Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8084/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(002)-1887/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Xaliqverdi qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən 15 B saylı evin 31 saylı mənzili 12 sentyabr 2019cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət kimi onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. Cavabdehlər evin köhnə sakinləridir və mənzili satarkən mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüş, lakin hazırkı vaxta kimi mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra çətinliklər yaradır. Belə ki, bu onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xidmət haqqı ödəmək məcburiyyətində qalır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(002)- 1887/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(002)- 1887/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi, 15 B saylı evin 31 saylı mənzili İddiaçı hər hansı şərt müəyyən edilmədən satılmışdır. Halbuki, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətinə yüklü vəziyyətdə keçməmiş, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala keçməsinə səbəb olan məhdud əşya hüququ ilə bağlı sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında müqavilə bağlanmamış, bu müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqları yaranmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdur. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 1233 saylı arayışından görünür ki, Cavabdeh1 Xaliqverdi qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 B saylı evin 31 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan AN-İ № ******* seriyalı, 22 avqust 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsi ev 15 B ünvanında yerləşən 31 saylı mənzil Cavabdeh1 tərəfindən İddiaçı adına özgəninkiləşdirilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 Xaliqverdi qızı iddianı qəbul edib, onun təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, mübahisəli mənzil özgəninkiləşdirildiyi vaxtdan cavabdehlərin mənzil üzərindəki hüquqları mənzili əldə edən şəxsə keçməklə, onların mənzil üzərindəki hüquqlarına xitam verilmişdir. Beləliklə də iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüququ olmadığına görə mövcud olmayan hüquqa xitam verilməsi barədə iddia tələbi təmin oluna bilməz. Beləliklə, cavabdehlər Cavabdeh1 Xaliqverdi qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüququ olmadığına görə birinci instansiya məhkəməsi hazırkı iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı hazırkı iddianı qaldırmaqda məqsədi onun mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatında olan cavabdehlərin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(002)- 1887/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1 Xaliqverdi qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən 15 B saylı evin 31 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8084/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8084/2021
19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver