Məhkəmə qərarları › İş №2(103)-8145/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8145/2021

29.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8145/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “işsizlik təzminatının, əlavə iş saatlarının əvəzinin, maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, haqsız yerə işdən çıxarıldığı üçün 3000 manat işsizlik təzminatının, əlavə işlədiyi saatlara görə 500 manatın, səfərbərlikdə olduğu müddətdə ödənilməli maaşının əvəzi olaraq 2000 manatın, mənəvi ziyanın əvəzi qismində 3000 manatın, ümumilikdə 8500 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.2-ci maddəsinə görə, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddianın qiyməti 500 manatdan çox olduğundan, qətnamədən apellyasiya şikayəti verərkən X1 ödəməli olduğu rüsum məbləği 15 manat olmuş, lakin o, 10 manat rüsum ödəmişdir. Beləliklə, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1292/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar