Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-819/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2019-cu il tarixli 1027 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" MMC rəsmi əmək münasibətlərinə daxil olmuşdur. "xxxx" ASC-nin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 17-K nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 17-K nömrəli əmrinin ləğv edilməsi, "xxxx" MMC-nin Göyçay Su-kanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi çilingər vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma üzrə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə aralarında olan əmək fəaliyyəti dövründə qüsursuz fəaliyyət göstərmiş, heç vaxt intizam tənbehi almamış, işlədiyi dövrdə hər hansı nöqsana yol verməmiş, əmək kollektivinin və rəhbərliyin etimadını qazanmışdır. Buna baxmayaraq, cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə qanunsuz olaraq işdən azad olunmuşdur. Sözügedən iş yeri yeganə qazanc mənbəyi olmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4301/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Əlizadə) iddia rədd olunmuşdur.
5. Məhkəmə hesab etmişdir ki, mülki iş üzrə sübutetmə yükü güclü tərəf olan cavabdeh qismində işəgötürənin üzərində olsa da, əmrin əsaslılığı və qanuniliyi barədə cavabdehin təqdim etdiyi sübutların təkzib edilməsi funksiyası iddiaçı tərəfindən həyata keçirilməmiş, iddiaçı tərəfindən prosessual aktivlik nümayiş etdirilməmişdir. İddiaçı iş yerinin rəhbərliyi tərəfindən qərəzli formada, əvvəllər aralarında olmuş ədavət üzrə işdən çıxarıldığını bildirsə də, bu, sadəcə mülahizə xarakteri daşımış, bu barədə şifahi formada da olsa ağlabatan əsaslar məhkəməyə bildirilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “a” bəndi, 296-cı maddəsinin 2 və 3-cü bəndləri, Mülki Məcəllənin 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
12.Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 13.Maddə 72, bənd “a”. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. 14.Maddə 296, bənd 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 15.Maddə 296, bənd 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16.Maddə 375.2. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 18.Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
20. İddiaçı bildirir ki, bütün gün işdə olmasına baxmayaraq onu qanunsuz işdən azad etmişlər. 21.İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəf işçilərin işə gəlməsinə nəzarət jurnalını, aktlar, izahatları, müxtəlif tibb müəssisələrinin cavab məktublarını təqdim edərək, iddiaçının heç bir üzürlü səbəb göstərmədən işdə olmadığını bildirmişdir. 22.Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “a” bəndini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı 01 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində işə getməmiş, bunun üzürlü səbəblərini işəgötürənə bildirməmiş, cavabdehin müvafiq əmri əsaslı olmuş, iddiaçı əmrin qanunsuz olduğunu təsdiq edən sübutları təqdim etməmişdir. 23.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 24.Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, işçi İddiaçı 13 və 14 iyun 2023-cü il tarixlərdə işə gedərək müvafiq imzalar etmiş və 01 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində işə getmədiyi vaxtlarda və aprelmay ayları üzrə müvafiq günlər üzrə müvafiq qeydlərə qanunsuz qaralamalar, düzəlişlər edərək həmin günləri də imzalamış, bununla da hüquqi və etik baxımdan intizamsızlıq, saymazyanalıq, hörmətsizlik nümayiş etdirmişdir. 25.İş materiallarına əsasən müəyyən edilir ki, işəgötürən üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmiş, iddiaçının xəstələnməsi ehtimalını nəzərə alaraq müvafiq sorğularla tibb müəssisələrinə yazılı müraciətlər etmiş, iddiaçının evinə əməkdaşlarını göndərmiş, iddiaçıya yazılı müraciət etmiş, qeyd olunan prosesləri rəsmi şəkildə sənədləşdirməklə hüquqi intizam nümayiş etdirmişdir. 26.Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə Göyçay Sukanal sahəsinin rəisi S.Mahmudov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surəti əlavə edilmişdir. Həmin aktın doğruluğunu E.Hacıyev, B.Yəhyayev, C.Bayramov, İ.Abdullayev adlı şəxslər təsdiq etmişlər. Aktda iddiaçının iyun ayında işə gəlmədiyinə görə 9 iş gününə naməlum gəlmə işarəsi qoyulan bütün xanaları ağardıcı ilə ağardaraq qol çəkdiyini, iddiaçının “hər gün işə çıxmışan, sahə rəisinin tapşırığı ilə jurnala qol çəkib işimə gedirəm” dediyini bildirmişlər. 27.İddiaçı aktı imzalamış C.Bayramov və İ.Abdullayev adlı şəxslərin aldadılaraq aktı imzaladıqlarını bildirsə də, bunu əksini sübuta yetirə bilməmişdir. Bundan əlavə həmin aktın mötəbərliyi şübhə altına alınsa belə, işdə olan kifayət qədər sübutlar - arayışlar, xidməti məlumatlar, digər işçilərin təsdiq xarakterli izahatları və hüquqi əhəmiyyət kəsb edən digər sənədlər (İşəgötürən tərəfindən İddiaçı yaşadığı ünvana gedilməsi, İddiaçı rəsmi məktubla müraciət edilməsi və s.) iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi üçün kifayət edir.
28. Kollegiya onu da nəzərə alır ki, iddiaçı nə iddia ərizəsində, nə də birinci instansiya məhkəməsində işə baxılan zaman verdiyi izahatlarda mübahisələndirilən günlərdə işdə olduğunu təsdiq edən heç bir sübuta istinad etməmişdir. 29.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 30.Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şahidlərin dindirilməsi barədə iddiaçının vəsatətini əsassız sayaraq rədd etdi. Əvvəla, iddiaçı həmin sübutları birinci instansiya məhkəməsində işə baxılarkən nəyə görə təqdim edə bilməməsini əsaslandıra bilməmişdir. O, izahat verərkən birinci instansiya məhkəməsində yadından çıxdığına görə bu şahidlərin dindirilməsini tələb etmədiyini göstərdi. MPM-in 372..2-ci maddəsinin tələbinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübitların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Digər tərəfdən, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 31.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.