Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8119/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-8119/2022 (Açar sözlər: işə bərpa) Bakı şəhəri, 20 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa" tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1908/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş (ƏMR 2393/22) xx.xx.2022-ci il və (Əmr 2562/22) xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, onun əvvəlki işinə (cavabdeh təşkilatda satış təmsilçisi vəzifəsinə) bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı (işdən azad olunduğu gündən bərpa olunan günə kimi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən (ƏMR 1962/22) xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. 29 may 2022-ci il tarixdə X9 yerləşən ST.JOHN mağazasında cavabdeh təşkilatın digər işçisi yəni satış təmsilçisi X6 tərəfindən mübahisə zəminində o, iddiaçını döymüş bu zaman həmin hadisə müşahidə kamerası ilə qeydə alınmışdır. Hadisə ilə bağlı iddiaçı polisə müraciət etmiş və X6 AR İXMnin 157-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh təşkilatın direktoru Sənan Axundov yeni işçi kimi iddiaçını günahlandırıb onu işdən azad etmişdir. Səbəbi də o idi ki, Olesya Demçenko və Sənan Axundov arasında şəxsi münasibətlər var idi. Buna görə o, heç bir cəza almadı, sadəcə yüngül töhmət aldı. Bundan başqa, şirkətdə öz haqqını tələb etdiyi üçün Sənan Axundov “mənim ürəyim belə istəyir” deyib, iddiaçının üstünə polis müfəttişini (yəni sahə müfəttişini) çağıraraq onu kobudcasına şirkətdən qovmuşdur. Bununla kifayətlənməyərək 6 ilə yaxın iş fəaliyyətini sübutu olan əmək kitabçasını zədələdi. İddiaçının heç bir günahı olmadan, əmək kitabçasına “70 D” maddəsi yəni sınaq müddətində özünü doğrultmadı yazılmışdır. Bu maddənin yazılmaması üçün iddiaçı çox xahiş etmiş və Sənan Axundov ona oyun quraraq “gəl öz ərizənlə işdən çıx” tələbini irəli sürmüşdür, iddiaçı da ərizəni 1 gün gec gedib yazdığı üçün Sənan Axundovun işçisi kadrlar üzrə mütəxəssis Xədicə Həsənova iddiçıya hədə-qorxu gələrək “bundan sonra gəlmə, səni maddə ilə çıxardırıq” deyərək 6 ilə yaxın olan əmək fəaliyyətinə ləkə vuraraq əmək kitabçasında AR ƏM-nin 70-ci maddəsinin “D” bəndi qeyd olundu. Elədiyi bu hərəkətin qanunsuz olduğunu onlara dedikdə, Sənan Axundov məhkəməyə müraciət olunmasın deyə yenə onu aldadaraq 1 günlük işə qəbul etmiş, sonra öz istəyi ilə işdən azad etmişdir. Bu yolla o elədiyi qanunsuzluğun üstünü yeni bir qanunsuz hərəkət ilə örtbasdır etmək istədi. Onun bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı başqa işə düzəlməkdən məhrum olmuşdur. Bütün şirkətlərdə iddiaçıya “nəyə görə 1 ay işləmisən” sualını verərək onu işə götürmürlər və əmək kitabçasına baxanda isə orada “70 D” maddəsini görəndə onu işə götürmək fikrindən daşınırlar. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh təşkilat tərəfindən qəbul edilmiş (ƏMR 2393/22) xx.xx.2022-ci il və (Əmr 2562/22) xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməli, iddiaçını əvvəlki işinə cavabdeh təşkilatda satış təmsilçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı (işdən azad olunduğu gündən bərpa olunan günə kimi) ödənilməlidir. Birincisi, iş yerində baş vermiş hadisəyə görə təqsir iddiaçıda deyil cavabdeh təşkilatın digər əməkdaşı X6 da olmuşdur. Bu hal X3 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarda öz təsdiqini tapmışdır. İkincisi, iddiaçı işlədiyi dövr ərzində (sınaq müddətində) özünü doğrultmayacaq hər hansı hərəkət etməmişdir. Üçüncüsü, cavabdeh təşkilatın rəhbərliyi tutduğu vəzifəsindən sui-istifadə edərək iddiaçıya psixoloji təzyiq edərək aldadaraq öz xahişi ilə işdən azad olunması barədə ərizə yazdırmışlar. Yəni, iddiaçı işdən azad olunması barədə ərizəni yazmağa məcbur olmuşdur (iradəsinə zidd olmuşdur). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12, 51-ci maddəsinin İ hissəsinə, 53-cü maddəsinin İ, İİİ və İV, 84-cü maddənin İ- İİİ, 68-cı maddəsinin İ hissəsinə, 12-ci maddəsinin 1-ci hissəsinin C) bəndinə, 300-cü maddəsinə əsasən cavabdeh tərəfindən qəbul edilmiş (ƏMR 2393/22) xx.xx.2022- ci il və (Əmr 2562/22) xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, onun əvvəlki işinə (cavabdeh təşkilatda satış təmsilçisi vəzifəsinə) bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı (işdən azad olunduğu gündən bərpa olunan günə kimi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1908/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilərək, İddiaçı barəsində olan 2393/22 saylı, xx.xx.2022-ci il tarixli əmrin ləğv olunması, İddiaçı barəsində olan 2513/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrin etibarsız sayılması, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqının hesablanıb verilməsi, SinteksMMC-dən 50 (əlli) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir (Hakim: Rəna Qafarova). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birincisi, məhkəmə qeyd edir ki, tərəflərin izahatlarından və iş materiallarından məlum olmuşdur ki, “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X7 mağazada nizam-intizam qaydalarını kobud şəkildə pozmuşlar. Belə ki, onlar xx.xx.2022-ci il tarixində mağaza daxilində dalaşaraq etik qaydalara uyğun olmayan sözlərdən istifadə etməklə mübahisə etmişlər. Cavabdeh MMCnin menenceri N.F.Fərəcovanın təqdimatına əsasən MMC rəhbərinin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində əsasən, etik davranış normalarına və daxili nizam-intizam qaydalarına riayət edilməməsinə görə öz hərəkətləri ilə şirkətin işgüzar nüfuzuna xələl gətirdikləri üçün “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X4 şiddətli töhmət verilmişdir. İddiaçı nizam-intizam qaydalarını pozmamışdır. Bu fakt işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclas zalında etiraf etmişdir ki, baş vermiş insidentə bağlı satış təmsilçisi X7 AR İXM-ə müvafiq maddəsinə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmişdir. Bu onu ehtiva edir ki, “StJohn”mağazasının satış təmsilçisi İddiaçı nəinki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində əsasən şiddətli töhmət verilə bilməzdi, hətta heçbir intizam məsuliyyəti nəzərdə tutula bilməzdir. İkincisi, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən aldadılaraq yuxarıda göstərilən ərizələrin yazdırılması və əmrlərin verilməsi barədə göstərilənlər məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığı üçün əsassızdır. Məhkəmə iddia tələblərinə uyğun olaraq həmin əmrlərin qanunilyinə qiymət verərək hesab edir ki, cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmrləri qanunvericiliyin tələblərinə uyğun qəbul edilsə də, əslində iddiaçının istəyinə əsasən xx.xx.2022-ci il tarixli əmrin qüvvədən salınması məqsədi ilə verilmiş əmrlərdir. Məhkəmə o qədər qərəzli mövqeydən çıxış edir ki, iddiaçıya qarşı edilən zorakılıq hərəkətlərini pərdələməyə və himayədarlıq edən cavabdeh təşkilat vəzifəli şəxslərin qanunsuz hərəkətlərini məhkəmə qaydasında pərdələməyə çalışır (hansı maraqlar naminə bəlli deyil). Belə ki, bir halda ki, iddiaçı intizam qaydasını pozmamışdısa və bu halda onu işdən çıxarılması nəzərdə tutulmursa, ancaq bunlara baxmayaraq cavabdeh təşkilatın vəzifəli şəxsi qanunsuz əmrlərlə onu işdən çıxartmaqla nəinki həmin təşkilatda hətta başqa yerdə işləməsinə əngəllər yaratmışdır. İddiaçı məcburiyyət qarşısında qalaraq əmək kitabçasına AR ƏM “70 D” maddəsi yəni sınaq müddətində özünü doğrultmadı yazılmamasını xahiş etmiş və cavabdeh təşkilat vəzifəli şəxsi Sənan Axundov bildirmişdir ki, ancaq öz xahişi ilə ərizə olduğu təqdirdə mümkündür. İddiaçıda ərizəni 1 gün gec gedib yazdığı üçün Sənan Axundovun işçisi kadrlar üzrə mütəxəssis Xədicə Həsənova iddiçıya hədə-qorxu gələrək “bundan sonra gəlmə, səni maddə ilə çıxardırıq” deyərək 6 ilə yaxın olan əmək fəaliyyətinə ləkə vuraraq əmək kitabçasında AR ƏM-nin 70-ci maddəsinin “D” bəndi qeyd olunmuşdur. Bu hal onu ehtiva edir ki, iddiaçının nəinki aldadılmış hətta vadar olunmuşdur. Üçüncüsü, məhkəmə hesab edir ki, işə qəbul və azad olunma barədə 22 və 23 iyun tarixli əmrlər qəbul edildiyi üçün 17 iyun 2022-ci il tarixli əmr özü-özlüyündə öz əhəmiyyətini itirmiş və hüquqi qüvvəyə malik sənəd kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbindən kənara çıxaraq ümumiyyətlə mübahisələndirilməyən əmrləri ləğv etmişdir. Bunu etməkdə səbəb ondan ibarətdir ki, sanki iddiaçının işdən çıxmaq barədə ərizəsini könüllü olaraq öz iradə ifadəsini təsdiq edən hal olduğunu göstərməyə çalışır. Məhkəmə nə məhkəmə iclasında olanların, nə iş materiallarına əlavə olunmuş sənədlərin hüquqi mahiyyətinin nədən ibarət olduğunu tam dərk etmədən mücərrəd mövqeydən çıxış etmişdir. Dördüncüsü, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçının xx.xx.2022-ci il tarixli əmrin ləğvi ilə bağlı irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün və iddiaçının işdən azad edilməsi barədə sözügedən əmr qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün qəbul edi ldiyindən iddiaçının əvvəlki işinə (cavabdeh təşkilatda satış təmsilçisi vəzifəsinə) bərpa edilməsi tələbi üzrə arəhdırma aparılmasına və ona hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Lakin məhkəmə eyni zamanda hesab edir ki, xx.xx.2022-ci il tarixli 2393/2022 nömrəli əmrin məhkəmə tərəfindən ləğv edilməsi nəticəsinə gəlindiyindən və iddiaçı xx.xx.2022-ci il tarixdən işdən qanuni əsaslarla azad edildiyindən, o, faktiki olaraq həmin tarixə qədər Cavabdeh MMC ilə əmək münasibətlərində olan işçi kimi qiymətləndirilməli və buna görə də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ona əmək haqqı ödənilməlidir. Bununla bağlı qeyd edirik ki, məhkəmənin qərəzli yanaşması və ya işin mahiyyətini tam anlamaması tam aşkardır. Belə ki, iddiaçı nə AR ƏM-nin 70-ci maddəsinin “D” bəndi, nədə ki, ARƏM-nin 68.2-ci maddəsi ilə işdən azad oluna bilməzdi. Belə ki, iddiaçı işdə nə intizam qaydasını pozmamış nədə ki, aldadılaraq ərizə yazmağa vadar olunmasaydı onun işdən çıxmaq kimi iradə ifadəsi olmamışdır. Bundan başqa məhkəmə hətta iddiaçıya hansı vaxtdan əmək haqqı hesablanması belə düzgün bilməmişdir. Beşincisi, məhkəmə hesab edir ki, Cavabdeh MMCdən (ödənilən 50 manat mediasiya xərci nəzərə alınmaqla) 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməlidir. İddiaçının mediasiya keçirilməsi ilə bağlı ödədiyi 50 manat pul vəsaitini tutularaq iddiaçıya deyil, dövlət büdcəsinə ödənilməsi ilə əlaqədar heç bir hüquqi əsaslandırma aparmamışdır. Halbuki həmin pul vəsaiti iddiaçıya qaytarılmalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Hüseynov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
9. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
10. Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
11. Əmək Məcəlləsinin 75-ci maddəsinin İ hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
12. Həmin normanın 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə nəzərdə tutulan əlavə hallardan biri də tərəflərin qarşılıqlı razılığıdır.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin İ hissəsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir.
15. Belə ki, Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən, sınaq müddəti bitənədək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
16. Həmin normanın 4-cü bəndinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən yalnız iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Kollegiya hazırkı mübahisənin qanuni həlli baxımından göstərilən göstərilən hüquq nrmalarına əsasən iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir.
21. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.2-2.3 bəndlərinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 7 ay 18 gün müddətinə Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, lakin işçinin birinci 3 ay sınaq müddəti hesab edilmişdir.
22. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdar etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
23. Tərəflərin izahatlarından və iş materiallarından məlum olmuşdur ki, “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X7 mağazada nizam-intizam qaydalarını kobud şəkildə pozmuşlar. Belə ki, onlar xx.xx.2022-ci il tarixində mağaza daxilində dalaşaraq etik qaydalara uyğun olmayan sözlərdən istifadə etməklə mübahisə etmişlər. Cavabdeh MMC-nin meneceri N.F.Fərəcovanın təqdimatına əsasən MMC rəhbərinin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində əsasən, etik davranış normalarına və daxili nizamintizam qaydalarına riayət edilməməsinə görə öz hərəkətləri ilə şirkətin işgüzar nüfuzuna xələl gətirdikləri üçün “StJohn” mağazasının satış təmsilçisi İddiaçı və satış təmsilçisi X4 şiddətli töhmət verilmişdir.
24. Bundan sonra 2393/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən, həmin tarixdə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində o, özünü doğrultmadığına görə Cavabdeh MMC tərəfindən tutduğu vəzifədən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ciil tarixli 2393/22/saylı əmrin maddəsinin dəyişdirilməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmiş, onun bu ərizəsi nəzərə alınaraq xx.xx.2022-ci il tarixli əmrlə, işdən azad olunmasının hüquqi əsası dəyişdirilərək, xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (yəni işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə) xitam veriləcəyi barədə Cavabdeh MMC-i ilə 20 iyun 2022-ci il tarixli barışıq sazişi bağlanmış, bunun da nəticəsində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 2393/2022 nömrəli Əmrin etibarsız hesab edilərək, onun ilə bağlanmış 162 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 75- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, (işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə) xitam verilməsinə dair «işdən azad olunmasının əsaslarının dəyişdirilməsi barədə» Cavabdeh MMC-nin 2592/22- 02 nömrəli, 20 iyun 2022-ci il tarixli əmri verilmişdir. Lakin həmin əmr elektron informasiya sisteminə daxil edilməmişdir.
25. Daha sonra, İddiaçı Cavabdeh MMC-nin direktoruna yazdığı xx.xx.2022-ciil tarixli ərizə ilə müraciət edərək onunla əmək müqaviləsi bağlamaqla xx.xx.2022-ci il tarixdən həmin MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilməsini xahiş etmiş və tərəflər arasında 202 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanaraq iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə ilk 1 ay sınaq müddəti hesab edilməklə işə qəbul olunmuşdur. 1 gün sonra isə İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilməsini xahiş etmiş və Cavabdeh MMC-nin 2562/2022 saylı, 23 iyun 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin İİ hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixində xitam verilmişdir.
26. İddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərinə görə xx.xx.2022-ci il tarixli əmrin qanunsuzluğunu cavabdehə bildirildikdən sonra sonuncu bu hərəkətin qanunsuz oldugu üçün məhkəməyə müraciət olunmasın deyə iddiaçını aldadaraq 1 günlük işə qəbul etməsini, sonra öz istəyi ilə işdən azad etməsini göstərmiş, beləliklə də işdən azad olunmasına dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmrlərinin qanunsuz olmasını göstərərək onların ləğv edilməsini tələb etmişdir.
27. Kollegiya qeyd edir ki, işə qəbul olan şəxsin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə işçi və işəgötürən arasında bağlanan əmək müqaviləsində sınaq müddəti müəyyən oluna bilər. Sınaq müddəti işəgötürənlə işçi arasında qarşılıqlı razılıq əsasında müəyyən olunmuş əmək şəraitinin şərtlərindən biridir.
28. Kolegiya həmçinin qeyd edir ki, işəgötürənin işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xitam verilməsi sırf işəgötürənin təşəbbüsü ilə baş verir ki, bu da onun hüququdur.
29. Belə ki, Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən, sınaq müddəti bitənədək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
30. Həmin normanın 4-cü bəndinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
31. İşin arahdırılmış hallarından görünür ki, iddiaçı barəsində verilmiş intizam tənbehi barədə əmrin qanunilyini mübahisələndirməmiş, həmin əmrin verilməsindən 1 gün sonra cavabdeh iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndi ilə xitam vermişdir.
32. İddiaçı şikayətində qeyd edilən maddə ilə işdən azad olunmasının qanunsuz olmasını göstərsə də, məhkəmə onun cavabdehə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsini və həmin tarixdə onunla cavabdeh arasında işdən azad olunması barədə xx.xx.2022-ci il tarixli əmrin hüquqi əsasının dəyişdirilərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (yəni işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə) xitam veriləcəyinə dair barışıq sazişinin bağlanmasını iddiaçının cavabdehlə əmək münasibətlərinin davam etdirmək niyyətinin olmaması ilə bağlı iradə ifadəsi kimi qiymətləndirir.
33. İddiaçının iddia ərizəsindən və apellyasiya şikayətinin məzmunundan da görünür ki, o, xx.xx.2022-ci il tarixli əmrdən sonra digər işə düzəlməklə bağlı cəhdlər etmiş, lakin, özü qeyd etdiyi kimi “bütün şirkətlərdə iddiaçıya “nəyə görə 1 ay işləmisən” sualını verərək onu işə götürmürlər və əmək kitabçasına baxanda isə orada “70 D” maddəsini görəndə onu işə götürmək fikrindən daşınırlar”.
34. Məhz buna görə də iddiaçı cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixli 2393/22/saylı əmrin maddəsinin dəyişdirilməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmiş, cavabdeh də qarşılıq verərək bununla bağlı öz aralarında barışıq sazişi imzalamaq yolu ilə razılığa gəlmiş və yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli əmri qəbul etmişdir.
35. Lakin, göstərilən dəyişiklik Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin elektron informasiya sistemində əksini tapmadığı üçün iddiaçı yenidən cavabdehə bununla bağlı müraciət etmiş və aralarında olan qarşılıqlı razılaşmaya əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə yeni ərizə ilə müraciət edərək işə qəbul edilməsini xahiş etmiş, cavabdeh bu dəfə də sabiq işçiyə qarşılıq verərək onunla yeni əmək müqaviləsi bağlayaraq müvafiq əmr qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçı 1 gün əvvəl bağladığı müqaviləyə öz xahişi ilə xitam verilməsini xahiş etməsinə dair ərizə vermiş, həmin tarixdə Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən verilmiş əmr də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin elektron informasiya sistemində qeyd edilmişdir.
36. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçının gələcəkdə digər iş yerlərində işləməsi üçün cavabdeh şirkətdən işdən azad edilmə səbəbinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciətləri nəticəsiz olmamış və nəticədə onun öz arzusu ilə işdən azad edilməsinə dair əmr verilmişdir. Lakin, buna baxmayaraq iddiaçı cavabdeh tərəfindən aldadılmasını bildirərək 17 və 23 iyun 2022-ci il tarixli əmrlərin qanunliyini mübahisələndirərək əvvəlki işinə bərpa edilməsini tələb edir.
37. Kollegiya hesab edir ki, iddiaçının cavabdeh tərəfindən aldadılaraq yuxarıda göstərilən ərizələrin yazdırılması və əmrlərin verilməsi barədə göstərilənlər məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığı üçün əsassızdır.
38. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, həmin əmrlərin qanunilyinə qiymət verir və hesab edir ki, cavabdehin xx.xx.2022- ci il və xx.xx.2022-ci il tarixli əmrləri qanunvericiliyin tələblərinə uyğun qəbul edilsə də, əslində iddiaçının istəyinə əsasən xx.xx.2022-ci il tarixli əmrin qüvvədən salınması məqsədi ilə verilmiş əmrlərdir.
39. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələri onun könüllü iradə ifadəsi olaraq cavabdehlə əmək münasibətlərinin davam etdirmək niyyətinin olmamasının birbaşa təsdiqidir.
40. Kollegiya hesab edir ki, işə qəbul və azad olunma barədə 22 və 23 iyun tarixli əmrlər qəbul edildiyi üçün 17 iyun 2022-ci il tarixli əmr özü-özlüyündə öz əhəmiyyətini itirmiş və hüquqi qüvvəyə malik sənəd kimi qiymətləndirilə bilməz. Həmçinin Kollegiya qeyd edir ki, 2592/22-02 nömrəli, 20 iyun 2022-ci il tarixli əmri elektron sistemə yerləşdirilmədiyi üçün qüvvəyə minməsə də, xx.xx.2022-ci il tarixli 2393/2022 nömrəli əmrini Cavabdeh MMC özünün 2592/22-02 nömrəli, 20 iyun 2022-ci il tarixli əmri ilə də etibarsız sayaraq bu barədə öz mövqeyini bildirmişdir.
41. Beləliklə, işin faktiki hallarına əsasən xx.xx.2022-ci il tarixli 2393/22 saylı əmr əhəmiyyət kəsb etməsə də, Xidmətin sistemində qüvvədə olduğu və həmin əmrlə bağlı iddia tələbi olduğu üçün kollegiya göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddia tələbinin İddiaçı barəsində olan xx.xx.2022-ci il tarixli 2393/22 saylı əmrin ləğv olunması hissəsində təmin edilməsini qanuni və əsaslı hesab edir.
42. Kollegiya iddia tələbinin cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, sözügedən əmr iddiaçının özünün könüllü verdiyi ərizə əsasında qəbul edilmiş və o, əmrdə göstərilən məzmunla bağlı cavabdehlə qarşılıqlı razılaşmaya əsasən barəsində belə əmrin verilməsi arzusunda olmuşdur. Əmr əmək qanunvericiliyin tələblərinə uyğun verildiyindən kollegiya onun ləğv edilməsi üçün hüquqi əsasların olmaması qənaətinə gəlir və iddia tələbinin bu hissədə də təmin edilməməsinə dair məhkəmənin mövqeyini əsaslı sayır.
43. Kollegiyanın qənaətinə görə, iddiaçının xx.xx.2022-ci il tarixli əmrin ləğvi ilə bağlı irəli sürdüyü faktiki halların onun iddia tələblərinin və apellyasiya şikayətinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün və iddiaçının işdən azad edilməsi barədə sözügedən əmrin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün qəbul edildiyindən iddiaçının əvvəlki işinə (cavabdeh təşkilatda satış təmsilçisi vəzifəsinə) bərpa edilməsi tələbi üzrə araşdırma aparılmasına və ona hüquqi qiymət verilməsinə zərurət yoxdur.
44. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Lakin, kollegiya eyni zamanda hesab edir ki, xx.xx.2022-ci il tarixli 2393/2022 nömrəli əmrin məhkəmə tərəfindən ləğv edilməsi nəticəsinə gəlindiyindən və iddiaçı xx.xx.2022-ci il tarixdən işdən qanuni əsaslarla azad edildiyindən, onun faktiki olaraq həmin tarixə qədər Cavabdeh MMC ilə əmək münasibətlərində olan işçi kimi qiymətləndirilməsi və buna görə də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ona əmək haqqının ödənilməsinə dair məhkəmənin gəldiyi qənaət doğru olmuşdur.
45. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
46. Kollegiya xüsusi olaraq qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olsa da, hər bir halda məhkəmə iddia tələbindən kənara çıxmamalı, çıxdığı halda kənara çıxmanın müstəsnalığını əsaslandırmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir.
48. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.
49. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə verdiyi işə qəbul barədə ərizəsi və onun da əsasında eyni tarixli işə qəbulla bağlı xx.xx.2022-ci il tarixli əmrin verilməsinə əsas iddiaçının işə qəbulla bağlı ərizəsi deyil, xx.xx.2022-ci il tarixli əmrin etibarsız hesab edilməklə əsasının dəyişdirlməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmrin elektron sistemə yerləşdirilə bilməməsi olmuşdur.
50. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabehlə əmək münasibətlərində olması kimi qiymətləndirdiyi üçün xx.xx.2022-ci il tarixli əmrlə bağlı iddia tələbindən kənara çıxmaqla özü hüquqi mövqeyini bildirməkdə haqlı olmuşdur.
51. İddiaçı xx.xx.2022-ci il tarixli əmrin qanuniliyini mübahisələndirməsə də, həmin əmrin və onun verilməsinə əsas olmuş ərizənin əslində hansı məqsəd üçün verilməsini nəzərə alaraq məhkəmənin iddia tələbi olmamasına baxmayaraq iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlamaq səlahiyyətindən istifadə edərək müstəsna hal kimi xx.xx.2022-ci il tarixli əmrin də özü–özlüyündə etibarsız hesab etməsini əsaslı sayır.
52. Kollegiya qeyd edir ki, məhkəmə bu qənaətə gələrkən iddiaçı barədə xx.xx.2022ci il tarixli əmrin işəgötürən tərəfindən etibarsız sayılmasını, xx.xx.2022-ci il tarixli əmrin isə elektron sistemə daxil edilmədiyi üçün hüquqi əhəmiyyət kəsb etməməsini, qətnamə ilə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi nəticəsinə gəlindiyini, beləliklə də iddiaçının faktiki olaraq xx.xx.2022-ci il tarixə kimi cavabdehin rəsmi işçisi sayılmasını, belə olan halda isə xx.xx.2022-ci il tarixli əmrin də qəbul edilməsinin formal məqsədlə olmasını nəzərə almaqda haqlı olmuşdur.
53. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir.
55. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin qismən təmin edilərək, İddiaçı barəsində olan xx.xx.2022-ci il tarixli 2393/22 saylı əmrin ləğv olunması, barəsində olan 2513/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrin etibarsız sayılması, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixədək əmək haqqının hesablanıb verilməsi, Sinteks MMC-dən (ödənilən 50 manat mediasiya xərci nəzərə alınmaqla) 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissələrdə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirlmədən saxlanılmalıdır.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
58. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1908/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev