Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8083/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə Birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-5056/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 5056/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçılar şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 5056/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-5056/2020 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul olunması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şikayət olunan qərardadın məzmunundan görünür ki, hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytararkən iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblərin birləşdirilməsini əsas götürmüşdür. İş materiallarından görünür ki, iddiaçılar eyni gündə---xx xxxxxx 2020-ci il tarixdə 700k və 701k saylı əmrlərlə eyni əsasla---işçilərin sayı ixtisar edildiyinə görə eyni müəssisədən---“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən işdən azad edilmişlər. İş üzrə iddiaçılar eyni tələb və eyni əsasla eyni cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 169.2-ci maddəsinə əsasən, bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədəmüvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair mülki işin həm bir icraatda, həm də ayrıca icraatda araşdırılması mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 152.1.7-ci maddəsinə əsaslanmaqla iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmamışdır. Bundan əlavə, hakim hər bir halda tələblərə ayrıca baxılmasını məqsədəmüvafiq hesab etdiyi halda, tələbin birini ayrıca icraata ayıra bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 şikayəti təmin edilsin. İddia ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-5056/2020 saylı qərardadı ləğv edilsin. İddia ərizəsi icraata qəbul olunması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8083/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8083/2020
04.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver