Məhkəmə qərarları › İş №2(103)-8203/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8203/2022

19.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8203/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Mikrolink Azərbaycan“ MMC-yə qarşı əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(005)-3621/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Mikrolink Azərbaycan“ MMC-yə qarşı əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanılmış 4 yanvar 2015-ci il tarixli əmək müqaviləsi üzrə orta aylıq əmək haqqının məbləğinin 1750 manat müəyyən edilməsi, ödənilməmiş qalıq əmək haqqının və 27.335 manat məbləğində ödəncin, həmçinin 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2015-ci il tarixdə cavabdeh şirkətlə əmək müqaviləsi bağlayaraq şirkətin ölkə üzrə meneceri vəzifəsini rəsmi qaydada icra etməyə başlamış, əmək haqqısı sonuncu dəfə 2017-ci ilin mart ayından artırılaraq 1750 manat olmuş əmək haqqının artması ilə əlaqədar əmək müqaviləsinə dəyişiklik edilmədiyindən iddiaçı ilə rəhbərlik arasında mübahisə yaranmışdır. İddiaçı dəfələrlə onlardan əmək haqqının rəsmi olaraq göstərilməsini tələb etsə də, rəhbərlik bundan boyun qaçırmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı analıq məzuniyyətinə çıxmış, cavabdeh tərəfindən iddiaçıya müraciət edilərək öz ərizəsi ilə işdən çıxması tələb olunmuş, əks təqdirdə işdən çıxarılacağı ilə hədələnmişdir. İddiaçının hamilə vəziyyətdə olmağı nəzərə alınmadan bu təzyiqlər davam etmiş və nəhayət 9 may 2018-ci il tarixdə ona zəng edilərək kobud ifadələrlə bir daha ərizə yazaraq işdən çıxması tələb olunmuşdur. Bunun nəticəsində əsəb gərginliyi və mənəvi sarsıntı keçirmişdir. İddiaçı təsadüfən xx.xx.2018-ci il tarixdə elektron hökumət portalında əmək müqaviləsini yoxlayarkən onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2018-ci il tarixli 011 saylı əmrlə xitam verildiyini, əmrin sistemə xx.xx.2018-ci il tarixdə daxil edildiyini öyrənmişdir. Baş verənlərlə bağlı iddiaçı X1 Xidmətinə də müraciət etmişdir. Göründüyü kimi cavabadeh işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə analıq məzuniyyətində olduğu halda onun ərizəsi olmadan, yalançı əsas uydurmaqla xitam vermişdir. Halbuki, hamilə vəziyyətdə olan qadınla bağlanmış əmək müqaviləsinə özünün razılığı olmadan xitam verilməsi qadağandır. Cavabdeh MMC-nin 01 noyabr 2017-ci il tarixli iş yerindən arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci ildən etibarən Cavabdeh MMC-də şirkətin ölkə üzrə meneceri kimi işləyir, onun aylıq əmək haqqı 1750 (min yeddi yüz əlli) manatdır. Bundan əlavə, cavabdehə məxsus rəsmi email ünvan üzərindən iddiaçı ilə olan yazışmalardan görünür ki, İddiaçı rəsmi əmək haqqı 1750 (min yeddi yüz əlli) manatdır. Hazırda həmin məbləği təsdiq edən kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq cavabdeh həmin məbləği qəbul etmir. Hesab edir ki, İddiaçı ilə cavabdeh “Mikrolink Azərbaycan “ MMC arasında bağlanılmış 4 yanvar 2015-ci il tarixli əmək müqaviləsi üzrə orta aylıq əmək haqqının məbləğinin 1750 (min yeddi yüz əlli) manat olduğu müəyyən edilməli və ödənilməmiş qalıq əmək haqqı və ödənclər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3621/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin "xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqının tutulması” tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Həmçinin, eyni tarixdə Məhkəmənin 2(005)-3621/2022 saylı qətnaməsi ilə iddia qalan hissədə rədd edilmişdir Qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və şikayətdə bildirmişdir ki, məhkəmə MPM-in 261.0.2-ci maddəsini tətbiq etməli deyildi, məhkəmənin mövqeyi aydın deyil, çünki qərardadın əsaslandırıcı hissəsində “51 aylıq dövr üçün 89250 manat ödənilməmiş əmək haqqı tələbinin 20400 manat hissəsində iş üzrə icraata xitam verilməlidir.” qeyd edilsə də, nəticə hisəsində isə bütövlükdə “xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş” əmək haqqının tutulması tələbinə dair hissəsində icraata xitam verilmişdir. Bununla da əsaslandırıcı hissə ilə nəticə hissə arasında ziddiyyət yaranmışdır, bundan başqa təqdim edilmiş sübutlar tam araşdırılmamışdır, buna görə də qərardadın ləğv edilməsi, işə həmin hissədə mahiyyəti üzrə baxılması üçün qərardad qəbul edilməsi xahiş olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli eyni saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından göründüyü kimi bundan əvvəl İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(005)-3850/2018 saylı qətnaməsi ilə qismən təmin edilmiş, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, 011 nömrəli əmrin ləğv edilməsi və onun işə bərpa olunması, İddiaçı məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının və vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pulun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının sözügedən qətnaməyə izah verilməsi barədə ərizəsi Nərimanov Rayon Məhkəməsinin 2(005)-3850/2018 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, qətnamənin nəticə hissəsində “iddiaçıya məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulsun.” cümləsi iddiaçıya bir aylıq orta əmək haqqının deyil, bütün məcburi işburaxma müddətini əhatə edən, iddiaçının işdən çıxarılması tarixdən başlayan və qətnamənin icra edilməsi tarixi ilə bitən dövr üçün orta əmək haqqının hesablanıb verilməsi kimi başa düşülməlidir” kimi izah verilmişdir. Həmçinin, iddiaçı tərəf izahatında əmək müqaviləsində əmək haqqınının 400 manat olmasını bildirmiş, kollegiya bununla bağlı qeyd edir ki, həmin məbləğ nəzərə alınsa tələb edilən dövr üçün (51 ay) əmək haqqının tutulması 20 400 (51 ay x 400 manat = 20400 manat) manat təşkil edir. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqının tutulmasını və əmək haqqının 1750 manat məbləğində olmasının müəyyən edilməsini tələb edir, qeyd edilən məsələyə, yəni “xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək” ödənilməmiş əmək haqqının tutulmasına artıq hüquqi qiymət verilmiş, bununla bağlı məhkəmə aktları qəbul edilərək qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Prosesual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsi hüququnu istisna etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin həmin hissəsində icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Belə olan halda kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyd olunan hissəsi üzrə işə Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə qeyd olunanlara əsaslanaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə hissəvi icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3621/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar