Məhkəmə qərarları › İş №2(103)-818/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-818/2023

18.01.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-818/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-818/2023 (Açar sözlər: kompensasiyanın ödənilməsi) Bakı şəhəri 18 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(006)-4389/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, N 70271200-17 saylı “Bank əmanəti müqaviləsi”nə (“Göy əmanət”) əsasən Bank əmanətçidən daxil olmuş 16000 AZN məbləğində əmanəti qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilə 6 ay müddətinə, illik 15% ilə bağlanmışdır.

2. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 70271200-17 saylı bank əmanəti müqaviləsinə dair əlavə sazişə əsasən əmanətçinin 6 aylıq müddətinə illik 15 faizlə Banka yerləşdiyi əmanət 16000 manat məbləğindədir.

3. 05 fevral 2018-ci il tarixli qəbzə əsasən, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nə münasibətdə 17.081,73 manat kreditor tələbi qeydə alınıb və 0287 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə 05 fevral 2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 17.081,73 manat tələbi qeydə alınıb.

4. "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən 02 aprel 2018-ci il tarixli Çıxarışa əsasən, İddiaçı kompensasiya olunmuş məbləğ 12.102 manat, kompensasiya olunmayan məbləğ isə 17.067,95 manat müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini dəqiqləşdirərək "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, 70271200-17 saylı Bank əmanəti müqaviləsinə əsasən "xxxx" ASC-də olan əmanətinin dəyəri 12334 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Əmanətlərin sığortalanması Fondunun üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli, 70271200-17 saylı Bank əmanəti müqaviləsinə əsasən o "xxxx" ASC-yə 16.000 manat məbləğində pul vəsaiti qoymuş, sonradan həmin əmanətin müddəti uzadılmış, onun bankda olan əmanətinin ümumi məbləği 17.081,73 manat olmuşdur. Maliyyə Bazarlarına Nəzarət X1 22 dekabr 2017-ci il tarixli qərarına əsasən, "xxxx" ASCnin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilmiş, bundan sonra o, həmin bankda olan əmanətinin qaytarılması üçün cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Cavabdeh onun müraciətindən imtina etmiş, əsas kimi isə onun bankda olan əmanətinin illik faiz dərəcəsinin 15,5% olmasını göstərmişdir. O, cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, ona məxsus əmanətə görə ona kompensasiya ödənilməsini tələb etsə də, cavabdeh həmin kompensasiyanın ona verilməsindən imtina etmişdir. Halbuki, onun banka qoyduğu əmanət, cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş faizdən, yəni 15%-dən artıq olmamışdır.

7. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, hazırki iş üzrə iddiaçıya 12102 AZN ödənilib. Eyni zamanda 17068 AZN tələbi qeydə alınıb. (16.000 AZN 15.5% açılmışdır + 1067 AZN faiz). Ödəniş qrafikinə əsasən iddiaçıya 4 751.75 AZN tranş üzrə ödəniş icra olunub. Hal-hazırda tələbi 12 334 AZN təşkil edir. Əlavə olaraq bildirir ki, bu əmanətin qalıq hissəsinə aid tələb isə “Banklar haqqında” Azərbaycan Respublikasının 76, 77 və 82-ci maddələrinə uyğun olaraq müvafiq qaydada qeydə alınaraq, kreditorların reyestrinə daxil edilmiş və növbəlilik çərçivəsində ödəniləcəkdir. Həmçinin, kreditorların reyestri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi tərəfindən təsdiq edilmişdir. Təsdiq edilmiş kreditor tələblərinin qeydiyyatına dair qərardaddan şikayət nəzərdə tutulduğu halda tərəf qərarı mübahisələndirməmişdir. Təsdiq edilmiş kreditor tələblərinin növbədənkənar ödənilməsi tələbinə dair iddia isə AR İPM-ə əsasən birinci instansiya məhkəməsi qismində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tanınır. Fond əmanətçilər üçün kompensasiya olunacaq məbləğlə bağlı ərizələri kompensasiya haqqında bildirişin dərc edildiyi gündən 1 il ərzində qəbul edir. Lakin vətəndaşın bu tələblə bağlı ərizəsi Fonda ünvanlanmamışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Eyni zamanda hazırkı iş üzrə iddiaçı (məhkəmədənkənar mübahisələrin tənzimlənməsi) qaydasına əməl olunması üçün Fonda müraciət etməmişdir. ƏSF haqqında Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(006)- 4389/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin edilmiş, Əmanət üzrə kompensasiya olaraq 12.334 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 12364 manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X5 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, məhkəmə "xxxx" ASC-nin xx.xx.2017-cı il tarixdən müflis elan edildiyini, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, N 70271200-17 saylı (“Göy əmanət”) “Bank əmanəti müqaviləsi”nə əsasən milli valyutada olan əmanət üzrə illik faiz dərəcəsinin 15% həddində müəyyən olunduğu, yuxarıda göstərilən qərara əsasən qeyd edilən əmanət məbləği tam sığortalandığını nəzərə alaraq hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulan qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 950.1-ci maddələri, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 2.1.3, 2.1.11, 4.1.4, 8.1.20, 25.1.4, 26.2, 27.2, 28.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəyyən edilmiş həddən yuxarı olmayan illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Həmin qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 mart 2016-cı il tarixli qərarı ilə milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15% müəyyən edilmişdir. Bildirilir ki, xx.xx.2017-ci il tarixli, 70271200-17 saylı bank əmanət müqaviləsi bağlanan anda İddiaçı tərəfindən yerləşdirilən əmanət Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarına uyğun olaraq milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini (15%-i) aşmadığından həmin qərarın qüvvədə olduğu vaxt qorunan əmanət statusunda olmuşdur. Lakin daha sonra, müqavilə qüvvədə olduğu dövrdə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla 1 iyul 2019-cu il tarixdən 1 iyun 2020-ci il tarixinədək milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10% müəyyən etmişdir. Beləliklə, həmin andan etibarən İddiaçı tərəfindən yerləşdirilən əmanət qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşmış və sığortalı əmanətlər kateqoriyasından çıxmışdır. "xxxx" ASC-də sığorta hadisəsi 22 dekabr 2017-cı ildə baş verdiyindən həmin vaxt qüvvədə olan qanunvericilik tətbiq olunur. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçı tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2364/2022 saylı 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova, E.Həsənov, V.Sadıqov) cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4389/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017-cı il tarixdə 70271200-17 saylı “Bank əmanəti” müqavilələri (Göy Əmanət) bağlanarkən qəbul edilmiş əmanətlər “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa və X4 Qərarına əsasən (Cəlb olunan günə X4 16 sentyabr 2016-cı il tarixli Qərarına əsasən qorunan əmanətlər üçün faiz dərəcəsi milli valyutada 15% olmuşdur) qorunan əmanətlər olduğundan, həmçinin, müqavilələrin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilməsi əvvəlcədən razılaşdırıldığından, müqavilə müddəti bitdikdən sonra onların eyni şərtlərlə avtoprolonqasiya olunduğu gün, yəni xx.xx.2017-ci il tarixdən sonra da “əmanət qorunan” əmanət statusunu itirməmişdir.

16. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 950-ci maddələri, Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.1.1, 2.1.3, 2.1.11, 4.1, 4.2, 8.1.20, 25.1.4, 26.2-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.1, 385.2-ci maddələri ilə əsaslandırmışdır.

ç) Kassasiya instansiya məhkəməsində icraat

17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3785/2022 saylı 11.10 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov, V.Həsənov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2103)-2364/2022 saylı 01 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...iddiaçı ilə Bank arasında bağlanmış sözügedən müqavilənin 1.4-cü bəndinə görə, əmanət 19 yanvar 2017-ci ildən 19 iyul 2017-ci il tarixədək 6 ay müddətinə qəbul edilib. Həmin Müqavilənin 5.2-ci bəndində göstərilir ki, müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçı ilə Bank arasında bağlanmış sözügedən müqavilənin şərtlərini təfsir edərkən, müqavilənin müddətinin 19 iyul 2017-ci il tarixdə bitməsini, müqavilənin qeyd olunan şərtinə görə müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürəlmədikdə, bu müqavilənin eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilməsini nəzərə almadan, Bankın müqavilənin müddətini birtərəfli qaydada, iddiaçıya məlumat vermədən, müqavilə şərtlərinin dəyişdirilməsinə dair əlavə saziş bağlamadan uzatmasına dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin mənasına görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Bu zaman məhkəmə bütün müvafiq halları, o cümlədən müqaviləyə qədərki danışıqları, yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, habelə tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Göründüyü kimi, sözügedən müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin müddəti bitdikdən sonra iddiaçı əmanətini götürmədiyi üçün müqavilə Bank tərəfindən eyni şərtlərlə, lakin həmin günə Bankda qüvvədə olan 12,5 faiz dərəcəsi ilə avtoprolonqasiya edilib. Apellyasiya instansiyası məhkəməsi bu hala, yəni müqavilənin müddətinin bitdiyi günə Bankda qüvvədə olan faiz dərəcəsini, habelə həmin andan etibarən iddiaçı tərəfindən yerləşdirilən əmanət qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşdığı üçün, sığortalı əmanətlər kateqoriyasından çıxarılmasını nəzərə almayıb. Daha sonra, işdən görünür ki, Bankda sığorta hadisəsi baş verdikdən sonra iddiaçının Bank qarşısında olan kredit tələbi, yəni əmanətin qalıq hissəsi “Banklar haqqında” Qanunun 76, 77-ci maddələrinə əsasən qeydə alınıb və həmin Qanunun 82-ci maddəsinin tələblərinə uyğun olaraq növbəlilik qaydasında icra edilir. İşin bu halları iddiaçının iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi, habelə cavabdehin yazılı etirazı və ona əlavə edilmiş Bank hesabından çıxarışla da təsdiq olunur. Belə ki, həmin Çıxarışa görə, 29 dekabr 2019-cu ildən 01 oktyabr 2021-ci il tarixədək olan dövrün əvvəlinə iddiaçının nominal qalıq əmanəti 17.086,68 manat təşkil edib və Bankın tərtib etdiyi qrafikə əsasən iddiaçıya 4.751,25 manat tranş üzrə ödəniş icra edilib. ...”

d) Proses iştirakçılarının izahatı

20. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər;

22. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu

23. Maddə 8.1.20 Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir

24. Maddə 25.1.4 Əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır.

25. 22. Maddə 26.2 Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.

26. Maddə 27.2 Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

34. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

35. İşin halı ondan ibarətdir ki, iddiaçı ilə Bank arasında bağlanmış 19 yanvar 2017ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən, iddiaçı Banka illik 15 faizlə 6 ay müddətinə 16.000 manat əmanət qoyub. Əmanət qoyularkən illik 15 faiz dərəcəsi olduğu üçün qorunan əmanət statusunda olub.

36. İddiaçı ilə Bank arasında bağlanmış sözügedən müqavilənin 1.4-cü bəndinə görə, əmanət 19 yanvar 2017-ci ildən 19 iyul 2017-ci il tarixədək 6 ay müddətinə qəbul edilib.

37. Həmin Müqavilənin 5.2-ci bəndində göstərilir ki, müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir.

38. Sözügedən müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin müddəti bitdikdən sonra iddiaçı əmanətini götürmədiyi üçün müqavilə Bank tərəfindən eyni şərtlərlə, lakin həmin günə Bankda qüvvədə olan 15,5 faiz dərəcəsi ilə avtoprolonqasiya edilib.

39. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.

40. Həmin Qanuna əsasən X6 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.

41. Kollegiya qeyd edir ki, qeyd olunan müqavilə 15,5 faiz dərəcəsi ilə avtoprolonqasiya edilməklə həmin andan etibarən iddiaçı tərəfindən yerləşdirilən əmanət qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşmış və sığortalı əmanətlər kateqoriyasından çıxmışdır.

42. Digər tərəfdən işin halları ilə təsdiqlənmişdir ki, Bankda sığorta hadisəsi baş verdikdən sonra iddiaçının Bank qarşısında olan kredit tələbi, yəni əmanətin qalıq hissəsi “Banklar haqqında” Qanunun 76, 77-ci maddələrinə əsasən qeydə alınıb və həmin Qanunun 82-ci maddəsinin tələblərinə uyğun olaraq növbəlilik qaydasında icra edilir.

43. Həmçinin, 29 dekabr 2019-cu ildən 01 oktyabr 2021-ci il tarixədək olan dövrün əvvəlinə iddiaçının nominal qalıq əmanəti 17.086,68 manat təşkil edib və Bankın tərtib etdiyi qrafikə əsasən iddiaçıya 4.751,25 manat tranş üzrə ödəniş artıq icra edilmişdir.

44. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.

45. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

46. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4389/2021 saylı iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar