Məhkəmə qərarları › İş №2(103)-817/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-817/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-817/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kirayə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında əvəzləşmə müqaviləsi bağlanmışdır.

2. Müqavilənin şərtlərinə görə iddiaçı mənzilini sökülmək üçün cavabdehə təhvil vermiş, cavabdeh isə ona təmirli mənzil verməyi öhdəsinə götürmüşdür.

3. Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi üçün aylıq 500 manat məbləğində kompensasiya ödənilməsi qeyd edilmişdir.

4. İlk gündən cavabdeh tərəfindən aylıq 600 manat məbləğində kompensasiya ödənilmişdir.

5. İddiaçı ödənilməyən kompensasiyanı (kirayə haqqını) tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MTK-ya qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin Bakı şəhərində xx.xx.2019-cu ildə əvəzləşmə müqaviləsi imzalamışlar. Müqavilənin 6.2-ci bəndinə əsasən yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq, yaşayış binasında təmirli və mətbəx mebeli ilə təmin olunmuş mənzil “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə verilməlidir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən “Mülkiyyətçi” yaşayış sahəsini “Kooperativ”ə təhvil verildiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq “Mülkiyyətçi”yə təhvil verilənə qədər “Mülkiyyətçi”nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 500 manat olmaqla kompensasiya “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə ödənilir. Kompensasiya 3 aylın qabaqcadan olmaqla “Mülkiyyətçi”nin bank hesabına ödənilir. Mənzilin təmiri başa çatdırılaraq “Mülkiyyətçi”yə təhvil verilənə qədər Bakı şəhəri üzrə kirayə mənzillərin qismində ciddi artma və ya azalma baş verərsə təyin olunmuş kompensasiyaya yenidən baxılır. xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında cavabdehə ərizə yazaraq “Kooperativ”in əməkdaşı Musayeva Samirə xanıma təqdim etmişdir. O, ərizədə göstərmişdir ki, “xx.xx.2019-cu il tarixli əvəzləşmə müqaviləsinə əsasən Siz tərəfindən müqavilənin 6.2; 6.3; 6.4; 1.2.3; 7.2.9; 7.2.11 bəndlərinə əməl olunmayıb. Təhvil-təslim aktına əsasən (03 avqust 2019-cu ildən 10 yanvar 2023-cü ilədək) Siz tərəfdən 24740 (iyirmi dörd min yeddi yüz qırx) manatdan 22200 (iyirmi iki min iki yüz) manat məbləğində kirayə pulu ödənilib. Qalan 2540 (iki min beş yüz qırx) manat ödənilməmiş qalmışdır. Baxmayaraq ki, təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə imzalanıb, lakin tərəfinizdən təmir işləri xx.xx.2023-cü il tarixində yekunlaşıb (sübut:foto-video materiallar). Bu müddət də kirayə haqqı 2960,0 manat ödənilməmişdir. Qalan 5500,0 (beş min beş yüz) manat məbləği 10 iş günü ərzində mənim bank hesabıma köçürülməsini xahiş etmişəm. Lakin qalan 5500,0 (beş min beş yüz) manat mənim bank hesabıma köçürülməyib”. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən 5500 manat, nümayəndə xərci 100 manat və 76 manat dövlət rüsumu, ümumilikdə 5676 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə kompensasiya kimi ödənilməmiş 5.500 manat, hüquqi xidmət üçün ödənilən 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76 manat, cəmi 5.676 (beş min altı yüz yetmiş altı) manat məbləğində pulun tutulması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən təhvil-təslim aktı imzalanan tarixədək ödənilməli olan 24.740 manatdan 22.200 manat məbləğində kirayə pulu ödənilmiş, 2.540 manat ödənilməmiş qalmışdır. Təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə imzalansa da, ona təhvil vermiş mənzildə aparılmış təmir işlərində nasazlıq olduğu üçün və həmin vəziyyətdə mənzildə yaşaması qeyri-mümkün olduğu üçün cavabdeh tərəfindən qüsurlu təmir işləri yenidən görülərək xx.xx.2023-cü il tarixdə yekunlaşmış və bu müddətdə də kirayə haqqı 2960 manat ödənilməmiş qalmışdır. Ümumilikdə iddiaçıya 5.500 manat ödənilməmiş kirayə haqqı qalmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən 5.500 manat, nümayəndə xərcinə görə 100 manat və 76 manat dövlət rüsumu, ümumilikdə 5.676 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müqavilə şərtlərinə əsasən mülkiyyətçi yaşayış sahəsini “Kooperativ”ə təhvil verildiyi tarixdən mənzilin təmiri başa çatdırılıb “Mülkiyyətçi”yə təhvil verilənə qədər “Mülkiyyətçi”nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 500 manat olmaqla kompensasiyanı “Mülkiyyətçi”yə ödəməyi “Kooperativ” öhdəsinə götürmüş, sonradan tərəflər arasında həmin məbləğin 600 manat olmasına dair razılıq əldə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mənzilə dair təhvil-təslim aktı imzalansa da, mənzildə aparılan təmir işlərində olan qüsurlar səbəbi ilə iddiaçı həmin mənzilə köçüb yaşaya bilməmiş, cavabdeh tərəfindən mənzildə mövcud olan qüsurların aradan qaldırılması bir neçə ay çəkmiş və iddiaçı həmin mənzilə xx.xx.2023-cü il tarixdə köçərək yaşamağa başlamışdır. İddiaçının mənzildə aparılan təmir işləri ilə bağlı həmin mənzildə yaşayışın qeyri-mümkün olması təqdim olunmuş CD diskə baxış zamanı da təsdiq olunmuşdur. Məhkəmə iddiaçının həm təhvil-təslim aktı imzalanan tarixədək (xx.xx.2023-cü il) cavabdeh tərəfindən ödənilməmiş qalmış kompensasiyanın (2.540 manat), həm də təhvil-təsim aktı imzalandıqdan sonra ona təhvil verilmiş mənzildə qüsurların aradan qaldırılması və onun həmin vaxtdan mənzildə yaşamağa başladığı tarixədək (xx.xx.2023-cü il) ödənilməli olan kompensasiyanın (2.960 manat), cəmi 5500 manat kompensasiyanın tutulması ilə bağlı tələbi üzrə qeyd edir ki, qeyd edilən müddətlər ərzində kompensasiyanın ödənilməməsi ilə bağlı hal məhkəmə iclasında öz təsdiqini tapdığından, bununla da cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsi müəyyən edildiyindən, iddiaçının həmin tələblə məhkəməyə müraciəti əsaslı hesab edilməlidir. Məhkəmə məhkəməyə təqdim olunmuş "xxxx" ASC vasitəsi ilə bank köçürülmələrini əks etdirən hesabatda cavabdeh tərəfindən iddiaçıya 22.200 manat məbləğində (bank komissiya xərci kimi əlavə 206 manat) ödənişin həyata keçirilməsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya həm təhvil-təslim aktı imzalanan tarixədək, həm də həmin tarixdən təmir işləri tam yekunlaşmış vəziyyətdə iddiaçıya təhvil verildiyi və iddiaçının həmin mənzildə yaşamağa başladığı tarixədək ödənilməli olan ümumi kompensasiya məbləği 5500 manat təşkil edəcəkdir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır və qaldırılan iddia əsaslı hesab edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 385.1, 386.1, 389.1, 390.1, , 405.1, 442, 417.1, 443.1, 443.5-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 121.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh MTK apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(009)-1824/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında 10 iyul 2019-cu ildə Əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin Əvəzləşmə müqaviləsinə əsasən iddiaçı Mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 14 saylı mənzilinin sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Əvəzləşmə Müqaviləsinin 6.3-cü maddəsinə əsasən Mülkiyyətçi yaşayış sahəsini Kooperativə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq Mülkiyyətçiyə təhvil verilənə qədər Mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 500 manat olmaqla kompensasiya Kooperativ tərəfindən Mülkiyyətçiyə ödənilir. Kompensasiya üç aylıq qabaqcadan olmaqla Mülkiyyətçinin bank hesabına ödənilir. Müqavilə bağlandıqdan sonra 03 avqust 2019-cu il tarixində Tərəflər arasında Bakı şəhəri, Səbail Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 14 saylı mənzilinin sökülmək üçün cavabdehə təhvil verilməsi ilə bağlı Təhvil-təslim aktı imzalanmışdır. Həmin tarixdən etibarən cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş məbləğdən artıq olmaqla aylıq 600 manat kirayə haqqı verilmişdir. Əlavə verilmiş 100 manat məbləğ iddiaçının daha bahalı ev tapmasına görə ona avans olaraq ödənilmişdir. Həmçinin ona bildirilmişdir ki, bu məbləğ yekunda ümumi kirayə aylarından çıxarılacaqdır. 10 yanvar 2023-cü il tarixində cavabdeh tərəfindən yeni inşa edilmiş mənzilin iddiaçıya Təhvil verilməsi ilə bağlı Təhvil-təslim aktı imzalanmışdır. Həmin aktın qeyd hissəsindədə xüsusilə vurğulanmışdır ki, bu akt imzalandıqdan sonra aylıq icarə haqqının ödənişi dayandırılacaqdır. Ümumillikdə iddiaçınında qeyd etdiyi kimi ona cavabdeh tərəfindən 22200 AZN kirayə haqqı ödənilmişdir. Bu da müqaviləyə uyğun olaraq aylıq 500 manatdan hesablanmaqla 44 ay ödənilmişdir. Beləliklə buradan da aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya 03 may 2023-cü il tarixinədək kirayə haqqı tam ödənilmişdir. Beləliklə qeyd edilənlərdən aydın olur ki, cavabdeh müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmiş, heç bir borcu qalmamışdır və iddiaçı qarşısında heç bir öhdəlik daşımır. Məhkəmə bu iş barədə əlavə araşdırma aparmadan cavabdehin əleyhinə qətnamə çıxarmış və hüquqlarını pozmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənində tələblərini yerinə yetirməmişdir. Belə ki, məhkəmə işə ərazi aidiyyətinin tələblərinin pozulması ilə baxmışdır. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdehin rəsmi hüquqi ünvanı ünvan 1 aiddiyyat qaydalarını tətbiq etmiş lakin düzgün tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə mübahisənin predmetini nəzərə almamışdır ki, bu mübahisə kirayə haqqının ödənilməsi ilə bağlıdır və işə ərazi aidiyyəti tətbiq edilərək hüquqi şəxsin ünvanın olduğu yer üzrə işə baxılmalı idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin əsaslandırdığı apelliyasiya şikayəti əsassızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1824/2023 nömrəli qətnaməsi qüvvədə saxlanılmalıdır. Müqavilənin 6.3-cü müddəasında göstərilir ki,“Mülkiyyətçi” yaşayış sahəsini “Kooperativ”-ə təhvil verildiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq “Mülkiyyətçi”-yə təhvil verilənə qədər “Mülkiyyətçi”-nin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 500 manat olmaqla kompensasiya “kooperativ” tərəfindən “Mülkiyyətçi”-yə ödənilir. Kompensasiya 3 aylıq qabaqcadan olmaqla “Mülkiyyətçi”-nin bank hesabına ödənilir. Mənzilin təmiri başa çatdırılaraq “Mülkiyyətçi”-yə təhvil verilənə qədər Bakı şəhəri üzrə kirayə mənzillərin qiymətində ciddi artma və ya azalma baş verərsə təyin olunmuş kompensasiyaya yenidən baxılır. Müqavilənin 6.3-cü müddəasına əsasən, mənzillərin kirayə haqlarında dəyişdiklər baş verdiyindən, kirayə tutduğu evin, kirayə haqqı hər aylıq 600 manat təşkil edirdi. Onlar bu barədə cavabdehlə razılığa gələndən sonra, tutduğu kirayə evə köçüb. Baxmayaraq ki, cavabdehlə aralarında bağlanmış və İcra Hakimiyyəti tərəfindən də təsdiq olunmuş əvəzləşmə müqaviləsində kirayə haqqı üçün 500 manat müəyyən edilsə də, kirayə haqqının baha olmasını cavabdehə bildirib, cavabdeh 600 manat kirayə haqqının ödənilməsi ilə razılaşıb və ödənilən kirayə haqqının məbləği hər ay 600 manat olmuşdur. Təhvil-təslim aktı imzalandıqdan sonra mənzildə aparılmış qüsurlu təmir səbəbi ilə yaşayış mümkün olmadığı üçün mənzilə köçə bilməyib. Mənzildə təmir may ayının 23-dək davam elmişdir. Sübut kimi CD disk, mülki iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən təhvil-təslim aktı imzalanan tarixədək ödənilməli olan 24.740 manatdan 22.200 manat məbləğində kirayə pulu ödənilmiş, qalan 2.540 manat fərq isə ödənilməmiş qalmışdır. Təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə imzalansa da ona təhvil vermiş mənzildə aparmış təmir işlərində nasazlıq olduğuna görə və həmin vəziyyətdə mənzildə yaşamağı qeyrimümkün olduğu üçün cavabdeh tərəfindən qüsurlu təmir işləri yenidən görülərək xx.xx.2023-cü il tarixdə yekunlaşmış və bu müddətdə də kirayə haqqı 2960 manat ödənilməmiş qalmışdır. Ümumilikdə ödənilməmiş kirayə haqqı 5.500 manat təşkil edir.

b) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirdi ki, mübahisə müstəsna aidiyyat deyil və bina Səbail rayonu ərazisində yerləşir. Hüquqi şəxsə qarşı idddialar hüquqi şəxsin olduğu yer üzrə yəni, hüquqi ünvanın olduğu yer üzrə verilməlidir. Cavabdeh MTK-nın hüquqi ünvanı Nəsimi rayonu ərazisində yerləşir. İddianın predmentində hər hansı bir mülki mübahisənin həlli deyil, sadəcə olaraq kirayə haqqının ödənilməsi məsələsidir. Ona görə də hesab edir ki, işə Nəsimi Rayon Məhkəməsində baxılmalı idi. İşdə aidiyyat qaydasının pozulduğunu hesab edir. Tərəflər arasında heç vaxt kirayə haqqının 600 manat olması ilə bağlı razılaşma olmayıb. İddiaçı bununla bağlı rəsmi sənəd də təqdim edə bilmir. Ümumi müqavilə 500 manat bağlanıb. 500 manatdan sonra iddiaçı bildirib ki, o 500 manata Bakı şəhərində ev tapa bilmir. Sadəcə olaraq bildirildi ki, 600 manat kirayə haqqı veriləcək. Amma bu kirayə haqqının 600 manatdan hesablanması anlamına gəlmir. Faktiki olaraq müəyyən olundu ki, indiyə qədər 22.200 manat kirayə haqqı ödənilib. Hamısı rəsmi qaydada bank hesabından ödənilib. Hər ayı 500 manatdan hesablayıb aylara böldükdə 44 ay edir və bu da 3 may 2023-cü ilə dövrü əhatə edir.Şəxs də mənzili 10 yanvar 2023-cü ildə təhvil alıb.Təhvil-təslim aktında mənzildə hər hansı bir qüsurun olduğunu bildirməyib. Təhvil-təslim aktında heç bir qeyd aparılmayıb. Qüsursuz olaraq 10 yanvar 2023-cü ildə mənzili iddiaçı təhvil alıb, ona görə də Cavabdeh MTK-nın iddiaçıya qarşı hər hansı bir öhdəliyi yoxdur. Çünki, notarial qaydada təsdiq edilmiş müqavilə var, müqavilədə kirayə haqqının ödənişi konkret olaraq 500 manat göstərilib, bu müqavilə əsasında konkret olaraq ödənişlər edilib və həmin ödənişlər aylara bölünəndə Cavabdeh MTK-nın şəxsə hər hansı bir öhdəliyinin olmadığını görür. Əgər kirayə haqqı 600 manatdan hesablansa belə bu mənzil 10 yanvar tarixində təhvil verilib, belə hesabladıqda Cavabdeh MTK-nın iddiaçıya borcu qalmır. İddiaçı iddia edir ki, 5 iyul tarixində mənzilin təmirinin bitdiyini deyir. Mənzilin hansısa bir hissəsinin təmirə ehtiyacı olduqda onların əməkdaşları gəlib həmin mənzilin o hissəsini təmir edib gedirlər. İstilik sistemi və mətbəx mebeli quraşdırılıb, yəni ki, iddiaçı qarşı xüsusi güzəştlər edilib. Onlar hesab edir ki, qətnamə ləğv edilməli, şikayət təmin edilməlidir. Onlar ödənişin 10 yanvara qədər ödənilməsini hesab edir. Çünki, müqavilədə xüsusi qeyd var ki, kirayə haqqının ödənişi şəxsin mənzili bizə təhvil verdiyi andan onlar yeni evi şəxsə təhvil verəcəyi ana qədər ödənilməlidir. Həmin müqavilədə təhvil-təslim aktı ilə müəyyən olunur və təhviltəslim aktı da 10 yanvar 2023-cü ildə alınıb. Onlara iddiaçının kirayə qaldığı ev sahibi ilə bağladığı müqavilə təqdim edilməyib. Onlar oranı təmir edəndə də orada yaşamaq imkanı olur. Avans o deməkdir ki, onlar gələcəkdə hesablanması şərti ilə bu məbləği depozit kimi onların hesabına qoyurlar.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, o Səbail rayonunda yaşayır, Səbail rayonunda onların verdiyi kirayə haqqına mənzil tapmaq qeyri-mümkündür. Onun uşaqları o vaxt məktəbdə oxuduğuna görə məktəbin yanından ev tapmalı idi. O həmin ərazidə 45 kv.metrlik kirayə haqqı 600 manat olan mənzil tapmışdı. Cavabdehə gəlib bu qiymətə ev tapmağın mümkün olmayacağını deyib. Orada Orxan müəllim və Cavabdeh MTK-nın sədri evin qiymətini soruşanda 600 manat olduğunu deyib, onlar da razılaşdılar dedi. Onda onlara müqaviləni yenidən bağlamaq istədiyini deyib. Onlar müqavilənin 6.3-cü bəndində şifahi razılaşmanın mümkünlüyünü deyərək müqaviləni şifahi şəkildə dəyişdirə biləcəklərini bildirdi. Onlar razılaşıb müqaviləni bağlayıblar və o, gedib kirayə mənzil tutub. Razılaşmaya əsasən 37 ay ona hər ay 600 manat kirayə haqqını cavabdeh ödəyirdi. Birinci ay kvartal-kvartal razılaşmışdılar, elə də ödədilər, amma ondan sonra ödənişi cavabdeh gecikdirməyə başladı. Avqust ayında 600 manatı ona ödədilər, sonra onların pulunun olmadığını deyərək ödəmədilər. Yanvar ayında mənzilin hazır olduğunu və gəlib təhvil almağını istədilər. Onun səhvi açarları götürmək şərti üçün imza çəkməyi oldu, çünki açarlar onlarda olduğuna görə ustalara açarları verə bilmirdi. Onlar qış aylarında istilik sistemini işlədəndə istilik sistemi işləmədi, aktdakı şərtlərə görə bu onların məsuliyyəti olduğundan onlara müraciət edib. Cavabdeh 3 ay döşəməni dağıtmışdılar, qapıları çıxarmışdılar. Cavabdehə heç olmasa döşəməni düzəltməklərini xahiş edib ki, o evinə köçsün. Cavabdeh evi düzəltdiyi müddətdə o kirayədə qalırdı, amma cavabdeh pulu ödəmirdi. Onunla əyani müqavilə bağlayaraq ona avans verəcəyini bildirə bilərdilər. İstilik sitemlərinin hələ də təmiri davam edir. Onu təmirə görə gecikdirə-gecikdirə incidirlər. O evə köçməyib. Cavabdeh ona 37 ay bank hesabından bank hesabına hər ay 600 manat pul köçürüb, amma indi avans şəklində verildiyini bildirirlər. Cavabdeh onun evini təmir etməyə götürüb, ona verdikləri kirayə haqqını necə avans formasında verə bilər. Oraya hələ təmir edilən zaman mebellər alıb qoymuşdu, hamısını toz basmışdı. Onun mənzilini təhvil versinlər. O qarşı tərəfə kirayə qaldığı evin sahibi ilə bağladığı müqaviləni göstərib, o müqaviləni hətta Orxan müəllimin stoluna qoymuşdu. Ödəmədikəri kirayə haqlarını kompensasiya şəklində cavabdeh ona geri ödəməlidir. Kirayə müqaviləsini evin sahibi ilə bağlamışdı və o sənədləri qarşı tərəfə də göstərmişdi, amma köçəndə sənədi itirib.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İş materialları ilə müəyyən edilir ki, “Kooperativ” qismində Cavabdeh MTK ilə “Mülkiyyətçi” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əvəzləşmə müqaviləsi imzalanmış, müqaviləyə əsasən “Mülkiyyətçi” mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 14 saylı mənzilinin sökülmək üçün “Kooperativ”ə təhvil verməyi, “Kooperativ” isə bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili “Mülkiyyətçi”yə təhvil verməyi öhdəsinə götürür.

23. Müqaviləyə əsasən mülkiyyətçi yaşayış sahəsini Kooperativə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq mülkiyyətçiyə təhvil verilənə qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 500 manat olmaqla kompensasiya (kirayə haqqı kimi) Kooperativ tərəfindən mülkiyyətçiyə ödənilməsi, kompensasiyanı 3 aylıq qabaqcadan olmaqla mülkiyyətçinin bank hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Mənzilin təmiri başa çatdırılaraq “Müliyyətçi”yə təhvil verilənə qədər Bakı şəhəri üzrə kirayə mənzillərin qiymətində ciddi artma və ya azalma baş verərsə təyin olunmuş kompensasiya yenidən baxılır.

24. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında imzalanmış müqavilədə kirayə haqqı kimi kompensasiyanın aylıq 500 manat olmasının nəzərdə tutulmasına baxmayaraq kompensasiya ilk vaxtdan 600 manat məbləğində ödənilmişdir.

25. İşin halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən aylıq 600 manat olmaqla xx.xx.2023-cü il tarixə kimi 22.200 manat məbləğində kompensasiya ödənilmiş, 2.540 manat məbləğində pul ödənilməmiş qalmışdır.

26. Cavabdeh bu halı onunla əsaslandırır ki, iddiaçıya 500 manat ödəniş edilməli olduğu halda qabaqcadan 600 manat ödənildiyindən iddia tələbi əsassızdır.

27. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə aylıq kirayə haqqı kimi kompensasiya 500 manat qeyd edilsə belə həmin müqavilədə təyin olunmuş kompensasiya yenidən baxılmasının mümkünlüyü də qeyd edilmişdir. O cümlədən, müqavilə bağlandığı ilk gündə ödənişlər 600 manat məbləğində olmuşdur.

28. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.§16

29. İşin digər halı ondan ibarətdir ki, təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə imzalansa da, təmir qüsurlu olduğu üçün iddiaçı mənzilə xx.xx.2023-cü il tarixdə köçmüş, xx.xx.2023cü il - xx.xx.2023-cü il aralığı üçün də kompensasiya ödənilməmişdir.

30. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən Cavabdeh MTK iddiaçıya yeni mənzilin təmiri başa çatdırılaraq təhvil verildiyi tarixə kimi kirayə haqqının ödənilməsi öhdəliyi götürsə də onun tərəfindən bu öhdəlik tam icra edilməmişdir.

31. Belə ki, təhvil-təslim aktı xx.xx.2023-cü il tarixdə imzalanmış olsa da mənzildə ilk gündən qüsur aşkar edilmişdir. Bundan sonra cavabdehin hesabına həmin qüsur aradan qaldırılmışdır. İddiaçı tərəfin təqdim etdiyi video görüntüdən də məlum olur ki, usta aşkar edilmiş qüsurun təmirinin xx.xx.2023-cü il tarixdə başa çatdığını qeyd edir.

32. Məhkəmə kollegiyası hesab edir ki, yeni mənzilin təhvil-təhslim aktı 10 yanvar tarixində imzalansa da məhz bundan sonra aşkar edilmişdir ki, təmir qüsurlu aparılmış, davam etdirilməsinə zərurət yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəbdən mənzilə köçüb yaşamaq mümkün olmadığından mənzilin tam təmir edilməsinədək olan dövr üçün də iddiaçıya kirayə haqqı kimi kompensasiya ödənilməli idi.

33. Apellyasiya şikayətinin digər dəlili odur ki, ərazi aidiyyətı ilə bağlı qaydalar pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının tələbi müqavilədən irəli gələn pul tələbdir. Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsində qeyd edilir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

34. Tərəflər arasında bağlanmış müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 14 saylı mənzilinin sökülmək üçün “Kooperativ”ə təhvil verməyi, “Kooperativ” isə bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili “Mülkiyyətçi”yə təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırki iddia tələbi isə məhz mənzilin təhvil verildiyi vaxtadək kirayə haqqı kimi kompensasiya tələbi olduğundan məhkəmə kollegiyası hesab edir ki, ərazi aidiyyəti qaydaları pozulmamışdır.

35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar