Məhkəmə qərarları › İş №2(103)-82/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-82/2025

20.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-82/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh4, X10, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və 28 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-82/2025 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh4, X10, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və 28 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(009)- 842/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə 20 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbsəinin 23 may 2023-cü il tarixli məktubundan və AZ-İ № 073158 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X11 arasında bağlanmış nikah 02 oktyabr 1990-cı il tarixdə pozulmuşdur.

2. AZ-İ № 543323 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 may 2012-ci il tarixdə vəfat etmişdir.

3. İddiaçı2 tərəfindən 28 saylı Notariat Ofisinə təqdim olunmuş 24 avqust 2012-ci il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı2 xx.xx.2012-ci il tarixdə atası X3 vəfatından sonra miras qalmış daşınar və daşınmaz əmlakdan qardaşı Cavabdeh4 xeyrinə imtina edir.

4. 23 yanvar 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh4dur.

5. RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi 49 nömrəli evin 19,8 kv.metrdən ibarət 1 otağı xx.xx.2016-cı il tarixdə Cavabdeh4 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır.

6. Cavabdeh4 ilə X9 arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ümumi sahəsi 19,8 kv.metr olan 1 otağı İ.Əliyevaya bağışlamışdır.

7. İddiaçı2 və İddiaçı1 tərəfindən 2 saylı Notariat Kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizələrdə qeyd edilmişdir ki, onlar ünvan 1 ünvanının Cavabdeh4 məxsus paylı mülkiyyət hüququ üzrə 1 otaq 19,8 kv.m-nin arvadı X7 bağışlanmasına etiraz etmirlər.

8. İddiaçı2 və İddiaçı1 tərəfindən 2 saylı Notariat Ofisinə ünvanlanmış 18 sentyabr 2019cu il tarixli ərizələrdə qeyd edilmişdir ki, onlar X7 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdələrinə götürürlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabehlər Cavabdeh4, X7, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və 28 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanında yerləşən evə dair Cavabdeh4 adına verilmiş 23 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh4 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışın, daşınmaz əmlakın bağışlanmasına dair 07 noyabr 2017-ci il tarixli müqavilənin və onun əsasında cavabdeh X5 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanına dair 1/2 hissədə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi və çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sonradan iddiaçılar iddia həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanında yerləşən evə dair Cavabdeh4 adına verilmiş 23 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh4 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışın, daşınmaz əmlakın bağışlanmasına dair 07 noyabr 2017-ci il tarixli müqavilənin və onun əsasında cavabdeh X5 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 hazırki 85 ünvanına dair 1/2 hissədə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi və çıxarışın verilməsi və iddiaçıların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, ünvan 1 hazırki 85 ünvanında yerləşən yaşayış evi 1998-ci ildən İddiaçı2 atası, İddiaçı1 isə keçmiş əri X3 mülkiyyətində olmuşdur. Sonuncu 30 may 2012-ci il tarixdə vəvat etmişdir. O, dünyasını dəyişdikdən sonra İddiaçı2 keçmiş həyat yoldaşı ilə nikah münasibətləri pozulduğuna görə və münaqişəli münasibətləri olduğundan anası və qardaşı Cavabdeh4 ilə aralarında olan razılığa əsasən İddiaçı2 öz vərəsəlik payından imtina edərək ünvan 1 ünvanında yerləşən yaşayış evini formal olaraq Cavabdeh4 adına rəsmiləşdirilməsinə razılıq vermiş və onun adına evə dair tam çıxarış alınmışdır. Amma yaxın ailə üzvləri olduqlarına görə də qardaşı ilə şifahi aralarında olan razılaşmaya əsasən gələcəkdə mənzilin 1/2 hissəsinin iddiaçının olduğunu hamı qəbul etmişdir. Ailə nikah münasibətlərindən və onun əsasında keçmiş həyat yoldaşı ilə aralarında yaranmış münaqişələrdən bir qədər sonra səhhətində psixi pozuntular yaranmışdır və bir qədər sonra isə bu pozuntular ailə üzvlərində də narahatlıq yaratdığına görə onların müraciəti əsasında X12 Stansiyasının göndərişi ilə Azərbaycan Respublikası Səhiyyə nazrliyinin 2 nömrəli X1 stasionar müalicə olunmuşdur. Müalicədən bir neçə müddət sonra da qəbul etdiyi psixiatrop dərmanların təsiri altında özündə olmamış və ətrafında baş vermiş hadisələrin mahiyyətini dərk etməmişdir və yaşadığı hadisələrə düzgün qiymət vermək iqtidarında olmamışdır. Bu yaxınlarda bildiyinə görə Qardaşı Cavabdeh4 öz mülkiyyətində olan mübahisəli yaşayış evini yarandığı maddi vəziyyətə görə yaxın qohumlarından borc alındığı üçün və razılaşmalarına görə pulun təminatı kimi bu mənzili xx.xx.2017-ci ildə öz keçmiş həyat yoldaşı X5 adına keçirmişdir. Bütün bu hadisələri nə olduğu və necə olmasını qardaşı Cavabdeh4 öz keçmiş həyat yoldaşını 2023-cü ilin oktyabr ayının sonlarında bıçaqladıqdan sonra yaranmış hadisədən sonra bilib dərk etmişdir. Bu hadisəyə qədər neçənci ildə necə onu notariat ofislərinə aparsalar da işin mahiyyəti ona aydın olmayıb. Normalda o, heç bir vaxt mənzilin X5 adına keməsinə razı olmazdı. İşin dərinliyini vəkilinin sorğular vasitəsi ilə əldə etdiyi rəsmi cavabların ona izah edilməsindən sonra aydın olmuşdur. Mənzilin cavabdeh X5 adına pulun təminatı kimi keçirilməsi halı onun öz vermiş olduğu ifadələrində də cinayət işi üzrə çıxarılmış məhkəmə aktlarında öz təstiqini tapmışdır. Belə ki, təxminən 2017- 2018-ci illərdə Cavabdeh4 bir nəfərə 70.000 manat borcu yarnmışdır. Həmin borcun bir hissəsi cavabdeh tərəfindən və bir hissəsi qohumları Ceyhun adlı şəxs tərəfindən tapıldığına görə pulun təminatı kimi onların qarşılıqlı razılaşmasına əsasən mübahisəli mənzil X5 adına rəsmiləşdirilmişdir. Sonradan Cavabdeh4 ilə cavabdeh X10 arasında ailə mübahisələri nikahın pozulmasına gətirib çıxarmış, bir müddət sonra bu mübahisələr ailə münaqişəsi zəminində daha da geniş miqyas və dərəcədə artaraq Cavabdeh4 tərəfindən X7 bıçaqla ağır bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Məlumatı olduğu qədər bir müddət mənzilin satılaraq borclar çıxılandan sonra mənzilin dəyərinin Cavabdeh4 qaytarılmasını İlahə Əliyeva ona vəd etməsinə baxmayaraq, sonradan başqa bir şəxslə ailə qurmaq niyyətini daşıdığından evi sataraq pulları Cavabdeh4 qaytarılmasından imtina etdiyi sonuncuya məlum olmuşdur. Yuxarıda qeyd etdiyi kimi həmin yaşayış evi atalarından onalra miras qalmışdır. Onlar atalarının vərəsələridir. Ailə üzvlərinin də bildiyi kimi bu evin ½ hissəsinin iddiaçının olması danılmazdır. Hazırda isə cavabdeh X10 bizi bu evdən pasport qeydiyyatından çıxarmaqla onları çölə tökmək istəyir. Ona görə də məhkəmədən pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək məcburiyyətində qalmışdır.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-842/2023 nömrəli 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, K.Əliyevin vəfatından sonra onun 1-ci dərəcəli 2 vərəsəsi kimi qızı İddiaçı2 və oğlu Cavabdeh4 qalmışdır. İddiaçı2 Cavabdeh4 tərəfindən ona qarşı hər hansı təzyiqə məruz qalmadan, aldadılmadan, hər hansı bir pisixi təzyiq altında olmadan öz şəxsi istəyi ilə miras əmlakdan qardaşının xeyrinə imtina etmişdir. Bundan sonra isə notarius qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının bu imtinasını qəbul edərək, onu vərəsələr növbəsindən çıxarmış və Cavabdeh4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh4 isə öz növbəsində DƏDRX-ə müraciət edərək, miras əmlak barəsində çıxarış əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilənlərə əsasən iddia tələbi bu hissədə İddiaçı2 münasibətdə əsassız hesab edilməlidir.

14. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, İddiaçı1 ilə X11 arasında bağlanmış nikah 02 oktyabr 1990-cı il tarixdə pozulmuşdur. Başqa sözlə, K.Əliyev vəfat etdiyi zaman onunla İddiaçı1 arasında nikah münasibətləri mövcud olmamışdır. Bu səbəbdən İddiaçı1 K.Əliyevin vərəsəsi sayılmır. Bundan başqa göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, İddiaçı1 hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.

15. Məhkəmə iddianın digər hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisəli əmlaka dair Bakı şəhəri 2 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı notarius mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Bundan başqa həmin müqavilə təsdiq edilərkən tərəflərə, habelə iddiaçılara AR Mülki Məcəlləsinin 667-674-cü maddələrinin məzmunu izah edilmiş və tərəflər müqaviləni könüllü surətdə imzalamışdırlar. Qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və iddiaçı tərəfindən gətirilən dəlillər müqavilənin etibarsızlığı üçün əsas olmadığından, iddia tələbi bu hissədə də təmin olunmamalıdır.

16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 01 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh4 iddia tələbini qəbul edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməməlidir. Belə ki, işin hallarından görünür ki, Cavabdeh4 ilə digər cavabdeh İ.Əliyeva əvvəllər nikahda olmalarına baxmayaraq, sonradan nikahları pozulmuşdur. Cavabdeh4 iddiaçıların ailə üzvü olduğunu və eyni zamanda cavabdeh İ.Əliyeva ilə artıq heç bir qohumluq əlaqələrinin olmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh4 iddianı etiraf etməsi başqa şəxslərin hüquqlarını poza biləcəyindən səmimi qəbul edilməməlidir.

17. Mübahisəli evdə iddiaçıların uzun müddətdir yaşamadığını, həmin evin hazırda İ.Əliyevanın xüsusi mülkiyyətində olduğunu, iddiaçıların onunla artıq heç bir qohumluq münasibətlərinin qalmadığını və iddiaçıların evə olan yaşayış və istifadə hüquqlarından könüllü olaraq imtina etdiklərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıların sözügedən evə köçürülmələrinə heç bir hüquqi əsas yoxdur.

18. Məhkəmə eyni zamanda cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı göstərdiklərinə münasibətdə qeyd etmişdir ki, tələb bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə aid hissədə məhkəməyə iddia müddəti ötürülməklə verilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 354.1, 375, 666.1, 668.1, 668.1.1-668.1.5, 1133.1, 1134.1, 1159.1.1, 1163, 1261, 1272 “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45, 46, 47, Azərbayvan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 52.5, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

21. İddiaçıların ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual normalar pozulmuşdur. ünvan 1 hazırki 85 ünvanında yerləşən yaşayış evi 1998-ci ildən X3 mülkiyyətində olmuşdur. O, 30 may 2012-ci il tarixdə vəfat etmişdir. O, dünyasını dəyişdikdən sonra İddiaçı2 keçmiş həyat yoldaşı ilə nikah münasibətləri pozulduğuna görə və münaqişəli münasibətləri olduğundan anası və qardaşı Cavabdeh4 ilə aralarında olan razılığa əsasən İddiaçı2 öz vərəsəlik payından imtina edərək yaşayış evini formal olaraq Cavabdeh4 adına rəsmiləşdirilməsinə razılıq vermişlər və onun adına evə dair tam çıxarış alınmışdır. Amma yaxın ailə üzvləri olduqlarına görə Cavabdeh4lə şifahi olan razılaşmaya əsasən gələcəkdə mənzilin 1/2 hissəsinin İddiaçı2 olduğu üçün hamı qəbul etmişdir. İddiaçı2 ailə nikah münasibətlərindən və onun əsasında keçmiş həyat yoldaşı ilə aralarında yaranmış münaqişələrdən bir qədər sonra səhətində psixi pozuntular yaranmışdır və bir qədər sonra isə bu pozuntular ailə üzvlərində də narahatlıq yaratdığına görə onların müraciəti əsasında X12 Stansiyasının göndərişi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 stasionar müalicə olunmuşdur. İddiaçı2 müaliəcədən bir neçə müddət sonra da qəbul etdiyi psixiatrop dərmanların təsiri altında özümdə olmamış və ətrafında baş vermiş hadisələrin mahiyyətini dərk etməmişdir və yaşadığı hadisələrə düzgün qiymət vermək iqtidarında olmamışdır. Cavabdeh4 bu yaxınlarda bildiyinə görə öz mülkiyyətində olan mübahisəli yaşayış evini yarandığı maddi vəziyyətə görə yaxın qohumlarından borc alındığı üçün və razılaşmalarına görə pulun təminatı kimi bu mənzili xx.xx.2017-ci ildə öz keçmiş həyat yoldaşı X5 adına keçirmişdir. Bütün bu hadisələri nə olduğu və necə olmasını Cavabdeh4 öz keçmiş həyat yoldaşını 2023-cü ilin oktyabr ayının sonlarında bıçaqladıqdan sonra yaranmış hadisədən sonra bilib dərk etmişdir. İddiaçı2 bu hadisəyə qədər neçənci ildə necə onu notariat ofislərinə aparsalar da işin mahiyyəti ona aydın olmayıb. Normal da o, heç bir vaxt mənzilin X5 adına keçməsinə razı olmazdı. İşin dərinliyini vəkilinin sorğular vasitəsi ilə əldə etdiyi rəsmi cavabların ona izah edilməsindən sonra aydın olmuşdur. Təxminən 2017-2018-ci illərdə Cavabdeh4 bir nəfərə 70.000 manat borcu yaranmışdır. Həmin borcun bir hissəsi cavabdeh tərəfindən və bir hissəsi qohumları Ceyhun adlı şəxs tərəfindən tapıldığına görə pulun təminatı kimi onların qarşılıqlı razılaşmasına əsasən mübahisəli mənzil X5 adına rəsmiləşdirilmişdir. Sonradan Cavabdeh4 ilə cavabdeh X10 arasında ailə mübahisələri nikahın pozulmasına gətirib çıxartmış, bir müddət sonra bu mübahisələr ailə münaqişəsi zəminində daha da geniş miqyas və dərəcədə artaraq Cavabdeh4 tərəfindən X7 bıçaqla ağır bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. İşin faktiki hallarının məyyən edilməsinə dair şahidlərin göstərdiyi faktlar məhkəmə qətnaməsində yer almamışdır. Şahidlər izahatlarında Cavabdeh4 cinayət hadisəsinə baş verməsinədək olan müddətdə daimi olaraq cavabdeh X10 ilə bir ünvanda yaşamasına dair və iddiaçıların dava-dalaş nəticəsində məcburiyyət qarşısında qonşuluqda Arif adlı şəxsin evində müvəqqəti yaşamaqlarına dair hallarla bağlı məlumatlar versələr də həmin faktlar məhkəmə qətnaməsində əks olunmamışdır. Məhkəmə şahid ifaələrini sübut kimi nə üçün qəbul etmədiyini qətnaməsində göstərməmişdir. Həmin sübutları əlaqəli şəkildə digər sübutlarla təhlil etməyərək düzgün dəyərləndirməmişdir. Məhkəmə iddiaçıların həmin mənzildə istifadə hüquqlarının olmasına baxmayaraq iddiaçıları həmin mənzilə köçürülməməsinə dair qətnamədə gətirdiyi əsaslar işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə iddiaçıların mənzilə köçürülməsi ilə bağlı iddasının təmin edilməməsi ilə bağlı yalnız belə bir əsas gətirmişdir ki, iddiaçılar 18 sentyabr 2019-cu il tarixli ərizələrdə qeyd etmişlər ki, mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdələrinə götürürlər. Məhkəmə diqqət yetirməmişdir ki, həmin ərizələr bağışlama müqaviləsi rəsmiləşdirildikdən bir neçə il sonra yazılaraq tərtib edilmişdir və həmin ərizələrin məzmunu göstərir ki, iddiaçılar cavabdeh X7 məxsus fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, əvəzləşməsinə, sökülməsinə, ipoteka qoyulmasına heç bir etirazlarının olmamasına dair razılıq ərizələri vermişlər. Mənzilə dair ərizədə göstərilən əqdlərdən heç biri bağlanmayaraq rəsmiləşdirilməmiş, nədə ki, hərəkətlərdən (hadisələrdən) heç biri bu günədək baş verməmiş və iddiaçılar həmin ərizələrə - İddiaçı2 - xx.xx.2020-ci il tarixdə, İddiaçı1 isə -xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 28 saylı notariat ofisində xitam vermişlər.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

24. İddiaçı2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Bəhruzun borc məsələsi olan vaxt evin İlahənin adına keçməsinin səbəbini bilməmişdir. Bəhruzla İlahənin arasında razılığın məqsədi barədə də məlumatı olmamışdır. İlahə ona bildirdimişdir ki, evi satıb onların paylarını verəcəkdir. Gələcəkdə Bəhruzun borclara görə yaranacaq öhdəliklərindən yayınmaq üçün evin İlahənin adına keçirilməsinə razılıq vermişdir. 2019-cu ildə razılıq verməyinin səbəbi İlahənənin evi banka girov qoyub, pul götürmək təklifi olmuşdur. O, razılıq verdikdən sonra İlahə ilə Bəhruzun arasında münaqişələr başlanmışdır. İlahə ilə Bəhruz 2000-ci ildə evlənmişlər. Ev 1 otaqlı deyil. Belə ki, onlar hamısı həmin evdə yaşamışlar. Sənəd üzərində ev 1 otaqlıdır. O, 2006-cı ildə ailə qurub köçüb evdən. Nikahı 2012-ci ildə pozulduqdan sonra qızı ilə mübahisəli evə qayıtmışdır.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərin, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

26. Daha əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh İ.Əliyeva və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər.

27. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboru vasitəsi ilə daha əvvəlki məhkəmə iclasında iştirakı təmin edilən Cavabdeh4 iddiaya və apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, atası öldükdən sonra digər vərəsə miras payından onun xeyrinə imtina etmişdir. Onun problemləri yarananda İlahə ilə razılaşmışlar ki, evi onun adına keçirsin. Razılıq belə olmuşdur ki, ev sonradan satılsın və iddiaçılara ayrı ev alınsın. Həmin vaxtlar münasibətləri yaxşı olmuşdur. Gələcəkdə evlə bağlı hər hansı problem yaşanmaması üçün evi İlahənin adına keçirmişdir. 2019-cu ildə İlahə ilə ayrıldıqdan sonra evi övladları Bəylərin adına keçirməyini xahiş etmiş, lakin İlahə razılaşmamışdır. Bundan sonra aralarında narazılıqlar başlanmışdır. Sonradan İlahənin başqa şəxslə ailə qurmağa hazırlaşdığını öyrənmiş və həmin şəxslə əlaqə saxlamışdır. Məlum olmuşdur ki, həmin şəxs dələduzluq əməllərinə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmuşdur. Bu məsələlər zamanı İlahə ilə münaqişə nəticəsində ona bıçaqla xəsarət yetirmişdir, hazırda bu əməlinə görə cəza çəkir. 40000 manat pulu əmisi oğlu Ceyhun vermişdir. Lakin təklif etmişdir ki, evi adına qeydiyyatdan çıxarsın. O da evi arvadı İlahənin adına keçirmişdir. Həbs olunduğu günədək İlahə ilə birgə yaşamışdır. Sənədə əsasən ev 19 kv.m sahədən ibarət 1 otaqlı evdir. Evdə artırmalar atasının sağlığında olmuşdur. O, yalnız 2017-2018-ci illərdə 2-ci mərtəbəni tikmişdir. X4 adına keçən əmlak hazırda iddiaçıların kirayə yaşadığı ünvandır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

29. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 31.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 34.Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 35.Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 36.Maddı 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

37. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 38.Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 39.Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 40.Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 41.Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 42.Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 43.Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 44.Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 45.Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

54. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. İşin hallarından göründüyü İddiaçı2 və Cavabdeh4 atası X6 30 may 2012-ci il tarixdə vəfat etdikdən sonra vərəsəlik işi açılmışdır. Bundan sonra İddiaçı2 müstəqil olaraq öz iradəsi ilə atasından qalmış miras əmlakdan qardaşı Bəhruzun xeyrinə imtina etmişdir. İddiaçı1 ilə X11 arasında bağlanmış nikah 02 oktyabr 1990-cı il tarixdə pozulmuşdur. İddiaçı2 və İddiaçı1 tərəfindən 2 saylı Notariat Kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizələrdə qeyd edilmişdir ki, onlar ünvan 1 ünvanının Cavabdeh4 məxsus paylı mülkiyyət hüququ üzrə 1 otaq 19,8 kv.m-nin arvadı X7 bağışlanmasına etiraz etmirlər. İddiaçı2 və İddiaçı1 tərəfindən 2 saylı Notariat Ofisinə ünvanlanmış 18 sentyabr 2019cu il tarixli ərizələrdə qeyd edilmişdir ki, onlar X7 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdələrinə götürürlər.

57. Cavabdeh4 adına verilmiş 23 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh4 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsi, İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları 49 (hazırki 85) ünvanına dair 1/2 hissədə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, İddiaçı2 könüllü olaraq atasından miras qalmış daşınar və daşınmaz əmlakdan qardaşı Cavabdeh4 xeyrinə imtina etmişdir.

58. İddiaçı2 hazırda bildirir ki, qardaşı gələcəkdə onun payını verəcəyəinə dair söz vermişdir. Lakin bu payın mübahisəli yaşayış evinin bir hissəsindən, yaxud başqa yaşayış sahəsindən ibarət olmasıda dair aydınlıq gətirilmir.

59. Kollegiya göstərilən halın baş verib-verməməsini şübhə altına almaq niyyətində deyil, lakin, hətta Cavabdeh4 belə bir vəd verməsi hazırki işin hallarına təsir etmir və mövcud vəziyyəti dəyişmir. Göstərilən əsasla İddiaçı2 qardaşına qarşı tələb irəli sürə bilər və bacı-qardaş arasındakı sövdələşmənin əmlakın hazırki mülkiyyətçisi İlahə Əliyevaya hər hansı aidiyyəti yoxdur.

60. Həmin vaxt səhhətində yaranmış problemlər nəticəsində öz hərəkətlərini dərk etməməsinə gəldikdə isə, İddiaçı2 bununla bağlı, yəni bu halı yoxlamağa əsas verə biləcək hər hansı sübut təqdim etməmişdir.

61. Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə mövqeyini əsaslı hesab edir.

62. İddiaçı1 ilə X11 arasında bağlanmış nikah 02 oktyabr 1990-cı il tarixdə pozulmuşdur. K.Əliyev vəfat etdiyi zaman onunla İddiaçı1 arasında nikah münasibətləri mövcud olmamışdır. Bu səbəbdən İddiaçı1 K.Əliyevin vərəsəsi sayılmır. Mülki Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.

63. İddiaçı1 hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

64. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

65. Kollegiya bu hissədə də birinci instansiya məhkməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

66. İddia tələbinin daşınmaz əmlakın bağışlanmasına dair 07 noyabr 2017-ci il tarixli müqavilənin və onun əsasında cavabdeh X5 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, İddiaçı2 və İddiaçı1 tərəfindən 2 saylı Notariat Kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizələrdə qeyd edilmişdir ki, onlar ünvan 1 ünvanının Cavabdeh4 məxsus paylı mülkiyyət hüququ üzrə 1 otaq 19,8 kv.m-nin arvadı X7 bağışlanmasına etiraz etmirlər.

67. Kollegiya əvvəla qeyd edir ki, göstərilən bağışlama müqaviləsinin iddiaçılara aidiyyəti yoxdur, çünki yaşayış evinin mülkiyyətçisi Cavabdeh4 olmuş və onu arvadına bağışlamışdır. İddiaçıların razılığı isə həmin evdə qeydiyyatda olmaları səbəbindən alınmışdır. Odur ki, həmin əqdi mübahisələndirmək üçün iddiaçıların subyektiv hüququ yoxdur. Hazırki halda həmin əqdi yalnız Cavabdeh4 mübahisələndirə bilər.

68. Kollegiya hesab edir ki, qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından iddia tələbi bu hissədə də düzgün rədd olunmuşdur.

69. İddia tələbinin iddiaçıların mənzilə köçürülmələri hissəsinə münasibətdə kollegiya qeyd edir ki, tələb bu hissədə də əsassızdır.

70. Belə ki, İddiaçı2 və İddiaçı1 tərəfindən 2 saylı Notariat Ofisinə ünvanlanmış 18 sentyabr 2019-cu il tarixli ərizələrdə qeyd edilmişlər ki, onlar X7 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdələrinə götürürlər.

71. İddiaçılar 2019-cu il tarixdə könüllü olaraq sözügedən fərdi yaşayış evində qeydiyyatdan çıxmaq barədə öhdəlik götürmüş və bununla da həmin evə aid istifadə hüquqlarından imtina etmişlər.

72. Apellyasiya icraatı zamanı keçirilən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, qeyd edilən ünvanda yerləşən həyətə daxil olduqda darvazadan sağ tərəfdə 2 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Cavabdeh İ.Əliyeva bildirmişdir ki, darvazadan daxil olan kimi sağ istiqamətdə ensiz yolla getdikdə həyətin sonunda yerləşən və evin 1-ci mərtəbəsinə aid olan otaqda Cavabdeh4 yaşamışdır. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçılar 2006-cı ildən giriş-çıxışı ayrı olan mübahisəli evin alt hissəsində yerləşən evdə yaşamışlar. İddiaçılar isə bildirmişlər ki, 2019-cu ilədək mübahisəli mənzildə yaşamışlar. Tez-tez yaranan münaqişələr səbəbindən qonşuluqda yerləşən evə köçərək, kirayə yaşayırlar. İddiaçılar qeyd edir ki, Cavabdeh4 həbs olunanadək İlahə Əliyeva ilə birlikdə yaşamışlar.

73. Kollegiyanın 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı2 cavabdeh Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh4 və X10) “məlumatlandırma icraatının nəticələrinin qanunsuz hesab edilməsi tələbinə dair” inzibati iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.

74. İddiaçı2 cavabdeh Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh4 və X10) “məlumatlandırma icraatının nəticələrinin qanunsuz hesab edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2189/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2983/2024 nömrəli 13 avqust 2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Qərardaddan verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-143/2025 nömrəli 11 aprel 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti mümkün sayılmayaraq, şikayətin qəbulundan imtina edilmişdir.

75. Kollegiya apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin əsaslı qətnaməsinin ləğv edilməsi üçün mötəbər hesab etmir.

76. Kollegiya birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-842/2023 nömrəli mülki iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar