Məhkəmə qərarları › İş №2(103)-8112/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8112/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8112/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X3 X1 iştirakı ilə, X1 (azyaşlı X5 qanuni nümayəndəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi istifadə olan anbarın boşaldılaraq ondan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4151/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 (azyaşlı X5 qanuni nümayəndəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi istifadə olan anbarın boşaldılaraq ondan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinin köməkçi sahəsinin ümumi istifadədə olmasına dair daşınmaz əmlakın dövlət reyesterindəki qeyd, həmçinin buna dair X6 verilmiş texniki pasportun müvafiq hissəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4151/2020 saylı qərardadı ilə X1 (azyaşlı X5 qanuni nümayəndəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi istifadə olan anbarın boşaldılaraq ondan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə reyestr qeydinin ləğvi tələbi haqqında qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən, dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verməmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4151/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı S.Qənbərova şikayətin dəlillərini qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına götürülməsi məsələsinə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, ilk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına götürülməsindən imtina edərkən, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsinin tələblərinə istinad etməmiş, bununla da, qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına götürülməsindən imtina edilməsinin hüquqi əsasını göstərməmişdir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Mülki Prosessual Məcəllənin 156-cı maddəsinə əsasən, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilir: “Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Göründüyü kimi qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına götürülüməsi zamanı, qarşılıqlı iddia tələbi ilə ilkin iddia tələbi arasında qarşılıqlı əlaqənin olması, tələblərin xaraktercə oxşar olması, qarşılıqlı iddia tələbinin ilkin iddia tələbi tam və ya qismən ödəməsi nəzərə alınmalıdır. Bundan başqa “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinə əsasən: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, birnci instansiya məhkəməsi iddia ərizəsini məhkəmənin icraatına götürülməsindən imtina edərkən, qarşılıqlı iddia üzrə iddiaçının hüquqi marağını və iddia tələblərinin hüquqi təbiəti müəyyən etməmiş, yəni, qaldırılmış iddianın hüquqi təbiətini, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasını müəyyən etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadda istinad etdiyi əsaslarla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmamışdır. Ona görə də qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmalqla araşdırılmaqla iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4151/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş qarşılıqlı iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar