Məhkəmə qərarları › İş №2(103)-8128/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8128/2020

17.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8128/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, X1,və onun nümayəndəsi və vəkili X7, Cavabdeh X10 nümayəndəsi və vəkili X8 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən X4 və cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, X13 (Maraqlı şəxs, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) qarşı “torpaq sahəsinin və bağa girişin əvvəlki vəziyyətinə gətirilməsi, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısından tikilmiş tikililərin sökülərək ona məxsus bağa girişin bərpa olunmasına və bağ sahəsinin əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsi artıq 46 ildən çoxdur ki, onların isitfadəsində olmuş və hazırda həmin bağ sahəsinin mülkiyyətçisidir. İlkin olaraq bağ sahəsi bağlar idarəsinin verdiyi plan sxemə əsasən onun atasına verilmiş və darvaza da bağın əsas yol tərəfindən olmuşdur. Əvvəllər darvaza olan tərəfdən dəmir yolu da keçirdi. Sonradan dəmir yolu söküldü və hazırda magistral yol keçir. Onlar da bu darvazadan uzun illərdir ki, istifadə edib bağa girişi həyata keçirirdilər. Lakin onun Bakıda olmadığı müddətdə ona məxsus bağ sahəsinin darvaza olan hissəsində cavabdeh tərəfindən obyekt tikilmiş və sonradan da evin darvazası onun razılığı olmadan, özbaşına olaraq yerindən çıxarılaraq bağın digər hissəsinə keçirilmişdir. Onların bu qanunazidd hərəkətləri ilə bağlı müvafiq orqanlara ərizə ilə müraciət etmişlər. Bakı şəhər memarlıq və şəhərsalma baş idarəsindən xx xxxxxxx 2012-ci il tarixdə cavab olaraq bildirmişdir ki, həmin tikilinin yerindən istifadə edən şəxs Cavabdeh3 istifadəsində olan mövcud tikilinin rekonstruksiya olunub iaşə obyekti kimi istifadə edilməsinə xx xxxxxx 2012-ci ildə 487 saylı sərəncam vermişlər. Lakin cavabdehin istifadəsində olan torpaq sahəsinin Cavabdeh3 istifadəsinə necə verilməsi barədə məlumat verməmişlər. Sonradan xx xxxxxx 2012–ci il tarixli Şağan qəsəbə nümayəndəsi tərəfindən ünvanlanan məktubda bildirilir ki, onun bağında iki darvaza vardır, onun ərizəsi əsassızdır. Yenidən xx xxxx 2013–cü il tarixli Şağan qəsəbə nümayəndəsi tərəfindən ünvanlanan məktubda bidirilir ki, bu dəfə mağaza tikilmiş həmin sahə vaxtı ilə dəmiryolu idarəsinin balansında olmuşdur və orada tikinti aparılmasına nə Xəzər rayon bələdiyyəsi, nə də Şağan qəsəbə nümayəndəliyi tərəfındən icazə verilməmişdir. Mağazanın tikintisini də aparan şəxs Cavabdeh2 həmin torpaq sahəsinin mənsub oduğu şəxsdən etibarnamə əsasında istifadə edir. Sonuncu dəfə cavab olaraq AR Dövlət şəhərsalma və arxitektura komitəsinin xx xxxxxx 2014–cü il tarixli 05/08- 3-05-995 saylı məktubu ilə bildirmişlər ki, AR şəhərsalma və tikinti məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə əsasən divarın həmin hissəsi ortaq sayılır və maddənin tələbinə uyğun olaraq inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfındən hər hansı tikili yalnız həmin qonşunun notariat qaydasında razılığı alındıqdan sonra inşa oluna bilər. Məhkəməyə təqdim etdiyi xx.xx.2010–cu il tarxidə təsdiq olunmuş ona məxsus torpaq sahəsinin kadastr göstəricilərindən görünur ki, onun bağ sahəsinə yola baxan hissəsi dəmir yolunun balansında olmuş və orada hər hansı bir tikilinin olması görünmür. Həmin sahə mühafızə zolağı sayıldığı üçün həmin vaxt bu torpağa sərəncam verilə bilməzdi. Bundan əlavə məhkəməyə təqdim etdiyi həmin tarixdə DƏDRX–nin Bakı şəhər ərazi idarəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin planından görünür ki, onun həyətinə giriş əvvəlki dəmir yolu olan hissədən olmuşdur. Bütün bu ziddiyətlər bir daha sübut edir ki, onun bağ sahəsi qarşısında tikilmiş tikintilər qanunsuz tikili olmaqla, əllərində olan Əzizbəyov (indiki Xəzər) rayon İH Başçısının xx xxxx 1992–ci il tarixli 516/102 saylı sərəncamı əsas tutaraq rayon rəhbərliyini aldadaraq tikililər aparmış, icazəsiz qaldıqları üçün azğınlaşaraq onun bağ sahəsindən razılıq olmadan bağın darvazasını qanunla və sənədlərdə öz əksini tapmış yerindən çıxararaq ozlərinə lazım olan hissəyə yerləşdirmişlər. Məhkəmənin nəzərinə çatdırılır ki, «Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il xx xxx 2186 nömrəli Sərəncamına dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007 il tarixli Sərəncamın 3 bəndinə əsasən «mərkəzi icra hakimiyyəti orqanlarının, idarələrinin, təşkilat və müəssisələrin nəzdində yaradılmış kollektiv və kooperativ bağçılıq və ya bostançılıq təsərrüfatları (yoldaşlıqları) üçün ayrılmış, lakin müxtəlif səbəblərdən 2001–ci il 1 yanvar tarixinədək istifadə edilməmiş torpaq sahələri (ərazilər) qanunvericilik ilə müəyyən edilmiş qaydada müvafiq bələdiyyə orqanlarının ehtiyat fonduna verilməsi» göstərilmişdir. Bu sərəncamda göstərilən torpaq sahəsi 2012-ci ilə kimi istifadə olunmadığı üçün bəlkə də bələdiyəlnin mülkiyyətinə verilmişdir. Bu hal da onun üçün qaranlıq qalır. Hazırda onların tikdikləri tikililər magistral yolun lap qırağında yerləşir. Cavab olaraq göndərilmiş xx xxxxxxx 2012-ci il tarixli məktublarında göstərilmişdir ki, torpaq sahəsi istifadəsində olan Cavabdeh3 rekonstruksiya aparılması üçün icazə verilmişdir. Lakin onun istifadəsində olmasını təsdiq edən sənəd məktuba əlavə edilməmişdir. Bütün bunlar onu göstərir ki, cavabdehlər ətəfindən tikilən tikililərin hamısı özbaşına və lazımi razılıqsız tikilmiş tikililərdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X5 mülki iş üzrə cavabdeh kimi cəlb olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 əsl cavabdeh X17 ilə əvəz olunmasını xahiş etmiş və məhkəmə tərəfindən cavabdehlər əsl cavabdeh X17 ilə əvəz edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X11 hesabına sökülərək iddiaçının bağa girişinin bərpa olunması və bağ sahəsinin əvvəlki vəziyyətə qaytarılması. qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100 manat məbləğində pulun cavadeh X9 alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X16 apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında 2010-cu ildə inşa olunmuş tikili üçün bağın ilkin sahibi, iddiaçının atası Nağı Seyidzadənin razılığını almışdır. Mübahisəli tikilini 6-7 il olar ki, inşa etdirmiş və həmin tikilidən mağaza kimi istifadə edir. Mağazanı tikdirdiyi torpaq sahəsini Şağan bələdiyyəsindən almışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Sonradan həmin qətnamədən X4 apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, darvazanın sökülərək yerinin dəyişdirilməsi ilə bağlı cavabdeh X10 hərəkətlərində özbaşnalıq cinayətinin əlamətləri vardır və ona hüquqi qiymət verilməlidir. Qeyd olunanlara əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X4 və onun nümayəndəsi və vəkili X14 cavabdehin apellyasiya şikayətinə etiraz etmiş, iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X10 nümayəndəsi və vəkili X15 cavabdehin apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki mübahisələndirilən qətnamədən iş üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini, cavabdeh X16 isə qətnamənin tam ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişlər. Belə olan halda və mübahisə predmeti bölünməz olduğundan mübahisələndirilən qətnamə tam yoxlanılmalıdır. İşin birinci instansiya məhkəməsində müəyyən olunmuş hallarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsi ilkin olaraq bağlar idarəsinin verdiyi plan sxemə əsasən iddiaçının atasına verilmiş və darvaza da bağın əsas yol tərəfindən olmuşdur. İddiaçının atasının ölümündən sonra mübahisəli bağ sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına rəsmiləşdirilmişdir. Əvvəllər bağın darvazası olan tərəfdən dəmir yolu keçmiş, sonradan dəmir yolu sökülmüş və hazırda həmin hissədən magistral yol keçir. İddiaçı həmin darvazadan uzun illər istifadə edib bağa girişi həyata keçirmişlər. Lakin bağ sahəsinin darvaza olan hissəsində cavabdeh X17 tərəfindən obyekt tikilmiş və sonradan da evin darvazası iddiaçının razılığı olmadan, yerindən çıxarılaraq bağın digər hissəsinə keçirilmişdir. İddiaçının mərhum atası, mübahisəli bağ sahəsinin mülkiyyətçisi olmuş X3 aparılmış özbaşına tikiliyə etiraz edərək Bakı şəhəri Maraqlı şəxs Başçısına, Bakı şəhər memarlıq və şəhərsalma baş idarəsinə, Xəzər rayon Şağan bələdiyyəsinə, Xəzər rayon Şağan qəsəbə nümayəndəliyinə müxtəlif vaxtlarda dəfələrlə müraciətlər etmişdir. İddiaçı da bununla bağlı dəfələrlə müvafiq orqanlara ərizə ilə müraciət etsə də, müsbət cavab almamış və o, məhkəməyə müraciət etmişdir. Cavabdeh X17 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bağ sahəsinin darvazasının yerini o dəyişdirmişdir. Onun tərəfindən inşa edilmiş tikilidən mağaza kimi istifadə edir. Məhkəmə ekspertizasının rəyinə əsasən bağ sahəsinin qarşısında cavabdeh X17 tərəfindən aparılmış tikinti iddiaçının bağ sahəsindən istifadə olunmasına maneə yaradır. Rəy ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi mağaza binasının divarının müvafiq olaraq, eskiz layihəsinə əsasən xarici hündürlüyünün 4,10 metr təşkil etdiyini nəzərə alaraq, mağaza binası ilə qonşuluqda yerləşən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhəd hasarı arası məsafə 1,23 metr (4,10x0,3) müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, torpaq sahəsində binalar və qurğular ucaltmaq, tikinti işləri aparmaq mülkiyyətçiyə aid olduğundan, cavabdehin isə həmin torpaq sahəsinə mülkiyyətçi hüquqları yaranmadığından, eyni zamanda həmin tikinti mülkiyyətçinin qanunla qorunan mülkiyyətçi hüquqlarına maneə yaratdığından, iddiaçının maraqlarına toxunduğundan, onun torpaq sahəsinə dair mülkiyyət hüquqlarını pozduğundan, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X11 hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunmalı və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd olunan işin müəyyən olunmuş hallarına əsaslanaraq yuxarıdakı nəticəsini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 180.1, 180.4, 240.1, 240.3, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.4, 69.5, 69.5.1, 69.7, 69.7.1, 69.7.2, 69.7.3, 69.7.4, 69.8-ci maddəlrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X16 birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdiyindən ilk növbədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindəki mübahisəli obyektin 2010-cu ildə iddiaçının mərhum atasının razılığı ilə tikildiyi və ona görə də qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarının tətbiq edilməsinin qanunvericiliyin tələblərinin pozulması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh mübahisəli obyektin 2010-cu ildə tikilməsinə dair hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmiş, sadəcə olaraq qeyd olunan halı şifahi olaraq məhkəmə iclasında bildirmişdir. Qeyd olunan halla bağlı iddiaçı tərəf isə bildirmişdir ki, mübahisəli obyekt 2010-cu ildə deyil, 2012-2015-ci ildə tikilmiş və həmin obyektin tikilməsinə və darvazanın yerinin dəyişdirilməsinə heç bir razılıq verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilinə münasibətdə iddiaçı tərəfin əks arqumentini əsaslı hesab edir. Belə ki, işin araşdırılmış və müəyyən olunmuş hallarından görünür ki, X16 tərəfindən obyektin tikilməsi zamanı və sonralar iddiaçının mərhum atası tərəfindən 2012-ci ildən başlayaraq cavabdehin qanunazidd hərəkətləri ilə bağlı Maraqlı şəxsnə, Xəzər rayon Şağan bələdiyyəsinə, AR Dövlət şəhərsalma və arxitektura komitəsinə, Bakı şəhər memarlıq və şəhərsalma baş idarəsinə müvafiq ərizə və şikayətlər ünvanlamışdır.Ona görə də, cavabdehin apellyasiya şikayətindəki mübahisəli obyektin 2010-cu ildə iddiaçının mərhum atasının razılığı ilə tikilməsi dəlili əsassızdır və birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarını hazırki mübahisəyə düzgün tətbiq etmişdir. Bundan başqa məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindəki onun tikintisinin özünə məxsus torpaq sahəsində tikilməsi, tikintinin iddiaçıya hər hansı bir maneçilik yaratmaması, ekspertiza rəyinin qeyri-müəyyən olması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 17053 №-li eksperti rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh X17 tərəfindən aparılmış tikinti nəticəsində, Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh X17 tərəfindən aparılmış tikinti nəticəsində, İddiaçı bağ sahəsindən istifadə olunmasına müəyyən dərəcədə maneə yaranması müəyyən edilir. Rəyin tədqiqat prosesinin təsviri hissəindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, iddiaçının mübahisələndirdiyi mağaza binasının divarının müvafiq olaraq, eskiz layihəsinə əsasən xarici hündürlüyünün 4,10 metr təşkil etdiyini nəzərə alaraq, mağaza binası ilə qonşuluqda yerləşən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhəd hasarı arası məsafə 1,23 metr (4,10x0,3) müəyyən edilməlidir. Həmçinin müəyyən edilir ki, rəyi vermiş ekspert məhkəmə iclasında dindirilmiş və ekspertiza rəyinə uyğun izahat vermişdir. Həmçinin iş materiallarında olan, apellyasiya instansiyasında təqdim edilmiş X2 eksperti tərəfindən keçirilmiş tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 286 saylı ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsindən də görünür ki, tədqiq olunan qeyri-yaşayış sahəsi 2198 saylı bağ torpaq sahəsinin daş hasarına bitişik vəziyyətdə inşa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəlləsinin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Sadalanan hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi mağazanın iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə yerləşdiyindən və ara məsafəsi saxlanılmadığından, cavabdeh X17 tərəfindən aparılmış tikinti Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsinin tələbərini pozmuşdur. Cavabdeh X17 tərəfindən aparılmış tikinti iddiaçıya məxsus 2198 saylı bağ sahəsini əhatə edən daş hasar üzərində aparılmış, bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və hasara bitişik vəziyyətdə tikinti norma və qaydalarına ziddi olaraq tikinti aparılmışdır. Bunun nəticəsində iddiaçının bağ sahəsindən istifadəsinə manelər yaranmışdır. Kollegiya gəldiyi bu qənaətini aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.3-ci maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69.1-ci maddəsinə əsasən Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.4-ci maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: Həmin Məcəllənin 69.5.1-ci maddəsinə əsasən divar hündürlüyünün 0,6 hissəsi; Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. Bu Məcəllənin 69.8-ci maddəsinə əsasən Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. İddiaçı apellyasiya şikayətində qətnaməni qismən iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək, mülkiyyətində olan bağ sahəsinin qarşısında tikilən bütün tikililərin sökülməli olmasını bildirərək, həmin hissədə iddia tələbinin təmin edilməli olması ilə bağlı dəlillərini kollegiya əsassız hesab edir. Belə ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, ekspertiza rəyinə və yuxarıda qeyd edilən hallarına əsaslanaraq, iddianı qismən tçmin etməkdə düzgün nəticəyə gəldiyindən, iddiaçının apellyasiya şikayətinin həmin dəlili əsaslı hesab edilmir. Çünki, cavabdeh həmin tikililəri özünə məxsus torpaq sahəsində tikdiyindən, bütün tikililərin sökülməsinə dair iddiaçının tələbinin təmin edilməsi barədə hüquqi əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iddiaçının cavabdeh X10 hərəkətlərində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 322-ci maddəsi üzrə Özbaşnalıq cinayəti üzrə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu halla bağlı iddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentin Fərmanına əsasən Azərbaycan Respublikasının daxili işlər (polis) orqanlarına müraciət edə bilər. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətlərinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: X4 və cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar