Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8180/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” X3rşı “haqq-hesab sənədinin tərtib edilməsinə dair göstəriş verilməsi, aylıq əmək haqqının müəyyən edilməsi, hesablanmış məbləğin bank hesabına köçürülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2013-cü il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Universitetin nümayəndəsi X1 və iddiaçının iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Universitetin mühasibatlığı tərəfindən tərtib edilmiş və ona aid haqq-hesab sənədində qeyd olunan məlumatların həqiqiliyi və qanuna uyğunluğunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, 157, 173 və 176-cı maddələri əsasında yoxlanılmaqla, iş üzrə üçüncü şəxs olan “xxxx” ASC-nin Yasamal Filialının (bundan sonra – Bank) təqdim etdiyi “Hesabdan çıxarışın” məlumatları ilə müqayisələndirilməsi, real hesablamalardan ibarət olan haqq-hesab sənədinin tərtib edilməsinə dair Universitetə rəsmi göstəriş verilməsi, onun cavabdeh Universitetin iki müxtəlif vəzifə üzrə səlahiyyətləri icra etdiyi nəzərə alınmaqla aylıq əmək haqqının ümumi məbləğinin müəyyən edilməsi, hesablanmış məbləğin onun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh Universitetin tədris hissəsinin müdiri vəzifəsində və 0,5 ştat vahidi ilə kimyanın tədrisi və metodikası kafedrasında dosent əvəzi - baş müəllim işləmişdir. 2016-cı ilin may ayından 2017-ci ilin aprel ayına kimi Universitetin mühasibatlığı iddiaçının bank hesabına hər ay əmək haqqı kimi (153,9+834,71=) 988,61 manat və (153,9+837,37=) 991,27 manat arasında dəyişməklə pul ödəmişdir. Qeyd olunan əmək haqlarının ödənişindən əvvəl Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq hesablanmış əmək haqqından hər ay tutulmalar icra olunmuşdur. Ödəniş tapşırıqlarının icrasından məlum olur ki, iddiaçının bir aylıq əmək haqqısı 1.057 manat təşkil etməmişdir. Bununla yanaşı Universitetin mühasibatlığı tərəfindən tərtib edilmiş haqq-hesab cədvəlindən görünür ki, burada iddiaçıya verilmiş mükafat, tərəflərdən birinin digərinə ödənilməmiş pul borcunun olub-olmaması da qeyd olunmamışdır. İş üzrə üçüncü şəxs olan Bankın təqdim etdiyi “Hesabdan çıxarışda” qeyd olunan məlumatlardan görünür ki, 2016-cı ilin may ayından 2017-ci ilin aprel ayına kimi olan dövrdə “31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü” ərəfəsində xx.xx.2016-cı il tarixdə iddiaçının bank hesabına Universitet tərəfindən ümumilikdə (153,9+931,91=) 1.085,81 manat pul vəsaiti ödənilmişdir. Bu ödənişin icrası ilə sübut olunur ki, hesabatın aparıldığı dövr üzrə iddiaçıya mükafatların verilməsi faktları da mövcud olmuş, lakin Universitetin mühasibatlığı qəsdən belə ödənişləri tərtib olunmuş haqq-hesab sənədlərindəki məlumatlara daxil etməmiş, bununla da cavabdeh şəxslər tərəfindən Əmək Məcəlləsinin 154, 157 və 173-cü maddələrinin tələbləri kobud sürətdə pozulmuşdur. İş üzrə mövcud olan faktiki hallardan məlum olur ki, hesablanmış 1.057 manat vəsaitdən 19% tutulmalar çıxılandan sonra iddiaçıya ödənilməli olan nağd pul vəsaitinin ümumi məbləği 856 manat təşkil etməli olduğu halda, hər ay onun hesabına 988,61 manat və daha artıq nağd pul vəsaitləri ödənilmişdir. Bu faktın mövcudluğu birmənalı şəkildə sübut edir ki, Universitetin mühasibatlığı tərəfindən tərtib olunmuş haqqhesab sənədləri saxta məlumatlardan ibarət olmuş və bununla mühasibatlıq onun əmək haqqının məbləğini az qeyd etməklə, bir günlük əmək haqqının azaldılmasına nail olmuş, nəticədə isə istifadə edilməmiş məzuniyyət günlərinə görə 2011-2017-ci illərin müvafiq dövrü üçün ona ödənilməli olan kompensasiya haqlarının ümumi məbləği azaldılmışdır. Tutulmalarla birlikdə Bankın təqdim etdiyi rəsmi məlumatlarda qeyd olunan məbləğləri hesabladıqda məlum olur ki, onun bir aylıq əmək haqqısı (hər iki vəzifəninin icrası ilə bağlı) 1.200 manat təşkil etmiş və bir günlük orta əmək haqqı təxminən 40 manatdan ibarət olmuşdur. Universitetin mühasibatlığı isə iddiaçının bir günlük əmək haqqısını 33,99 manat olaraq müəyyən etmiş, bu məbləği 185 təqvim günü istifadə edilməmiş məzuniyyət günlərinə vurmaqla ödənilməli olan kompensasiya haqlarının məbləğini müəyyən etmiş, nəticədə isə hesablanmış 6.288,08 manatla ödənilməli olan 7.400 manat arasında (bir günü 40 manat olmaqla) 1.112 manat fərq yaranmış və bu məbləğ qəsdən azaldılaraq ona maddi ziyan vurulmuşdur. Universitet üzrə verilmiş xx.xx.2017-ci il tarixli, 1/156 nömrəli əmrlə iddiaçı qanunsuz olaraq işdən azad edilmişdir. Hazırkı vaxta kimi iddiaçının əmək haqqı fərqi ödənilməmişdir. Bundan başqa iddiaçı hesab edir ki, iddia müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Çünki onun nümayəndəsinin müraciətinə məhz elə həmin tarixli məktubla cavab verilmişdir. Buna görə də iddia müddəti həmin vaxtdan hesablanmalıdır. İş üzrə cavabdeh X4 iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia əsassızıdır. Bundan başqa iddiaçı heç bir üzrlü səbəb olmadan iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Lakin iddiaçı əmək qanunvericiliyndə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Buna görə də, iddia rədd edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin məzmununa uyğun olaraq əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, iddiaçının hüququnun pozulduğu gün xx.xx.2020-ci il tarixidir. Belə ki, Universitetin mühasibatlığının tərtib etdiyi sənədlər həmin tarixdə göndərilmişdir. Buna görə də iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. İddiaçı iddia müddətini ötürməmişdir. Bundan başqa, hesabdan çıxarışdan görünür ki, iddiaçının hər iki vəzifə üzrə aylıq əmək haqqısı 988,61 manat olmuşdur. Həmin məbləğin üzərinə 19 faiz tutma gəldikdə bu məbləğ 1.189,61 manat edir. Deməli, iddiaçının əmək haqqı 1.189,61 manat olmuşdur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Universitetin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaya qarşı verilmiş etirazın məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Apellyasiya baxışının yeri və vaxtı barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olan Bankın nümayəndəsi apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh Universitet tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, iddiaçının aylıq əmək haqqısı 997 manat təşkil edirdi. Son haqq-hesabın ödənilməmiş məzuniyyət günləri 185 gün olmaqla iddiaçıya 6.288,08 manat məbləğində müavinət hesablanmışdır. Universitetin mühasibatlığı tərəfindən təqdim edilmiş cədvəllərin surətindən göründüyü kimi, iddiaçının aldığı əmək haqqı 1.057 manat təşkil etmişdir. İddiaçı, həmin məbləğin göstərilən məbləğdə deyil, çox olduğunu bildirsə də, bu dəlilini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. İddiaçının göstərdiklərini təsdiq edilməsi istiqamətində Rayon Məhkəməsi tərəfindən aparılmış araşdırmalar isə iddiaçının dəlillərinin əsaslı olduğunu təsdiq etməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdeh Universitetə qarşı irəli sürülmüş iddia tələbi sübuta yetmir. Bundan başqa qeyd edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh Universitet tərəfindən verilmiş “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəni əsaslı hesab edərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-ci maddəsinə görə, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi qüvvədə olan qanunvericilik iddia müddətinin axımının başlanma vaxtını şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günə bağlayır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir və həmin gün də işçi ilə son haqqhesab aparılmışdır. İddiaçı onunla son haqq-hesab aparılan gün bilməli idi ki, onun əmək haqqı nəzərdə tutulandan daha az ödənilib ya yox. Lakin iddiaçı xx.xx.2020-ci il tarixdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tam ödənilməmiş, işlədiyi illər ərzində məhrum olduğu bir qisim əmək haqqının ödənilməsini tələb edir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçı tərəfindən cavabdeh Universitetə qarşı irəli sürülmüş iddia tələbi əsaslı olmuş olsa idi belə, iddia müddətinin keçməsi səbəbindən təmin edilə bilməzdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın əsassız olmasını və iddia müddətinin keçməsini nəzərə alaraq iddianı təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2013-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8180/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8180/2020
27.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver