Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-82/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X3 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X4, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə və icraatı birləşdirilmiş iş üzrə X1 cavabdehlər İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinə qarşı mənzilin alğı-satqı müqaviləsinin, reyestr qeydinin və reyestr çıxarışının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 25 saylı evin 81 saylı mənzilinə (bundan sonra – mübahisəli mənzil) dair istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus əşyaları ilə birgə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mübahisəli mənzili 32 saylı notariat kontorunda Cavabdeh5 ilə 2017-ci ilin avqust ayında alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Mənzilin alqı-satqısına dair müqavilə bağlayanda cavabdehlərin hər biri mənzilin satılmasına dair razılıq ərizələrini vermişlər. xx.xx.2018-ci il tarixdən mənzil onun mülkiyyətindədir. Müqaviləyə əsasən cavabdehlər mənzili boşaldıb xx.xx.2018-ci il tarixədək ona təhvil verməli, xx.xx.2018-ci il tarixədək isə mənzildən qeydiyyatdan çıxmalı idilər, lakin cavabdehlər götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli mənzili məcburiyyət, hədə-qorxu təsiri altında satmışdır. Alqı-satqı müqaviləsi Fəridə və Ceyhun adlı şəxslərə olan sələm borcunu pərdələmək məqsədilə bağlanmışdır. İcraatı birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Gəncə prospektindəki 25 saylı binanın 81-ci mənzilinin alqı-satqısı barədə müqavilənin, bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və alıcı İddiaçı verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, barəsində iddia qaldırdığı mənzili azad iradə ifadəsi ilə deyil, məcburiyyət, hədə-qorxu təsiri altında satmışdır. Alqı-satqı müqaviləsi Fəridə və Ceyhun adlı şəxslərə olan sələm borcunu pərdələmək məqsədilə bağlanmışdır. Fəridə adlı şəxs tərəfindən evin satılması ilə bağlı hədələnmişdir. Onun 4 otaqlı və təmirli mənzilini dəyərindən aşağı, 60.000 manata satması real deyildir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh5 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Gəncə prospekti, bina 25, mənzil 81 barədə Bakı şəhər 32 saylı notariat kontorunda 4Ə- 429 nömrə ilə qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, qətnamənin Bakı şəhəri, Gəncə prospekti, bina 25, mənzil 81 barədə cavabdeh İddiaçı adına verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın ləğvi üçün əsas olması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin mənzildə qeydiyyatda olan digər şəxslərin mənzilin satılmasına dair razılıq ərizələrini Xətai rayonunda mənzilin yerləşdiyi ərazidə olan notariat kontorunda alaraq, həmin ünvanda qeydiyyatda olan öz anası ilə 9-cu mikrorayon ərazisində yerləşən notariat kontoruna gələn zaman ona məxsus mənzilə dair alqı-satqı müqaviləsi bağlayacağını bilirdi və öz iradəsini sərbəst ifadə edirdi. Həmin mənzilin dəyəri olan 60.000 manat pul tərəfindən “xxxx” ASC-nın Mərkəzi filialında 42 saylı notariat kontorunun depozit hesabına köçürülmüşdür və həmin məbləğ iddiaçı tərəfindən sonrakı gün bankdan götürülmüşdür və həmin müvafiq sənədlər notarius tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4434/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh5 şikayət verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7348/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsası kimi istinad olunan halların sübut olunmaması qənaətinə gəlsə də, işə mahiyyəti üzrə baxan məhkəmə kimi iş üçün əhəmiyyətli olan bir sıra halları aydınlaşdırmamış, işdə olan bəzi sübutları öyrənməmiş, onları müzakirə etməmiş və qiymət verməmişdir. İşə baxan məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş telefon danışıqları barədə diski mülki işə əlavə etmiş olsa da, həmin diskin sübut kimi qəbul edilib-edilməməsi müzakirə edilməmiş, diskdə olan məlumatlar öyrənilməmiş, həmin məlumatların hazırkı iş üçün əhəmiyyətli olubolmamasına qiymət verilməmişdir. Eləcə də, iddiaçının izahatlarında ona qarşı cavabdeh və digərləri tərəfindən törədilmiş qanunsuz hərəkətlər, eləcə də mübahisələndirilən alqısatqı müqaviləsi ilə bağlı polis və prokurorluq orqanlarında müvafiq araşdırmalar aparıldığı göstərilsə də, işə baxan məhkəmə həqiqətən də belə bir araşdırma aparılıbaparılmadığını, araşdırma aparılmışdırsa onun nəticəsini öyrənməmiş və qiymət verməmişdir. İşə apellyasiya qaydasında yenidən baxılarkən dəyəri işdə olan ekspert rəylərinə əsasən 100.000 manat olan mübahisəli evin cavabdehə cəmi 60.000 manata satılmasının nə dərəcədə ağlabatan və inandırıcı olması da müzakirə edilməli və qiymət verilməlidir. İşə apellyasiya qaydasında yenidən baxılarkən qeyd olunan pozuntular aradan qaldırılmalı, iddia tələbinin əsası kimi istinad olunan halların həqiqətən də mövcud olubolmadığı, alqı-satqı müqaviləsinin başqa bir əqdi pərdələmək məqsədilə, yaxud aldatma, hədə-qorxu, məcbur etmə nəticəsində bağlanıb-bağlanmadığı müəyyən edilməlidir”. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı mənzilin alğısatqı müqaviləsinin, reyestr qeydinin və reyestr çıxarışının etibarsız hesab edilməsi tələbinə dair iş İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclası zamanı İddiaçı, onun nümayəndəsi-vəkili R.Rüstəmov tərəflərindən verilmiş şikayətin məzmununa uyğun verərək Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunmasını; həmçinin Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Cavabdeh5, onun nümayəndəsi-vəkili K.Nəsibov tərəflərindən verilmiş şikayəti müdafiə edərək Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını; həmçinin Ş.Cəfəova tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin bütövlükdə, Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin Cavabdeh5 aid hissədə təmin olunmuş hissəsinin yoxlanılması təşkil edir. Çünki, İddiaçı Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd olunmasını xahiş etmiş, Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsini isə cavabdehlərdən yalnız Cavabdeh5 mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh5 apellyasiya şikayəti təmin edilməməli, Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, İddiaçı apellyasiya şikayəti təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir. İddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinə qarşı mənzilin alğı-satqı müqaviləsinin, reyestr qeydinin və reyestr çıxarışının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Kollegiya aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 və X10 paylı mülkiyyət üzrə onlara məxsus mübahisəli mənzili Cavabdeh5 bağışlamışdır. xx.xx.2017-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 mənzili İddiaçı 60.000 manata satmışdır. Cavabdeh5 və İddiaçı 32 saylı notariat kontorunun xüsusi notariusu X11 xx.xx.2017-ci il tarixli ərizə ünvanlayaraq mənzilin 60.000 manata satılmasına etiraz etməmişlər. Mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, X12 mənzilin satılmasına etiraz etməmiş və razılıq ərizələrini notariat kontoruna təqdim etmişlər. İddiaçı mənzilin alqı-satqı qiyməti olan 60.000 manat pulu 32 saylı notariat kontorunun notariusu Elgün İmanlının depozit hesabına ödəmişdir. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (maddə 339.1). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (359.1). İddiaçı Cavabdeh5 iddia tələbinə sadalanan əsasların mövcudluğunu, eləcə də alqısatqı müqaviləsinin uydurma əqd olduğunu iddia etdiyi halda bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməlidir. Belə ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İş materiallarından göründüyü kimi iddiaçının mənzildə qeydiyyatda olan ailə üzvləri məhz mənzilin satılmasına razılıqlarını ifadə edən yazılı ərizələrə imza etmiş, həmin ərizələr də notariat orqanı tərəfindən təsdiq edilmişdir. İddiaçı qeyd olunan sənədlərdəki imzaların həqiqiliyini də mübahisələndirməmişdir. Belə olan təqdirdə hər hansı sübuta istinad etmədən, yalnız izahatlar əsasında həmin yazılı sənədlərin mötəbərliyini şübhə altına almaq və tərəflərin iradə ifadəsini əks etdirmədiyi barədə qənaətə gəlmək üçün hüquqi əsas yoxdur. İşin əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Fəridə xanımla faizə pul verməmişdir. O, özü ev alqi-satqısı firmasında işləyir. Mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanması üçün heç bir təzyiq edilməmişdir. Alqı-satqının heç bir borcla əlaqəsi yoxdur. Nigar xanım oğlunun xəstəliyi ilə bağlı evi satmasını bildirmişdir. Nigar xanım Fəridə xanımla tanış olublar, o, Nigar xanımı ad günündə tanımışdır. Mənzil 70.000 manata Şəlalə xanıma təklif olunmuşdur. Nigar xanım cavabdehlə qiymət barədə danışıb, razılaşılmayıblar, səhəri gün razılaşıblar. Şəlalə xanımın 60.000 manat pulu var idi və həmin gün də notariusda pul banka qoyulmuş, səhəri gün Şəlalə xanım gəlib pulu Nigar xanıma vermiş, Şəlalə xanım isə sənədlərini götürüb getmişdir. Pulu Nigar xanımın özü götürmüşdür. Alqı-satqıdan sonra Şəlalə xanımdan 1000 manat almışdır. X2 ifadəsində bildirmişdir ki, tərəflərlə qohumluq əlaqələri yoxdur, Şəlalə xanımı tanımır. Nigar xanımla qızıl alveri ilə məşğul olmuş və qızıldan hazırda 9.000 manat pul borcludur. Hər gün gəlib oturub oğlunun xəstə olmasına görə ağlamış və onlardan pul alırmış. Mənzilinin satılmasından xəbəri olub, alqı-satqı prosesinı Nigarın çağırışı ilə sələmə pul verməmiş, iddiaçı ona da pul verməmişdir. Hal-hazırda qızıldan 9.000 manat borcu var və 5 dəst ev geyimi aparmış, lakin onların da borcunu ödəməmiş, gəlini üçün ondan qarnitur almış, amma borcunu hələ də qaytarmamışdır. Evin satılmasından əldə olunan pulu Cavabdeh5 özü götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1). Mənzilin mövcud qiymətinin müqavilədə nəzərdə tutulduğundan yüksək olması barədə iddiaçı tərəfin dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir və tərəflər müqavilələr bağlamaqda və bu müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəstdirlər. İddiaçı üzərində sərəncam vermək hüququna malik olduğu əmlakın müqəddəratını müstəqil şəkildə həll edərək və onu alıcı ilə qarşılıqlı razılıq əsasında müəyyən edilmiş qiymətə istənilən qiymətə satmaq səlahiyyətində olmuş, qanunazidd olmadan satmışdır. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı müvafiq məbləğ müəyyənləşdirilərkən hansı şərtlərin pozulması barədə məhkəməyə mötəbər dəlil təqdim edilməmişdir. Əksinə işdən görünür ki, Cavabdeh5 və İddiaçı 32 saylı notariat kontorunun xüsusi notariusu X11 xx.xx.2017-ci il tarixli ərizə ünvanlayaraq mənzilin 60.000 manata satılması barədə razılığa gəldiklərini bildirmişlər. Həmçinin, Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh5 intihara cəhd etməsi faktı Xətai Rayon Prokurorluğunda araşdırılmış, xx xxxxx 2018-ci il tarixli qərarla toplanmış material üzrə Ceyhun Fərəcov və Fəridə Ələkbərovanın əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdır. Həmçinin, həmin qərarla Cavabdeh5 əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olub-olmadığının müəyyənləşdirilməsi üçün zəruri sənədlərin surətləri araşdırma aparılması üçün Xətai RPİ-yə göndərilməsi qərara alınmışdır. İkincisi, həmin araşdırma zamanı cavabdehin izahatı alınmamış, iddiaçının borc münasibətlərində olduğu iddia etdiyi Fəridə Ələkbərova, Ceyhun Fərəcovun, X5 izahatı alınmış, Fəridə Ələkbərova, X18 Əsədovanın onlara borcu olduğunu, lakin borcu qaytarmadıqlarını, borcu tələb edərkən ona heç bir hədə-qorxu gəlmədiklərini bildirmişlər. Ceyhun Fərəcov bildirmişdir ki, iddiaçı ona mənzili girov qoyub kredit götürüb borclarını qaytarmaq istədiyini, lakin Bankların ona 20-30 min manatdan çox pul vermədiyini, pulu nəğd verən şəxs olsa mənzili satacağını bildirmiş, iddiaçı mənzili 70.000 manata satmaq istəmiş, lakin Şəlalə adlı tanışının 60.000 manata ala biləcəyini bildirdiyindən, mənzil sonuncuya 60.000 manata satılmış, pulu da iddiaçı götürmüşdür. Lakin həmin puldan onun borcunu qaytarmamışdır. Həmçinin, qeyd olunan şəxslərin polisdə verdiyi izahatlar mülki iş üzrə məhkəmə iclasında, məsuliyyət barədə xəbərdarlıq haqqında iltizamı imzalamaqla verilən şahid ifadəsini əvəz edə bilməz. Kollegiya Cavabdeh5 tərəfindən təqdim olunmuş şəkil və telefon danışığı olan diskə qiymət verərək hesab edir ki, həmin məlumatlar hazırkı iş üçün əhəmiyyətli hesab olunmamaqla Cavabdeh5 iddiasının təmin olunması üçün əsas ola bilməz. Belə ki, əvvəla MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Digər tərəfdən, kollegiya qeyd edir ki, həmin disk sübut qismində qəbul olunsa belə, mübahisəli alqı-satqı müqaviləsinin etibarsızlığına dair diskdə əks olunanlar məlumatlarda hər hansı bir əsaslar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Kollegiya həmçinin qeyd edir ki, əgər tərəflərin həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, onlar iradələrini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Çünki işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, cavabdeh, iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamış və bunu təsdiq edəcək hal müəyyən edilməmişdir. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Kollegiya qeyd edir ki, sözügedən müqavilə bağlanılarkən cavabdeh tərəfindən müqavilənin bağlanması məqsədi ilə iddiaçının məcbur edilməsi, aldadılması və s. hərəkətlərin edilməsi halları məhkəmə iclasında müəyyən olunmamış və belə hallara dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmədiyindən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair hissədə isə Kollegiya aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlı olduğundan İddiaçı cavabdehlərə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə dair istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus əşyaları ilə birgə mənzildən çıxarılmaları barədə tələbi əsaslıdır. Belə ki, cavabdehlər qeyd edilən mənzilin satılmasına razılıq verməsi barədə notariat kontoruna ərizə təqdim etmişlər. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzili könüllü olaraq boşaltmamaları nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, o, öz əmlakı olan həmin mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini və onlara məxsus əşyaları ilə birgə mənzildən çıxarılmalarını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 178.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə münasibətdə birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. Baki şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3370/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh5 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. İcraatı birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6461/2018 saylı xx xxxxxxxx 2018- ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. X1 cavabdehlər İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi idarəsinə qarşı mənzilin alğı-satqı müqaviləsinin, reyestr qeydinin və reyestr çıxarışının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-82/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-82/2020
12.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver