Məhkəmə qərarları › İş №2(103)-8164/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8164/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8164/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 4279/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına yaşayış hüququ tanınmaqla köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli, iş № 2(001)-4279/20) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1976-cı il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, erməni təcavüzü nəticəsində 1988-ci ildən qaçqın düşmüş və həmin vaxtdan Bakı şəhərinə köçərək burda yaşamışdır. Rəhmətlik atası ünvan 2 ünvanını alqı-satqı yolu ilə alaraq həmin tarixdən qeyd edilən ünvanda yaşamışdır. Fərdi yaşayış evi kiçik olduğundan həmin ərazidə əlavə olaraq o, 2007-ci il tarixdə 2 otaq tikdirmişdir ki, həmin otaqlardan istifadə edə bilsin. 2007-ci il tarixdən 2013-cü il tarixə kimi tikdirdiyi 2 otaqdan istifadə edərək sahiblik etmişdir. Lakin anası qardaşlarının sözü ilə onu ona məxsus fərdi yaşayış evindən məcburən çıxarmış və o, məcburiyyət qarşısında qalaraq kirayədə yaşamağa başlamışdır. 2017-ci ildə maddi vəziyyəti zəiflədiyindən yenidən öz tikdirdiyi evində yaşamağa başlamışdır. Bir müddət yaşadıqdan sonra yenidən qardaşlarının sözü ilə anası onu yola verməmiş və o, yenidən məcburiyyətdən kirayədə yaşamağa qərar vermişdir. Son zamanlar mövcud pandemiya ilə əlaqədar maddi vəziyyəti pisləşdiyindən və kirayə haqqını ödəyə bilmədiyindən ev yiyəsi onu qaldığı evdən çıxarmışdır. Hazırda tanışının evinə sığınmışdır və başqa qalmağa da evi yoxdur. Odur ki, atasının evinə bitişik tikdirdiyi 2 otaqlı fərdi yaşayış evinə köçərək yaşamaq qərarına gəlmiş, bu səbəbdən öz evinə getmiş, lakin anası onu qardaşlarının sözü ilə yenə evə buraxmamışdır. Atasının evinə bitişik 2 otaqlı fərdi yaşayış evinə köçərək yaşamağının təmin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, iddiaçı onun doğma qızıdır və qızı ona məxsus olan ünvan 2 ünvanına köçüb yaşaya bilər. Qızının onun evində yaşamasına dair hər hansı bir etirazı yoxdur. Belə ki, evin dövlət reyestrindən çıxarışı onun adınadır. Ona görə də iddianın təmin olunmasına etirazı etmir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabeh yalnız məhkəmə hazırlıq iclasında iştirak etmiş və fərdi yaşayış evinin onun mülkiyyətində olmasını, qızının köçüb yaşaya bilməsinə etirazının olmadığını bildirmiş, lakin bu etirafın doğuracağı hüquqi nəticələri dərk etməmiş və başa düşməmişdir. Halbuki, qızının mübahisəli evə köçüb yaşamasına dair cavabdehin heç bir fikri və razılığı olmamış, aldanmışdır. İddiaçı 1996-cı ildə ailə quraraq bu fərdi yaşayış evini tərk edərək getmiş, xeyli müddət Rusiya və digər yerlərdə yaşamışdır. Bu mənzildə iddiaçıya aid heç bir əşya və əmlak olmamışdır və qeyd edilən vaxtdan yaşamamışdır. Ümumiyyətlə, iddiaçının neçə illərdir ki, bu evdən xəbəri belə yoxdur. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, izahat verərkən əvvəlcə iddiaçının onun doğma qızı olduğunu və mübahisəli evə köçüb yaşamasına etiraz etmədiyini bildirsə də, sonra qızının məhkəməyə müraciət etdiyinə görə evə köçürülməsinə etiraz etdiyini göstərdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 1-cı sıra, ev 131 cavabdehin mülkiyyətindədir və iddiaçı həmin ünvanda qeydiyyatdadır. İddiaçı əvvəllər həmin evdə yaşadığını, lakin sonradan cavabdeh tərəfindən məcburən çıxarıldığını göstərərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mübahisəli ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərkən iddianın təmin olunmasına etiraz etmədiyini, iddiaçının onun doğma qızı olduğunu və mübahisəli ünvana köçüb yaşaya biləcəyini bildirmişdir. Cavabdeh məhkəmə baxışının tarixi və yeri haqqında birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (i.v.24) məhkəməyə gəlməmiş və xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 220.4-cü, Mülki Məcəllənin 228.5-ci, Mənzil Məcəlləsinin 30.2-ci maddələri ilə ilə əsaslandırmışdır. Sadalanan maddi və prosessual hüquq normalarına, eləcə də cavabdehin iddianı etiraf etməsinə istinad edən birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının cavabdehlə birlikdə sonuncuya məxsus Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 1-cı sıra, ev 131-dən istifadə etmək hüququ vardır və ona görə də iddia təmin edilməli, iddiaçı mübahisəli ünvanına köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə hazılıq iclasında idianı etiraf etmiş, onun təmin olunmasına etiraz etmədiyini bildirmiş və məhkəmə işin digər halları ilə yanaşı bu etirafı da nəzərə alaraq iddianı təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində məhkəmə hazırlıq iclasında iddianı etiraf etməsini mübahisələndirməmiş, sadəcə aldandığını göstərmişdir. Apelyasiya baxışı zamanı cavabdeh ziddiyyətli izahat verərək əvvəlcə iddiaçının onun doğma qızı olduğunu və mübahisəli evə köçüb yaşamasına etiraz etmədiyini bildirsə də, sonra qızının məhkəməyə müraciət etdiyinə görə evə köçürülməsinə etiraz etdiyini göstərdi. Göründüyü kimi, cavabdeh nəticə etibarilə iddiaçının mübahisəli evə köçürülməsinə yalnız məhkəmədə iddia qaldırdığına görə etiraz edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə isə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar