Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8178/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh3 və qeyrilərinə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5qarşı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 72 saylı evin, 103 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00113-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 20 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 mülkiyyətində olan ünvan 1 mənzil 103 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2015-ci il tarixli 2015/00113-01 İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh5 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı tərəfindən ona qarşı ‘‘borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Xətai Rayon Məhkəməsində iddia qaldırılmışdır. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)2349/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh5 yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 mənzil 103 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması və həmin əmlak satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmaları qət edilmişldir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Xətai rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X4” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X4” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsi” bağlanmış və X3 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X3 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 mənzil 103 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASCnin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. (Qeydiyyat nömrəsi **********, tarix: xx.xx.2019) Xətai rayon İcra və Probasiya Şöbəsi icra sənədinin tələbinə uyğun olaraq xx.xx.2019-cu il tarixə, saat 11:00 mənzilin boşaldılması ilə bağlı icra təyin etmiş və mənzili boşaldaraq həmin tarixə akt tərtib edərək mənzili mülkiyyətçi İddiaçı BOKT ASCyə təhvil verilmişdir. Lakin ipoteka predmeti olan əmlakın artıq İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil veriməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 hal-hazırda da ünvan 2 mənzil 103 ünvanında qeydiyyatdadırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görədə hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 72 saylı evin 103 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmış və Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsi iş üzrə hüquqi varis müəyyən edilmədən işə baxmışdır. Həm kredit müqaviləsi, həm də ipoteka müqaviləsini bağlayan cavabdehin atası Cavabdeh5 olmuşdur. Daha sonra Cavabdeh5 vəfat etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Məmmədov apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş, Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək pr, 72 saylı evin 103 saylı mənzili ilkin satış qiyməti 48493 manat məbləğində, 15% endirimlə olan qiyməti 41219.05 manat, 25% endirimlə satış qiyməti isə 30914,28 manat məbləğində müəyyən edilərək “X4” MMC tərəfindən hərraca çıxarılmışdır. Alıcı İddiaçı BOKT ASC ipoteka 30914,28 manat qiymətlə əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev 72, mənzil 103, İddiaçı BOKT ASC-nə 30914,28 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Babək pr, 72 saylı evin 103 saylı mənzili xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə İddiaçı BOKT ASC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Babək pr, 72 saylı evin 103 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3975/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh5 cavabdeh “X4” MMC-nə qarşı, üçüncü şəxs Xətai Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın yekunları üzrə əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)14962/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3975/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3975/2019 saylı məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3975/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarında olan ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. İş materialları əsasında müəyyən edilir ki, mübahisəli mənzil keçirilmiş hərrac nəticəsində iddiaçı tərəfindən satın alınmış, habelə mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 72 saylı evin 103 saylı mənzilinə dair İddiaçı BOKT ASC-nin adına qeydiyyatı aparılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən (i.v. 6) müəyyən edilir ki, ünvan 3 mənzil 13 ünvanında olan sözügedən mənzil İddiaçı BOKT ASC-nin mülkiyyətindədir. Belə ki, sözügedən mənzilin iddiaçının mülkiyyətində olması işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya işin hallarına və qeyd olunan normaların mahiyyətinə əsasən qeyd edir ki, şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Mülkiyyətçinin pozulmuş hüquqları sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda da mülkiyyətçi öz hüquqlarının bərpa edilməsini tələb edə bilər (neqator iddia). Belə olan halda, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi kimi, kənar şəxslərin mülkiyyətdən qanunsuz istifadəsinə xitam verilməsini tələb tələb etməkdə haqlı olmuşdur. Beləliklə də, kollegiya hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalması İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ saxlana bilmədiyindən, iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mübahisəli mənzilə istifadə hüququna xitam verilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin iş üzrə hüquqi varis müəyyən edilmədən işə baxmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, hazırki mübahisə kredit müqaviləsi ilə bağlı deyil, mənzilə istifadə hüququna xitam verilməsi ilə əlaqəli olduğundan, eyni zamanda mərhum Cavabdeh5 hüquqi varisinin müəyyən edilməsinin hazırki işin mahiyyəti üzrə həllinə hər hansı bir təsiri olmadığından, hüquqi varislə bağlı birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verməmişdir. Kollegiya əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində mərhum Cavabdeh5 cavabdeh qismində mənzildən çıxarılması qeyd edilməmişdir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna görə, şəxs öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda saxlanılması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8178/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8178/2020
13.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver