Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8149/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5349/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətimdə olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraşuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsindəki 13 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməsi və bu qətnamənin cavabdehin həmin mənzilindən pasport qeydiyyatından çıxarılmasına əsas olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5349/20222 nömrəli iş üzrə qəbul etdiyi 18 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmış, həmçinin iddiaçıya səlahiyyətli inzibati orqana (Bakı şəhəri Suraxanı rayon Polis İdarəsin) müraciət etməsi, müraciətdən imtina olunduğu halda isə həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini, ərizənin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət belə əsaslandırılmışdır ki, cavabdehin həmin mənzilə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi rayon məhkəməsinə aid olduğundan həmin iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək mümkün deyildir. Qərardadda qeyd edildiyi kimi iddiaçı Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin Qeydiyyat məsələləri bölməsinə cavabdehin qeydiyyatdan çıxarılması üçün müraciət etsəydi cavabında imtina alardı və həmin imtinanı verməkdə polis idarəsi haqlı olardı. Polis İdarəsinin cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olub-olmamasını müəyyən etmək səlahiyyəti yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(010)- 5349/2022 saylı qərardadı ilə ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Birinci instansiya məhkəməsini iddianı qəbul etməkdən imtina edərkən haqlı olaraq göstərmişdir ki, iş üzrə cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiklərinə əsasən həmin yaşayış sahəsində faktiki yaşamadığından və istifadə hüququ olmayan şəxs olduğundan həmin şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə mülkiyyətçi bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il Qərarına əsasən - mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçı özü iddia ərizəsində göstərmişdir ki, cavabdeh onun mülkiyyətində olan mənzildə yaşamamış, ora hansı qaydada qeydiyyata alınması ona məlum deyildir. İddiaçının əsas məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Məhz bu səbəbdən də cavabdehin onun mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələb irəli sürmüşdür. Halbuki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yəni, yaşayış sahəsində ümumiyyətlə yaşamayan, ora istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması üçün dolayısı ilə “istifadə hüququnun olmamasının müəyyən edilməsi” barədə iddia qaldırılması qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan qərarında qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən, ərizəni qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi və s” tələbinə dair mülki iş üzrə Bakı Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5349/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5349/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8149/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8149/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver