Məhkəmə qərarları › İş №2(103)-8130/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8130/2020

11.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8130/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2057/2020 saylı, xx xxxxxxxx 2020-ci il il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Malbi” firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Malbi” firması tərəfindən zəbt edilən, Bakı şəhəri, Səbail rayonunun Səlyan şossesi 32 ünvanında yerləşən, ona məxsus 0.12 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin onun mülkiyyətinə qaytarılması və həmin torpaq sahəsindən istifadəyə maneələrin yaradılmasının cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın təmini tədbiri haqqında ərizə ilə də məhkəməyə müraciət edərək, yekun qətnamə qəbul edilənədək Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən istifadə edilməsinin və tikinti işlərinin aparılmasının cavadehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla Çıxarış verilmişdir. Məlum pandemiya səbəbindən bir neçə aydır ki torpaq sahəsinə gedə bilmir. Bir neçə gün əvvəl torpaq sahəsində olarkən ona məlum oldu ki, onun mülkiyyəti tanımadığı şəxslər tərəfindən zəbt edilmiş, torpaq sahəsində ağır texnika və xeyli sayda işci vasitəsi ilə planlama işləri aparılır. Yaranmış problemin həlli üçün Səbail rayon Prokurorluğuna və Səbail rayon Polis İdarəsinə müraciət etsək də, bunun hər hansı bir nəticəsi olmamış və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Səbail rayon Polis İdarəsinin 41-ci PB-dən şikayəti ilə bağlı araşdırma aparılsa da DƏDRX-in qanuni əsaslarla vermiş olduğu "Çıxarışı” nəzərə almadan, guya qanunsuz zəbt olunma ilə bağlı fakt müəyyən olunmamışdır. Araşdırma zamanı "Malbi" firmasına guya, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə icarəyə verilmişdir. Polis heç bir hüquqi əhəmiyyətli sənəd hesab edilməyən doğruluğu şüphə doğuran dövlət reyestrində qeydə alınmayan sənədlər əsasında onun daşınmaz əmlakın dövlət reyestrində 681 nömrəli reyestr kitabının 64497 nömrəli vərəqində qeydiyyata alınmaqla Dövlət Reyestrindən Çıxarışla qorunan mülkiyyət hüququnu dövlət müdafiəsi təminatından məhrum etmişdir.Mülkiyyətində olan torpaq sahəsində başqa şəxslərin tikinti işləri aparmaları onun öz pozulmuş hüquqlarını qorunması üçün məhkəməyə müraciət etməyi məcbur etmişdir. Məhkəmə araşdırmalarının davam edəcəyi bir dövrdə cavabdeh tərəfindən torpaq sahəsində qanunsuz tikililərin inşa edilməsi təhlükəsi mövcuddur ki, bu hallar da gələcəkdə çıxarıla biləcək qətnaməninin icrasına çətinliklər yarada bilər. Bu halların baş verməsi gələcəkdə çıxarıla biləcək qətnamənin icrasını mümkünsüz edə biləcəyindən, hesab edir ki, məhkəmə işi başa çatana qədər mübahisəli ərazidə "Malbi” firması və başqa şəxslər tərəfindən tikinti işlərinin aparılması və hər hansı bir formada istifadəsinə qadağa qoyulmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2057/2020 saylı, xx xxxxxxxx 2020-ci il il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni rədd edərkən hazırki mərhələdə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, işdən görünür ki, həqiqətən Bakı şəhəri, Səbail rayonunun Səlyan şossesi 32 ünvanında, 0.12 ha. olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia edir ki, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada ağır texnika və xeyli sayda işci vasitəsi ilə planlama işləri aparılır. Lakin cavabdeh tərəfindən həqiqətən ona məxsus Bakı şəhəri, Səbail rayonunun Səlyan şossesi 32 ünvanında, 0.12 ha. olan torpaq sahəsinin zəbt edilməsinə və məhz həmin torpaq sahəsinin hüduları çərçivəsində tikinti işlərinin aparılmasına dair mötəbər sübut təqdim etmir. Əslində iddiaçı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən məhz onun mülkiyətində olan torpaq sahəsinin zəbt olunmasına və orada tikinti işlərinin aparılmasına dair rəsmi sənəd əldə edib ərizəsinə əlavə edə bilərdi. Apellyasiya instansiyası məhkəməsi, xüsusilə vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısa və işi qabaqcadan mahiyyəti üzrə həll etməsə də, iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğun olmalıdır. Hazırki iş üzrə də iddianın təmini tədbirinə dair ərizə iddianın məzmununa uyğun olması üçün işdə mötəbər sübut yoxdur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2057/2020 saylı, xx xxxxxxxx 2020-ci il il tarixli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2057/2020 saylı, xx xxxxxxxx 2020-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar