Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8096/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(003)-927/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin məktəb üzrə verilmiş 05 noyabr 2020-ci il tarixli 114 saylı əmrin ləğv edilməsi, onun həmin məktəbin müəllimi vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 216 saylı tam orta məktəbdə müəllim işləmiş, həmin məktəbin direktoru Elnur Bayramovun 05 noyabr 2020-ci il tarixli 114 nömrəli əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmr onunla əsaslandırılmışdır ki, guya o, məktəb direktorunu təhqir etmiş, ona və onları ayırmaq istəyən digər şəxsə fiziki təzyiq göstərmişdir. Hesab edir ki, həmin əmr əmək qanunvericiliyinə zidd verilmişdir. Belə ki, o, direktoru və digər şəxsləri təhqir etməmiş, ona və başqa şəxsə fiziki təzyiq göstərməmiş, barəsində inzibati və ya cinayət təqibi qaydasında heç bir tədbir görülməmişdir. İddiaçı direktor vəzifəsinə təyin olunmaq üçün imtahanlarda iştirak etdiyinə görə məktəb direktoru Elnur Bayramov ona qarşı qərəzli münasibət göstərmiş, dərslərini azaltmış, bununla bağlı o, direktordan şikayətlər etmiş, buna görə direktora xəbərdarlıq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(003)-927/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 7 oktyabr 2020-ci il tarixdə məktəb direktorunun iş otağına daxil olaraq direktor Elnur Bayramova və direktor müavininə qarşı zor tətbiq etmiş, E.Bayramovun sağlamlığına zərər vurmuşdur. Bununla da o, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozmuşdur. İddiaçı hərəkətləri orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirə olunmuş, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Apellyator hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(003)- 927/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Bakı şəhəri 216 saylı tam orta məktəb üzrə “Əmək müqaviləsinə xitam verilməsi” barədə 05.11.2020-ci il tarixli 114 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İddiaçı əmək müqaviləsinə 05.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin çıxarılmasına əsas hadisə ilə bağlı və izahat verməməsi ilə bağlı akt, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.11.2014-cü il ½ saylı qərarı ilə təsdiq edilmiş Müəllimlərin etik davranış Qaydaları, Bakı şəhəri 216 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 03.11.2020-ci il tarixli qərarı olmuşdur. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Xəzər RPİ-nin müstəntiqinin 24.12.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Bakı şəhəri 216 saylı tam orta məktəbin Həmkarlar Komitəsinin sədri tərəfindən həmin məktəbin direktoru Elnur Bayramova ünvanlanmış məktubda göstərilmişdir ki, onun 15.10.2020-ci il tarixli 129 saylı təqdimatına 03.11.2020-ci il tarixdə baxılmaqla Komitənin verdiyi yekun qərarla təqdimatın təmin olunması qərara alınmışdır. Qərara əsasən Bakı şəhəri 216 saylı tam orta məktəbin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək funksiyalarını pozma və əmək fəaliyyətində yol verdiyi kobud nöqsana görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. İşdə olan Bakı şəhəri 216 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 03.11.2020-ci il tarixli 11 saylı protokolundan 03.11.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri 216 saylı tam orta məktəbin direktoru X2 15.10.2020-ci il tarixli 129 saylı təqdimatının təmin edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək funksiyalarını pozmasına və əmək fəaliyyətində yol verdiyi kobud nöqsana görə Bakı şəhəri 216 saylı tam orta məktəbin ingilis dili müəllimi İddiaçı Çirzad qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bakı şəhəri 216 saylı tam orta məktəb üzrə “Əmək müqaviləsinə xitam verilməsi” barədə 05.11.2020-ci il tarixli 114 nömrəli əmrin məzmunundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb İddiaçı 7 oktyabr 2020-ci il tarixdə həmin məktəbin direktoru Elnur Bayramova qarşı zor tətbiq etməsi, onu və direktor müavini Şavəli Babayevi təhqir etməsi olmuşdur. Mübahisələndirilən əmrdə bu barədə qeyd olunmasa da, əmrin məzmunundan görünür ki, əmr verilərkən işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əsas götürülmüşdür. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24.12.2020-ci il tarixli qərarın surətindən görünür ki, 7 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri 216 saylı tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı məktəbin direktoru X3 həmin məktəbin müəllimi İddiaçı barəsində, İddiaçı isə Elnur Bayramovun barəsində Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə şikayət ərizələri ilə müraciət etmiş, araşdırma zamanı Elnur Bayramovun sağlamlığına yüngül, İddiaçı sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirilməsi müəyyən edilmişdir. Elnur Bayramov və İddiaçı təhqiqat orqanına ərizə ilə müraciət edərək şikayət və tələblərinin olmadığını bildirdiklərinə görə 24.12.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda İddiaçı cinayət və ya inzibati xəta törətməkdə təqsirli olması barədə hər hansı müddəa yoxdur. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, həmin qərardan heç bir tərəf şikayət verməmişdir. Göründüyü kimi, İddiaçı iş yerində inzibati xəta və ya cinayət tərkibi yaradan ictimai təhlükəli əmələ yol verməsi barədə ibtidai istintaq və ya məhkəmə orqanının qüvvədə olan qərarı yoxdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinə əsas olan Müəllimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların tələblərinin pozulması İddiaçı barəsində daha yüngül intizam tənbehinin tətbiq olunmasına əsas verə bilərdi. İş materiallarından həmçinin görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə məsələnin müzakirə olunduğu Həmkarlar İttifaqı Komitəsinin iclasında iddiaçının iştirakı təmin edilməmiş, məsələyə dair onun mövqeyi dinlənilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Sadalanan faktiki halları, qeyd edilən hüquq normalarını və apellyatorun şikayətinin dəlillərini təhlil edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(003)-927/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8096/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8096/2021
12.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver