Məhkəmə qərarları › İş №2(103)-8199/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8199/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8199/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(006)-3283/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(006)-3283/2021 saylı qətnaməsi ilə (hakim A.İbadzadə), İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı olmaqla, müvəqqəti onun mənzilinə qeydiyyata salınmışdır. Sonradan cavabdeh bir müddət mənzildə yaşadıqdan sonra çıxıb getmişdir. Qeyd olunan mənzil iddiaçı tərəfindən əldə olunmuş və ona dair iddiaçıya çıxarış verilmişdir. Cavabdeh 2006-cı il tarixdən mənzildən çıxıb getmiş və hazırda onun harada olması barədə məlumat yoxdur. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh onun qardaşır. O, onu müvəqqəti qeydiyyat yeri olsun deyə mənzilinə qeydiyyata salmışdır. Əvvəl qardaşı bir müddət mənzildə yaşadıqdan sonra çıxıb getmişdir. Mənzilə görə onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin mənzili o, özü almış və həmin mənzil onların ata evi deyildir. Hazırda cavabdeh 2006-cı il tarixdən onun mənzilində yaşamır və onun harada yaşaması barədə məlumatım yoxdur. O, onun qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş və oradan ona rəsmi olaraq bildirmişlər ki istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını, Nəsimi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İddiaçı apellyasiya icraatı zamanı vermiş olduğu izahatında apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(006)- 3283/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı vermiş olduğu izahatında apellyasiya şikayətinin əsassız olmasını bildirərək, apellyasiya şikayətinin rədd edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, onu 1992-1993-cü ildən yaşadığı və qeydiyyatda olduğu evdən zorla təmir adı ilə çıxarıblar və başqa yaşamağa yeri yoxdur. Uzun illərdir ki, orda-burda müvəqqəti olaraq qohumları gildə kirayələrdə qalır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin Mülki Prosessual Məcəllənin 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir (G.Həsənzadənin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 20.04.2015-ci il tarixli qərarı). Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini iş üzrə tədqiq olunmuş sübutlar və tərəflərin izahatları ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində apellyasiya şikayətinin təmin olunmasını və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(006)-3283/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası yaranmış mübahisənin mahiyyətini, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, gəlinmiş nəticənin daha aydın başa düşülməsi üçün birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası mülki iş materiallarını apellyasiya şikayəti və tərəflərin izahatları ilə müqayisəli təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətinin mahiyyətini düzgün müəyyən etməmiş və nəticə də düzgün olmayan və qeyri-obyektiv nəticəyə gəlmişdir. Ümumiyyətlə məhkəmə araşdırması zamanı hər bir tərəf istər iddiaçı, istərsə də cavabdeh öz iddialarını, etirazlarını əsaslandırmalı, bunun təsdiqi üçün məhkəməyə sübutlar təqdim etməlidir. Bu o deməkdir ki, iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını sübut etməlidir. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr isə təqdim edilmiş sübutları tərəflərin qarşılıqlı münasibətinə uyğun nəzərdən keçirərək ona uyğun maddi hüquq normalarını tətbiq etməlidir. Beləliklə iddiaçının tələbindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı olmaqla, müvəqqəti onun mənzilinə qeydiyyata salınmışdır. Sonradan cavabdeh bir müddət mənzildə yaşadıqdan sonra çıxıb getmişdir. Qeyd olunan mənzil iddiaçı tərəfindən əldə olunmuş və ona dair iddiaçıya çıxarış verilmişdir. Cavabdeh 2006-cı il tarixdən mənzildən çıxıb getmiş və hazırda onun harada olması barədə məlumat yoxdur. Cavabdeh apellyasiya icraatı zamanı vermiş olduğu izahatında göstərmişdir ki, onu zorla mənzildən çıxartmışlar. Hazırda onun qalmağa yeri yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar mülki iş materiallarından aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 24.07.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8 İddiaçı xüsusi mülkiyyətindədir İş materiallarına əlavə edilmiş Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sisteminin çıxarışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8 ünvanında olan şəxslərin qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitem verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılmaya dair qətnaməsi əsasında həyata keçirilməsi barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 5 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən 25.05.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 2006-cı il tarixdən ünvan 2 ünvanda 1992-ci il tarixdən hazırkı dövrədək İddiaçı yalnız ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə kollegiyası hazır ki iddia tələbi üzrə işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinindən müəyyən edir ki, birinci instansiya məhkəməsi tələb üzrə yekun hüquqi nəticəyə gələrkən hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 1999cu il tarixdən 2006-cı il tarixədək olan dövr, yəni, iddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdehin mübahisəli mənzilə qeydiyyata alındığı tarixdə yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Lakin birinci instansiya məhkəməsi diqqətdən qaçırtmışdır ki, tərəflər arasında hüquq münasibətləri 13.01.1993-cü ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 5 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən təqdim edilmiş (Forma 2) arayışdan görünür ki, hazırki iş üzrə Cavabdeh 13.01.1993-cü il tarixdən mübahisə edilən mənzil üzrə qeydiyyatdadır. Bu isə onu deməyi ehtiva edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 1993-cü ildə yarandığından hazırki tələbə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun baxılaraq yekun hüquqi nəticəyə gəlinməlidir. 1993-cü ildə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 1993-cü ildə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddia tələbinə münasibətindən görünür ki, o, tələbi qəbul etmir və bildirir ki, onu zorla mənzildən çıxartmışlar. Hazırda onun qalmağa yeri yoxdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hüquq münasibətləri yarandığı zaman qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin dizpozisiyasından da göründüyü kimi icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bütün qeyd olunanlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, hazırki verilmiş iddia tələbinin təmini üçün heç bir hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(006)- 3283/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(006)-3283/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar