Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-815/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı tətbiq olunmaqla güzəştli kredit müqaviləsinin bağlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının onun Cavabdeh ASC-yə olan 10344,73 manat məbləğində kredit borcuna münasibətdə tətbiq edilməsi və Cavabdeh ASC ilə onun arasında illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-4944/21) iddia təmin edilməmişdir. İddiaçı sözügedən qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. İşin halları: İddia belə əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə onun arasında bağlanmış 30 aprel 2015-ci il tarixli 018KK**********01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 12 ay müddətinə, illik 2.4167 faiz ödəmək şərti ilə 6950 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restruktizasiya olunan məbləğlər siyahısına daxil edilmişdir. Daha sonra o, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş və həmin borc restruktizasiya olunmuş, Cavabdeh QSC-yə 1470.27 manat məbləğində kompensasiya ödənilmişdir. İddia ərizəsinə əlavə edilən çıxarışdan da göründüyü kimi, onun Cavabdeh QSC-yə olan qalıq borcunun məbləği cəmi 10344,73 manat təşkil edir. Cavabdeh "xxxx" QSC 6403.66 ABŞ dolları məbləğində kredit borcu və 8191.15 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14591,81 ABŞ dolları məbləğində borcun ondan tutulması barədə məhkəməyə müraciət etsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12.04.2021-ci il tarixli qərarı ilə iddia tələbi cərimə borcunun tutulması hissəsində təmin etməmişdir. O, 18.12.2019-cu il tarixli məktubla Cavabdeh ASC-yə restruktizasiya prosesinin sonacan aparılması və qalıq borcunun 60 aya bölünməsi ilə bağlı müraciət etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Göründüyü kimi, onun cavabdehə olan kredit borcu bu prosedurun ilk 2 mərhələsindən keçsə də, güzəştli kreditin verilməsi məsələsinə hələ də baxılmır. Belə ki, xarici valyuta ilə alınmış borcun devalvasiya ilə bağlı olaraq artmış hissəsi sözügedən Fərmanla müəyyən edilmiş qaydada hesablanaraq ödənilmişdir. Daha sonra, cavabdeh həm əsas borcun, həm də əsas borcun gecikdirilməsinə görə hesablanmış cərimənin ona ödənilməsini məhkəmədən tələb etsə də, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə iddia tələbi cərimə borcunun tutulması hissəsində təmin edilməmişdir. Bununla da kreditin sağlamlaşdırılmasının ikinci mərhələsi də təmin olunmuşdur. Lakin, dəfələrlə tələb etməyimə baxmayaraq, cavabdeh mənimlə yeni güzəştli kredit müqaviləsi bağlamır və əsas borc məbləği 60 aya bölünmür. Bununla da Fərmanın icra edilməsi məhz bu mərhələdə yarımçıq qalır. Halbuki, Mərkəzi Bank tərəfindən banklara məhz restruktizasiyanın həyata keçirilməsi ilə bağlı kredit verilmişdir. Onun həmin borcu tam ödəməyə maddi imkanı yoxdur. Aydın məsələdir ki, 2015-ci ildə devalvasiyanın baş verməyəcəyi təqdirdə o, banka olan borcunu tam şəkildə ödəyə biləcəkdi. Lakin, indiki şərtlər ona həmin borcu birdəfəyə ödəməyə imkan vermir. Göründüyü kimi, o, borcun ödənilməsindən boyun qaçırmır. Sadəcə olaraq, borcun birdəfəlik ödənilməsi onun imkanları xaricində olduğundan, o, borcu 60 ay ərzində hissə-hissə qaytarmaq niyyətindədir. Sözügedən Fərmanın cavabdeh tərəfindən tam icra edilməməsi onun maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Cavabdeh ASC Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanını qəsdən icra etmir. Həmin Fərmanda birbaşa göstəriş olmasına baxmayaraq, cavabdeh ondan cərimə borcunu tələb etmişdir. Buna baxmayaraq Ali Məhkəmənin 12.04.2021-ci il tarixli qərarı ilə ədalət öz yerini tapmış və cavabdehin iddia tələbi həmin hissədə təmin edilməmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh ona münasibətdə qərəzli mövqedədir və bilə-bilə qanunla müəyyən olunan güzəştləri tətbiq etmir. İndi isə cavabdeh əsas kredit borcunun 60 aya bölünməsi məsələsinə baxmır. Bu isə onun qanunla müəyyən olunan güzəştlərdən yararlana bilməməsi ilə nəticələnərək hüquqlarını ciddi şəkildə pozur. Odur ki, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının onun Cavabdeh ASCyə olan 10344.73 manat məbləğində kredit borcuna münasibətdə tətbiq edilməsi və Cavabdeh ASC ilə onun arasında illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı kredit borcu üzrə yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli qərarından və iş materiallarından da görünür ki, iddiaçının Cavabdeh ASC-yə olan borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilsə də, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən restrukturizasiya olunması təklif edilən kreditlər siyahısına daxil deyildir. Cavabdeh ASC-yə olan 10344.73 manat məbləğində kredit borcunun illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması barədə bankın üzərinə öhdəlik qoyula bilməz, çünki müqavilə azadlığı prinsipi vardır. Bu bankın hüququdur. Bank tərəfindən belə bir razılıq yoxdur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh onu belə bir güzəştdən istifadə etmək hüququndan məhrum etmişdir. Məhkəmə kredit borcunun restruktizasiya prosesini və cavabdehin bu prosesi həyata keçirməyə borclu olub-olmaması faktını araşdırmamışdır. Bu isə qanunsuz və əsassız məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb göstərmədən məəhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Cavabdeh QSC ilə iddiaçı arasında bağlanmış 30 aprel 2015-ci il tarixli 018KK**********01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 12 ay müddətinə, illik 2.4167 faiz ödəmək şərti ilə 6950 ABŞ dolları məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən həmin kredit borcuna kompensasiya hesablanmışdır. İddiaçının Cavabdeh QSC-yə olan qalıq borcunun məbləği cəmi 10344,73 manat müəyyən olunmuşdur. İddiaçı Cavabdeh ASC-yə restruktizasiya prosesinin sonacan aparılması və qalıq borcunun 60 aya bölünməsi ilə bağlı müraciət etmiş, lakin xahişi təmin olunmamışdır. Buna görə də o, məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının onun Cavabdeh ASC-yə olan 10344,73 manat məbləğində kredit borcuna münasibətdə tətbiq edilməsi və Cavabdeh ASC ilə onun arasında illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar iddiaçının banka olan 6945,05 ABŞ dolları məbləğində əsas borc məbləğinə 4167,03 manat kompensasiya hesablanmışdır. İddiaçı Cavabdeh ASC-yə olan 10344.73 manat məbləğində qalıq kredit borcuna dair illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması xahişi ilə banka müraciət etmiş, lakin Bank onun xahişini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Bank bununla bağlı hər hansı qanun pozuntusuna yol verməmişdir. Belə ki, iddiaçı ilə yeni müqavilənin bağlanması cavabdehin vəzifələrinə aid deyil və həmin müqavilənin bağlanması vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyula bilməz. Çünki, Mülki Məcəllənin 390-cu maddəsinin tələblərinə uyğun olaraq tərəflər müqavilələri azad surətdə bağlaya bilərlər, həmin şərtlər dispozitivdir və tərəflərdən heç biri həmin hərəkətləri etməyə məcbur edilə bilməz. Birinci instansiya məhkəməsi bu hissədə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.3-cü və s. maddələri, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 3.2-ci və s. bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən kredit borcunun restrukturizasiyasının qanunla mümkün olub-olmamasının və cavabdehin bu prosesi həyata keçirməyə borclu olub-olmaması faktının araşdırılmaması barədədir. Məhkəmə kollegiyası aşağıdakılara görə hər iki dəlili əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki,’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi, sözügedən Fərmanda vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə mütləq qaydada yeni güzəştli kredit müqaviləsi bağlanması ilə bağlı bankların üzərinə vəzifə qoyulmamışdır. Fərmanda belə bir müqavilənin bağlanmasının təklif edilməsi banklara tövsiyə edilmişdir. Bu həm də ondan irəli gəlir ki, qüvvədə olan mülki qanunvericiliyə görə müqavilənin bağlanması tərəfin iradə ifadəsi olmaqla yalnız könüllülük prinsipi əsasında həyata keçirilə bilər, müqavilənin hər hansı təzyiq və təsir yolu ilə bağlanılması isə elə həmin müqavilənin etibarsızlıq əsası hesab edilməlidir. İddiaçının qalıq kredit borcunun restrukturizasiyasının qanunla mümkün olubolmamasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ bundan əvvəl Cavabdeh ASC ilə iddiaçı arasında olan başqa bir işə baxılarkən araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçının Cavabdeh ASC-yə olan borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilsə də, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən restrukturizasiya olunması təklif edilən kreditlər siyahısına daxil deyildir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı və qeyrisinə qarşı borcun tutulması tələbinə dair həmin iş üzrə çıxardığı 16.12.2019-cu il tarixli qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.06.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-815/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-815/2022
09.02.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver