Məhkəmə qərarları › İş №2(103)-8185/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8185/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8185/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8848/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abdulətif qızına qarşı "mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair" iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 577, 72 saylı evin 444 saylı mənzilindən Cavabdeh2 və onun digər ailə üzvlərinin çıxarılması, daşınmaz əmlakın Alıcıya zərər yetirmədən tam şəkildə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 əvəzinə Bakı şəhəri 3 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə verilmiş 6155 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 Abdulətif qızı ilə aralarında bağlanmış xx xxxx 2016-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.3 kv/m olan mənzili 55000 (əlli beş min manat 00 qəpik) manat ödəməklə, Cavabdeh1 almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri 9 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Mənzilin dəyəri olan 55000 (əlli beş min manat 00 qəpik) manat məbləğində pulu Bakı şəhəri 9 saylı notariat kontorunda xx xxxx 2016-cı ildə rəsmiləşdirilərək, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 Abdulətif qızına verilməsi üçün notariusun “xxxxxxxxxx” ASC-nin 6 saylı şöbəsində açılmış depozit hesabı vasitəsi ilə ödəmişdir. Bundan əlavə 23550 (iyirmi üç min beş yüz əlli) manat pulu nağd şəkildə Cavabdeh1 Abdulətif qızına vermişdir. Ona görə ki, sözügedən mənzil satıcı tərəfindən 78,550 (yetmiş səkkiz min beş yüz əlli) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, məhəllə 577, S.Dadaşov küçəsi, 72 saylı evin 444 saylı mənzilinə dair xx xxxxxxx 2017-cl il tarixli ********* qeydiyyat nömrəli çıxarış xx xxxxxxx 2017-ci il tarixində ona təqdim edilmişdir. Daşınmaz əmlakın alqı-satqısından sonra Cavabdeh1 Abdulətif qızı ilə aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh2 həmin mənzidə iki il müddətində kiirayədə yaşamasına icazə vermişdi. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 8-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 9-cu bəndində göstərilmişdir ki, Satıcı tərəf daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Həmin Müqavilənin 14-cü bəndinə əsasən, “Alıcı”nın faktiki sahibliyinə və istifadəsinə verilənədək satılmış daşınmaz əmlakın təsadüfən məhv olması və zədələnməsi ilə bağlı məsuliyyət “Satıcı”-nın üzərinə düşür. Xüsusi mülkiyyətində olan mənzilin alqı-satqısından xeyli müddət keçməsinə baxmayaraq, dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh mənzili təhvil verməkdən yayınmış, onun müraciətlərinə məhəl qoymamış və bununla da, daşınmaz əmlakın üzərində onun mülkiyyət hüququnu pozmuşdur. ünvan 1 onun xüsusi mülkiyyətində olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək hüquqları məhdudlaşdırılıb, bu da mülkiyyətçi kimi onun hüquqlarını pozur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8848/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 (ailə üzvləri ilə birlikdə) Bakı şəhəri, Yasamal rayonu, məhəllə 577, S.Dadaşov küç., 72 saylı evin 444 saylı mənzilindən çıxarılması və həmin mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov və Vüsalə Baxışova) xx xxxxx 2019-cu il tarixli 2(103)- 3423/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)- 8848/2018 nömrəli qətnaməsi - Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi - hakim), E.Şamayev və A.Abbasovdan ibarət tərkibdə) xx.xx.2020-ci il tarixli 2(102)-2389/2020 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019cu il tarixli 2(103)-3423/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8848/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı aylıq ödəməklə faizə 35000 (otuz beş min) ABŞ dolları borca pul götürmüş, həmin pula görə hər ay 1400 (bir min dörd yüz) ABŞ dolları faiz ödəmişdir. Tərəflərin arasında olan şifahi razılığa əsasən Cavabdeh1 iddiaçıdan aldığı pul məbləğini ödədikdən sonra öz aralarında pula girov kimi qoyulmuş ev yenidən alqı-satqı yolu ilə Cavabdeh2 qaytarılacaqdır. Lakin Cavabdeh1 bir neçə ay pulu ödəyə bilmədikdə iddiaçı heç bir xəbər vermədən məhkəməyə iddia ilə müraciət etmişdir. Qeyd olunan mənzilin alqı-satqısının formal xarakter daşıması və götürülən pula qarant olmasını hər iki tərəf anladığından, alqısatqıdan sonra evdə məhz evin sahibi Cavabdeh2 və ailəsi yaşamağa davam etmişlər. Hazırda qeyd olunan və borc götürülən 35000 (otuz beş min) ABŞ dollarını İddiaçı ödəmək təklifi irəli sürülsə də o, uzun müddət ayda 1400 (bir min iörd yüz) ABŞ dolları olmaqla gəlir əldə etməsinə baxmayaraq Cavabdeh1 təxminən 78000 (yetmiş səkkiz min) manata yaxın pul tələb edir. Bütün bu sübutlar qiymətləndirilmədən məhkəmə tərəfindən ev cavabdeh tərəfin əlindən alınmışdır. Həmin evdə Cavabdeh2 başqa onun ailə üzvləri də yaşasa da, iddiaçı onların yaşayış və istifadə hüquqlarını məhdudlaşdırır. Tərəflər iş materiallarına əlavə sənəd, sübut təqdim etməsə də, iddiaçı ilə cavabdeh arasında danışıqlar olmuş və danışıqlar sülh yolu ilə razılaşdırıldıqdan sonra aralarında yuxarıda qeyd olunan formada şifahi alqı-satqı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 25, Mülki Məcəllənin 740.1, Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 2.1, 220.4, 217, 88, 218, 9.1, 386-cı maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili S.İsmayılov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: İş materiallarında olan xx xxxx 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 577, 72 saylı evin 444 saylı mənzil satıcı Cavabdeh2 tərəfindən (Cavabdeh1 Abdulətif qızının nümayəndəliyi ilə) alıcı İddiaçı satılmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 577, 72 saylı evin 444 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddədinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Kollegiya iş materiallarına və qeyd edilən normaların tələblərinə əsasən müəyyən etmişdir ki, mübahisəli ev Cavabdeh2 tərəfindən alqı-satqı müqaviləsi ilə (i.v. 11) alıcı İddiaçı satılmış və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarış (i.v. 7) əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzildə qanunsuz yaşaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, cavabdehin müvafiq mənzildə yaşaması üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən normaların tələblərinə əsasən, şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Mülkiyyətçinin pozulmuş hüquqları sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda da mülkiyyətçi öz hüquqlarının bərpa edilməsini tələb edə bilər (neqator iddia). Kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzildə qanunsuz yaşaması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Bundan əlavə, Mülki Məcəllənin qeyd edilən 228.1-ci maddəsinin tələblərinə əsasən, cavabdehin həmin mənzildə yaşaması üçün yaşayış binasından istifadə hüququnun olması ilə bağlı qeydin daşınmaz əmlakın dövlət reyestrində mövcud olmasına dair sübut cavabdeh tərəfindən təqdim edilməmiş və iş materiallarında aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin mübahisəli mənzildə qanunsuz yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8848/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar