Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-820/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev ZaurƏli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh və onun nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-3502/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildən çıxarılması və həmin mənzilin iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 37 saylı mənzil «Qum Adası» Neft və Qazçıxarma İdarəsi ilə bağlanmış mənzil kirayə müqaviləsinə əsasən qardaşı Baxışov əli Ələsgər oğluna verilmiş və həmin kirayə müqaviləsinə əsasən qeyd olunan mənzilə aid orderdə qardaşının adına tərtib edilmişdir. Sonradan qardaşının, yəni kirayəçinin ərizəsi ilə mənzil kirayə müqaviləsində dəyişikliklər edilmiş, onunla xx xxxx 2001-ci il tarixli 246 №-li yeni müqavilə bağlanmış və bu barədə müvafiq sərəncam qəbul edilmişdir. O, həmin mənzildə uzun müddət ailəsi ilə birlikdə yaşamış, lakin bir müdət əvvəl uzaq qohumu olan Cavabdeh azyaşlı övladı ilə birlikdə mənzildə müvəqqəti olaraq yaşamasına icazə vermişdir. Ancaq cavabdeh hazırda mənzildən çıxmaqdan imtina edir. Dəfələrlə cavabdehə mənzildən çıxması bildirilsə də, nəticəsi olmamış bu səbəbdən o və ailəsi mənzildən istifadə edə bilmirlər. Hazırda 6 nəfərlik ailə cavabdehin ucbatından daimi yaşayış yeri olmadan müxtəlif yerlərdə yaşamaq məcburiyyətində qalmışlar. Eyni zamanda onun qızı Ələsgərli Raziyə İ qrup əlildir və daimi qulluğa ehtiyacı vardır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)- 3502/2019 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 39 saylı evin 37 saylı mənzilindən çıxarılması və həmin mənzilin İddiaçı faktiki sahiblliyinə və istifadəsinə qaytarılması qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi hüquq normalarının pozulması, iddiaçının iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması, cavabdehin 2007-ci ildən etibarən mübahisəli mənzildə yaşaması, mənzili 39000 manat pul ödəməklə alması, lakin sənədləşdirmə olmadığınjdan mənzili adına rəsmiləşdirə bilməməsi, hazırda iddiaçı ilə aralarında olan qohumluq münasibətlərinin pisləşməsi, bu səbəbdən də onu mənzildən çıxarması, mənzildən istifadə hüququ olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari: Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, apellyasiya şikayətində müəyyən yaqlışlıqlara yol verilmiş, bu səbəbdən də apellyasiya şikayətinə dəqiqləşdirmə vermişlər. Beləki, mübahisə əslində iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçının qardaşı Əli ilə cavabdehin həyat yoldaşı Bəhruz arasında gedən mübahisənin davamıdır. Çünki əri tərəfindən iddiaçının qardaşına sənədsiz, sübutsuz külli miqdarda pul verilmişdir. Cavabdeh apellyasiya şikayətində göstərildiyi kimi mübahisəli mənzilə 2007-ci ildə deyil, 2011-ci ildə köçmüşdür. Həmçinin, apellyasiya şikayətində mənzilə görə 39000 manat pul ödəməsini bildirsə də, əslində mənzili əri Bəhruz o, mənzilə köçməmişdən əvvəl artıq almışdır. Beləki, o Bəhruzun ikinci həyat yoldaşı olmuşdur. Ona qədər Bəhruz birinci həyat yoldaşı ilə orada yaşamış, lakin ayrılmışlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarınauyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 37 saylı mənziliniddiaçıya məxsus olması, cavabdehin faktiki olaraq həmin mənzildə yaşaması işin mübahisə olunmayan hallarıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx xxxx 2001-ci il tarixli 246 №-li Mənzil Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Sərəncamın təsdiq olunmuş surətindən və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 1249 №-li arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilin kirayə müqaviləsi iddiaçı X3 ilə 6 nəfər ailə tərkibində bağlanılmışdır. Mənzil Məcəlləsinin 59.1-cu maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Mənzil Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Analoji (oxşar) normalar, həmçinin əvvəl qüvvədə olmuş Mənzil Məcəlləsində də mövcud olmuşdur (Məcəllənin 51, 52, 48 və s. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da əmlak hüququ hesab edilir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya sosial kirayə müqaviləsinə əsasən qanuni əsaslarla məxsusdur. Eyni zamanda, iddiaçı həmin əmlaka qanuni gözlənilən mülkiyyət hüquqları ilə sahiblik edir. Qeyd edilməlidir ki, Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu səbəbdən də, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər, yəni iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması barədə bildirdikləri işdə olan sübutlarla tam təkzib olunur. Belə olan halda, cavabdehin iddiaçıya məxsus mənzildə yaşamasının hüquqi və faktiki əsaslarının olub-olmaması yoxlanılmalıdır. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzilən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlillərini əsaslandırmamışdır. Cavabdeh apellyasiya şikayətində (həmçinin, apellyasiya şikaytəinin dəqiqləşdirilməsi barədə ərizəsində) mübahisəli mənzildə 2011-ci ildən yaşamasını, həmin mənzili əri Bəhruz tərəfindən pulla alınmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mülki qanunvericilik daşınmaz əmlakların özgəninkiləşdirilməsi qaydasını dəqiq tənzimləmişdir. Daşınmaz əmlakın şifahi əqdə əsaslanan alqı-satqısı əhəmiyyətsizdir. Göründüyü kimi, iddiaçının müvafiq tələb hüququnun olması aşkardır, çünki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Eyni zamanda, cavabdehin iddiaçı tərəfindən müvəqqəti olaraq mübahisəli mənzildə yaşamağa buraxılması faktı da vəziyyəti dəyişdirmir. Çünki, bu hal cavabdehə mənzildən istifadə hüququnun yaranmasına əsas deyildir (həmçinin, cavabdeh bu müddət ərzində iddiaçı ilə birlikdə onun ailə üzvü kimi mənzildə yaşamamış, birgə təsərrüfat idarə etməmişdir). Cavabdehin mübahisəli mənzildə yaşaması, hətta Mənzil Məcəlləsinin 79-cu maddəsinə əsasən müvəqqəti sakin kimi qiymətləndirilsə belə, bu hal ona yaşayış sahəsində daimi istifadə hüququ əldə etməyə imkan vermir. Mənzil Məcəlləsinin 79.5-ci maddəsinin tələbinə görə də müvəqqəti sakinlər yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, onlar məhkəmə qaydasında başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılmalıdır. Beləliklə, cavabdehin hazırki vaxtda hər hansı qanuni əsas olmadan iddiaçıya məxsus mənzildə yaşaması və oradan çıxmaqdan imtina etməsi son nəticədə iddiaçının hüquqlarının məhdudlaşması ilə nəticələnir. Yəni, iddiaçı özünə məxsus mənzildən istifadə etmək hüququndan məhrum olur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanunihüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Qətnamə qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-3502/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-3502/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-820/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-820/2020
25.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver