Məhkəmə qərarları › İş №2(103)-8161/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8161/2021

13.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8161/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “plan və ölçünün ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadından İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə verdiyi şikayətə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “plan və ölçünün ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, “Toxucu” X1 30.05.1989-cu il tarixli qərarı ilə həmin Birliyin 4 saylı protokoluna əsasən Zirə qəsəbəsində yerləşən 0,115 ha ölçüdə ayrılaraq ona verilmiş və hal-hazıradək onun istifadəsində və sahibliyində olan bağ sahəsinin “69-78” saylı bağ sahəsi kimi cavabdehin adına X2 kitabında 07.12.2007-ci il tarixdə 4226 nömrəsi ilə aparılmış qeydin və bununla əlaqədar verilmiş “torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi, həmin torpaq sahəsinə dair X2 kitabında aparılmış qeydiyyatın dəyişdirilərək, həmin torpaq sahəsinə dair onun adına “plan və ölçünün” tərtib edilməsi öhdəliyinin iş üzrə üçüncü şəxs olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin (bundan sonra – DƏDRX Əİ) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisəli 69/78 saylı torpaq sahəsinə DƏDRX Əİ tərəfindən qeydiyyat çıxarışının verilməsi və həmin torpaq sahəsində hər hansı tikinti və yenidənqurma işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 13.05.2019-cu il tarixli qərardadı ilə ərizəni təmin etmiş, mübahisəli torpaq sahəsinə çıxarışın verilməsinin və həmin torpaq sahəsində hər hansı tikinti və yenidənqurma işlərinin aparılmasının cavabdeh və digər şəxslərə qadağan edilməsini qərara almışdır. Bundan sonra iddia ərizəsinə dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.06.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 03.06.2020-ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24.06.2019-cu il tarixli qətnaməni dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 02.02.2021-ci il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bundan sonra, cavabdeh “görülmüş iddianın təmini tədbirinin ləğv edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək mübahisə predmeti olmuş torpaq sahəsinin üzərinə qoyulmuş qadağaların ləğv edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qərardadı ilə ərizəni təmin etmiş, mübahisəli torpaq sahəsi ilə bağlı görülmüş iddianın təmini tədbirinin ləğv edilməsini qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddianın təmini tədbirinin görülməsinə əsas olmuş iddia tələbi əsassız hesab edilərək rədd edilmişdir və iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Belə olan halda iddianın təmini tədbirinin davam etdirilməsi üçün əsas yoxdur. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi miras əmlakına daxildir və həmin torpaq sahəsi üzrə çıxarış verilməsi ilə bağlı açılmış vərəsəlik işi əsasında DƏDRX Əİ-yə notarius tərəfindən müraciət ediləcəkdir. Buna görə də qeyd olunan torpaq sahəsi üzrə mübahisə bitməmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi 22.06.2021-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, hazırki iş üzrə mübahisəli torpaq sahəsi ilə bağlı həyata keçirilmiş iddianın təmini tədbirinin görülməsinə əsas olmuş iddia tələbi mülki işə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 24.06.2019-cu il tarixli qətnamə ilə rədd edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və bu səbəbdən qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır. MPM-nin 162-ci maddəsinin mənasına görə, iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər (maddə 162.3.). İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1.). Bu baxımdan hesab edilməlidir ki, həyata keçirilmiş iddianın təmini tədbirinin davam etdirilməsinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə görülmüş iddianın təmin tədbirlərini ləğv etməklə haqlı olmuşdur. Qərardad MPM-nin 162-ci maddəsinin tələblərinə uyğundur. İddiaçının qərardaddan verdiyi şikayətdə göstərdiyi dəlil qərardadın ləğv edilməsi və iddianın təmini tədbirinin davam etdirilməsi üçün əsaslı hesab edilə bilməz. Odur ki, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı verdiyi şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir/

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar