Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-809/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər “xxxx” X2, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyat İdarəsinə qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” Kiçik Müəssisəsinin təsisçilərinin xx xxxxxx 2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlərdən yalnız Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi İddiaçı direktor vəzifəsinə razılıq verməsini formal razılıq hesab edərək iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bu səbəbdən də qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə uyğun izahat verərək, bildirdi ki, onun Yasamal rayonu, H.Zərdabi 31/53 ünvanında meyvə-tərəvəz mağazası var, o həmin mağazanı işlədir, formal olaraq adı həmin müəssisədə təsisçi kimi göstərilsə də, heç vaxt həmin müəssisədə işləməmiş və onun fəaliyyətindən tam məlumatsızdır, dəqiq xatırlamadığı tarixdə Nuranla, hüquqşünas Bəhlul İskəndərov onun işlətdiyi meyvə mağazasına gələrək bir sənədlərə qol çəkmək lazım olduğunu, İddiaçı formal direktor vəzifəsinə təyin edəcəklərini bildirmişlər, o da həmin sənədin mahiyyətinə varmadan qol çəkmişdir, həmin vaxt orada başqa heç kəs olmamış, müəsissənin ümumi yığıncağı olmamış, digər təsisçi Cavabdeh2 həmin sənədi nə vaxt və harada imzalamasından məlumatı yoxdur, o, iddiaçını tanımır, onunla heç vaxt ünsiyyəti və münasibəti olmamış, həmin vaxta qədər də onu görməmişdir, özünün də həmin müəssisədə direktor olduğunu bilmirdi, bilirdi ki, müəssisəni tamam başqa şəxslər idarə edirlər, o, yalnız təsisçi olduğunu bilirdi, lakin Nuran direktor təyin edildiyini bilirdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, 2019-cu ilin fevral ayında binanı tikən Seyid Sakitin şəriki Adəm Məmmədovun oğlu, həm də onun tanışı olan Ariz Məmmədov ondan xahiş etmişdir ki, atası Moskva şəhərindədir və “xxxx” Kiçik Müəssisəsinin direktoru təcili müalicə üçün xaricə getməlidir, ancaq direktor vəzifəsində olduğundan işlər qaldığı üçün onu buraxmırlar, ona görə də uzağı bir aylığa onu formal olaraq ora direktor təyin etsinlər, atası gələn kimi ora başqa direktor təyin edəcəklər. O, özü də həmin vaxt “xxxx” MMC-də direktor müavini işləyirdi, bu səbəbdən razı olmaq istəməsə də, dostu Ariz çox israr etdiyi üçün razılaşmışdır. Sonra Arizin onu hüquqşünas kimi təqdim etdiyi Bəhlul adlı şəxslə Vergilər idarəsinə getdilər, orada ona tələsik sənədə imza etdirdilər. Bir neçə gün sonra onun telefonuna ölkədən çıxışına qadağa qoyulması barədə SMS bildiriş gəlmiş, bu zaman o başa düşmüşdür ki, onu aldadıblar, o, həmin müəsissənin təsisçələrinin heç birini tanımır, onlarla hər hansı münasibəti olmamış və indi də yoxdur, müəssisənin hər hansı ümumi yığıncağı olmamış, onun direktor təyin olunması formal olmuşdur, o, heç vaxt həmin müəssisənin direktoru kimi işləməmiş və heç vaxt oradan əmək haqqı almamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, İddiaçı direktor kimi əvvəlki direktordan heç bir sənəd və möhür qəbul etməyib, qarşı tərəfin təşkil etdiyi təsisçilərin iclası barəsində xəbəri olmayıb və iclas protokolunu təsisçilər özləri tərtib edib, direktor kimi heç bir fəaliyyəti olmamış, təsisçiləri tanımır və onlarla məhkəmə prosesləri zamanı tanış olmuşdur, həmin qərar formalgörünüş üçün tərtib olunmuşdur, bu səbəbdən də əhəmiyyətsiz (puç) əqd kimi etibarsızdır, təsissçilərlə iddiaçı arasında əmək müqaviləsinin mövcud olmaması da bunu təsdiq edir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan aparılmasını xahiş etmiş, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara əlavəsinin olmadığını bildirmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyat İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X4 qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışa əsasən “xxxx” X1 təsisçiləri 50% payla X5 və 50 % payla Cavabdeh3dur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsi tərəfindən göndərilmiş xx xxxxxx 2019-cu il tarixli məktuba əlavə edilmiş sənədlərə əsasən “xxxx” Kiçik Müəssisəsinin (VÖEN **********) təsisçiləri hazırda cavabdeh olan Cavabdeh2 və Cavabdeh3dur. Həmin təsisçilərin xx.xx.2006-cı il tarixli qərarına əsasən təsisçi Cavabdeh3 müəssisənin direktoru təyin edilmişdir. Həmin vaxtdan hal-hazıradək o faktiki olaraq direktor vəzifəsini icra edir. “xxxx” X1 təsisçilərinin xx xxxxxx 2019-cu il tarixli qərarına görə həmin Müəssisənin direktoru Cavabdeh3 tutduğu vəzifədən azad edilməsi, “xxxx” Kiçik Müəssisəsinin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilməsi, Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilməsi, dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanın təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın, digər hazır sənədlərin götürülməsi və ya bununla bağlı digər şəxsə etibarnamə verilməsi direktor İddiaçı həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifıəsi Nazirliyi yanında X3 Xidmətindən vəkil sorğusuna cavab olaraq verilmiş xx xxxxxx 2019-cu il tarixli məktuba əlavə edilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələri bildirişi barədə məlumata dair cədvəldən görünür ki, İddiaçı, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək “xxxx” MMC-də işləmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri, Lokal Gəlirlər Departamentinin ərizəsi təmin edilərək İddiaçı Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3820/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmuş və Yasamal Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul olunmuş və ərizə təmin edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, rayon məhkəməsində iştirak edən digər Cavabdeh2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, həmin müəsissədə formal təsisçidir, müəsissənin idarə edilməsi və işlərində iştirak etmir, iddiaçının xx.xx.2019-cu il tarixli qərar ilə həmin müəsissəyə direktor təyin olunmasından xəbəri yoxdur, həmin tarixdə xəstəxanada xəstə yanında olduğu vaxt ona müəssisə ilə bağlı hansısa sənədə imza etmək lazım olduğunu demişlər, o da həmişəki kimi formal imza etmişdir, iddiaçını heç vaxt tanımamış və onunla hər hası əlaqəsi olmamışdır (iş vərəq 69). Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən olunmuş qeyd olunan halları iddia tələbinin əsaslı olmasına dəlalət edir. Həm də iddiaçı “xxxx” X1 direktoru vəzifəsinə təyin edilərkən “xxxx” MMC ilə əmək münasibətlərində olmuş, əgər iddiaçının həqiqətən də “xxxx” Kiçik Müəssisəsinin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsində işləmək niyyəti və məqsədi olmuş olsa idi, onda o, təsisçilərin onunla əmək müqaviləsi bağlamasına və əmək qanunvericiliyinin tələblərinə müvafiq qaydada həmin müqavilənin qeydə alınmasına, eləcə də müvafiq əmək haqqının müəyyən olunması və ödənilməsinə nail olmalı idi. Bütün bunların olmaması da “xxxx” X1 təsisçilərinin xx xxxxxx 2019-cu il tarixli qərarının formal və görüntü xatirinə qəbul edilmiş qərar olmasını göstərir. Belə ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-2-ci bəndlərinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qanunun tələbinə əsasən yalnız görünüş üçün bağlanmış əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlandıqda uydurma əqd hesab olunur. Uydurma əqd əhəmiyyətsizdir (maddə 340.1.). Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdin etibarsız hesab edilməsi üçün onun subyekt tərkibinin, məzmununun, formasının, iradə və iradə ifadəsinin birinin qüsurlu olması kifayət edir. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı “xxxx” Kiçik Müəssisəsində direktor kimi əvvəlki direktordan heç bir sənəd, möhür və s. qəbul etməmiş, qərar çıxarılan vaxt «keçirilmiş təsisçilərin iclasında» da iştirak etməmiş, bir gün də olsa fəaliyyət göstərməmiş, onunla əmək müqaviləsi bağlanmamış, hər hansı formada əmək haqqı almamış, müəssisənin təsisçilərini tanımamış, onlarla da heç bir əlaqəsi olmamış və tanışı olan Ariz Məmmədovun xahişi ilə “formal” olaraq direktor vəzifəsinə təyin edilməyə dair formal razılıqdan başqa heç nəyə razılıq verməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, apelyasiya şikayətinin isə əsassız oduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apelyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2020 saylı, xx xxxxxx 2020ci il qətnaməsi onun apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-809/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-809/2021
10.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver