Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8158/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X14 iddiaçının nümayəndəsi və vəkili X21, Cavabdeh, cavabdehin vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və həmin fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən azyaşlı övladları ilə birlikdə çıxarılaraq mənzilin boşaldılması və iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi torpaq sahəsində öz vəsaiti hesabına inşa etdirdiyi tikilidən ibarətdir, həmin evin cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamı ilə Sahil qəsəbəsi, Şimal keçidi, ev 14, mənzil 5-də yaşayan iddiaçının həyat yoldaşı Fazil Qədirova yaşadığı evin həyətində qaraj tikintisinə icazə verilmişdir. İddiaçı həyat yoldaşı ilə birgə həmin yerdə mübahisəli yaşayış evinin tikintisinə başlamış, tikilinin müəyyən hissəsi inşa edildikdən sonra 2007-ci ildə iddiaçının həyat yoldaşı Qədirov Fazil vəfat etmişdir. İddiaçı tikilinin layihəsinin razılaşdırılması üçün özü 2009-cu ildə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evinin yekun tikintisi təqribən 2011-2012-ci illərdə tamamlanmış, tikinti xərcləri iddiaçının özü tərəfindən ödənilmiş, hətta iddiaçı Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanındakı mənzilini sataraq həmin evin təmirinə vəsait xərcləmişdir. Tikinti işlərinə övladları Tural və Amid də kömək etmişlər. Cavabdehin və qohumlarının isə evin tikintisində hər hansı rolu və iştirakı olmamışdır. Belə ki, iddiaçının oğlu Qədirov Tural cavabdeh ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək evlənmiş, cavabdeh gəlin kimi Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanına köçmüşdür. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra iddiaçı oğlu Turalın ailəsi ilə birgə həmin evdə onunla birlikdə yaşamasına icazə vermişdir. Lakin 2014-cü ildə Tural və cavabdeh boşanmışlar, cavabdeh isə iddiaçıya məxsus evdə qanunsuz olaraq yaşamağa davam etmişdir. Cavabdeh ilə münasibətləri pozulduğundan iddiaçı digər oğluna məxsus evdə yaşamağa məcbur olmuşdur. Lakin hazırda iddiaçı özünə məxsus olan evə köçüb yaşamaq istəyir, eyni zamanda üç otaqlı yaşayış evinə qanunsuz sahiblik edən cavabdehin oradan çıxarılmasını tələb edir. Mübahisəli ev özbaşına tikili kimi Sahil Bələdiyyəsində iddiaçının adına qeydə alınmışdır, əmlak və torpaq vergiləri də iddiaçı tərəfindən ödənilir. İddiaçının özünə məxsus evdən istifadə etməsi cavabdeh tərəfindən əngəlləndiyindən, iddiaçının mülkiyyət və mənzil hüquqları pozulmuşdur. Halbuki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən heç bir formada istifadə hüququ yoxdur.
3. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Fuad Hüseynov).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd eidlməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
6. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi torpaq sahəsində öz vəsaiti hesabına inşa etdirdiyi tikilidən ibarətdir, həmin evin cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamı ilə Sahil qəsəbəsi, Şimal keçidi, ev 14, mənzil 5-də yaşayan həyat yoldaşı Fazil Qədirova yaşadığı evin həyətində qaraj tikintisinə icazə verilmişdir. İddiaçı həyat yoldaşı ilə birgə həmin yerdə mübahisəli yaşayış evinin tikintisinə başlamış, tikilinin müəyyən hissəsi inşa edildikdən sonra 2007-ci ildə həyat yoldaşı Qədirov Fazil vəfat etmişdir. Tikilinin layihəsinin razılaşdırılması üçün özü 2009-cu ildə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evinin yekun tikintisi təqribən 2011-2012-ci illərdə tamamlanmış, tikinti xərcləri iddiaçının özü tərəfindən ödənilmiş, hətta Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanındakı mənzili sataraq həmin evin təmirinə vəsait xərcləmişdir. Tikinti işlərinə övladları Tural və Amid də kömək etmişlər. Cavabdehin və qohumlarının isə evin tikintisində hər hansı rolu və iştirakı olmamışdır. Belə ki, iddiaçının oğlu Qədirov Tural cavabdeh ilə 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək evlənmişlər, cavabdeh gəlin kimi Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5 ünvanına köçmüşdür. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra oğlu Turalın ailəsi ilə birgə həmin evdə onunla birlikdə yaşamasına icazə vermişdir. Lakin 2014-cü ildə Tural və cavabdeh boşanmışlar, cavabdeh isə iddiaçıya məxsus evdə qanunsuz olaraq yaşamağa davam etmişdir. Cavabdeh ilə münasibətləri pozulduğundan iddiaçı digər oğluna məxsus evdə yaşamağa məcbur olmuşdur. Lakin hazırda iddiaçı özünə məxsus olan evə köçüb yaşamaq istəyir, eyni zamanda üç otaqlı yaşayış evinə qanunsuz sahiblik edən cavabdehin oradan çıxarılmasını tələb edir. Mübahisəli ev özbaşına tikili kimi Sahil Bələdiyyəsində iddiaçının adına qeydə alınmışdır, əmlak və torpaq vergiləri də iddiaçı tərəfindən ödənilir. İddiaçının özünə məxsus evdən istifadə etməyi cavabdeh tərəfindən əngəlləndiyindən, onun mülkiyyət və mənzil hüquqları pozulmuşdur. Halbuki, cavabdehin iddiçıya məxsus fərdi yaşayış evindən heç bir formada istifadə hüququ yoxdur.
7. Cavabdeh Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2010-cu ilin 11 sentyabrında X22 ilə ailə qurmuş və gəlin kimi ünvan 2 ünvana köçmüşdür. Sonra bir müddət kirayədə yaşamışlar. Nəhayət 2011-ci ildə mübahisəsi gedən özbaşına tikilinin tikintisinə başlaçışlar. Həmin tikintidə cavabdehin qohumları iştirak edib evi tikiblər, bundan əlavə həmin tikiliyə cavabdehə məxsus bütün qızıllarını satmış, iddiaçı onu məcbur edib ki, qızıllarını sat. X24 1000 manat, dayısı X4 500 manat, xalasının yoldaşı X15 500 manat vəsait həmin tikintiyə istifadə olunmuşdur. Qardaşı hər gün işdən gəlib özbaşına tikilinin tikintisində iştirak edib. Özbaşına tikili hazır olan gündən cavabdeh ailəsi ilə, uşaqları ilə birlikdə bu günə kimi yaşayır və özbaşına tikilinin kommunal xərcləri anası ödəyir. İddiaçı isə mübahisəsi gedən özbaşına tikilidə heç vaxt yaşamayıb, onun həmin özbaşına tikilidə heç bir əmlakı da yoxdur. Lakin buna baxmayaraq məhkəmə tərəfindən qanunsuz qətnamə qəbul olunmuş və iddiaçı bələdiyyənin saxta sənədi əsasında cavabdehin evinə köçürülməsi qət edilmişdir. Cavabdehin mübahisəli özbaşına tikilidə yaşadığını notariat qaydasında təsdiq olunmuş qonşuların təsdiq etdikləri ərizədən də görünür. Cavabdeh həmin qonşuların ərizələrini məhkəmədə təqdim edərək iş materiallarına əlavə olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb olunan özbaşına tikili ona məxsus deyil və mülkiyyətində də deyil, iddia ərizəsində mübahisəli ev onun mülkiyyətində olduğunu qeyd etsə də, lakin mübahisəli mənzil özbaşına tikilidir və həmin özbaşına tikiliyə heç bir mülkiyyətini təsdiq edən sənəd yoxdur. Bundan əlavə, 27.08.2020-ci il tarixdə cavabdehin aliment tələbi ilə bağlı mülki işə baxılarkən uşaqlarının atasının bacısı məhkəmə iclasında bildirmişdir ki, «mənim və uşaqlarımın yaşayışını təmin etmək məqsədilə onlara iddiaçı tərəf ev vermişdir». Cavabdeh həmin qətnamənin surətini iş mateniallarına əlavə olunmasını xahiş etmişdir. Bu iddia tələbinin əsas səbəbi isə budur ki, cavabdeh iddiaçının oğlundan uşaqların saxlanılması üçün alimentdən imtina etsin. Cavabdeh isə bunu etməmiş, çünki o heç bir yerdə işləmir, anası onları saxlayır və cavabdehin uşaqlarını yetkinlik yaşlarına çatana kimi saxlamağa borcludur. Cavabdeh dəfələrlə məhkəmə iclasında vəsatət verərək hakimdən xahiş etmişdir ki, yaşadığı binanın bütün qonşuları dindirilsin, eləcə də Sahil Bələdiyyəsindən nümayəndəsi məhkəmə iclasına dəvət olunaraq izahatı alınsın ki, onların özbaşına tikiliyə ünvan verməyə ixtiyar var ya yox. Lakin mənim vəsatətlərinə hakim heç bir əhəmiyyət verməyib, bir gündə özbaşına tikilidə yaşamayan iddiaçını cavabdehin yanına köçürülməsinə qanunsuz olaraq qərar vermişdir. Özbaşına tikili cavabdehin ailəsi üçün tikilmişdir. Lakin iddiaçının oğlu Tural cavabdehdən xəbərsiz, onu aldadaraq guya ki, onlar üçün ev almaq məqsədilə ipoteka götürür və cavabdehi notariat kontoruna apararaq ona etibarnaməyə imza etdirmiş və həmin etibarnaməyə əsasən iddiaçının oğlu öz məqsədlərini başa çatdırmış və məhkəmədə nikahı ləğv etdirmişdir. Nikahın ləğv olunması barədə cavabdehin 2020-ci il tarixdə məlumatı olub, ona görə də cavabdeh dərhal iddiaçının oğlundan uşaqlarının saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Aliment tutulduqdan sonra cavabdeh yaşadığı özbaşına tikiliyə dərhal Bələdiyyə sənədi almış və həmin sənədlə məhkəməyə müraciət etmişdir. İddiaçı öz evini sataraq özü üçün gözəl hər bir şəraiti olan iki mərtəbəli villa tikdirmişdir və neçə ildir ki, həmin villada yaşayır. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, cavabdehin ifadəsinə, şahidlərin ifadəsinə heç bir qiymət verilməmiş, iddiaçı məhkəmə iclasında hakimin sualına cavab olaraq bildirmişdir ki, o, guya cavabdehin yaşadığı evə hərdən gəlib, bu iddiaçının uydurmasıdır, iddiaçı heç bir vaxt özbaşına tikiliyə gəlməyib, nəvələri ilə heç bir vaxt maraqlanmayıb, öz villasında həmişə yaşayıb. Özbaşına tikilidə iddiaçıya aid heç bir əmlak da yoxdur. Məhkəmə isə iddiaçının yalan izahatı ilə kifayətlənərək, yarımçıq qətnamə çıxarmışdır. Qətnamədə ümumiyyətlə kor-koranə hüquqa və qanuna zidd bir qərar verilmişdir. İddiaçı bir gündə olsun özbaşına tikilidə yaşamayıb, eləcə də ona aid özbaşına tikilidə əmlakı yoxdur. İddiaçı oğlu Turalla və polis əməkdaşları ilə birlikdə iki dəfə qətnaməni məhkəmədən aldıqdan sonra cavabdeh yaşadağı özbaşına tikiliyə gələrək cavabdehdən evin açarını tələb etmişlər, cavabdeh isə onlara bildirmişdir ki, qətnamə qanun qüvvəsini almayıb və o apellyasiya şikayəti verəcək. Tərəflərin izahatları:
8. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi G.Bayramova, və onun nümayəndəsi və vəkili A.Hüseynli apellyasiya şikayətini müdafiə edərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdilər.
9. Kollegiya iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi M.Nəcəfova və vəkili S.Quliyev apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsi, Şimal keçidi ev 14, mənzil 5-də yaşayan X8 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 ölçüdə binanı təmir edib qaraj kimi istifadəsinə icazə verilmişdir.
12. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 12.01.2009-cu il tarixli məktubun surətindən görünür ki, ondan eskiz layihəsini rayon İcra Hakimiyyətinə təqdim etməsi xahiş edilmişdir.
13. İş materiallarında olan torpaq və əmlak vergiləri üzrə 12.08.2020-ci il tarixli tədiyyə bildirişindən görünür ki, İddiaçı Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a üçün 51,9 manat məbləğində vergi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı – hökümət ödəniş portalı üzrə qəbzlərdən görünür ki, bələdiyyə əmlak vergisi və bələdiyyə torpaq vergisi xidmətlərinə görə İddiaçı ödəniş etmişdir.
14. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş 04.08.2020-ci il tarixli, SB-115 saylı arayışdan görünür ki, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanında yerləşən 1 mərtəbəli 200 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı Qədir qızının özünə məxsusdur.
15. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilən 16.08.2017-cı il tarixli arayışdan və cədvəldən görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi sakini X22 ilə bağlanmış müqaviləyə əsasən ona məxsus daşınmaz əmlakın yaşayış və qeyriyaşayış sahələrinin müəyyənləşdirilməsi aparılmışdır. Belə ki, aparılan təhlil və hesablamalar evin yaşayış sahəsinin 200 kv.m, qeyri-yaşayış sahəsinin 30.0 kv.m olduğunu göstərmişdir. Bu sənəd yerli bələdiyyə vergiləri üçün istifadə olunur. İş materiallarında olan 119 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 22.07.2020-ci il tarixli, 568 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, 2 saylı evin 45 nömrəli mənzilində qeydiyyatdadır.
16. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsindəki Nümayəndəliyi tərəfindən verilmiş 24.07.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən həyət evində qeydiyyatsız yaşayır.
17. İş materiallarında olan Bakı şəhəri 45 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş X7, X5, X2 17.08.2020-ci il tarixli ərizəsindən görünür ki, onlar 28.12.1986-cı il təvəllüdlü Cavabdeh yaxından tanıyırlar. Cavabdeh 2010-cu ildə ünvan 4 ünvanına gəlin köçmüşdür. 10.12.2013cü il tarixdə həmin binanın həyətində tikilmiş evə köçmüşdür. Cavabdeh 2014-cü ildə həyat yoldaşı X22 ilə boşanmışdır, həmin vaxtdan bu günə kimi azyaşlı uşaqları X19 və X20 ilə birlikdə Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 14, mənzil 5a ünvanında qeydiyyatsız yaşayır.
18. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2476/2014 saylı, 13.08.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X22 ilə Cavabdeh arasında 11 sentyabr 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində 733 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 27 sentyabr 2011-ci il təvəllüdlü X9 və 14 dekabr 2012-ci il təvəllüdlü X10 iddiaçı Cavabdeh ilə qalması qət edilmişdir.
19. İş materiallarında olan AZ-İİ seriyalı, 783539 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 27 sentyabr 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qədirli Məsumənin atası X22, anası Cavabdehdır.
20. İş materiallarında olan AZ-İİİ seriyalı, 037553 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 14 dekabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qədirli Zeynəbin atası X22, anası Cavabdehdır.
21. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(002)-1524/2020 saylı qətnaməsinin surətindən görünür ki, 16 iyun 2020-ci il tarixindən başlayaraq 27.09.2011-ci il təvəllüdlü X9 və 14.12.2012-ci təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün X11 hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
22. İş materiallarında olan kommunal xidmətlərlə (işıq, su,) bağlı qəbzlərdən görünür ki, mübahisəli evlə bağlı kommunal xidmətlər üzrə abonent qismində Qədirov Tural qeyd olunmuş və kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir.
23. İş materiallarında olan AZ-İ No 271665 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03 sentyabr 2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 04 sentyabr 2007-ci il tarixində 459 nömrəsi ilə qeydiyyat aparılmışdır.
24. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 7, 113 saylı mənzil X13 xüsusi mülkiyyətindədir və bu barədə 139 nömrəli reyestr kitabının 13057 nömrəli vərəqində 18.11.2011-ci il tarixdə qeydiyyat aparılmışdır.
25. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 17.02.2021-ci il tarixli, SB-05/11 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 13.05.2019-cu il tarixli 37 nömrəli Sərəncamına dair 27.06.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Sahil qəsəbəsi (yaşayış massivi) üzrə 2000-ci ilədək tikilmiş, lakin rəsmiləşdirilməmiş fərdi yaşayış evlərinin Sahil Bələdiyyəsi tərəfindən qeydiyyatı aparılmışdır. Vətəndaş İddiaçı Qədir qızı 10.07.2020-ci il tarixdə öz tikdirdiyi qanunsuz tikilini qeydiyyatsız kimi Sahil Bələdiyyəsində qeydiyyatdan keçirmiş və 2020- 2021-ci illər üçün əmlak və torpaq vergisini ödəmişdir. Vətəndaş İddiaçı Qədir qızının mərhum həyat yoldaşı X6 yaşadığı evin həyətində köhnədən tikilmiş 6x6 m ölçüdə binanı təmir edib qaraj kimi istifadə etməsinə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25.11.1994-cü il tarixli 1337 saylı Sərəncamına əsasən icazə verilmişdir. Sonradan qaraj sahəsi ətrafında əlavə tikinti işləri apararaq fərdi yaşayış evi kimi istifadə etmişdir. Hüquqi dəyərləndirmə:
26. Kollegiya mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin, onların nümayəndələrinin izahatlarına, apellyasiya şikayətlərinin dəlillərinə məcmu halında hüquqi qiymət verərək qeyd edir ki, mübahisəli yaşayış evi faktiki olaraq Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamına əsasən iddiaçının mərhum həyat yoldaşına qaraj tikintisi üçün ayrılmış yerdə inşa edilmişdir və hazırda özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədi yoxdur. Tərəflərin həmin evlə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
27. Buna baxmayaraq, mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına və qonşuların notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən müəyyən olunur ki, həmin ev cavabdehin uşaqları ilə birlikdə faktiki yaşayış yeri olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı şahidlərin (A.Cavadov, İ.Nəcəfzadə) ifadələrinə əsasən kollegiya hesab edir ki, cavabdehin evin tikintisində iştirakı, kommunal ödəniş qəbzlərinə, "xxxx" MMC tərəfindən tərtib edilən arayışa əsasən cavabdehin keçmiş ərinin tikiliyə aidiyyəti nəzərə alınmaqla, cavabdehin uşaqları ilə birlikdə mübahisəli yaşayış evindən çıxarılması tələbi əsassız və ədalətsiz hesab olunmalıdır.
28. Kollegiya işin hallarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikahda olduğu dövrdə inşası başlanmış mübahisəli evdə yaşayış hüququnun təmin olunması və iddia tələbinin evə köçürülmə hissəsində əsaslı hesab olunaraq təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 1994-cü il tarixli 1337 saylı sərəncamına, Qaradağ rayon İcra Hakimiyyətinin 12.01.2009-cu il tarixli məktubuna və birinci instansiya məhkəməsində icraat zamanı şahid ifadəsinə (S.Muradov) əsasən tikinti və layihələndirmə işlərində iddiaçının iştirakı öz təsdiqini tağmışdır.
29. Bundan başqa, Sahil Bələdiyyəsinin 04.08.2020-ci il tarixli, SB-115 saylı arayışına, tədiyyə bildirişinə və 17.02.2021-ci il tarixli, SB-05/11 saylı məktubuna əsasən özbaşına tikilinin müvafiq ərazi üzrə bələdiyyədə iddiaçının adına qeydiyyata alınmaqla torpaq və əmlak vergilərinin tərəfindən ödənilməsi, habelə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvandan məhrum olmaqla hazırda qeydiyyatda olmadığı başqa ünvanda yaşaması halları da nəzərə alınmalıdır.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
32. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
34. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
35. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
36. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15.01.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
38. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124).
40. Cavabdeh həm apellyasiya şikayətində, həm də kollegiya iclasındakı izahatında iddiaçının yeni tikilmiş hər bir şəraiti olan 2 mərtəbəli evinin olması bildirilmiş və həmin evin fotoşəkilləri məhkəməyə təqdim edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçıya məxsus 2 mərtəbəli ev olması halı cavabdeh tərəfindən hər hansı sübutla öz təsdiqini tapmadığından, mübahisənin həllində məhkəmə həmin hala əsaslana bilməz. Cavabdehin təqdim etdiyi fotoşəkillər evin iddiaçıya məxsus olmasını təsdiq edən sübut deyildir. Kollegiya həmçinin qeyd edir ki, hər hansı əmlakın şəxsin mülkiyyətində olması faktı dövlət reyestrindən verilmiş çıxarışla təsdiq olunur. Belə bir çıxarış məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir.
41. Cavabdeh apellyasiya şikayətində ona istinad etmişdir ki, yaşadığı binanın bütün qonşuları dindirilsin, eləcə də Sahil Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına dəvət olunaraq izahatı alınsın ki, onların özbaşına tikiliyə ünvan verməyə ixtiyarı var ya yox. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində iş mahiyyəti üzrə tam, hərtərəfli, obyektiv araşdırıldığından kollegiya həmin xüsusatların araşdırılmasına zərurət görmür.
42. Həmçinin cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən şahid ifadələrinə qiymət verilməməsi halına istinad etsə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti həmin hissədə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkməsində icraat zamanı 3 şahid dindirilmiş və qətnamədə onların ifadəsinə istinad olunmuşdur.
43. Beləliklə, sadalanan xüsusatlara və hüquq normalarına əsasən kollegiya hesab edir ki, iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduöğundan apellyasiya şikayətlərinin dəlilləri həmin qətnamənin ləğvi üçün əsas ola bilməz.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
46. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev