Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-813/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 may 2022-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, bina 22-də yerləşən 40 saylı mənzildən cavabdehlərin çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia ərizəsində qeyd edilən mənzili onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri 9 saylı Notariat Ofisi tərəfindən bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən satın almışdır. Mənzil, xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” onun adına qeydiyyata alınmışdır. Lakin, mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh1, sonuncunun ailə üzvləri – iş üzrə digər cavabdehlər mənzildə yaşamaqda davam edirlər və mənzildən çıxmırlar, baxmayaraq ki, iddiaçı cavabdehlərə dəfələrlə müraciət edərək mənzilin boşaldılmasını tələb etmişdir. Bu hal iddiaçının mülkiyyət hüququnu pozur. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdehlərin iddiaçıya məxsus olan (mübahisəli) mənzilindən çıxarılmalarını, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzinin – 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mənzili satın alaraq mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. İddiaçı mənzilin mülkiyyətçisi olaraq mənzildən istifadə etmək, mənzilə dair sərəncam vermək, mənzilə başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən öz mənzilini geri tələb etmək hüququna malikdir. Cavabdehlərin həmin mənzildə yaşamalarının, mənzildən istifadə etmələrinin hüquqi əsası yoxdur. c) apellyasiya şikayəti barədə məlumat
5. İş üzrə Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyator xx.xx.1982-ci il tarixdə X4 ilə nikaha daxil olaraq ailə qurmuş və həmin vaxtdan da onlar mübahisəli mənzildə yaşamağa başlamışladır. xx.xx.2009-cu il tarixdə həmin mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi apellyatorun adına qeydiyyata alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” apellyatorun adına MH seriyalı, ******* nömrəli “Çıxarış” verilmişdir. “Çıxarışda” mənzilin sahəsi 76 kv.metr göstərilmiş, digər sahələr, o cümlədən otaqların qalan sahələri apellyatorun faktiki sahibliyində və istifadəsində qeydiyyatsız qalmışdır. Apellyatorun tanışı olan X5 xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə “Kredit müqaviləsi” bağlayaraq Bankdan 250.000 manat pul götürmüş və bu zaman apellyatoru aldatmış, onun etibarından sui-istifadə edərək kreditin qaytarılmasının təminatı olaraq mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə nail olmuşdur. Belə ki, apellyator, aralarında olan münasibətə görə Tahirəyə inanmış və Bank ilə mənzilə dair xx.xx.2015-ci il tarixdə “İpoteka müqaviləsi” bağlamışdır. Həmin vaxt Tahirə bildirirdi ki, heç bir problem olmayacaq və kredit vaxtından da tez qaytarılacaq. Lakin krediti Bankdan aldıqdan qısa müddət sonra Tahirə Türkiyəyə qaçmışdır. Hazırda Tahirənin barəsində Bakı Şəhəri Nizami Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işinin istintaqı gedir. Bundan sonra Bank “kredit müqaviləsi üzrə borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi (İş № 2(009)-236/2017) ilə iddianın təmin edilməsi, cəmi 191.399,89 manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan (mübahisəli) mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 320.000 manat müəyyən edilməklə mənzilin açıq hərracdan satılması və sair məsələlər qət edilmişdir. Hazırki iş üzrə apellyatorun həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərar (İş № 2(102)2100/2018) ilə hazırki iş üzrə apellyatorun verdiyi kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bundan sonra, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və mənzil "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-432 saylı protokola əsasən 204.000 manata Banka satılmışdır. Bank da, mənzil üzərində mülkiyyət hüququnu “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata aldıqdan bir qədər sonra mənzili hazırki iş üzrə iddiaçıya satmışdır. Mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş “Çıxarışda” qeyd edilmişdir ki, mənzilinin ümumi sahəsi 161,05 kv.metrdir. Nəzərə alınsa ki, mənzilə dair apellyatorun adına verilmiş “Çıxarışda” mənzilin sahəsinin 76 kv.metr olması qeyd edilmişdir onda müəyyən edilir ki, apellyator ilə Bank arasında bağlanmış “İpoteka müqaviləsinin” predmeti mənzilin tam sahəsi deyil, yalnız 76 kv.metr olan hissəsi olmuşdur. Bu baxımdan hesab edilməlidir ki, Bankın tələbinin mənzilin tam sahəsinə yönəldilməsi, mənzilin tam sahəsinin Banka, Bank tərəfindən isə iddiaçıya satılması qanunsuz olmuşdur. Bununla bağlı olaraq apellyator tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12ə müraciət olunaraq mənzillə bağlı “Daşınmaz əmlakın dövlət reyestrində” iddiaçının adına aparılmış qeydiyyatın ləğv edilməsini və bununla bağlı reyestrdə, habelə mənzilə dair verilmiş “Texniki pasportunda” dəyişiklik edilərək, mənzilin reyestrdə və sənədlərdə iddiaçıya məxsus hissəsinin 76 kv.metr göstərilməsi xahiş edilmişdir. Lakin DƏDKR X12 tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********82 №-li cavab məktubu ilə apellyatora bildirilmişdir ki, onun ərizənin təmin olunmasından imtina olunmuş və ona həmin məsələnin məhkəmə qaydasında mübahisələndirmək tövsiyə olunmuşdur. Məhz bu səbəbdən o, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı, yuxarıda qeyd edilən Bank ilə xx.xx.2021-ci il tarixdə bağladığı “Alğı-satqı müqaviləsi” əsasında Bankdan mənzilin 76 kv.metr sahəsini 234.000 manata satın almışdır. Belə olan halda müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı hazırki iş üzrə cavabdehlərin mənzildən çıxarmaq, mənzilin boşaldılması və mənzilin ona (iddiaçıya) təhvil verilməsi barədə tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. İşə baxmış Rayon Məhkəməsi isə buna əhəmiyyət verməmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
7. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Elvira Məmmədova və qətnamədən apellyasiya şikayəti verməmiş iş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat
9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi digər cavabdehlərə münasibətdə də təmin edilməsinə baxmayaraq, qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, iş üzrə digər cavabdehlər Rayon Məhkəməsinin qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə bildirir ki, Cavabdeh1 qətnamənin iş üzrə digər cavabdehlərə aid hissəsini mübahisələndirə bilməz. Çünki o, bunun üçün nə subyektiv, nə də ki, obyektiv hüquqa malik deyil; o, iş üzrə digər cavabdehlərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyildir. Odur ki, mübahisə predmetinin bölünməz olmadığı qənaətində olan Məhkəmə MPM-nin 372.6-cı maddəsinin tələbini rəhbər tutaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 aid hissədə yoxlamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. İşin hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alan Məhkəmə apellyasiya baxışının predmeti olan mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “kredit müqaviləsi üzrə borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddia ərizəsinə dair 2(103)-236/2017 saylı mülki işi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin arxivindən götürmüşdür.
11. Həmin mülki işdən görünür ki, həmin mülki iş üzrə iddiaçı olan Bank həmin iş üzrə cavabdehlər olan X5, X2 və (hazırki iş üzrə apellyator) Cavabdeh1 qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək Bank ilə Tahirə Alaz arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 142.503,46 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 48.896,43 manat məbləğində pulun borcalan Tahirə Alazdan kreditor olan Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetlərinə, yəni Vəzifə Adilovaya və (hazırki iş üzrə apellyator) Cavabdeh1 məxsus mənzillərə (o cümlədən hazırki mülki iş üzrə mübahisə predmetini təşkil edən mənzilə) yönəldilməsini, Cavabdeh1 məxsus (mübahisəli) mənzilin ilkin satış qiyməti 320.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və sair məsələlər qət edilmişdir.
12. Hazırki iş üzrə apellyator Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(103)-236/2017) ilə, apellyasiya şikayətinin təmin edilməməsini Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
13. Cavabdeh1 həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası həmin iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərar (İş № 2(102)-2100/2018) ilə kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
14. Bundan sonra, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qüvvəyə minmiş və onun əsasında xx.xx.2018-ci il tarixdə verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
15. Apellyator Cavabdeh1 hazırki iş üzrə verdiyi apellyasiya şikayətində göstərir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş “Çıxarışda” qeyd edilmişdir ki, mənzilinin ümumi sahəsi 161,05 kv.metrdir. Nəzərə alınsa ki, mənzilə dair onun (apellyatorun) adına verilmiş “Çıxarışda” mənzilin sahəsinin 76 kv.metr olması qeyd edilmişdir onda müəyyən edilir ki, onunla ilə Bank arasında bağlanmış “İpoteka müqaviləsinin” predmeti mənzilin tam sahəsi deyil, yalnız 76 kv.metr olan hissəsi olmuşdur. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə əsassızdır.
16. Apellyasiya şikayətinin bu dəlilinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, 2(103)-236/2017 saylı mülki işdə olan sənədlərdən görünür ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” mübahisəli mənzilə dair Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Çıxarışda” mənzilin sahəsi 76 kv.metr göstərilmişdir (həmin işin 25-ci vərəqi). Bank ilə borcalan Tahirə Alaz və ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 05 saylı “İpoteka müqaviləsindən” görünür ki, müqavilənin predmeti mübahisəli mənzilin hər hansı hissəsi deyil, mənzil tam həcmdə olmuşdur (həmin işin 8-10-cu vərəqləri). Qeyd edilən həmin yüklülüyün “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınması barədə Bankın adına verilmiş “Reyestrdən çıxarışdan” da görünür ki, ipoteka ilə yüklülük həmin mənzilin hər hansı hissəsinə deyil, tam mənzilə aid olmuşdur (həmin işin 22-ci vərəqi). Bankın iddiasına əsasən mənzilin açıq hərracdan satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı həmin iş üzrə Səbail Rayon Məhkəməsinə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ƏEM/N 84-625/16 saylı, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017ci il tarixli, 160 saylı “Qiymətləndirmə hesabatlarından” görünür ki, qiymətləndirmə mənzilin hər hansı hissəsi ilə bağlı deyil, tam mənzil ilə bağlı aparılmışdır (həmin işin 64-79-cu, 98- 105-ci vərəqləri). Həmin iş üzrə Cavabdeh1 məhkəmələrə verdikləri izahatlardan, həmin iş üzrə qəbul edilmiş qətnamələrdən verdiyi şikayətlərdən görünür ki, o, onunla Bank arasında bağlanmış “İpoteka müqaviləsinin” predmetinin mənzilin tam sahəsinin deyil, yalnız 76 kv.metr olan hissəsinin olmasını bildirməmiş, “İpoteka müqaviləsini” nə tam, nə də ki, qismən mübahisələndirməmişdir. İşə baxmış məhkəmələr isə Bankın mənzillə bağlı olan iddiasının əsaslılığını vahid daşınmaz əmlak olan mənzilə yönəldilmiş iddia tələbi kimi araşdırmış və bu tələbin əsaslı olması barədə nəticəyə gəlmişlər. Qeyd edilən məhkəmə aktları qanuni qüvvəyə minmiş və həmin aktlar ilə müəyyən edilmiş hallar həmin iş üzrə tərəf olmuş Cavabdeh1 münasibətdə məcburi xarakter daşıyır. Cavabdeh1 həmin məhkəmə aktları ilə müəyyən edilmiş halları mübahisələndirə bilməz.
17. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
18. Cavabdeh1 apellyasiya şikayətində daha sonra göstərir ki, o, iddiaçı olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, (mübahisəli) mənzillə bağlı “Daşınmaz əmlakın dövlət reyestrində” hazırki iş üzrə iddiaçı Elvira Mamedovanın adına aparılmış qeydiyyatın dəyişdirilərək, mənzilin sahəsinin 76 kv.metr göstərilməsi, bununla bağlı reyestrdən verilmiş çıxarışda və mənzilə dair verilmiş “Texniki pasportunda” dəyişiklik edilməsi öhdəliyin DƏDKR X11 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı Elvira Mamedova xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə bağladığı “Alğı-satqı müqaviləsi” əsasında Bankdan mənzilin 76 kv.metr sahəsini 234.000 manata satın almışdır.
19. Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə baxılan zaman o, vəsatətlə Məhkəməyə müraciət edərək hazırki mülki işin Bakı İnzibati Məhkəməsinin icraatında olan həmin inzibati iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasını xahiş etmişdir. Lakin Məhkəmə vəsatəti müzakirə edərək vəsatətin əsassız olması qənaətinə gəlmiş və vəsatəti təmin etməmişdir. Belə ki, yuxarıda artıq qeyd edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş hallar həmin mülki iş üzrə tərəf olmuş Cavabdeh1 münasibətdə məcburi xarakter daşıyır və vəsatətdə qeyd edilən iddia Bakı İnzibati Məhkəməsinin icraatında olsa da, hazırki işin icraatının dayandırılması üçün əsas ola bilməz.
20. Məhkəmə, apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini də eyni əsasla, yəni qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcud olmasına görə əsassız hesab edir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə də, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.1.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).
22. Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə aşağıdakı qənaətə gəlir: - Cavabdeh1 mübahisəli sahədən istifadə etməsinin qanuni əsası yoxdur; - iddiaçının Cavabdeh1 qarşı yuxarıda qeyd edilən və apellyasiya baxışının predmeti olan tələləri irəli sürmək üçün subyektiv hüquqa malikdir; - apellyasiya baxışının predmeti olan hissədə iddia əsaslıdır; - Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur; - apellyasiya şikayətinin apellyasiya baxışının predmeti olan hissəsinə aid dəlilləri əsassızıdır; - apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. Apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 may 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.