Məhkəmə qərarları › İş №2(103)-8157/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8157/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8157/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(010)-31/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(010)-31/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 27.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə 19077.60 ABŞ dolları əsas borc, 7297.2 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla cəmi 26474.8 ABŞ dolları (iyirmi altı min dörd yüz yetmiş dörd dollar səksən sent) məbləğində öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mükiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilməklə mənzil həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə borc həcmində ödəniş edilməsini, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin Cavabdeh1 qaytarılması, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra cavabdehlər mənzildən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının cəmi xərci olan 300 (üç yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba ödənilməsi, iş üzrə verilmiş mütəxəssis rəyinin dəyərinin 250 (iki yüz əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulаrаq "xxxx" MMC-nin bank hesabına ödənilməsi, iş üzrə verilmiş mütəxəssis rəyinin dəyərinin 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulаrаq "xxxx" MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin hissəvi ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində göstərilən 19.077.60 ABŞ dolları əsas borc məbləği ilə razıdır. Lakin hesablanmış 7.297.2 ABŞ dolları məbləğində faiz borcu ilə razı deyil. Hesab edir ki, faiz borcu məbləği artıq hesablanmışdır. Baxmayaraq ki, həmin məbləğ ekspert rəyi ilə təsdiq olunmuşdur. Ekspert rəyi əsassız hesab edir. İş üzrə təkrar ekspertiza təyin olunub, rəy alınmalıdır. Artıq hesablanmış faiz məbləği onun üzərindən silinməlidir. Belə ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19.06.2019-cu il tarixli, 5178 nömrəli ekspert rəyində göstərilib ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsi və həmin müqaviləyə dair 19 may 2016-cı il tarixli Sazişin şərtləri, cavabdeh tərəfindən edilən bütün ödənişlər nəzərə alınmaqla sual üzrə 29.10.2018-ci il tarixə Cavabdeh1 iddiaçı “TBC Kredit" BOKT MMC-yə olan borcu əsas borc üzrə 19.077.60 ABŞ dolları, faiz borcu üzrə 801.79 ABŞ dolları olmaqla, cəmi 19.879.39 ABŞ dollarıdır. Lakin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli, 9/951 nömrəli ekspert rəyində isə cari hesabdan çıxarış məlumatları, 27.11 2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsi və həmin müqaviləyə dair 19.05.2016-cı il tarixli Sazişin şərtləri, cavabdeh tərəfindən edilən bütün ödənişlər nəzərə alınmaqla sual üzrə 30.10.2020-ci il tarixə Cavabdeh1 iddiaçı "xxxx" BOKT MMC-yə olan borcu əsas borc üzrə 19.077.60 ABŞ dolları, faiz borcu üzrə 7.297.2 ABŞ dolları olmaqla, cəmi 26.374.78 ABŞ dolları olduğu qeyd olunmuşdur. Ekspert rəylərinin müqayisəli təhlilindən görünür ki, sonrakı 2 ildə faiz borcu düzgün hesablanmayıbdır. Ekspertizanın 02.04.2021-ci il tarixli, 9/951 saylı rəyini əsassız hesab edir. Ona görə də, iş üzrə əlavə ekspertiza təyin olunmalı və obyektiv rəy alınmalıdır. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, əslində bankla arasında barışıqla bağlı danışıqlar gedir. Artıq ödənişlərə başlamış və 5 aydır ki, ödənişləri edir. Barışıq sazişinin verilməsi üçün bankın nümayəndəsi də məhkəmədə iştirak etmək istəyirdi. İşə baxılması vaxtı və yeri haqqında digər proses iştirakçılarına lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalana 60 ay müddətinə, illik 18%-lə 50000 ABŞ dolları məbləğində kredit verilmiş, tərəflər arasında imzalanmış 19.05.2016-cı il tarixli Sazişlə verilmiş kreditin faiz dərəcəsi 17% müəyyən edilmiş, 27.11.2017-ci il tarixdə imzalanmış Sazişlə kredit müddəti 29.11.2021-ci il tarixədək uzadılmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən 7297.2 ABŞ dolları faiz borcu hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, mübahisələndirilən hissədə iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, Cavabdeh1 şikayətində faiz borcu məbləğinin şişirdildiyini qeyd etsə də bu dəlillər əsaslı ola bilməz. Çünki, o, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hallara, eləcə də apellyasiya şikayətində göstərdiklərinə dair heç bir sübut təqdim etməmişdir. Göstərdiyi bu halları sübut etmək yükü isə onun üzərinə düşür. Üçüncü dəfə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən faiz borcun məbləği işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsi üçün də əsaslar mövcud deyildir. Belə ki, iş üzrə keçirilmiş ilkin məhkəmə mühasibatlıq ekspertizasının rəyində faiz borcunun məbləği olan 801.79 ABŞ dolları 29.10.2018-ci il tarixə, artırılmış tələb üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindəki 7297.2 ABŞ dolları faiz borcunun məbləği isə 30.10.2020ci il tarixə hesablanmışdır. Göründüyü kimi, faiz borcunun şişirdildiyi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki, birinci instansiyası məhkəməsi tərəfindən artırılmış tələb üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilərək rəy alınmışdır. Tələb edilən faiz borcunun düzgünlüyü xüsusi biliyə malik olan ekspert tərəfindən də yoxlanılmış və faiz borcunun məbləğlərinin fərqli olması müddətlə bağlı olmuş, yəni faiz borcunun məbləğinin artması iki il müddətin keçməsi ilə bağlı olmuşdur. Məhkəmə də qərar qəbul edərkən bunun nəzərə almışdır. Cavabdeh kredit müqaviləsi üzrə etdiyi ödənişlərə dair sübutları apellyasiya baxışı zamanı da təqdim edə bilərdi, lakin şikayətində göstərdiklərinə dair sübut təqdim etməmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəylərdə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. İkincisi, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşlar. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və yadəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(010)- 31/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar