Məhkəmə qərarları › İş №2(103)-81/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-81/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-81/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci X7 İdarəsi qismində cəlb edilməklə) “qanunsuz sökülmüş döşəmənin cavabdehin hesabına bərpa edilməsi, vurulmuş maddi və mənəvi zərərin tutulması” tələbinə dair ilk və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(006)- 90/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməklə, Nəsimi rayonu, D.Əliyeva, 241 saylı yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində, pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın qanunsuz sökülmüş döşəməsinin Cavabdeh1 hesabına bərpa edilməsi, hüquqi yardımla bağlı ödənilmiş 1000 manatın, ekspertiza xəclərinin, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 20000 manat mənəvi ziyanın Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bina «Ay-Ulduz» Mənzil Kooperativinə məxsusdur və o, həmin kooperativin sədridir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci X7 İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yanğın texniki müayinəsi keçirilmiş və müayinə zamanı yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində, pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin mövcud olmadığı aşkar olunmuşdur. Həmin köməkçi otağın döşəməsi aradan götürülərək binanın yarımzirzəmi mərtəbəsində yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış obyektinə birləşdirildiyi, köməkçi otağın dəmir qapısı qaynaq vasitəsilə bağlandığı müəyyən olunmuşdur. Bu fakt Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci X7 İdarəsinin 15 avqust 2017-ci il tarixli 37/36-00584 saylı məktubuna əsasən təsdiq olunmuş və tədbir görülməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinə müvafiq məktub göndərilmişdir. Buna baxmayaraq, icra hakimiyyəti qanuna müvafiq tədbir görməmişdir. Pozuntuya yol verən Cavabdeh1 əməkdaşları hadisə yerinə buraxmamış, lakin çox çətinliklə də olsa əməkdaşlar obyektə baxış keçirmişlər. Belə ki, 28 iyun 2017-ci il tarixində bina sakinlərindən Cavabdeh1 binanın altında mağaza kimi fəaliyyət göstərən obyektdə özbaşına və qanunsuz olaraq, söküntü işləri apararaq, mağazadan pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsini sökməsi, binanın konstruksiyasında dəyişiklik edərək bununla sakinlərin həyat və sağlamlığına təhlükə olması barədə kooperativin sədri kimi ona şikayət daxil olmuşdur. Dərhal sakinlərlə hadisə yerində baxış keçirilmiş və Cavabdeh1 heç bir icazə və ya qanuni əsas olmadan kooperativin köməkçi otağı ilə mağazanı ayıran arakəsmə divarını sökərək oranı zəbt etdiyi və qapısını da içəridən bağladığı müəyyən olunmuşdur. Cavabdeh1 sözügedən otağı Cavabdeh2 pulla aldığını və sonuncunun ona sənəd verərək oranı istədiyi kimi istifadə edə biləcəyini bildirdiyini demişdir. Köməkçi otağın qapısı qaynaq aparatı vasitəsi ilə qaynaqlanmışdır. Hazırda Cavabdeh1 həmin köməkçi otaqdan anbar kimi istifadə edir və orda tez alışan kimyəvi tərkibli mallar saxlayır ki, bu da bina sakinlərinin həyat və sağlamlığına təhlükədir. O, sözügedən binanın qanunsuz söküntü aparılmış 5ci girişindəki 60-cı mənzilində yaşayır, binanın sakini olaraq, həyatına hər an təhlükə hiss edir. ünvan 1 ünvanındakı sözügedən zirzəmi Cavabdeh1 tərəfindən qanunsuz zəbt edildiyindən və onun tərəfindən aparılmış söküntü işləri təhlükəsizlik normalarına zidd olduğundan otaq əvvəlki vəziyyətinə gətirilməlidir. Həmçinin, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, İddiaçı ona dəymiş mənəvi ziyanın 20000 manat, maddi ziyanın 15000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, D.Əliyeva küçəsi, 241 ünvanındakı binada mənzil kooperativinin sədri uzun müddətdir ki, İddiaçı deyil, başqa şəxsdir. Bununla razılaşmayan İddiaçı bu günə kimi özünü sədr kimi qələmə verir. Mübahisə olunan kooperativə məxsus olan binanın 5-ci giriş 1-ci mərtəbəsində, pilləkən qəfəsi hissəsində yerləşən köməkçi otaq hələ 1996-cı ildə ona verilmişdir. Hətta o dövrdə kooperativin sədri olan İddiaçı 10.11.1996-cı il tarixdə onunla müqavilə bağlayaraq həmin yeri ona kirayə vermiş və sonradan həmin yer sənədləşdirilmişdir. Həmin mübahisə olunan yerə aid 1997-ci ilin mart ayında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi «Aztexinventarlaşdırma istehsalat birliyi» tərəfindən texniki pasport da tərtib olunmuş və həmin texniki pasporta əsasən iddia ərizəsidə göstərilən pilləkən qəfəsi də həmin plana daxil edilmişdir. Bu, 1997-ci il tarixdə Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən də təsdiq olunmuşdur. Həmin təsdiq olunmuş layihə sənədləri Bakı Şəhər İcra ci il tarixli akta əsasən İcra Hakimiyyətinin daimi fəaliyyət göstərən idarələr arası komissiyası həmin mübahisə edilən ərazidə baxış keçirərək D.Əliyeva küçəsi, 241 nömrəli binanın zirzəmisindən qapı açılmasını sanitar-gigiyena, yanğından mühafizə və texniki cəhətcə məqsədəuyğun hesab etmişdir. Sözügedən yer 1996-cı ildə keçmiş “Sovet işçisi-İ” Mənzil Kooperativ İdarəsinin 05.11.1996-cı il tarixli 6 saylı protokolu ilə ona verilərkən həmin iclasda İddiaçı 1970-ci ildən istismarda olan binanın zirzəmisində çirkab suların yığılmasını, kommunikasiya sistemlərinin bərbad vəziyyətdə olmasını bildirmiş və onun təkidi ilə sözügedən yer ona verilmiş və orada külli miqdarda təmir və yenidənqurma işləri aparılmışdır. Həmin vaxt Azərbaycan İnşaat və X8 İnstitutu tərəfindən verilmiş rəyə əsasən zirzəmidə xarici qapının açılması nəzərdə tutulmuşdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, onun tərəfindən özəlləşdirilmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ona RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 10.08.2017-ci il tarixli 252 nömrəli «Ay-Ulduz-2010» kooperativin sədrinin imzası ilə ona aşağıdakı məzmunda arayış verilmişdir: - “Verilir ondan ötrü ki, həqiqətən ünvan 2 ünvanda yerləşən 5- ci blokun pilləkən altı qəfəsində 0,8 kv.m olan qeyri-yaşayış sahəsi uzun müddətdir ki, Cavabdeh1 istifadəsindədir. Həmin sahənin Cavabdeh1 tərəfindən istifadəsinə dair heç bir irad yoxdur”. Bütün bunlara baxmayaraq, bu günə kimi İddiaçı özünü həmin kooperativin sədri hesab edir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.01.2017-ci il tarixli 2(102)-5644/l6 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.06.2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı və X1 Cavabdeh2 qarşı kooperativə məxsus əmlakların geri alınması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bütün bunlar İddiaçı əsassız iddia ilə məhkəməyə müraciət edərək onu narahat etməsini, hər dəfə həmin mübahisə edilən yerə baxış keçirilərkən onun öz işindən ayrılmaq məcburiyyətində olmasını və nəticə etibarı ilə ona mənəvi cəhətdən böyük zərbələr dəydiyini sübut edir. Çünki hər dəfə sakinlər və digər onu tanıyanlar onun istifadəsində və mülkiyyətində olan qeyri-yaşayış sahəsinə çoxsaylı adamların, komissiyaların gəldiyini və hər dəfə də onun həmin yerə aid sənədləri göstərərək izahat vermək məcburiyyətində qaldığını görürlər. Dəfələrlə İddiaçı Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət xidmətinə ərizə ilə şikayət etmiş, onların nümayəndələri gəlib yerində baxış keçirmiş və İddiaçı ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. İddiaçı ərizələri qonşuların adından yazsa da, qonşulardan heç kim həmin ərizələrə imza atmamışdır. İddiaçı hələ kooperativin sədri olan dövrdə ondan qəbzdən əlavə pul tələb etmiş və əks halda zirzəmidən istifadəsinə məhdudiyyət qoyulacağını bildirmişdir. O da həmin zirzəmiyə görə zirzəminin özəlləşdirildiyi dövrə qədər hər ay pul ödəmişdir. Bundan əlavə bütün bu yaranmış vəziyyət onun səhhətinə çox ağır təsir göstərmiş, hətta o, əməliyyat da olunmuş və hal-hazırda da müalicə alır. Göründüyü kimi ona həm mənəvi, həm də maddi cəhətdən çox böyük zərbələr dəymişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddiaların təmin olunmaması qət edilmişdir. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, ilk iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə həmin girişin üzərində yerləşən mənzildə yaşayış, ondan başqa onlarla ailə həmin binada yaşayır, onların binasına heç bir aidiyyatı olmayan Cavabdeh1 pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın beton döşəməsini sökərək öz mağazasına qataraq yol açmış və bununla da insanların həyatına ciddi təhlükə yaratmışdır. Cavabdeh köməkçi otağın qapısını içəri tərəfdən qaynaq vasitəsi ilə qaynaqlamışdır. Halbuki binada bu cür söküntülərin aparılması qadağandır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli, 2(103)-10132/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(102)-486/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli, 2(103)-10132/2019 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilmişdir ki, ekspertiza rəyində ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş suallara tam və əsaslandırılmış cavab verilməmiş, müvafiq sənədlərin təqdim edilməməsi əsası ilə köməkçi otağın döşəməsinin sökülüb-sökülmədiyini müəyyən etməyin mümkün olmaması barədə əsaslandırılmamış rəy verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün iş üzrə təkrar ekspertiza keçirilməli və ekspertiza qarşısında iş üçün əhəmiyyət kəsb edən suallar qoyulmaqla, sənədlər təqdim edilməklə müvafiq rəy alınmalı, əldə edilmiş nəticədən asılı olaraq qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Proseesual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə tərəfindən Ali Məhkəmənin göstərişlərinə əməl olunmaqla iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 1 ünvanında yerləşən mübahisəli sahənin (“Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaq) ölçüsünün nə qədər olması, həmin sahənin Cavabdeh1 tərəfindən zəbt edilib-edilməsi, qeyd edilən mübahisəli sahənin döşəməsisin sökülüb-sökülməməsi, əgər sökülmüşdürsə, söküntü işlərinin nədən ibarət olması, bunun tikinti texniki normalara uyğun olub-olmaması və binanın dayanıqlılığına, sakinlərin təhlükəsizliyinə təhlükə yaradıb-yaratmaması, ünvan 1 ünvanında mübahisəli zirzəminin (“Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otaq) yerləşdiyi binada analoji yerlərin (qonşularda yerləşən tikililər nəzərə alınmaqla) eynilik təşkil edib-etmədiyi, digər obyektlərdə zirzəminin həmin sahəyə daxil olub-olmaması barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci X7 İdarəsi Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 02.09.2020-ci il tarixli məktubundan görünür ki: “Araşdırma zamanı məlum olmuşdur ki, sözü gedən ünvanda 5 mərtəbəli yaşayış binasının 5-ci girişinin pilləkən qəfəsəsinin alt hissəsində yerləşən, ümumi sahəsi 0,8 kv.m olan köməkçi otaq Cavabdeh1 istifadəsindədir. Yaşayış binasına dair layihə sənədləri təqdim edilmədiyindən mübahisəli qeyri-yaşayış sahəsinin layihə sənədlərində təyinatının araşdırılması mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18.09.1995-ci il tarixli, 26/9 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsinin “Aztexinventarlaşdırma İstehsalat birliyi” tərəfindən tərtib edilmiş "Dərya-M” şirkətinə məxsus texniki pasportda sözü gedən sahə pilləkən qəfəsəsi kimi göstərilmişdir.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19.04.2021-ci il tarixli, 10/2074 saylı ekspert rəyində qeyd edilmişdir ki, “ünvan 1 ünvanında yerləşən yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın eni 2,15 metr və uzunluğu 3,8 metr təşkil edir, lakin RX serialı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 müliyyətinə verilmiş 92,5 kv.m qeyri-yaşayış sahəsinə dair texniki pasport olmadığı üçün, həmin sahənin tutulubtutulmaması mümkün olmamışdır, mübahisəli sahənin sökülüb-sökülməməsi, əgər sökülmüşdürsə, söküntü işlərinin nədən ibarət olması, bunun tikinti texniki normalara uyğun olub-olmaması və binanın dayanıqlılığına, sakinlərin təhlükəsizliyinə təhlükə yaradıb-yaratmamasına dair tədqiqat aparılmadı, mübahisə qeyri-yaşayış sahəsinin planlı yerləşməsinin 1-ci, 6-cı və 7-ci girişlərdə (bloklarda) eynilik təşkil edir, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısı və pilləkən marşı vardır, 2-ci blokda isə analoji sahə bağlı vəziyyətdədir, mübahisəli qeyri-yaşayış sahəsinin faktiki parametrlərini, o cümlədən uzunluğu 3,9 metr, eni 2,2 metr, hündürlüyü 3,5 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikilidə giriş-çıxış üçün pilləkən quraşdırılması texniki cəhətdən mümkündür.” Hazırkı apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən sahənin döşəməsini sökməmiş, digər bloklarda olduğu kimi orada ümumiyyətlə döşəmə olmamış, zirzəmiyə keçid qapısı və pilləkən olmuşdur. Həmçinin bildirir ki, 27.01.2022-ci il tarixdə İddiaçı mübahisəli ünvanda olan mənzilini Natiq Güləliyev adlı şəxsə satmış və hazırda oradan köçmüşdür. Onun artıq iddiaçı qismində çıxış etməsinə subyektiv hüququ yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh İddiaçı və iş üzrə üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilənilk iddianın təmin edilməyən hissəsində təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia üzrə tələbin təmin edilməyən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 05.09.2005-ci il tarixli, 23/14-34 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" MTK-ya məxsus bina 1970-ci ildə inşa edilmiş, 6 girişli, 6 mərtəbəlidir və 72 üzvü vardır. İşdə olan "xxxx" ASC-nin 28 oktyabr 2008-ci il tarixli 112/1456 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" MTK (1 may-241) D.Əliyeva-241 ünvanında yerləşən “AY-ULDUZ” Mənzil Kooperativinin hüquqi varisidir. İşdə olan "xxxx" Mənzil-kooperativ idarəsinin ümumi iclasının 05 noyabr 1996-cı il tarixli 6 nömrəli protokolunun surətindən görünür ki, "xxxx" MKİ-nin Dilarə Əliyeva küçəsi 241 nömrəli binasının zirzəmisinin “Dərya” şirkətinə icarəyə verilməsi və orada təmirdən sonra mağaza və ya yeməkxana təşkil edilməsi qərara alınmışdır. İşdə olan “İcarədar” Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 241 №-li kooperativ evin sədri İddiaçı ilə “İcarəçi” “Dərya” şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 10 noyabr 1996-cı il tarixli müqavilənin surətindən görünür ki, “İcarədar” Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 241 №-li kooperativ evin zirzəmisinin 140 kv.metrlik hissəsini kirayə verməyi, “İcarəçi” isə həmin sahəni kirayə götürərək orada mağaza, yaxud istehsal müəssisəsi təşkil etməyi öhdəsinə götürmüşdür. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanmış 24.12.1996-cı il tarixli 18/04- 847 nömrəli məktubun surətindən görünür ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.11.1996-cı il tarixli, 1419 nömrəli sərəncamının İ bəndinə əsaslanaraq təqdim edilmiş layihə sənədlərinə görə D.Əliyeva küçəsi 241 nömrəli binanın qeyri-yaşayış sahələrinə qapıların açılmasının eskiz layihəsi və konstruktiv cizgiləri ilə tanış olaraq onu razılaşdırmışdır. İşdə olan Nəsimi Rayon İcra Hakimiyyəti İdarələrarası Komissiyasının 09.01.1997-ci il tarixli rəyinin surətindən görünür ki, D.Əliyeva küçəsi, 241 nömrəli binanın zirzəmisindən qapı açılmasının sanitar-gigiyena, yanğından mühafizə və texniki cəhətdən məqsədə uyğunluğu barədə rəy verilmişdir. İşdə olan Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 30 oktyabr 2011-ci il tarixli, S-53 nömrəli məktubun surətindən görünür ki, D.Əliyeva küçəsi 241 saylı binanın zirzəmisində yerləşən 175 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanındakı 92,5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 16316 nömrəli vərəqində 01.12.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan «AY ULDUZ-2010» Mənzil İstismar Kooperativi tərəfindən verilmiş 10 avqust 2017-ci il tarixli 252 nömrəli arayışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 5-ci blokun pilləkan altı qəfəsində 0,8 kv.m olan qeyri-yaşayış sahəsi uzun müddətdir ki, Cavabdeh1 istifadəsindədir. Həmin sahənin Cavabdeh1 tərəfindən istifadəsinə dair heç bir irad yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 05.11.2018-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.12.2016-cı il tarixli 2(102)-5644/16 saylı qərarına əsasən “Ay-Ulduz” Mənzil Kooperativinin sədri 12.09.2011-ci il tarixdən Cavabdeh2dır. Bu fakt kommersiya hüquqi şəxslərin dövlət reyestrinə 27.02.2017-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2018-ci il tarixli 1488 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 saylı evin zirzəmi hissəsində yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının qonşu mənzillərə gedən sahədən kənarda, pilləkən marşının altında yerləşdiyini nəzərə alaraq, həmin qeyriyaşayış sahəsinin qonşuların gediş-gəlişinə maneəçilik törətmədiyi müəyyən edilmişdir. Tədqiq olunan binanın digər girişlərinə (bloklarına) baxış zamanı, mübahisə qeyriyaşayış sahəsinin planlı yerləşməsinin 1-ci, 6- cı və 7-ci girişlərdə (bloklarda) eynilik təşkil etdiyi, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısı və pilləkən marşı olduğu, 2-ci blokda isə analoji sahənin bağlı vəziyyətdə yerləşdiy müəyyən edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin faktiki parametrlərini, o cümlədən uzunluğu 3,9 metr, eni 2,2 metr, hündürlüyü 3,5 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikilidə giriş-çıxış üçün pilləkən quraşdırılması texniki cəhətdən mümkündür. Tədqiq olunan bina üzrə ilkin layihə sənədləri mülki iş materiallarında olmadığından, eləcə də sonradan ekspertizaya təqdim edilmədiyindən “Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin sökülüb-sökülmədiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli 24362 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mübahisəli zirzəminin (“Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otaq) qonşuların gediş-gəlişinə maneəçilik törətməsi müəyyən edilməmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış binasının digər girişlərinə (bloklarına) baxış keçirilən zaman, mübahisəli qeyri-yaşayış sahəsinin planlı yerləşməsinin birinci, alıtncı və yeddinci girişlərdə (bloklarda) eynilik təşkil etdiyi, yəni həmin sahələrdə də zirzəmiyə giriş üçün keçid qapısının və pilləkən marşının olduğu, ikinci blokda isə analoji sahənin bağlı vəziyyətdə yerləşdiyi müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətini, ölçülərini, hündürlüyünü və digər texniki göstəricilərini nəzər alaraq, mübahisəli zirzəmidə giriş-çıxış üçün pilləkənin quraşdırılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. «Ay Ulduz» kooperativinə məxsus yaşayış binasının ilkin texnikilayihə sənədləri mülki iş materiallarında olmadığından və əlavə olaraq ekspertiza tədqiqatına təqdim edilmədiyindən, “Ay Ulduz” kooperativinə məxsus yaşayış binasının 5-ci girişinin 1-ci mərtəbəsində pilləkən qəfəsəsinin alt hissəsində yerləşən köməkçi otağın döşəməsinin sökülüb-sökülmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında münasibətlərin yaranması zamanı qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 140-cı maddəsində qeyd edilmişdir ki, vətəndaşlar yaşayış sahəsinin qorunmasını təmin etməli, sanitariya-texniki və digər avadanlığa, abadlıq obyektlərinə qayğı ilə yanaşmalı, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, evlərin girəcəklərində, lift kabinələrində, pilləkənlərdə və digər ümumi istifadə yerlərində təmizliyə və səliqəyə riayət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı ünvan 2 ünvanda yerləşən 5-ci girişinin birinci mərtəbəsində pilləkən qəfəsinin alt hissəsində köməkçi otağın döşəməsinin mövcud olmasını və Cavabdeh1 tərəfindən sökülməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni qanuni və əsaslı sayır. Həmçinin qeyd edir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisəli sahənin yerləşdiyi binada olan 60 saylı mənzilin mülkiyyətçisi olmuş, 27.01.2022-ci il tarixdə həmin mənzili X2 özgəninkiləşdirmiş və 08.02.2022-ci il tarixdə qeyd edilən mənzilə mülkiyyət hüququ Natiq Güləliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi məqamların əsaslı olmasına dair hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İlk iddia tələbinin təmin edilməməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(006)- 90/2019 saylı qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar