Məhkəmə qərarları › İş №2(103)-8195/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8195/2020

09.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8195/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3933/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 texnik vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Ağcabədi rayon Telekommunikasiya Qovşağında texnik vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixə kimi həmin vəzifədə işləmiş və heç vaxt intizam tənbehi almamışdır. X1 vəzifəsini icra edən X10 iddiaçının və digərlərinin xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Ağcabədi rayon Telekommunikasiya Qovşağının inzibati binasında qumar oynamaları barədə onlara intizam tənbehi verilməsi üçün Cavabdeh MMC-nin Baş direktoruna məlumat yazmışdır. Cavabdeh MMCnin Baş direktoru araşdırma aparmadan xx.xx.2020-ci il tarixli 511 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə texnik vəzifəsindən azad etmişdir. Elməddin Mamedov təqdimat yazmazdan əvvəl onun və digərlərinin haqqında Ağcabədi rayon Polis şöbəsinə də rəsmi müraciət etmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş Ağcabədi rayon Polis idarəsinin müstəntiqinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, onun və digərlərinin xx.xx.2020-ci il tarixdə saat 22 radələrində X3 inzibati binasında qumar oynamaları təsdiq edilmədiyinə, yəni əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddələrinin əlamətləri olmadığına görə barələrində inzibati icraat başlanması rədd edilmişdir. X3 rəisi vəzifəsini icra edən Elməddin Mamedovun mobil telefonu ilə çəkdiyi video görüntüdə də onların qumar oynamaları təsdiq edilmir. Belə ki, həmin video görüntüdə masanın üzərində qumar oyunu üçün pul vəsaitləri, maddi və ya sair nemətlər (uduş) olması görünmür. Onlar kartla qumar yox, bekarçılıqdan “duraki” oyunu oynamışlar. Onların az bir vaxt ərzində kartla “duraki” oynamalarının vəzifələrini yerinə yetirməyə heç bir maneçiliyi olmamışdır. Onlar həmin günü vəzifə borclarını tam yerinə yetirmişlər, əmək və icra intizamının normal ahəngini pozmamışlar, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmamışlar. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 511 saylı əmrində göstərilmişdir ki, onun vəzifəsindən azad edilməsinə həmkarlar ittifaqı razılıq vermişdir. Hansı ki, o həmkarlar ittifaqının iclasına dəvət edilməmiş və ümumiyyətlə həmkarlar ittifaqının onun əmək müqaviləsinə xitam verilməklə vəzifəsindən azad edilməsi ilə əlaqədar iclası keçirilməmişdir. Bundan əlavə xx.xx.2020-ci il tarixli 511 saylı əmri verilməzdən əvvəl onun izahatı alınmamışdır. Həmçinin həmin əmr ona 1 ay 8 gün keçdikdən sonra vermişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3933/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, onunla bağlanmış əmək müqaviləsi Cavabdeh MMC-nin baş direktorunun xx xxx 2020-ci il tarixli əmri ilə ləğv edilərək ləğv edilmə üçün əsas olmuş xx xxxxx 2020-ci il tarixdə iş yerində qumar oynaması faktı üzrə inzibati məsuliyyətə cəlb edilməsi barədə Polis şöbəsinin qərarı olmamışdır. Əksinə qumar oynamasının təkzib edilməsi barədə Ağcabədi rayon Polis Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarı olmuşdur. Həsənovun xx xxxxx 2020-ci il tarixdə saat 22-00 radələrində iş yerində qumar oynamasını təsdiq edən Ağcabədi rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarı isə, həmin qərarın qüvvədə saxlanılmasına dair Ağcabədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verildiyinə görə qanuni qüvvədə olmamışdır. İddiaçı Həsənov xx xxxxx 2020-ci il tarixdə gecə saat 22-00 radələrində iş yerində 10-15 dəqiqə kartla qumar yox, “Duraka” oynamışdır. Həsənovun hətta qumar oynaması təsdiq edilmiş olsa belə, Cavabdeh MMC tərəfindən məhkəməyə Həsənovun həmin hərəkəti ilə özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozulmasını, habelə işəgötürənin, əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulmasını təsdiq edən sübutlar təqdim etməmişdir. İddiaçı Həsənovla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə razılıq verilməsi üçün Cavabdeh MMC-nin baş direktorunun xx xxx 2020-ci il tarixli məktubu X3 X4 ümumi yığıncağında, təşkilatın üzvlərinin ən azı yarısından çoxunun iştirakı ilə baxılıb müzakirə edilməklə qərar verilməli olduğu halda, X4 sədri, sədr müavini və iki nəfər üzvündən ibarət tərkibdə baxılaraq xx xxx 2020-ci il tarixli razılıq qərarı verilmişdir ki, həmin tərkibin belə bir məsələni müzakirə edib qərar qəbul etmək səlahiyyəti olmamışdır. Ona görə də, Həsənovla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səlahiyyəti olmayan dörd nəfərdən ibarət tərkib tərəfindən razılıq verilməsi yüz nəfərə yaxın üzvü olan Ağcabədi rayon Telekommunikasiya qovşağının X8 tərəfindən verilmiş razılıq hesab edilə bilməz. Bu isə onu təsdiq edir ki, Həsənovun vəzifədən azad edilməsinə X8 razılıq verməmişdir. Cavabdeh MMC-nin baş direktoru iddiaçı Həsənovla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx xxx 2020-ci il tarixli əmri verməzdən əvvəl ondan izahat almalı olduğu halda, izahat almamış və bununla da, Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X28 apellyasiya şikayətin müdafiə etdilər, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları”nın 3.2-ci bəndinə əsasən, Cəmiyyətin mənafeyinə zidd olan işləri, hərəkətləri (hərəkətsizliyi) etməmək, Nazirliyin və Cəmiyyətin adına xələl gətirə bilən yerlərdən, hərəkətlərdən və şəxslərlə əlaqədən çəkinmək işçinin əsas vəzifələrindəndir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, işçilər nümunəvi nizam-intizamı və davranışıilə Cəmiyyətin adına olan ictimai etimadı yüksəltməli, hüquq və vəzifələrini davranış və nizam-intizam prinsiplərinə müvafıq olaraq həyata keçirməlidirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçiiərin etik davranış Qaydalan”nın 5.4-cü bəndinə əsasən, işçilər onun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərkətlərdən çəkinməlidir. Ağcabədi TKQ-nin texniki vəzifəsində işləyən İddiaçı nizamintizam qaydalarını, həmin dövrdə ölkədə mövcud olan xüsusi karantin qaydalarını pozduğundan, o cümlədən öz iş vaxtı əmək funksiyalarını yerinə yetirməyərək, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozan bir neçə işçi ilə birlikdə müəssisədaxili normativ sənədlərin, o cümlədən normativ hüquqi aktların tələblərinə zidd hərəkətlərə yol verdiyindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə Ağcabədi TKQ Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır. İddiaçı tələbini əsaslandırarkən, Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına istinad etmiş və barəsində inzibati xətanın tərkibi olmadığı bildirilmişdir. Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, xx.xx.2020-ci il tarixdə qəbul olunmuş yeni qərarda İddiaçı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tərkibi olduğundan, o inzibati məsuliyyətə cəlb edilmişdir. Nəzərə alınmalıdır ki, Ağcabədi rayon Telekommunikasiya Qovşağı mübaribə zonasında yerləşir, strateji obyek hesab olunur. Orada işçilərin, hətta mühafizəçi öz işlərini qoyub, “qumar” oynamışlar. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə tərəflərə növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3933/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/1102 nömrəli material üzrə X5 əməlində cinayət tərkibi olmadığı barəsində cinayət işi başlanmasının rədd edilməsi, toplanmış material üzrə X9 barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi, X14, X24, X18, X19, X11 və X7 əməllərində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraat başlanması rədd edilməsi qərara alınmışdır. Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə X9, X24, X14, X19, X18, X11 və X7 əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2.-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin nəzərə alınması, X24, X14, İddiaçı, X18 və X6 barələrində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ağcabədi RPŞ-nin İTBnə göndərilməsi qərara alınmışdır. Ağcabədi rayon Məhkəməsinin 6(017)-5/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli “cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlannın qanuniliyinin yoxlanılması nəticələrinə dair” qərarından görünür ki, X12 şikayəti təmin olunmamış, Ağcabədi rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X13 HK-1/1102 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 3(017)-508/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumar qoyulmuş oyun kartları müsadirə olunmaqla, barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. X16 Həmkarlar ittifaqı Respublika Komitəsi Ağcabədi TKQ-nin Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin xx.xx.2020-ci il tarixində onlayn iclasının 01 saylı protokolundan görünür ki, gündəlikdə olan məsələ Cavabdeh MMC-nin baş direktoru S.Paşayevin (işəgötürən) X3 Həmkarlar İttifaqı Komitəsinə daxil olmuş xx.xx.2020-ci il tarixli 102-xx/xx/0092 saylı məktubunun müzakirəsi olmuş, Ağcabədi TKQ-nin rəis müvavini vəzifəsində işləyən X25, texnik vəzifəsində işləyənlər X11, İddiaçı və elektrik montyoru vəzifəsində işləyən X15 ilə Cəmiyyət arasında mövcud olan əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Cavabdeh MMC-nin Baş direktorunun “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, k/ə Ns 511 saylı əmrindən görünür ki, Ağcabədi TKQ-nin texniki İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmr müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə vəzifəsindən azad edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarında həm iddiaçı, həm də qumar oyununun digər iştirakçıları öz izahatlarında həqiqətən də kart oynadıqlarını etiraf etmiş, bu oyunun qumar olmamasına dair dəlillərinə isə qiymət verilərək bu məzmunda ifadələrin onların məsuliyyətdən yayınmaları, özlərini müdafiə üçün bildirdikləri, həqiqəti əks etdirməyən fikir kimi qiymətləndirilmiş və iddiaçı ilə kart oynayan şəxslərin əməllərinin Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmışdır. İddiaçının polis orqanı və məhkəmə tərəfindən qəbul edilmiş və qüvvədə olan qərarı ilə təsdiq edilmiş əməlləri Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları” və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın tələblərinə zidd olmuşdur. Kollegiya hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi intizam tənbehini tətbiq etməkdə haqlı olmuşdur. Kollegiya iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsinin əsaslarından biri kimi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 72-ci maddəsinin e) və f) bəndlərinə əsasən işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X4 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X8na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X8 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının iş yerində qumar oynaması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada cərimə olması Ağcabədi rayon Məhkəməsinin 3(017)-508/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçının həmin vaxtı mübaribə zonası hesab edilən X2 öz əmək funksiyasını yerinə yetirməyərək, “qumar” oynaması, Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları” və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın tələblərinə zidd olmaqla, işin, əmək və icra intizamının pozulması, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə zərər vurması kimi qiymətləndirilməlidir. Apellyasiya mərhələsində cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış izahatdan görünür ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, iddiaçıdan izahat alınmışdır. Bundan əlavə iş materiallarında X16 Həmkarlar ittifaqı Respublika Komitəsi Ağcabədi TKQnin Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin xx.xx.2020-ci il tarixində onlayn iclasının 01 saylı protokolu mövcuddur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3933/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar