Məhkəmə qərarları › İş №2(103)-8129/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8129/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8129/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tutulması” tələbinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)-2860/2021 saylı işi üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia (tələbinin həcminin artırılması barədə) ərizəsi verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada görülmüş işlərə görə 811000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Bakı Dövlət Universiteti ilə İddiaçı arasında bağlanmış 01.07.2010-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Bakı Dövlət Universitetinə 01.07.2010-cu il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmiş, sonradan təmir tikinti sahəsinə suvaqçı-rəngsaz vəzifəsinə keçirilmişdir (iş səh.34). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2860/2021 saylı işi üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 399.1, 752, 753.1, 753.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddianın əsasını təşkil edən və həmin borcun yaranmasını təsdiq edən heç bir yazılı sənədi (cavabdehlərə iş görülməsi məqsədilə nə qədər meşə materialı almasını, bu materialları haradan və kimdən, neçəyə almasını, hazırladığını iddia etdiyi stol, stul, qapı, mebel, pilləkən, bar və sair üçün eskiz layihələri, onların hər birinə işlənən materialın həcmini və dəyərini təşkil edən smeta-layihə sənədlərini və sair) məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı izahatında cavabdehlərə iş görməsinə, gördüyü işləri təhvil verməsinə və görülən işlərə görə ona borclu qalmalarına dair sadə yazılı formada və ya notarial qaydada təsdiq edilmiş yazılı sübutu olmadığı bildirmişdir. İddiaçının izahatında göstərdiyi xüsusatlar, yəni iddiaçının cavabdehlərə məxsus obyeklərdə işlər görməsi, gördükləri işlərə görə cavabdehlərin iddiaçıya 811000 manat borcu yaranması, iddiaçının özünün şifahi izahatı, qardaşı və digər iş yoldaşının verdiyi ifadələr əsasında təsdiq edilə bilməz, bu izahat və ifadələr iddianın təmin edilməsi üçün yetərli mötəbər sübutlar kimi qəbul edilə bilməz, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz . İddiaçı apellyasiya şikayəti verərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin №2(004)-2860/2021 №-li 08.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, cavabdehlərdən müştərək qaydada Ərizəçinin xeyrinə 811000 manat tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 357 – 362; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 753.1, 770-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 2011-12-ci illərdə Bakı şəhəri, Süleyman Dadaşov küçəsindəki 4-mərtəbəli villada (Səudiyyə Ərəbistanı səfirliyinin arxasında) materialı bizdən olan 71 ədəd pilləkənin hazırlanması və quraşdırılmasına görə 21300 manat mansardın quraşdırılmasına görə 15000 manat; qapıların hazırlanması və quraşdırılmasına görə dəyəri 20000 manat; şəbəkənin (reşyotkanın) hazırlanması və quraşdırılmasına görə dəyəri 15000 manat; istilik sisteminin qarşısındakı alkovun (besedkanın) hazırlanması və quraşdırılmasına görə 10000 manat; sahəsi 30 kv.m olan barın quraşdırılmasına görə 9000 manat; ümumi dəyəri 90300 manat olan işlərə görə yalnız 23000 manat (materialın pulu) ödənilib. Ödəməli olduqları 67300 manat indiyə kimi ödənilməyib. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun müddət gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi və inflyasiya nəzərə alınmaqla 145000 manat ödəməlidirlər. “Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlərə görə materialı cəmi 70000 manatlıq iş görülsə də, ancaq 25000 manat ödənilib. Bu vəsait heç materiala görə çəkdikləri xərcləri ödəmir. Beləliklə, onlar bizə 45000 manat borclu qalıblar. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun müddət gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi və inflyasiya nəzərə alınmaqla ona 120000 manat ödəməlidirlər. 2011 - 12-ci illərdə Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kv. m olan kitab mebelinin yığılmasına görə ümumi dəyəri 13200 manat (kvadrat metri 300 manatdan); 50 kv.m sahədə mətbəx mebelinin yığılmasına görə dəyəri 15000 manat (kvadrat metri 300 manatdan) olan işlərin icrasına görə, onlara ödəməli olduqları 28200 manat indiyə kimi ödənilməyib. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun illər gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi və inflyasiya nəzərə alınmaqla 53000 manat ödəməlidirlər. 2012 - 2013-cü illərdə Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” bağçasında materialı bizdən olmaqla ümumi dəyəri 80000 manat olan işlərə (qapıların, mebelin yığılması, çarpayıların və s. hazırlanması) görə yalnız alınmış materialın pulu - 15000 manat ödənilib, 65000 manat ödənilməyib. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun illər gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi və inflyasiya nəzərə alınmaqla Ərizəçiyə 133000 manat ödəməlidirlər. 2014 - 2017-ci illərdə Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 manat olan (bir ədədi 50 manatdan) 300 ədəd qapının quraşdırılması; 4000 kv.m sahədə ümumi dəyəri 160000 manat olan (kvadrat metri 40 manatdan)üzləmə işlərinin icrası; mebellərin yığılması üzrə ümumi dəyəri 2000 manat; barların yığılması üzrə ümumi dəyəri 15000 manat olan işlərin icrasına görə, ödəməli olduqları 210000 manat əvəzinə 40 ayda cəmi 24000 manat(yemək pulu) veriblər, 186000 manat indiyə kimi ödənilməyib. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun illər gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi və inflyasiya nəzərə alınmaqla mənə 360000 manat ödəməlidirlər. 2016-cı ilin yay aylarından birində 1-ci cavabdeh bildirdi ki, 5 - 6 aya borcun əvəzi olaraq Badamdar qəsəbəsində 20 sotluq torpaq sahəsi və Mətbuat Prospektindəki yataqxananın yerində inşa ediləcək binada üçotaqlı tam təmirli mənzil verəcək. 11.10.2020-ci il tarixində 1-ci cavabdehin qardaşı Rauf Məhərrəmov mənə 5000 manat pul verib və qalan 160000 manat borcu isə 2020-ci ilin dekabr ayına kimi cavabdehlərin ödəyəcəklərini bildirib. 2020-ci ilin dekabrında borcu yenidən istəsələr də, o, borcu yenidən etiraf edərək dedi ki, pandemiya məhdudiyyətlərinə görə obyektləri işləmədiyindən hələ ödəyə bilməyəcək. Beləliklə, cavabdehlər indiyə kimi 390500 manat borcludurlar. Bu borc vaxtında ödənilmədiyinə görə hesab edir ki, Milli Bankınn uçot dərəcəsi və inflyasiya nəzərə alınmaqla 811000 manat ödənilməlidir. Məhkəmə baxışı zamanı Ərizəçinin iddia ərizəsində göstərilənlər tam təsdiqini tapdı: Şahid X1 iddia ərizəsində yazılanları təsdiq edərək göstərdi ki, BDU emalatxanasındakı işdən sonra və qeyri-iş günləri 1-ci cavabdehin Bakı şəhəri, Süleyman Dadaşov küçəsindəki 4 mərtəbəli villasında işləyib, orada 71 ədəd pilləkənin yığılmasında usta kimi çalışıb. Bundan başqa bağçada taxta işləri görüb. Pilləkənin yığılmasına görə 20000 manat ödənilməli idi. 1-ci cavabdeh gördükləri işə görə əlavə vəsait ödəyəcəyini təsdiqləyib. X2 göstərdi ki, BDU emalatxanasındakı işdən kənar 1-ci cavabdehin şəxsi işlərini görüblər. O, “Mona Liza” şadlıq sarayında, “El Faro” istirahət mərkəzində çalışıb. Cavabdehlər dəfələrlə pullarının ödəniləcəyini desələr də, bunu etməyiblər. Cavabdehlər məhkəmə iclasına gəlməkdən boyun qaçırdılar, məhkəmə baxışında onların yalnız nümayəndəsi iştirak etdi. Bakı şəhəri Yasamal rayon məhkəməsinin № 2(004)-2860/2021 №-li 08.06.2021- ci il tarixli rəsmən təqdim edilmiş qətnaməsinə əsasən iddia ərizə rədd edilib. 08.06.2021-ci il tarixində Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Vahid Hacıyev müşavirəyə çıxıb qayıdandan sonra elan etdi ki, iddia təmin edilir. Sonra üzünü cavabdehlərin nümayəndəsinə tutaraq onun bir ay ərzində apellyasiya şikayəti vermək hüququnun olmasını dedi. Sonradan dedilər ki, qətnamə ilə iddiasi rədd edilib. Bununla bağlı 8 iyun 2021-ci il tarixli məhkəmə iclası protokoluna əlavə edilmiş videoyazıya baxdı. Ehtimal edir ki, müdaxilə olub. Belə ki, hakim müşavirədən qayıtdıqdan sonra iddia ərizəsnin təmin edilməsini bildirdi və üzünü cavabdehin nümayəndəsinə tutaraq onun 1 ay ərzində apellyasiya şikayəti vermək hüququnu izah etdi. Videoyazıda isə hakim müşavirədən qayıdıb qətnaməni elan edərkən onun sözləri başa düşməyəcək dərəcədə » güclü uğultu ilə müşayiət edilir. İkincisi, videoyazıdakı vaxt qeydinə əsasən hakim 19:23-də qətnaməni elan etməyə başlayıb. Halbuki, həmin vaxta qədər qətnamə artıq elan edilmişdi, məhkəmə binasından çıxaraq, telefonunu geri almış, avtobusda gedərkən oğluna saat 18:49-da zəng etmişdi ki, onların iddiası təmin olundu. Həmin vaxt onunla (tel.: 050 4171130) oğlu (055 5544013) arasındakı 217 saniyəlik danışıq Bu fakt Azercell-dən aldığı arayışla da təsdiq olunur . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 739-746, 1096,1114-1115; Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, şahid ifadələriylə pul vəsaitlərinin təyinatı üzrə məbləğının müəyyən edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2860/2021 saylı işi üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar