Məhkəmə qərarları › İş №2(103)-817/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-817/2025

06.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-817/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı və cavabdeh nikah dövründə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar.

2. Həmin mənzil 13 iyul 2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən “hədiyyə verən” X8 tərəfindən “hədiyyə alan” İddiaçı bağışlanmışdır.

3. Həmin mənzilə iddiaçının hüquqları xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.

4. Tərəflər arasında nikah 2024-cü ildə pozulmuşdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2001/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi, ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu X9 küçəsi 620, M 7, m3) mənzilin üzərində ½ hissəsinə İddiaçı və ½ hissəsinə X3 paylarının müəyyən edilmişdir.

6. Hazırda iddiaçı paylı mülkiyyətdə olan mənzildə uşaqları ilə yaşayır. Cavabdeh isə mübahisə predmeti olan mənzildə tək yaşayır.

7. İddiaçı özünün ayrıca mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh X4 qarşı “mənzildən çıxarılma” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh X2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə aralarında bağlanmış nikahları pozulmuşdur. Əmlak bölgüsü barədə xx.xx.2024-cü il tarixli 2(004)-2001/2024 saylı qətnaməyə əsasən birgə nikah dövründə əldə olunmuş və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 620, m3) mənzilin üzərində 1/2 hissəsinə o - İddiaçı və 1/2 hissəsinə cavabdeh - X2 payları müəyyən olunmuşdur. Cavabdeh qeyd olunan mənzildə yaşamır, hal hazırda iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzildə qalır. Cavabdeh ilə ailə münasibətləri uzun müddətdir ki, bitmişdir, ayrı-ayrı ünvanlarda yaşayırlar. Qeyd etmək istəyir ki, 2(004)-2001/2024 saylı qətnaməyə əsasən cavabdehin müəyyən olunan 1/2 hissəsi payda qalmağına bir etirazı yoxdur, lakin cavabdehin onun iradəsinə zidd olaraq hal-hazırda iddiaçıya məxsus olan mənzildə qalmağı onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin iddiaçıya məxsus mənzildə qaldığı halda o, öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən sərbəst istifadə edə və mənzil üzərində sərəncam verə bilmir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4492/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh X7 İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması qət olunmuşdur.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının keçmiş ailə üzvüdür, cavabdehin mülkiyyətində digər daşınmaz əmlak vardır. Hazırki iddia predmeti olan mənzil isə birgə nikah dövründə əldə edilmiş əmlak kimi mübahisələndirilməmişdir. Hal-hazıda iddiaçı öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarındadır, lakin cavabdehin həmin ünvanda yaşaması iddiaçıya bu hüququndan istifadə etməyə mane yaradır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdeh iddiaçının keçmiş ailə üzvü olduğundan və onun mülkiyyətində digər daşınmaz əmlak olduğundan, iddiaçı ona məxsus əmlakdan istifadə edə və üzərində sərəncam verə bilmədiyindən, iddia əsaslıdır və təmin edilməli, cavabdeh X7 İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin İİ bəndinə, «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə, Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” işi üzrə qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” işi üzrə qərarına, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Mülki Məcəllənin 152.1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 107, 119.1, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin e-2(004)-4492/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə aralarında olan nikah pozulandan və birgə nikah dövründə əldə olunmuş mənzilə pay hüquqları müəyyən olunduqdan sonra da iddiaçı iddia ərizəsində qeyd etdiklərinin tam əksi olaraq və onu incitmək, bu və ya digər formada ona mənəvi istirablar, əziyyətlər vermək üçün bu cür yollara əl atır, onu və uşaqları psixoloji təyziqlər altında saxlayır, məqsədi isə onu gərginlikdə saxlamaqla nələrəsə nail olmaqdır. Dəfələrlə iddiaçıya paylarının müəyyən olunmuş mənzilin satılmasını və ya hər hansı birinin hissəsinə düşən payı ödəməklə digər hissədən imtina edilməsinə dair təkliflər versələr də o hər dəfə bir bəhanə ilə bunu etməkdən yayınmışdır. Çünki bilir ki, onunla birgə bir otaqlı mənzildə yaşamaqları qeyri-mümkündür. Cavabdeh dəfələrlə iddiaçıya paylı mülkiyyətdə olan mənzili satıb mənzildən əldə olunmuş vəsaiti paylara uyğun bölünməsini və ya onun payını ödəməklə mənzildən onun xeyrinə imtina etməyini təklif etsə də, o bunların heç birisi ilə razılaşmayaraq, hazır ki, mübahisəli mənzili satıb onun satışından əldə olunan vəsaitlə ona pul verilməsini bildirmiş, lakin həmin mənzilidə satmaq üçün cavabdehin mənzildən çıxmağını əks təqdirdə mənzili satmayacağını bildirmişdir. Göründüyü kimi iddiaçı hüquqdan sui-istifadə edərək, bilərəkdən, qəsdən cavabdehə əzablar verir, psixoloji, mənəvi zərbələr vurur. Əlavə olaraq onu da qeyd etmişdir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 620, m3 mənzilin naturada bölgüsü bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan pulun paylara uyğun olaraq bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və hazırda mülki iş Qusar rayon məhkəməsinin icraatında baxılmaqdadır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qeyd edir ki, mübahisəli mənzil birgə nikah dövründə iddiaçının qardaşının adına alınıb. Qardaşının maddi imkanı yoxdur ki, ev alsın. Ev iddaçının adına bağşılanma edilib. Ailə quranda başqa evdə yaşayıblar. Sonradan bu mənzil alınıb. Planlı şəkildə iddiaçı evi qardaşının adına alıb. Paylı mülkiyyətdə olan mənzilin satılıb payının verilməsini xahiş edir. Başqa qalacaq yeri yoxdur. İddiaçının evi çoxdur, maddi imkanı yaxşıdır. Ev satılıb payı verilənə kimi bu evdə yaşamaq istəyir. Payı veriləndən sonra oradan çıxacaq. İddiaçı ilə razılıq mümkün deyil. Onunla prinsip etmək istəyir, heç bir təklif edilməyib. Evlənəndə qaynı və bacısı ilə birlikdə yaşayıblar. Təmir edilib sonradan mübahisəli mənzilə köçüblər. O zaman qardaşının adına idi. Uşaqlar da hazırda iddiaçının yanındadır. Danışmağa, görüşməyə icazə vermir. Onlara psixoloji təsir edir. Mənzil satılana kimi onun payına düşən hissədə olan evdə yaşamaq istəyir. İddiaçının Xırdalanda başqa mənzili də var. Orada da gedib qala bilər. O istəyir ki, hər kəs öz mülkündə yaşasın. Amma iddiaçı razı olmur. Ev hələ qiymətləndirilməlidir, daha sonra hərraca çıxarılmalıdır. Hazırda ev qiymətləndirilməyib. Məhkəməyə bu məsələ ilə bağlı müraciət edib. İddiaçı evin satılmağı ilə bağlı razılaşmırdı.Onun məqsədi onu incitməkdir.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, bağışlama müqaviləsini iş materiallarına əlavə ediblər. Cavabdehin mənzilə istifadə hüququ yoxdur. İddiaçı cavabdehə təkliflər etmişdir, amma cavabdeh razılıq etməmişdir. İddiaçı bildirdi ki, ona məxsus olan mənzillərdən birində cavabdeh yaşayır, digərini isə hərraca çıxarıb satır. Bölgü və hərracla bağlı cavabdeh müraciət edib. Birinci instansiya məhkəməsində o da barışıqla bağlı təklif edib. Barışıq mümkün deyil. Cavabdeh evi həm hərracda satmaq, həm də bölgü istəyir.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İİ. Xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırki halda cavabdeh X2 apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin mübahisəsiz halları odur ki, ünvan 1 ünvanında yerləşən mənzilə iddiaçının qardaşının hüquqları 2017-ci ildə qeydə alınmışdır. Daha sonra iddiaçıya həmin mənzil qardaşı tərəfindən bağışlanmışdır. İddiaçı və cavabdeh nikahda olduqları dövrdə həmin mənzildə ailə olaraq yaşamışdırlar. Hazırda tərəflərin nikahı pozulmuşdur. Cavabdeh həmin mənzildə tək yaşayır. İddiaçı isə uşaqları ilə tərəflərin paylı mülkiyyətində olan başqa mənzildə yaşayır.

27. Hazırda iddiaçı ayrıca mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh X2 çıxarılmasını tələb edir.

28. Kollegiya qeyd edir ki, 2022-ci ildə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Tərəflər nikahda olduqları dövrdə həmin mənzildə birgə yaşamışlar. Yəni ailə münasibətlərində olduqları dövrdə cavabdehin həmin mənzildən istifadə etmək hüququ olmuşdur. Lakin hazırda tərəflərin nikahı pozulmuşdur.

29. Hazırda cavabdeh iddiaçının keçmiş ailə üzvüdür, onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

30. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

31. Lakin hazırkı işin halları odur ki, cavabdehin paylı mülkiyyətində mənzil vardır. İddiaçı övladları ilə həmin mənzildə yaşayır. Cavabdeh isə hazırda mübahisə predmeti olan daha böyük sahəsi olan mənzildə tək yaşayır.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisə predmeti olan mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanmasına əsas verən müstəsna hal da müəyyən edilmir.

33. Cavabdeh paylı mülkiyyətində olan mənzilin bölünməsi ilə bağlı müraciət etdiyini, həmin məsələ həll olunanadək mübahisə predmeti olan mənzildə yaşamasını xahiş edir.

34. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı öz mülkiyyətindən istifadə etmək istəyir. Cavabdeh isə öz paylı mülkiyyətində olan mənzildən istifadə edə bilər.

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar