilmiş su borusuna sayğac qoyulması xahişi ilə Cavabdeh ASC-nin rəhbərliyinin qəbuluna gəldikdə həmin obyektə sayğac quraşdırılmamasının səbəbi rəhbərliyin göstərişi ilə araşdırılmış və qeyd olyunan obyektə su sayğacı quraşdırılmamasının günahkarı o çıxarılmışdır. Barəsində mübahisəli əmr verilərkən Azərbaycan Respublikası ƏM-nin 71- cimaddəsinin 2-ci və 3-cü hissələrinin tələbləri pozulmuşdur. Əmrin əsassızlığına dəlalət edən digər hal odan ibarətdir ki, həmkarlar ttifaqının üzvü olduğu halda məsələyə onun iştirakı ilə idarənin həmkarlar ittifaqı komitəsində faktiki və real olaraq baxılmamış və saxta rəy verilmişdir. Hansı ki, ƏMnin 80-ci maddəsinin məzmununa əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsinin ləğvinə dair verilmiş əmr əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan, eləcə də əmək müqavilələrinə xitam verilərkən işçilərə verilən təminatlar, habelə Əmək Məcəlləsinin digər müvaflq tələbləri pozulmaqla verilmişdir ki, belə olan halda həmin əmr məhkəmə qaydasında ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 2639/2020 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Cavabdeh Nəzarət Ölçü Cihazları İdarəsinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işinə bərpa edilməsi barədə İddiaçı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2639/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, onun xidmət etdiyi ərazi Bakı şəhəri Xətai rayonunun “Ukaraina dairəsi” deyilən yerdən NZS qəsəbəsinə qədər olan böyük bir ərazini əhatə edir. Xidməti vəzifəsinə uyğun olaraq o, növbə ilə ərazidə olan bir qisim (gündə təxminən 20-30 obyekt) abonentlərin sayğaclarını yoxlayır, qanunsuz qoşulmaları, istifadələri aşkara çıxarır və bu haqda bazada müvafiq qeydiyyat aparır. x xxxxxx 2020-ci il tarixdə o, bir neçə başqa obyektlərlə yanaşı, “Ukaraina dairəsi” yaxınlığındakı M.Hadi küçəsi 27 ünvanında yerləşən “Yaşıl ada” kafesində və daha 2 obyekti keçmiş, nəzarətçilərin dili ilə deməkə “onları oxumuş”, “normal vəziyyət kodu” müəyyən etdiyinə görə onlara 203 nömrəli əmri vurmamışdır. Həmin obyektlərdə sonradan NÖCİ-nin Fakturalamanın icrası şöbəsi mühəndisləri tərəfindən yoxlama keçirilərkən qanunsuz istifadə aşkar edilərək akt tərtib edilmişdir. Məsələ ilə bağlı ASC sədrinin göstərişi əsasında idarənin hüquqşünası tərəfindən aparılan araşdırma zamanı ondan yazılı izahat alınarkən tam səmimi olaraq baş verənləri yazmış, lakin araşdırmanın nəticələrinə görə işdən azad edilərkən, konkret olaraq onunla əmək müqaviləsinin ləğvini zəruri edən məhz hansı pozuntuya görə işdən azad edilməyi barədə ona nə deyilmiş, nə də ki, yazılı olaraq bildirilmişdir. Araşdırmanın nəticəsi ilə əlaqədar tərtib olunan arayışın, həmkarlar ittifaqı komitəsinin məktubunun, eləcə də müqavilənin surətini istəsə də, “sənədlər hələ hazır deyil” deyə bildirərək (əmr verildikdən 20 gün keçməsinə baxmayaraq) onları ona təqdim etməmiş, xx xxxx 2020-ci ildə bu barədə yazıb təqdim etdiyi ərizəyə isə iki aydan artıq keçdikdən sonra, yalnız xx.xx.2020-ci il tarixdə cavab verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, keçmiş polis rəisinə məxsus olan həmin “Yaşıl ada”kafesində istifadə olunan içməli su üzərində sayğac olmadığına görə cərimə yazılmasından ötrü o, bir neçə dəfə rayon SKİ rəhbərliyinə müraciət etsə də, rəhbərlik həmin obyektə hər hansı cərimə protokolu tərtib olunmasına içazə verməmişdi. Ora su sayğacı qoyulmasına isə, texniki şərt olmadığından, yəni süzügedən obyekt 500 millimetrlik su borusunun üzərində tikildiyindən buna icazə verilməmişdi. Beləliklə, sözügedən obyektə sayğacın quraşdırılması üçün hamıdan çox təşəbbüs göstərən o olsa da, qeyd etdiyi səbəblərdən həmin obyektin içməli su borusuna sayğac quraşdırılmasından imtina edilmişdir. Cavabdeh ASC-nin xx xxxx 2020-ci il tarixli 01/3/01- 7/6/8806 nömrəli məktubundan görünür ki, qeyd olunan üç obyekt mühafizə zolağının üzərində inşa edildiyindən Cavabdeh ASC ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmamamış və su sayğacı ilə təmin olunmamış, onlara hələ 2018-ci ildən hesablanmış 10404 manat ziyan ödənilməmişdir. Dolayısı ilə, onun işdən çıxarılmağına səbəb olan hal, aradan 8 ay keçməsinə baxmayaraq bu günədək, bütün Cavabdeh ASC-nin səyi ilə hələ də aradan qaldırılmamışdır. Azərbaycan Respublikası ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin birmənalı olaraq bildirir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2ci hissəsində sadalanan hallara tərəfindən ümumiyyətlə yol verilməmiş, digər tərəfdən isə mübahisəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Barəsində mübahisəli əmr verilərkən yuxarıda şərh edilən normaların tələbləri pozulmuş, əgər o hər hansısa hüquqa zidd hərəkətlərə yol vermiş sə, həmin hərəkətlərin tərəfindən nə vaxt törədildiyi göstərilməmişdir ki, bu halın özü də əmrin hüquqi baxımdan düzgün olmadığına dəlalət edir. Əmrin əsassızlığına dəlalət edən digər hal odan ibarətdir ki,o, həmkarlar ittifaqının üzvü olduğu halda məsələ onun iştirakı ilə idarənin həmkarlar ittifaqı komitəsində faktiki və real olaraq baxılmamış və saxta rəy verilmişdir. Belə ki, xidməti dövründə birinci dəfə idarənin qarşısında bayırda xüsusi müəyyən olunmuş yerdə siqaret çəkərkən tanış olduğu həmkarlar ittifaqı təşkilatının sədri işdən çıxmağına dair ərizə yazmağı barədə ona məsləhət verdi, yalnız bu. Başqa heç bir müzakirə, iclas və s. keçirilməmişdir. Onu da qeyd edir ki, onun işdən çıxarılmazdan və əmri verilməzdən əvvəl nə Cavabdeh ASC-nin sədri, nə də ki, əmrini vermiş Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi tərəfindən qəbul edilməmiş və dinlənilməmişdir. Birmənalı olaraq məhkəməyə məlum edir ki, o heç vaxt əmək funksiyalarını pozmamış, əksinə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş. Belə ki, yuxarıda göstərdiyi kimi onun həmin sahədə 7 ildən artıq stajı var. Əmək funksiyalarını, peşəsini vicdanla, nümünəvi yerinə yetirmiş. Bütün bunlara baxmayaraq o, qərəzli şəkildə, yəni ona deyilənlərə görə “qanunsuz inşa edilmiş obyektə su sayğacı quraşdırılmaması ” bəhanəsi ilə işdən azad edilmişdir. Hansı ki, əvvəla həmin məsələ ilə əlaqədar o hər hansı xidməti yazı tərtib etməsə də, vaxtında X9 idarəsinin rəhbərliyinə məruzə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili və nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.Əlavə olaraq İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 6 nömrəli Şəhər poliklinikasının iddiaçının xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması barədə vərəqəsini (Bülleten) təqdim edərək işdən azad edilmə əmri verilərkən bülletendə olmasını bildirmişdir.İddiaçının nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə apellyasiya şikayətində xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması, yəni işdən azad edilmə əmri verilərkən bülletendə olmasını bildirməməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 6 nömrəli Şəhər poliklinikasının iddiaçının xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması barədə vərəqəsini (Bülleten) təqdim etməməsi, eyni zamanda belə sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığı barədə əsaslı dəlil gətirməməsi səbəbindən Kollegiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 6 nömrəli Şəhər poliklinikasının iddiaçının xx xxxxxx 2020ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması barədə vərəqəsini (Bülleten) sübut kimi qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinin təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan"Cavabdeh" ASC Nəzarət Ötçü X3 Komitəsinin xx.xx.2020-ci il tarixdə keçirilən iclasının 11 nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh ASC Nəzarət Ölçü X1 icrası şöbəsinin Xətai SKİ üzrə fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi işləyən İddiaçı tərəfindən əmək və icra intizamının pozulmasının araşdırılması haqqında məsələyə baxılmış, əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində istehsalatın, əmək və icra intizamının normal ahənginin pozulmasına gətirib çıxarmış əməlləri görə onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası “Cavabdeh" ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi E.Hüseynovunxx.xx.2020-ci il tarixli, 359-k nömrəli əmrinin surətinə əsasən müəyyən edilir ki, Xətai su-kanal idarəsi üzrə fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xx.xx.2020-ci il tarixdən ləğv edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 7 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Nəzarət Ölçü X1 icrası şöbəsinin su kəməri təsərrüfatında nəzarətçisinin peşə təlimatindan görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qeyriqanuni istifadə edən istehlakçıları ilkin olaraq aşkara çıxarmaq və müvafiq tədbirlər görmək (məlumatı terminal vasitəsilə bazaya daxil etmək) nəzarətçinin əsas peşə funksiyalarından biri kimi göstərilmişdir. İş materiallarına əlavə olunmuş "Cavabdeh” ASC tərəfindən Bakı şəhər 4 saylı Vəkil bürosunun müdiri R.İbrahimova ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01/3/01-7/6/8806 saylı məktubdan görünür ki, Xətai rayon Sukanal İdarəsinin təqdim etdiyi məlumata görə İ.Hadi ev 27 ünvanında yerləşən “Yaşıl Ada” kafesi, seyf qapılarının satışı və ərzaq mağazası mühafizə zolağının üzərində inşa edildiyindən Cavabdeh ASC ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmamış və su sayğacı ilə təmin olunmamışdır. Həmçinin, müxtəlif dövrlərdə sudan qeyri-qanuni istifadəyə görə həmin obyektlərə cərimə yazılmışdır. xx.xx.2017-ci il tarixdə MXD-07992, xx.xx.2018-ci il tarixdə MXD- İ9305, xx.xx.2018-ci il tarixdə MXD-10308 saylı inventar aktları tərtib olunmuş, ümumilikdə 10404 manat məbləğində “Cavabdeh" ASC-yə dəymiş ziyan hesablanmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, birinci instanisya məhkəməsinin araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixinədək Cavabdeh ASC Nəzarət Ölçü X1 icrası şöbəsinin Xətai SKİ üzrə fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində çalışmışdır. İddiaçı Xətai rayonu, M.Hadi küçəsi 27 ünvanında yerləşən “Yaşıl Ada" kafesində və daha 2 (iki) obyektdə (Seyf qapıların satışı və Ərzaq mağazası (Aptek)) qanunsuz sudan istifadə halları olduğu halda müvafiq olaraq terminalda 203 saylı iş əmrini yaratmamış, nəticədə, “Cavabdeh" ASC-yə ümumilikdə 10404 manat məbləğində ziyan dəymişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Yuxarda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ASC Nəzarət Ölçü X2 İlkin Teyyub oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 359-K nömrəli saylı əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmrin ləğv edilməsi barədə İddiaçı tələbi təmin edilmədiyindən iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işinə bərpa edilməsi hissəsində də təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin d) və e) bəndlərinə əsasənişçi tərəfindən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Apelyasiya şikayətinin dəlillərində iddiaçı qeyd etmişdir ki, keçmiş polis rəisinə məxsus olan həmin “Yaşıl ada”kafesində istifadə olunan içməli su üzərində sayğac olmadığına görə cərimə yazılmasından ötrü o, bir neçə dəfə rayon SKİ rəhbərliyinə müraciət etsə də, rəhbərlik həmin obyektə hər hansı cərimə protokolu tərtib olunmasına içazə verməmişdi. Ora su sayğacı qoyulmasına isə, texniki şərt olmadığından, yəni süzügedən obyekt 500 millimetrlik su borusunun üzərində tikildiyindən buna icazə verilməmişdi. Beləliklə, sözügedən obyektə sayğacın quraşdırılması üçün hamıdan çox təşəbbüs göstərən o olsa da, qeyd etdiyi səbəblərdən həmin obyektin içməli su borusuna sayğac quraşdırılmasından imtina edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı göstərdiyi dəlilləri təsdiq edən sübutlar təqdim etməmişdir. Kollegiya həmçinin, qeyd edir ki, Cavabdeh ASC-nin xx xxxx 2020-ci il tarixli 01/3/01-7/6/8806 nömrəli məktubuna əsasən üç obyektin Cavabdeh ASC ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmaması və su sayğacı ilə təmin olunmaması, bu səbəbdən onlara hələ 2018-ci ildən hesablanmış 10404 manat ziyan ödənilməməməsi iddiaçının vəzifə təlimatı üzrə vəzifəsinə aid olmuş 203 saylı “iş əmri”nin yazılmamasına haqq qazandırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 2639/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar