Məhkəmə qərarları › İş №2(103)-8181/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8181/2021

19.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8181/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2680/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə aralarında bağlanmış 12 yanvar 2021-ci il tarixində bağlanmış əmək müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildən təhsil sahəsində müxtəlif vəzifələrdə işləmişdir. 2011-ci il tarixdən Ağdam Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində işləyir. Cavabdeh təşkilatın 18 mart 2020-ci il tarixli K-367 nömrəli əmri ilə onunla əmək müqaviləsinə 19 mart 2020-ci il tarixdən xitam verilmiş və əmək haqqı müqaviləsinin xitam verilməsinə əsas kimi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. İddiaçı cavabdeh təşkilata və cavabdehin tərəfindən müstəqil tərəf irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona münasibətdə ləğv edilməsi, işə bərpa və məcburi işəburaxmaya görə əmək haqqı fərqinin ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “müddətli əmək müqaviləsinə xitam verilməsi" barədə K367 18 mart 2020-ci tarixli əmri İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Ağdam Rayon Təhsil Şəbəsinin məsləhətçisi vəzifəsində bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı fərqi iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı Ağdam Rayon Təhsil Şəbəsinin məsləhətçisi vəzifəsində bərpa olunması nəzərdə tutulsa da, İddiaçı 6 ay müddətinə, 3 ay sınaq müddəti olmaqla və dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətinə işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam verilməsi şərti ilə əmək müqaviləsi bağlanmasına vadar edilmişdir. Cavabdeh təşkilata müraciət olunaraq işəgötürənin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev ilə işçi İddiaçı arasında 12 yanvar 202l-ci il tarixində bağlanmış əmək müqaviləsi ləğv edilməsi (etibarsız hesab edilməsi) xahiş olunmuşdur. Lakin cavabdeh təşkilat tərəfindən ərizədə göstərilənlərə heç bir əhəmiyyət verilməmiş və bu günə kimi cavablandırılmamışdır. Cavabdeh təşkilatın hərəkətləri qanunsuz hesab edildiyindən mövcud iddia tələbini irəli sürülmüşdür. Belə ki, cavabdeh təşkilatın iddiaçı arasında 12 yanvar 2021-ci il tarixində bağlanmış əmək müqaviləsi etibarsız hesab edilməlidir. Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı oğlu Ağdam Rayon Təhsil Şəbəsinin məsləhətçisi vəzifəsində bərpa olunması nəzərdə tutulsa da, İddiaçı 6 ay müddətinə, 3 ay sınaq müddəti olmaqla və dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətinə işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam verilməsi şərti ilə əmək müqaviləsi bağlanmasına vadar edilmişdir. İkincisi, İddiaçı 2004-cü ildən təhsil sahəsində müxtəlif vəzifələrdə işləmişdir. 2011-ci il tarixdən Ağdam Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində işlədiyindən onunla bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilir. Bununla bağlı Nərimanov Rayon Məhkəməsinin 08.09 2020-ci il tarixli qətnaməsində hüquqi qiymət verilmişdir. Üçüncüsü, 17 il təhsil sahəsində, onun 10 ilini davamlı olaraq Ağdam Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində işləyən işçinin dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçməsini məcburi edən qayda qanunla müəyyən edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2680/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, sübutları düzgün qiymətləndirmədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə onu mübahisələndirmiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, AR Təhsil Nazirliyinin müdddətli əmək müqaviləsinə xitam verilməsi” barədə K-367 18 mart 2020-ci tarixli əmri İddiaçı münasibətdə ləğv edilməsi, onun Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı fərqi ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev ilə İddiaçı arasında 12 yanvar 2021-ci il tarixdə bağlanmış Əmək müqaviləsindən görünür ki, İddiaçı 12 yanvar 2021-ci il tarixindən etibarən işə başlamaqla Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin "Əmək müqaviləsinə xitam verilməsi” adlanan 9.5.6-cı bəndindən görünür ki, işçi dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətinə işəgötürənə təqdm etmədikdə əmək müqaviləsi ləğv edilə bilər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli qətnaməsinin icrası ilə bağlı bağlanmış əmək müqaviləsində etibarsızdıq üçün əsaslar yoxdur və buna görə də iddianı təmin etməmişdir Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev ilə İddiaçı arasında 12 yanvar 2021-ci il tarixdə bağlanmış Əmək müqaviləsinin 6 ay müddətinə və 3 ay sınaq müddəti müəyyən olunmaqla bağlanması öz təqsdiqinı tapmır. Digər tərəfdən müəyyən olunmuşdur ki, iddiaçının məhkəmə qətnaməsi əsasında bərpa olunduğu və 2011-ci ildən tutduğu vəzifə dövlət qulluqçusu vəzifəsidir. Belə olan halda məhkəmənin qiymət verəcəyi məsələ tərəflər arasında bağlanmış müqavilənin 9.5.6-cı bəndidir, yəni, “işçinin dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətinə işəgötürənə təqdm etmədikdə əmək müqaviləsinə xitam verilməsi” hissəsidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağla məcbur edilə bilməz. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci madddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 46.5-ci madddəsinə əsasən, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin Məcəllənin 47-ci madddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət ederək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən əmək müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi 12 yanvar 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu və hədə qorxu altında bağlandığı isə sübuta yetirilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, müəyyən edilmişdir ki, iddiaçının məhkəmə qətnaməsi əsasında bərpa olunduğu və 2011-ci ildən tutduğu vəzifə dövlət qulluqçusu vəzifəsidir. Və belə olan halda iddiaçının dövlət qulluqçusu vəzifəsində müddətsiz olmaqla və dövlət qulluğuna qəbul edilməsi ilə bağlı müsabiqədən (test imtahanı və müsahibədən) keçmədən şərtsiz işləməsi konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa zidd olur . Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, mübahisə mövzusu olan əmək müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur, apelyatorun irəli sürdüyü faktiki hallar isə onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2680/2021 saylı, 07 iyun 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar