Məhkəmə qərarları › İş №2(103)-8134/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8134/2022

13.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8134/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(006)-2908/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(006)- 2908/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Cavabdeh1 apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət Mülki Prosessual Məcəlləyə edilmiş 2 saylı Əlavədə müəyyən edilmiş formaya uyğun rekvizitlər üzrə düzgün tərtib edilməmişdir. Bundan əlavə, apellyasiya şikayəti MPM-in 361-ci maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin məzmununa dair tələblərə cavab vermir. Belə ki, şikayətdə şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmişdir. Şikayətdə məhkəmənin maddi və prosessual hüquq normalarını pozması göstərilsə də, konkret olaraq hansı normaların pozulması qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyatora izah olunmalıdır ki, apellyasiya şikayətini mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətindən göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(006)-2908/2022 saylı qətnaməsi Cavabdeh1 tərəfindən 02 sentyabr 2022-ci il tarixində əldə olunmuş, qətnamədən ilk dəfə verilmiş apellyasiya şikayəti həmin məhkəmənin 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, sonradan 21 noyabr 2022-ci il tarixində yenidən qətnamədən apellyasiya şikayəti verilmişdir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə buraxılmış prosessual müddətin bərpa olunması üçün ayrıca ərizə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti buraxsa da, bu barədə məhkəməyə ərizə verməmiş, lakin apellyasiya şikayətində həmçinin buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən buraxılmış müddətin bərpa olunması məsələsinə münasibət bildirməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 361, 363, 366 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(006)- 2908/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar