Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8175/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçı Nümayəndə, cavabdeh Bakı Dövlət Universitetinin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “müavinətin ödənilməsi tələbinə dair” Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2691/2020 nömrəli mülki iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə 01.12.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 fevral-05 may tarixlərini əhatə edən xəstəlik vərəqələri üzrə Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən hesablanmış və müəssisə tərəfindən ödənilməli olan 478,80 manatın ödənilməmiş 196,53 manat hissəsi əsas borc olaraq, bu məbləğin bu günə qədər iddiaçıya ödənilməməsi səbəbindən gecikdirilmiş hər gün üçün bir faiz məbləğində olmaqla 1726,53 manatın nağd pul vəsaitinin, 16 noyabr-24 noyabr 2016-cı il tarixlərini və 16 fevral-27 fevral 2017-ci il tarixlərini əhatə edən 384034 və 379315 saylı xəstəlik vərəqələri əsasında Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən hesablamaların aparılmadığı nəzərə alınaraq bu xəstəlik vərəqələri üzrə müəyyən edilən 14 iş gününün sosial müavinəti olan 742 manat əsas borcun və bu borcun bu günə ödənilmədən gecikdirilməsi səbəbindən 7770 manat faiz borcunun, ümumilikdə 8512 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nümayəndə Bakı Dövlət Universiteti üzrə 12 may 2017-ci il tarixdə verilmiş 1/156 saylı əmrlə tutduğu vəzifələrdən azad olunmazdan əvvəl 384034, 379315, 307725, 532601 və 532659 saylı xəstəlik vərəqələri əsasında 16 noyabr-24 noyabr 2016-cı il, 16 fevral-27 fevral 2017-ci il, 24 fevral-05 may 2017-ci il tarixlərində əmək qabiliyyətini müvəqqəti olaraq itirməsi ilə əlaqədar stasionar və ambulator müalicələr almış və buna dair rəsmi sənədləri aidiyyəti üzrə Bakı Dövlət Universitetinə təqdim etmişdir. “Məcburi dövlət sosial siğortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə siğortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 6-cı bəndinin tələbindən məlum olduğu kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə siğortaedənin vəsaiti, qalan günlər üçün isə Məcburi Dövlət Sosial Siğorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə siğortaedənin vəsaiti, qalan günlər üçün isə Məcburi Dövlət Sosial Siğorta haqları hesabına ödənilir. Lakin Bakı Dövlət Universitetinin 03 aprel 2019-cu il tarixli məktubuna əlavə edilərək təqdim olunmuş və mühasibatlığın tərtib etdiyi haqq-hesab sənədlərində qeyd olunan məlumatlarla tanışlıq nəticəsində məlum olmuşdur ki, Universitet tərəfindən 16 noyabr-24 noyabr 2016-cı il tarixlərini əhatə eən SN00005 384034 saylı və 16 fevral-27 fevral 2017-ci il tarixlərini əhatə edən SN 00005 379315 saylı xəstəlik vərəqələri əsasında iddiaçıya məcburi dövlət sosial sığorta haqları ümumiyyətlə hesablanmamış və ödənilməmiş, 24 fevral-05 may 2017-ci il tarixlərini əhatə edən SN00005 307725, 532601, 532659 saylı xəstəlik vərərqələri üzrə ilk 14 təqvim günü məcburi dövlət sosial sığorta haqqı olaraq Universitet tərəfindən 478,80 manat ödənilməsinə dair hesablamalar aparılmışdır. Xəstəlik vərəqələri əsasında hesablanmış 478,80 manatın iddiaçının bank hesabına ödənilibödənilməməsinin müəyyən olunması məqsədilə Azərbaycan Beynəlxalq Bankın Yasamal Filialına iddiaçı tərəfindən sorğu verilmiş və Bankın təqdim etdiyi hesabdan çıxarışda qeyd olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfinən hesablanmış 478,80 manatın əvəzinə iddiaçının bank hesabına 281,87 manat nağd pul vəsaiti ödənilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Nümayəndə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi tam, hərtərəfli və obyektiv aparılmamış, işin faktiki halları araşdırılmamış, cavabdehdən ciddi mühasibatlıq sənədləri tələb edilməmiş, sübutların mötəbərliyi müəyyən olunmamışdır. Məhz bu səbəbdən də birinci instansiya məhkəməsi öz qənaətini maddi hüquq normalarının tələbləri əsasında hüquqi baxımdan əsaslandıra bilməmiş, nəticədə isə mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən əsassız, ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndələri X3 və X2 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Dövlət Universiteti tərəfindən Nümayəndə 2017-ci ilin fevral ayı işə davamiyyət tabeli əsasında tam olaraq əmək haqqı hesablanaraq bank hesabına köcürülmüşdür. Lakin sonradan məlum olmuşdur ki, Nümayəndə 24 fevral tarixindən xəstəlik vərəqəsi açılmışdır. 24.02.2017-06.03.2017-ci il tarixinədək olan 307725 nömrəli xəstəlik vərəqəsinə əsasən (14 təqvim günü) 478 manat 80 qəpik hesablanmış və ona fevral ayında artıq yazılmış 3 günün pulu yəni 151 manat 05 qəpik tutulduqdan sonra yerdə qalan 327 manat 75 qəpikdən isə 45 manat 88 qəpik gəlir vergisi tutularaq 281 manat 87 qəpik vəsaitin 01 iyun 2017-ci ildə Azərbaycan Beynəlxalq Bankındakı bank hesabına köçürülməsi təmin olunmuşdur ki, bu da bank çıxarışlarında öz əksini tapmışdır. Nümayəndə tərəfindən təqdim olunmuş 384034 nömrəli xəstəlik vərəsinə əsasən (16.11- 24.11.2016-cı il) 7 iş günü-372 manat 82 qəpik+14 iş gününün əmək haqqısı hesablanmış və bundan vergilər tutulduqdan sonra cəmi 869 manat 96 qəpik Azərbaycan Beynəlxalq Bankındakı bank hesabına köçürülməsi təmin olunmuşdur ki, bu da bank çıxarışlarında öz əksini tapmışdır. İş materiallarında olan 2017-ci ilin fevral ayı üçün işə davamiyyət tabelindən müəyyən olunur ki, iddiaçı Nümayəndə fevral ayı işdə olmasına dair tabeli imzalamışdır. Bu səbəbdən də fevral ayı üçün iddiaçıya əmək haqqı hesablanaraq ödənilmişdir. İddiaçıya xəstəlik vərəqəsi üzrə 478,80 manat hesablandıqdan sonra müəyyən olunmuşdur ki, 3 gün üçün eyni vaxtda əmək haqqı da hesablanaraq ödənilmişdir. Bu səbəbdən həmin 3 günün pulu, yəni 151,05 manat həmin 478.80 manatdan çıxılmış, yerdə qalmış 327,75 manat, yerdə qalan məbləğdən isə 45,88 manat vergi çıxıldıqdan sonra yerdə 281,87 manat qalmışdır. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, 16.11-24.11.2016-ci il üzrə 7 iş günü- 372 manat 82 qəpik + 14 iş gününün əmək haqqı hesablanmış və bundan vergilər tutulduqdan sonra cəmi 869 manat 96 qəpik Azərbaycan Beynəlxalq Bankındakı bank hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 6-cı bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 1-ci hissəsinə əsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 307-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında» və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 6-cı bəndinə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən Bakı Dövlət Universiteti tərəfindən Nümayəndə 2017-ci ilin fevral ayı işə davamiyyət tabeli əsasında tam olaraq əmək haqqı hesablanaraq bank hesabına köcürülmüşdür. Lakin sonradan məlum olmuşdur ki, Nümayəndə 24 fevral tarixindən xəstəlik vərəqəsi açılmışdır. 24.02.2017-06.03.2017-ci il tarixinədək olan 307725 nömrəli xəstəlik vərəqəsinə əsasən (14 təqvim günü) 478 manat 80 qəpik hesablanmış və ona fevral ayında artıq yazılmış 3 günün pulu yəni 151 manat 05 qəpik tutulduqdan sonra yerdə qalan 327 manat 75 qəpikdən isə 45 manat 88 qəpik gəlir vergisi tutularaq 281 manat 87 qəpik vəsaitin 01 iyun 2017-ci ildə Azərbaycan Beynəlxalq Bankındakı bank hesabına köçürülməsi təmin olunmuşdur. Nümayəndə tərəfindən təqdim olunmuş 384034 nömrəli xəstəlik vərəsinə əsasən (16.11-24.11.2016-cı il) 7 iş günü-372 manat 82 qəpik+14 iş gününün əmək haqqısı hesablanmış və bundan vergilər tutulduqdan sonra cəmi 869 manat 96 qəpik Azərbaycan Beynəlxalq Bankındakı bank hesabına köçürülməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Odur ki, Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Nümayəndə apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2691/2020 saylı mülki iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8175/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8175/2020
01.12.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver