Məhkəmə qərarları › İş №2(103)-8099/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8099/2020

20.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8099/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsi, ev № 66-da yerləşən 23 №-li mənzildən (bundan sonra – mənzil) cavabdehə məxsus olan bu əşyalar çıxarılsın: 1) iki ədəd xalça (1m x 1,5 m ölçüdə); 2) beş ədəd qazan; 3) iki ədəd tava; 4) iki ədəd altı nəfərlik yemək dəsti; 5) iki dəst altı nəfərlik fujer; 6) iki ədəd stolüstü gecə lampası; 7) bir ədəd gül qabı; 8) iki ədəd konfet qabı; 9) üç ədəddən ibarət sini dəsti; 10) bir ədəd rəngli çaynik-çaydan dəsti; 11) bir ədəd ət çəkən maşın; 12) bir ədəd tozsoran; 13) bir dəst yorğan-döşək. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin əşyalar mənzildən çıxarılsın. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apelyasiya şikayəti təmin edilə bilməz. Belə ki, mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlinidir, mənzildə yaşayıb, lakin sonradan mənzili tərk edib, əşyaları isə mənzildə qalıb. Cavabdehin mənzildən istifadə hüququ yoxdur, onun əşyalarının mənzildə qalması mülkiyyətçinin iradəsinə ziddir və mülkiyyətçinin mənzildən sərbəst istifadə etməsinə maneçilik yaradır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nətcəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar