Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-814/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin ləyaqətsiz vərəsə kimi miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2024-cü il tarixli qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorlarının özlərini, onların vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçılar, övladları olan cavabdehin gələcəkdə onlardan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar valideyn olaraq üzərilərinə düşən bütün vəzifələri övladları olan cavabdehə münasibətdə lazımınca yerinə yetirmişlər. Cavabdeh isə bunun qarşılığını verməmiş, valideyn kimi onları saymamış, onlar ilə mülk üstündə mübahisələr etmiş, onları ahıl yaşlarında məhkəmə proseslərində iştirak etməyə məcbur etmiş, bununla da onlara stressli həyat yaşatmış, onların sağlamlığı üçün təhlükə yaratmışdır. İddiaçı2 cavabdehə və onun ailəsinə hər zaman lazımı maddi yardım göstərmişdir. Belə ki, o, cavabdehə Qubada 2 mərtəbəli 5 otaqlı evin tikildiyi torpaq sahəsinin alınması üçün 7.500 manat pul vermiş, həmçinin evin tikilişi üçün xeyli köməklik göstərmişdir. Həmçinin Bakı şəhəri, Ramanı sürücülük sovxozunda yerləşən torpaq sahəsinin 12 sotunun pulunu da, yəni 6.000 manatı da cavabdehə vermişdir. Bundan əlavə, İddiaçı2 yük daşıyıb pul qazanmaq məqsədi ilə 2006-cı ildə “Qaz 33021” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini 6.000 manata almışdır. O, həmin avtomobili lazımı qaydada “alğı-satqı müqaviləsi” ilə deyil etibarnamə ilə aldığından avtomobil üzərində mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməmiş, bu səbəbdən də 2017-ci ildə avtomobili cavabdehin adına rəsmiləşdirmişdir. Avtomobili idarə edə bilsin deyə cavabdeh xx.xx.2017-ci il tarixdə onun adına 4 il 11 ay 22 gün müddətinə qüvvədə olan etibarnamə vermiş və İddiaçı2 həmin avtomobildən istifadə edərək, yükdaşıma fəaliyyəti məşğul olmuşdur. Həmin yük avtomobili iddiaçıların və elə cavabdehin özünün də yeganə qazanc mənbəyi olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh, avtomobilin öz adına qeydiyyata alınmasından sui-istifadə edərək, iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, avtomobilin İddiaçı2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bu iddia həmin məhkəmə tərəfindən təmin edilmişdir. Bununla da İddiaçı2 yeganə qazanc mənbəyindən məhrum olmuş, maddi çətinliklər ilə üzləşmiş, ehtiyac içərisində yaşamağa məcbur olmuşdur. Cavabdeh isə həmin avtomobili satmışdır. Bundan başqa cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Xəzər rayonu, Xaşa Xuna ərazisində yerləşən və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 39309 saylı müqavilə əsasında İddiaçı2 istifadəsinə verilmiş 169 “c” nömrəli bağ sahəsinin ətrafında inşa edilmiş daş hasar, habelə həmin sahədə tikilmiş və inşası başa çatmamış evin tikintisi onun vəsaiti hesabına həyata keçirilmiş və həmin vəsaitin İddiaçı2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, həmin tikililər İddiaçı2 vəsaiti hesabına cavabdeh üçün inşa edilmişdir və tikinti işləri gedən müddətdə İddiaçı2 özünə məxsus mənzili cavabdehin ailəsinin istifadəsinə vermişdir ki, onların yaşamağa yerləri olsun. Artıq evin tikintisi başa çatdıqdan sonra İddiaçı2 cavabdehə ailəsi ilə birlikdə evdən çıxmasını təklif etmiş, lakin cavabdeh ona qarşı aqressiv mövqe tutmuşdur. Cavabdeh həmçinin Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə ünvan 1 ünvandakı 10 saylı mənzilə dair bağlanmış 01 saylı, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, anasının – İddiaçı1 həmin mənzildən istifadə etmək hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, iddiaçılar 1975-ci ildən həmin mənzildə yaşamış, cavabdehin isə özünün yaşayış sahəsi olduğu üçün həmin mənzilə ehtiyacı olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2-1(112)- 7249/2022 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə tərəflər Bakı İnzibati Məhkəməsindən çıxarkən məhkəmənin həyətində cavabdeh doğma anasını – Elmira Adıgözəlovanı döyərək baş nahiyəsinə xəsarətlər yetirmiş, atası İddiaçı2 məxsus **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə çoxsaylı zərbələr vurmuşdur. Nəticədə İddiaçı2 avtomobilin arxa buferini dəyişmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilən mənzil ilə bağlı cavabdeh daha bir məhkəmə mübahisəsi yaratmışdır. Belə ki, həmin mülki mübahisə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin baxışı predmeti olmuş və Nərimanov Rayon Məhkəməsi həmin mülki mübahisəyə dair 2(005)-63/2023 saylı işə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” ilk iddianın rədd edilməsini, cavabdehin iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddiasının qismən təmin edilməsini, İddiaçı1 Nərimanov rayonu, İ.Abışov küçəsi, ev 16, 10 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsini, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsini qət etmişdir. İddiaçı1 həmin qətnamədən verdiyi apellyasiya şikayətinə dair mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-5522/2023) apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və hər iki iddianın rədd edilməsini qət etmişdir. Həmin iş Azərbaycan Respublikasının Ali Məhkəməsinin də baxışı predmeti olmuş və Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla (iş № 2(102)-576/2024) apellyasiya instansiya məhkəməsinin qətnaməsinin cavabdehin iddiaçıya qarşı irəli sürdüyü “mənzildən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddianın rədd edilməsi barədə hissəsinin ləğv edilməsini və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. Hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Bundan əlavə, xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, ünvan 2 ünvanda yaşayan Cavabdeh və ailə üzvlərinin həmin ünvanda əvvəllər yaşamış anası İddiaçı1 ilə gələcəkdə aralarında baş verə biləcək, daha ciddi hadisələrinin profilaktik tədbirlərlə qarşısının alınması üçün tərəflərin münaqişəli ailə kimi qeydiyyata alınması qərara alınmışdır. Buna görə də iddiaçılar iddiaçıya qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinin tələbləri baxımından cavabdehin ləyaqətsiz vərəsə olmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim etdiyi sənədlər, o cümlədən məhkəmə aktları cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas hesab edilə bilməz, çünki o, öz hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmələrə müraciət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
7. İddiaçılar və onların vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
8. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla hazırkı iş üzrə cavabdehin müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, ünvan 3 ünvanda yaşayan cavabdehin və ailə üzvlərinin həmin ünvanda əvvəllər yaşamış anası (iddiaçılardan biri olan) İddiaçı1 ilə gələcəkdə aralarında baş verə biləcək daha ciddi hadisələrin profilaktik tədbirlərlə qarşısının alınması üçün tərəflər münaqişəli ailə kimi qeydiyyata alınmaları qərara alınmışdır.
11. İşdə olan məhkəmə aktlarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında, iddia ərizəsində qeyd edildiyi kimi (bax: hazırkı qətnamənin 2-ci bəndinə), müxtəlif məhkəmə mübahisələri olmuşdur (həmin məhkəmə aktlarının məzmunu və mübahisələrin mahiyyəti iddia ərizəsində ətraflı qeyd edildiyi üçün Məhkəmə onları bir daha sadalamağa lüzum görmür).
12. İş üzrə tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri olduğundan onların arasındakı münasibətlər pozulmuş və iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Hazırki mübahisənin predmeti yuxarıda qeyd edildiyi kimi, cavabdehin miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsindən ibarətdir.
13. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1ci maddəsinə görə, məcburi pay almaq hüququndan məhrum etmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə səbəb olan hallar olduqda mümkündür.
14. Vərəsəlik hüququndan məhrum etməyə əsas olan hallar dedikdə Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulmuş ləyaqətsiz vərəsə, 1138-ci maddəsində nəzərdə tutulmuş valideynlər və miras qoyanı saxlamaqdan qəti imtina etmiş şəxs kimi tanınmaya əsas olan hallar anlaşılır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur.
15. Mülki Məcəllənin tələblərinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin (maddə 1137.). Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin (maddə 1138.).
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, cavabdehin mirasda məcburi paydan məhrum edilməsinə əsas verən halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəf bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. İddiaçı tərəfin iddia ərizəsində və apellyasiya şikayətində istinad etdikləri sənədlər, o cümlədən məhkəmə aktları cavabdehin mirasda məcburi paydan məhrum edilməsi üçün əsas ola bilməz. Çünki cavabdeh öz hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmələrə müraciət etmişdir. Ölkədaxili və beynəlxalq normalara görə isə, pozulmuş hüquqların bərpası və hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciətin edilmənin qarşısının alınması qanunsuzdur və bu kimi müraciətlərin edilməsi müraciət edən şəxsin mirasda məcburi pay almaq hüququndan məhrum edilməsinə əsas sayılmır. f) apellyasiya baxışının nəticəsi
18. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia əsasızdır. Rayon Məhkəmə iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizə xarakteri daşıyır.
19. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçıların özünə aid edilməlidir.
22. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
23. İddiaçıların apellyasiya şikayəti və qiymətləndirilməyən növündə iddia tələbi təmin edilmədiyindən iddiaçılar hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.
24. Buna görə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçılar X1 və İddiaçı2 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. İddiaçılar hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.