Məhkəmə qərarları › İş №2(103)-8174/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8174/2020

18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8174/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-4736/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasındakı xx xxxx 2020-ci ildə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 40 nömrə ilə akt qeydləri kitabında qeyd olunmuş rəsmi nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə ailəsi vasitəsilə tanış olmuşdur, onlar arasında nişan olmuş, toy gününün tarixi 2020-ci ilin mart ayına təyin edilsə də, məlum səbəblərdən toy təxirə salınmışdır. Cavabdehin və ailəsinin israrı ilə onlar münasibətlərini rəsmiləşdirmişlər. Onlar xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 40 saylı qeydlə nikahlarını rəsmiləşdirmişlər. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq toy etməmişlər. Elə həmin vaxtdan başlayaraq onların münasibətləri pisləşmişdir. Onlar xasiyyətlərinin uyğun olmadığını, gələcəkdə bir ailə kimi formalaşa bilməyəcəklərini anlamışlar. Onlar rəsmi nikah bağlandıqdan sonra ər-arvad kimi bir evdə yaşamamışlar, birgə təsərrüfat aparmamışlar. Hazırda tərəflərin arasındakı nişan pozulmuşdur, gələcəkdə barışmaları və bir ailə kimi münasibətlərinin davam etməsi qeyri-mümkündür. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-4736/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı cavabdehlə valideynləri vasitəsi ilə tanış olmuşdur və bir müddətdən sonra oğlanın valideynləri onların yaşadığı mənzilə gələrək, onu cavabdehə almalarını bıldirsələrdə, o, sonradan öz valideynlərinə onunla iki dünya bir olsada, evlənməyəcəyini bildirmişdir. Lakin valideynləri və əsas da anası X3 ona yumşaq formada tənqid və təzyiqlər edərək, onu hətta, cavabdehlə zaksa getməsə, bir övlad kimi siləcəyini və heç zaman bağışlamayacağını bildirərək təzyiq etmişdir. Bu kimi hərəkətləri qarşısında o, anası digər qohuməqrəbaların içərisində rüsvay olmasın deyə, Cavabdeh ilə zaksa getmişdir. Ancaq onunla heç bir ailə münasibəti olmayıb, rəsmi qaydada, yəni el adət-ənənəsinə uyğun toyları belə olmamışdır, heç özü qeyd olunanların həyata keçməsindən maraqlı olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz etməyərək, izahatında qeyd etdi ki, iddiaçı ilə nikah qeyd etdirəndən iki gün sonra xasiyyətlərinin uyğun gəlmədiyini müəyyən etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin və nümayəndənin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən iddiaçının atası X1 və anası X3 öz izahatlarında bildirmişlər ki, cavabdeh Arzu Gərayevanın qardaşının oğlunun sinif yoldaşı olmuşdur. Onların yaxşı ailə olduğu qənaətinə gələrək iddiaçını məcbur etmiş və cavabdeh ilə ailə qurmağa razı salmışdırlar. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X6 öz izahatnda bildirdi ki, iddiaçı onun bibisinin nəvəsidir. Cavabdeh isə onun kürəkəninin sinif yoldaşıdır. Tərəfləri valideynlər tanış etmişlər. Ailə qurmağı təklif etmişlər. Lakin onların xasiyyətləri uyğun gəlmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh xx xxxx 2020-ci il tarixdə nikahlarını bağlamışlar. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020- ci il tarixli AZ-İİ 385076 seriya nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİ bəndinə əsasən, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır və etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsi olmasını düzgün müəyyən etmişdir. Həmin normanın tələbinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı işin faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığı müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı nikahın bağlanmasına könüllü razılığının olmadığını, valideynləri tərəfindən məcbur edildiyini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş, bu hallarla bağlı hər hansı mötəbər sübutu təqdim etməmişdir. Belə ki, tərəflər aralarında bağlanmış nikahın qanunla müəyyən edilmiş qaydada qeydə alınmasına baxmayaraq, onlar ər-arvad kimi bir evdə yaşamamaları və birgə təsərrüfat idarə etməmələrini əsas gətirmişlər. Lakin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və şahid ifadələrindən müəyyən olunur ki, işin faktiki tərəfi tərəflərin xasiyyətlərinin uyğun gəlməməsidir və bu səbəbdən tərəflər nikah münasibətlərinə xitam vermək istəyirlər. Hətta apellyasiya mərhələsində də, cavabdeh nikah bağlandıqdan iki gün sonra xasiyyətlərinin uyğun gəlmədiyini bildirmişdir. Bu hal isə özlüyündə nikahın etibarsız sayılması üçün əsas deyildir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna-mə-sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, tətbiq edilməli olan normanı düzgün tətbiq etmiş, iddianı rədd etməklə qanuni və əsaslı qərar qəbul etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmamaqla maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğundan, apellyasiya şikayəti təmin edilmədən və iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 4736/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar