Məhkəmə qərarları › İş №2(103)-8143/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8143/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8143/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(10)-734/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2022-ci il tarixli qətnamədən cavabdeh "xxxx" MMC-nin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək, baxılması üçün onu, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinin mənasına görə, məhkəməyə iddia ərizəsi və ya apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilir. Hazırki işin materiallarından isə görünür ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh MMC apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi əlavə etməmişdir. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinə görə cavabdeh tərəfindən dövlət rüsumu ödənilməmişdir. MPM-nin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: 2(10)-734/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2022-ci il tarixli qətnamədən cavabdeh "xxxx" MMC-nin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar