Məhkəmə qərarları › İş №2(103)-820/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-820/2022

14.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-820/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(006)-4832/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 may 2021-ci il tarixli 228-k saylı əmrinin ləğv edilməsi, mal toplayan vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddətində orta aylıq əmək haqqının, istifadə etmədiyi əmək məzuniyyətinin əvəzinə maddi kompensasiyanın hesablanaraq ödənilməsi, 22 avqust 2017-ci il tarixdən 27 may 2021-ci il tarixədək artıq işlədiyi 4 saatın əmək haqqının hesablanıb ödənilməsi, ödənilməmiş pul vəsaitlərinin 1 %-i məbləğində vəsaitin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh MMC ilə aralarında bağlanmış 22 avqust 2017-ci il tarixli əmək müqaviləsinə əsasən anbar şöbəsi – mərkəzi anbara fəhlə vəzifəsinə qəbul olunmuş, 26 dekabr 2019-cu il tarixdə həmin şöbəyə mal toplayan vəzifəsinə, 17 noyabr 2020-ci il tarixdə isə Mərkəz Departamentinin anbar əməliyyat şöbəsinə mal toplayan vəzifəsinə keçirilmişdir. Cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz bağlansa da, 27 may 2021-ci il tarixli 228-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «b» bəndinə əsasən (əmək müqaviləsinin bitməsi ilə) əlaqədar əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Həmin müqavilənin 4.16cı bəndinə əsasən gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi göstərilsə də, onu qanunsuz olaraq istirahətsiz gündə 12 saat işləməyə məcbur etmişlər. Həmin müqavilənin 4.26-cı bəndinə əsasən ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilməsi göstərilsə də, 22 avqust 2017-ci il tarixdən 27 may 2021-ci il tarixə qədər ona qanunsuz olaraq əmək məzuniyyəti verilməmiş, məzuniyyət haqqı ödənilməmişdir. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmədiyi göstərilsə də, 13 may 2021-ci il tarixdə briqadir şəxsi münaqişə zəminində onu kollektiv qarşısında nalayiq sözlərlə təhqir edərək və ona hədə-qorxu gələrək, onu qanunsuz olaraq işdən uzaqlaşdırmış, o, qanunsuz işdən uzaqlaşdırıldıqdan sonra hər gün işə gəlib işləməsini tələb etsə də, onu işə buraxmamışlar. Bu barədə o, Sabunçu RPİnin 14-cü PB-yə, Sabunçu rayon Prokurorluğuna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xəttinə zəng edərək şikayətlər etmişdir. Buna baxmayaraq, cavabdeh 19 may 2021-ci il tarixdə ona xəbərdarlıq məktubu göndərərək bildirmişdir ki, artıq neçə müddətdir ki, heç bir üzrlü səbəb göstərmədən bu günədək (19 may 2021-ci il) işə gəlməməsi müşahidə olunur. Ona xəbərdarlıq etmişlər ki, işə gəlmədiyi günlə bağlı 2 gün ərzində müvafiq sənəd təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(006)- 4832/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında 27.05.2021-ci il tarixli 228-k saylı əmrin ləğv edilməsi, İddiaçı mal toplayan vəzifəsinə işə bərpa edilməsi, İddiaçı 27.05.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində əsassız və qanunsuz olduğu göstərilmişdir. Cavabdehin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, əmək kitabçasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası texniki səhv olaraq əmək müqaviləsinin müddətinin bitməsi kimi qeyd edilmiş, sonradan texniki səhvin düzəldilməsi üçün həm iddiaçıya, həm də X1 müraciətlər ünvanlanmışdır. Əmrdən çıxarışdan da görünür ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək, onun məzmuna uyğun izahat verib, təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, hüquqşünasın COVİD-19 xəstəliyinə tutulması və karantin müddətinin davam etməsi səbəbindən məhkəmə iclasında iştirakının mümkün olmayacağı bildirib, məhkəmə iclasının bir həftə təxirə salınması xahiş etmiş, vəsatət təmin edilərək məhkəmə iclası təxirə salınmış, lakin cavabdeh növbəti dəfə də məhkəmə iclasının eyni əsasla təxirə salınmasını xahiş etmişdir. Əvvala, cavabdeh nümayəndəsinin xəstələnməsi barədə sübut təqdim etməmişdir, digər tərəfdən isə cavabdeh hüquqi şəxsdir və məhkəmədə başqa nümayəndə vasitəsi ilə də təmsil oluna bilər. Odur ki, Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin faktiki halları ilə aşağıdakılar müəyyən olunur: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 22.08.2017-ci il taixli əmək müqaviləsindən görünür ki, iddiaçı Anbar şöbəsi-Mərkəz Anbar-fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 22.08.2017-ci ildə Cəmiyyətin Anbar şöbəsi, Mərkəz Anbarına fəhlə vəzifəsinə işə qəbul edilmiş, 26.12.2019-cu il tarixdə həmin şöbəyə “Mal toplayan” vəzifəsinə keçirilmiş, 17.11.2020-ci ildə Cəmiyyətin Logistik Mərkəz Departamentinin Anbar Əməliyyat şöbəsinə “Mal toplayan” vəzifəsinə keçirilmişdir. 27.05.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (b) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. MMC-nin iddiaçıya ünvanladığı 19.05.2021-ci il tarixli xəbərdarlıq məktubunda göstərilmişdir ki, artıq neçə müddətdir ki, heç bir üzrlü səbəb göstərmədən bu günədək işə gəlmədiyi müşahidə olunmuşdur. İşə gəlmədiyi günlə bağlı iki gün ərzində müvafiq sənəd təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. 27.05.2021-ci il tarixli 228-K saylı əmrdən çıxarışdan görünür ki, iddiaçının əmək müqaviləsinə 27.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsini “a” bəndində sadalanan hal) heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstifadə etmədiyi əmək məzuniyyətinə görə 79,04 təqvim günü üçün pul əvəzi verilmiş. Əsas- 19.05.2021-ci il tarixli İR-550 nömrəli işçinin ünvanına göndərilən davamiyyətsizliklə bağlı xəbərdarlıq məktubu göstərilmişdir. MMC tərəfindən iddiaçıya ünvanlanmış 24.06.2021-ci il tarixli xəbərdarlıq məktubunda göstərilmişdir ki, “sizinlə Cavabdeh MMC arasında 22.08.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 27.05.2021-ci il tarixdə xitam verilmişdir. Əmək kitabçanızda əmək müqavilənizə xitam verilməsi ilə bağlı əsasın dəyişdirilməsi üçün ofisə yaxınlaşmağınız xahiş olunur.” MMC tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinə ünvanlanmış məktubda göstərilmişdir ki, 22.08.2017-ci il tarixdə Cəmiyyətin “fəhlə” vəzifəsinə işə qəbul edilmiş İddiaçı 27.05.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72ci maddəsinin “a” bəndini rəhbər tutaraq 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməli olduğu halda texniki yalnışlıqla 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Xətanın düzəldilməsində dəstək olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən Əmək Qanunvericiliyinin tələbləri və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. İddiaçıya işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə bu və ya digər şəkildə xitam verilməsi üçün təsir (təzyiq, təhdid və s. bu kimi üsullarla) göstərilmişdir. Çünki, iddiaçının iş vaxtı işdə olmaması hər hansı mötəbər sübutlarla təsdiq olunmur, əksinə, xəbərdarlıq məktubunda göstərilən əsasla (işçinin bir müddət işə gəlməməsi) və əmək müqaviləsinə xitam verilməsinin əsasları (əmək müqaviləsinin müddətinin bitməsi, halbuki əmək müqaviləsi müddətsiz bağlanmışdır) fərqlidir. İşçi doğrudan da iş vaxtı üzürsüz səbəblərdən işə gəlməsə idi, işçi ilə bağlanmış əmək müqaviləsinə ayrı əsaslarla bağlı Əmək Məcəlləsinin digər maddəsinə istinadən xitam verilərdi. Cavabdeh tərəfindən müddətsiz bağlanmış əmək müqaviləsinin iddiaçının razılığı ilə müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, texniki səhv olaraq əmək kitabçasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (b) bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir, 27.05.2021-ci il tarixli 228-K saylı əmrdən çıxarışda iddiaçının əmək müqaviləsinə 27.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsini “a” bəndində sadalanan hal) heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifədən azad edildiyi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyi göstərilmiş, həmçinin MMC tərəfindən iddiaçıya məktub ünvanlanaraq Əmək kitabçanızda əmək müqavilənizə xitam verilməsi ilə bağlı əsasın dəyişdirilməsi üçün ofisə yaxınlaşmağı xahiş edilmiş, Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinə məktub ünvanlanaraq, işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməli olduğu halda texniki yalnışlıqla 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi bildirilmiş, xətanın düzəldilməsində dəstək olunması xahiş edilmişdir. Buna görə də məhkəmənin müddətsiz bağlandığı halda əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verildiyinə istinad edərək, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması nəticəsinə gəlməsi yalnış olmuşdur. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. İddiaçı 13 may 2021-ci il tarixdən işə gəlsə də, onu işə buraxmadıqlarını, bu barədə müvafiq şikayətlər etdiyini bildirmişdir. MMC iddiaçıya 19.05.2021-ci il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq, artıq neçə müddətdir ki, heç bir üzrlü səbəb göstərmədən bu günədək işə gəlmədiyinin müşahidə olunduğunu bildirmişdir. Apelyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı elə həmin vaxtdan müxtəlif orqanlara, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini, X2 Xidmətinə şikayətlər ünvanlamışdır. Belə olan halda iddiaçının üzrlü səbəbdən işə gəlməməsi barədə cavabdeh tərəfin dəlili inandırıcı hesab edilmir, bu hal iş materialları ilə təkzib olunur, çünki iddiaçı tərəfindən işə buraxılmaması ilə bağlı müvafiq orqanlara müraciətlər və şikayətlər ünvanlandığı halda, onun üzrsüz səbəbdən işə getməməsi real və ağlabatan deyildir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məcəllənin 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən üzrlü səbəb olmadan işə getməməsi halı öz təsdiqini tapmadığından, bu əsasla onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir, əksinə, müəyyən olunmuşdır ki, iddiaçı işə buraxılmaması səbəbindən çoxsaylı şikayətlər etmişdir. Odur ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 27.05.2021-ci il tarixli 228-k saylı əmr ləğv edilməli, İddiaçı mal toplayan vəzifəsinə işə bərpa edilməli və ona 27.05.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir, çünki iddiaçı həmin hissədə tələbini əsaslandıra və sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4832/2021 saylı iş üzrə 25 avqust 2021-ci il qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 27.05.2021-ci il tarixli 228-k saylı əmr ləğv edilsin. İddiaçı mal toplayan vəzifəsinə bərpa edilsin. İddiaçı 27.05.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar