Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8094/2023 29.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, 2(007)- 2395/2023 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı irəli sürdüyü “işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək, baxılması üçün onu, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinin mənasına görə, məhkəməyə iddia ərizəsi və ya apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Göründüyü kimi əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə cavabdehlər dövlət rüsumunu ödəməkdən azad deyillər. Lakin işin materiallarından görünür ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh MMC dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi apellyasiya şikayətinə əlavə etməmişdir. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinə görə cavabdeh tərəfindən dövlət rüsumu ödənilməmişdir. MPM-nin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: 2(007)-2395/2023 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8094/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8094/2023
29.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver