Məhkəmə qərarları › İş №2(103)-8202/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8202/2021

03.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8202/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Namiq İsmayılovun, cavabdehin nümayəndəsi Babək Rzayevin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək haqqının və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub: 1) cavabdehin üzərinə vəzifə qoyulsun ki, iddiaçının şərəf və hüquqlarını pozduğunu etiraf etsin; 2) 14 il ərzində iddiaçının adına yazılaraq mənimsənilmiş 24.173 manat əmək haqqı (hər ay 143,89 manat əmək haqqı olmaqla) cavabdehdən iddiaçının xeyrinə tutulsun; 3) həmin illər sığorta stajına hesablanaraq əmək kitabçasına qeyd edilsin; 4) əmək müqaviləsinə xitam verilməsi ilə işçi təminatı və işsizlik sığortası haqqında tələblər düzgün yerinə yetirilmədiyinə görə iddiaçıya dəymiş zərər hesablanaraq cavabdeh tərəfindən ödənilsin; 5) mənəvi zərərin əvəzi kimi 50.000 manat cavabdeh tərəfindən iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və pozulmuş hüquq normalarına riayət olunmaqla qətnamə çıxarılsın. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Əmək kitabçasında olan qeydə görə iddiaçı cavabdeh təşkilatın Baş Keşlə Stansiyasında EHM operatoru vəzifəsində işləmiş, 31.10.2005-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bundan 15 il sonra – 2020-ci ildə iddiaçı pandemiya ilə bağlı 190 manat birdəfəlik müavinət almaq üçün müraciət etdikdə müvafiq dövlət qurumu onun adına aktiv əmək müqaviləsi olduğunu bildirmişdir. Müəyyən olunmuşdur ki, elektron informasiya sistemində iddiaçının adı cavabdeh təşkilatın Yük Daşımaları Departamentinin Baş Ələt stansiyasının vaqon hərəkət sürətinin tənzimləyicisi kimi qeyd olunub. İddiaçı hesab edir ki, onun adına 14 il ərzində əmək haqqı yazılaraq mənimsənilmiş və bu illər ərzində Dövlət Sosial Müdafiə Fonduna heç bir ödəniş edilməmişdir. Cavabdeh isə bunu belə izah edir ki, 2014-cü ildə elektron informasiya sisteminin tətbiqi ilə bağlı olaraq cavabdeh təşkilatın bütün əməkdaşlarının əmək müqavilələrinin vahid elektron hökumət portalına işlənməsi zamanı əməliyyat səhvi nəticəsində həmin tarixə qüvvədə olan hər hansı əsasverici sənəd (əmək müqaviləsi, əmr və s.) olmadan iddiaçının adı işçi kimi qeyd olunmuşdur. Cavabdeh bildirir ki, qeydiyyat əməliyyat səhvi nəticəsində baş verdiyinə görə aşkar edilməmiş, bu səbəbdən əməliyyat səhvi dərhal ləğv edilməmişdir. Əməliyyat səhvi aşkar olunduğu tarixdə aradan qaldırılmışdır. İddiaçı işçi sayılmayıb. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsində qeyd olunub ki, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Görüdüyü kimi, “işçi” anlayışında “çalışan” ifadəsindən istifadə olunub. İddiaçı həmin müddətdə cavabdeh təşkilatda çalışmayıb. İddiaçı çalışmadığı, yəni əmək sərf etmədiyi halda əmək haqqı ödənilməsi barədə tələbi, habelə əmək münasibətləri bağlı digər tələbləri (mənəvi zərərin əvəzinin ödənilməsi və s.) irəli sürə bilməz. Əgər iddiaçı cavabdehin yol verdiyi əməliyyat səhvi nəticəsində pandemiya dövründə birdəfəlik müavinət (190 manat) ala bilməyibsə, bunun əvəzinin ödənilməsi üçün qanunla müəyyən edilmiş qaydada cavabdehə qarşı iddia qaldıra bilər. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 3-cü maddəsinin və Mülki Məcəllənin 21-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəmə iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar