Məhkəmə qərarları › İş №2(103)-818/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-818/2024

11.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-818/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək müqaviləsinə işçinin təşəbbüsü əsasında xitam verilməsi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2020-ci il tarixində Şirvan RETSİ-nin X4 Enerji satış şöbəsinə iki ay sınaq müddəti ilə nəzarətçi mühəndis vəifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə həmin vəzifədə Şirvan RETSİ-nin Hacıqabul EŞ-nin Enerji satış şöbəsinə keçirilmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin sədrinə ünvanlandığı ərizədə göstərmişdir ki, xx.xx.2022-ci il tarixindən başqa müəssisədə işə keçməsi ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edir.

3. "xxxx" ASC-nin sədrinin xx.xx.2022-ci il tarixli k/22-05851 saylı əmri ilə, Şirvan RETSİ-nin X2 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq-hesabının (xx.xx.2022xx.xx.2022-ci iş ilinə görə 5 t/g istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi barədə göstəriş verilmişdir.

4. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilməsi ilə bağlı bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “Müəssisə tərəfindən təqdim edilən sənədlərdən və tərəfimizdən mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilən zaman sizinlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixlində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişinizlə xitam verildiyi məlum olmuşdur. Həmçinin, “Azərişıq" ASC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdə əmək məzuniyyətindən istifadə ilə bağlı xx.xx.2022-ci ildə işəgötürənə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixindən əmək məzuniyyətinə çıxmaq istədiyiniz bildirilmiş və xx.xx.2022ci il tarixli K/22-03801 nömrəli əmrlə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək məzuniyyətinə buraxılmış, işə başlama tarixinizin isə xx.xx.2022-ci il kimi müəyyən edildildiyi məlum olmuşdur. Lakin xx.xx.2022-ci il tarixli 01/05-2/4-a nömrəli təqdimata əsasən öz razılığınızla xx.xx.2022-ci il tarixində əmək məzuniyyətindən geri çağrıldığınız müəyyən edilmişdir. Həmin sənədlərdən, ərizəniz əsasında xx.xx.2021-ci il tarixli K/21- 01439 nömrəli əmrlə Şirvan RETSİ X4 Enerji Satış şöbəsindən Şirvan RETSİ X2 Enerji Satış şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə keçirilməyiniz məlum olmuşdur. Eyni zamanda istehsalat xarakterli xəsarət almağınızla bağlı tərəfimizdən X5 Xidmətinin müvafiq şöbəsinə məlumat verilmişdir. Qeyd olunan məsələnin nəticəsi barədə sizə müvafiq qayadada cavab veriləcəkdir”.

6. İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olmaqla ali təhsillidir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) "xxxx" ASC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli k/22-05851 saylı əmrinin qanunsuz sayılaraq ləğv olunması, Şirvan RETSİ-nin Hacıqabul EŞ-nin Enerji satışı şöbəsinə nəzarətçimühəndis vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən "Azərişıq” ASC-nin Şirvan RETSİ-nin X4 Enerji satış şöbəsində iki ay sınaq müddəti ilə nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə həmin vəzifədə Şirvan RETSİ-nin Hacıqabul EŞ-nin Enerji satışı şöbəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixinədək həmin vəzifədə işləmiş, 07 dekabr 2022-ci il tarixdə "xxxx"ASC-nin sədri Vüqar Əhmədovun k/22-05851 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli k/22-05851 saylı əmrini qanunsuz hesab edir. Belə ki, X2 rəisi Ə.Abbaszadə onu yuxarı vəzifəyə yəni, Şirvan RETSİ-nin X4 Enerji satış şöbəsində aparıcı mühəndis vəzifəsinə təyin etdirəcəyi vədi ilə aldadaraq xx.xx.2022-ci il tarixdə "Azərişıq” ASC-nin sədrinin adına ərizə almış, 07 dekabrda həmin vəzifəyə təyin ediləcəyini bildirmişdir. Vəifədə yüksəliş həvəsi ilə ərizə vermişdir ki, 07 dekabr 2022-ci il tarixdən başqa müəssisədə işə keçməsi ilə əlaqədar onu işdən azad etsinlər. Ərizəni verərkən bir qədər tərəddüd etmiş, Ə.Abbaszadə ona ərizənin aşağı hissəsindəki yazıları göstərib demişdir ki, onun vəzifəyə getməsinə Enerji satışı departamentinin direktoru E.Dadaşov, Şirvan RETSİ-nin rəisi Z.Ağayev və o, etiraz etmirlər. Belə ki, ərizənin aşağı hissəsində hər üçünün adı qeyd edilib. Ərizəni imzaladıqdan sonra onlar da etiraz etmədikləri barədə imza atacaqlar və sonda ərizə cənab sədrə (V.Əhmədov) təqdim olunacaqdır. Bununla da o, yuxarı vəzifəyə təyin ediləcəkdir. Lakin bir neçə gündən sonra bilmişdir ki, aldanmış, ümumiyyətlə işdən azad edilmişdir. Halbuki, həmin vaxt heç bir işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Bundan başqa əmrin surəti və əmək kitabçası ona çox gec çatdırılmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli k/22-05851 saylı əmrini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almış, bundan sonra mediasiya üçün müraciət etmiş, mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya arayışını almış, elə həmin gün də iddia ərizəsini məhkəməyə göndərmişdir.

9. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiaçının, əmək müqaviləsinə xitam verilməsinə dair əmri xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almaqla onunla tanış olduğunu bildirmişdir.

10. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı öz arzusu ilə işdən azad olunması barədə ərizə təqdim etmiş və bunun əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı, iddia tələbində göstərdiyi dəlillərə dair sübut təqdim etməmişdir, odur ki, iddianın heç bir hüquqi əsası yoxdur. Eyni zamanda, iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, “Azərişıq" ASC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verildiyi səbəbindən xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən onun son haqq hesabı ödənilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2023-cü il tarixdə Sabirabad 1 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya sessiyasında "xxxx" ASC-nin iştirak etməməsi barədə xx.xx.2023-cü tarixli MŞS/MT023/2023-01287 saylı arayış verilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmədə qeydiyyata alındığından, o, 1 aylıq iddia müddətini ötürmüşdür.

11. Birinci instansiya məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə əsas iddiaçının öz təşəbbüsü olmuş, o, işəgötürənə yazılı ərizə ilə müraciət etməklə “başqa müəssisədə işə keçməsi ilə bağlı” onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, bunun əsasında da işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının işəgötürən tərəfindən aldadılaraq, onun Şirvan RETSİ-nin X4 Enerji satış şöbəsində aparıcı mühəndis vəzifəsinə təyin ediləcəyi vədi ilə ərizə yazdırılması dəlilləri işin hər hansı halı ilə öz təsdiqini tapmamış, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsinin (vəkilinin) əmri imzalamış "xxxx" ASC-nin sədri X3 əmr imzalanan gün, yəni xx.xx.2022-ci il tarixdə ölkə hüdudlarından kənarda olduğu dəlili ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu göndərilmiş, sorğuya cavab olaraq təqdim edilmiş məlumatlardan bəlli olmuşdur ki, V.C. Əhmədovun xx.xx.2022-ci il tarixdən etibarən dövlət sərhəddindən ilk hərəkəti xx.xx.2022-ci il tarixdə ölkədən çıxışı olmuşdur. Bununla da, onun əmr imzalandığı tarixdə ölkə hüdudlarından kənarda olması şübhəsinin əsassız olduğu təsdiqini tapmışdır.

13. İddiaçının iddia müddətini ötürməsi dəlilinə münasibətdə məhkəmə vurğulamışdır ki, iddiaçı cavabdehlə aralrında bağlanmış əmək müaviləsinə xitam verilməsi barədə əmrin surətini xx.xx.2023-cü il tarixdə qəbul etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi barədə təklifi xx.xx.2023-cü il tarixdə göndərmiş, xx.xx.2023-cü il tarixdə "İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışı əldə etməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir.

14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə, 69-cu, 76.1-ci, 83-cü, 84-cü, 296-cı və 300-cü, Mülki Prosessual Məcəllənin 4.5-ci, 4.6-cı, 77.1-ci, 89-cu maddələrinə istinad etmişdir.

15. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, ədalətsiz və qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

19. Maddə 68 (2-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü...

20. Maddə 69 (1-ci hissə). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

21. Maddə 69 (3-cü hissə). İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

22. Maddə 69 (4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

23. Maddə 69 (5-ci hissə). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

24. Maddə 69 (6-cı hissə). İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

25. Maddə 69 (7-ci hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

26. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

27. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

38. Belə ki, iddiaçı, cavabdehin rəhbərinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, bu ərizə əsasında onun əmək müqaviləsinə xitam verilmişdir.

39. Başqa sözlə, işəgötürən həmin əmri verdiyi zaman əmək qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarına uyğun hərəkət etmişdir və birinci instansiya məhkəməsi də bu əmrin ləğv olunması və işə bərpa tələblərini təmin etməməkdə haqlı olmuşdur.

40. Kollegiya iddiaçının “işdən çıxmaq barədə ərizəni iradəsi əleyhinə (aldadılması nəticəsində) yazdığı” dəlili ilə bağlı qeyd edir ki, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı necə aldadılmış olduğunun ağlabatan izahını verə bilməmişdir.

41. Xüsusilə qeyd olunmalıdır ki, ali təhsilli olan iddiaçının “başqa müəssisədə işə keçmək”lə, “vəzifənin dəyişdirilməsi” anlayışları arasındakı fərqi bilməməsi inandırıcı deyildir.

42. İddiaçının, “mübahisələndirilən əmri imzalamış şəxsin əmr verildiyi tarixdə ölkə hüdudlarından kənarda olduğu şübhəsinin mövcudluğu” arqumentinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, həmin hal təkbaşına əmrin qanunsuz sayılması üçün əsas yaratmır; digər tərəfdən isə, Dövlət Sərhəd Xidmətinin məhkəmənin sorğusuna verdiyi cavab məktubundan aydın olur ki, X3 xx.xx.2022-ci il tarixindən sonra dövlət sərhəddində ilk hərəkəti (sərhədkeçməsi) xx.xx.2022-ci il tarixində qeydə alınmışdır – bu isə o deməkdir ki, adı çəkilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında olmuşdur.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3631/2023 saylı iş üzrə 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar