Məhkəmə qərarları › İş №2(103)-821/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-821/2024

20.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-821/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və sair tələbləri barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və nümayəndəsi (vəkili) Vəkil və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun ASC-nin “Şimal” filialında direktor vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə "xxxx" bağlanmış və iddiaçı, həmin gündən cavabdeh ASC-nin "xxxx" filialının direktoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin ləğvi ilə bağlı məhkəmə mübahisəsi olmuş və iddiaçının iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh ASC tərəfindən iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən ASC-nin “Şimal” filialının müdiri vəzifəsinə təyin edilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə iddiaçıya heç bir məlumat verilmədən onun "xxxx" xitam verilmişdir. Bu zaman cavabdeh MMC həmçinin işçi olan iddiaçının başqa işə keçirilməsi imkanlarını araşdırmamışdır. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Cavabdeh ASC-nin iddia tələbinə qarşı etirazı belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər cavabdeh ASC-nin “Şimal” filialının direktoru vəzifəsində işləmişdir. Əmək şəraitinin şərtlərindən biri olan əmək haqqının birtərəfli qaydada dəyişdirilməsi zamanı işəgötürən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri ilə xəbərdar etməlidir. Cavabdeh ASC-nin 2021-ci il tarixdə maliyyə hesabatlarında zərərlə işləməsi müəyyən olunmuşdur. Odur ki, ASC-nin maliyyə vəziyyətinin stabilləşməsi məqsədilə satış strategiyasına edilmiş dəyişikliklərin nəticəsində filial və nümayəndəlik işçilərinin əmək haqqı məbləğinə yenidən baxılması qərara alınmışdır. ASC-nin sığorta yığımları azaldığından faktiki olaraq bir sıra filial və nümayəndəliklərin iş yükü əhəmiyyətli şəkildə azalmışdır. Əmək haqqının azaldılması ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli, AS-23/05 nömrəli məktubla yazılı qaydada müraciət edilmişdir. Məktubda iddiaçıya 1 ay sonra əmək haqqının azaldılaraq vergilər və digər məcburi ödənişlər daxil olmaqla 500 manat məbləğində müəyyən ediləcəyi və ya razılaşmadığı təqdirdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndi nəzərə alınmaqla orta aylıq əmək haqqının 2 qatı ödənilməklə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunan məktub xx.xx.2023-cü il tarixdə iddiaçıya rəsmi olaraq çatdırılmışdır. Lakin iddiaçı tərəfindən həmin məktuba hər hansı bir münasibət bildirilməmişdir. Bundan sonra ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/45 saylı əmri ilə iddiaçının əmək haqqı azaldılaraq 500 manat təyin edilmişdir. İddiaçı tərəfindən bu əmrlə bağlı X5 Xidmətinə şikayət edilmiş və araşdırma nəticəsində tərəfimizdən əmək qanunvericiliyinin düzgün şəkildə tətbiq edilməməsi müəyyən edilmişdir. Belə ki, ASC olaraq xəbərdarlıq müddətinin bitməsinin əmək şəraitinin dəyişdirilməsi kimi deyil əmək müqaviləsinə xitam verilməsi kimi götürülməsi qənaətinə gəlinmişdir. Bu əsasla ASC-nin barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Daha sonra X5 Xidmətinin məktubuna əsasən iddiaçıya xx.xx.2017-ci il tarixli "xxxx" üzrə əmək haqqının bərpa edilməsi, ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçının hesabına köçürülməsi və bu barədə X5 Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixli AS-K-23/67 nömrəli əmrlə iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli AS-K-23/45 nömrəli əmr və həmin əmr əsasında əmək müqaviləsinə edilmiş 27.03.23 tarixli dəyişiklik etibarsız hesab edilərək iddiaçının əmək haqqısı 1.680 manat müəyyən edilmişdir. Daha sonra cavabdeh ASC tərəfindən iddiaçının əmək şəraitinin dəyişdirilməsinə, yəni əmək haqqının azaldılmasına etiraz etdiyi əsas götürülərək xx.xx.2023-cü il tarixdə tam qanuni əsaslarla əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin X5 Xidməti tərəfindən cavabdeh ASC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işə baxan Xətai Rayon Məhkəməsi müfəttişliyin mövqeyini haqlı hesab etməmiş və inzibati xəta haqqında işə xitam vermişdir. c) üçüncü şəxs barədə məlumat

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmişdir.

5. Üçüncü şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.

6. Rayon Məhkəməsi işə iş üzrə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh ASC tərəfindən iddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman əmək qanunvericiliyinin pozulması halı baş verməmişdir. e) apellyasiya şikayəti barədə məlumat

9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

10. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

11. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apelyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

12. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi.

13. İş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

15. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş və hazırki işin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2(102)- 179/22 nömrəli qərarından görünür ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2017-ci il tarixli, 42 nömrəli "xxxx" bağlanmışdır. Həmin "xxxx" əsasən iddiaçı cavabdeh ASC-nin "xxxx" filialının direktoru vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra ASC-nin xx.xx.2021-ci il tarixli AS-K-21/08 saylı Əmri ilə iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hallara istinadən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı həmin əmrdən narazı qalaraq məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2284/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5687/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi qət edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-179/22 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. İddiaçıya məxsus E-sosial portalından çıxarışdan görünür ki, iddiaçı, cavabdeh ASC-də “Şimal” Filialının direktoru vəzifəsinə təyin olunmaqla əmək haqqısı 1.680 manat müəyyən edilmişdir. Yəni ASC tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktı icra edilmişdir.

18. ASC-nin xx.xx.2023-cü il tarixli, AS-23/053 saylı məktubundan görünür ki, ASC iddiaçıya müraciət edərək onun əmək haqqısının azaldılaraq vergilər və digər məcburi ödənişlər daxil olmaqla 500 manat məbləğində müəyyən edilməsi və ya bu təkliflə razılaşmaması təqdirdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndi nəzərə alınmaqla orta aylıq əmək haqqının 2 qatı ödənilməklə həmin Məcəllənin 68-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Həmin məktubda xəbərdarlıq müddəti olaraq 1 aylıq müddət müəyyən edilmişdir. Adıçəkilən məktub xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış və onun tərəfindən imza edilərək qəbul edilmişdir.

19. ASC-nin xx.xx.2023-cü il tarixli, AS-K-23/45 nömrəli “Əmrindən” görünür ki, “Şimal” Filialının direktoru olan iddiaçının xx.xx.2017-ci il tarixli "xxxx" dəyişiklik edilərək xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi üzrə əmək haqqı 500 manat təyin edilmişdir.

20. İddiaçının X5 Xidmətinə ünvanladığı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli müraciətlər əsasında DƏMX Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmışdır. Həmin araşdırma nəticəsində "xxxx"ASC-nin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN1291666 nömrəli inzibati cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.

21. Aparılmış araşdırma nəticəsində ASC tərəfindən AS-K-23/67 nömrəli, xx.xx.2023-cü il tarixli əmr qəbul edilmişdir. Həmin əmrə əsasən “Şimal” filialının direktorunun xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişikliklə bağlı xx.xx.2023-cü il tarixli AS-K-23/45 saylı əmr və həmin əmr əsasında "xxxx" edilmiş xx.xx.2023-cü il tarixli dəyişiklik etibarsız hesab edilmiş, əmək müqaviləsi üzrə əmək haqqı xx.xx.2023-cü il tarixli dəyişikliyədək mövcud olmuş 1.680 manat məbləğində müəyyən edilmiş, əmək haqqı azaldılması ilə bağlı yaranmış fərqin iddiaçıya ödənilməsi qərara alınmışdır.

22. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-1970/2023 saylı qərarından görünür ki, DƏMX-nin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN1291666 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının əmək haqqının azaldılması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmiş, əmək müqaviləsinə həmin şəkildə birtərəfli qaydada dəyişiklik edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmuşdur.

23. ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/74 nömrəli əmrindən görünür ki, “Şimal” filialının direktoru olan iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli "xxxx" Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xx.xx.2023-cü il tarixdə xitam verilməsi, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən (işçi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə razı olmadığı halda) orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilməsi, həmçinin yekun hesablaşma aparılaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan iş ili üçün 11, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan iş ili üçün 30, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan iş ili üçün 30, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan iş ili üçün 2 məzuniyyət gününün haqqının ödənilməsi qərara alınmışdır. Adıçəkilən "xxxx" qəbul edilməsinə səbəb kimi 3 əsas göstərilmişdir: 1) ASC-nin AS-23-053 saylı xx.xx.2023-cü il tarixli məktubu; 2) DƏMX-nin xx.xx.2023-cü il tarixli 3-17-5/2-A16617/5/2023 saylı məktubu; 3) iddiaçının xx.xx.2023-cü il tarixli DƏMX-nə elektron müraciət.

24. ASC-nin 2021 və 2022-ci illəri əhatə edən maliyyə vəziyyəti haqqında hesabtlardan görünür ki, ASC-nin istər 2021, istərsə də 2022-ci ildə öz fəaliyyətini zərərlə başa vurduğu görünür.

25. ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/34 nömrəli əmrindən görünür ki, iddiaçı ilə eyni vəzifələrdə işləyən filial direktorlarının əmək müqaviləsinə dəyişikliklər edilməklə onların əmək haqqları 350 manata salınmışdır.

26. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin istinad etdiyi maddi hüquq normaları aşağıdakılar olmuşdur: Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, digər hallarla yanaşı əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: “b” bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; “ə” bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək (maddə 11.; hissə 1.). Digər hallarla yanaşı əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: “a” əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; “c” əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq (maddə 12.; hissə 1.). Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (maddə 42.; hissə 1.; cümlə 2). Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz (maddə 54.; hissə 2.). Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir (maddə 55.). İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir (maddə 56., hissə 1.). İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər (maddə 56., hissə 2.). Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz (maddə 56., hissə 3.). Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər (maddə 56., hissə 4.). İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir (maddə 59.). Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinı xitam verilməsi əsaslarından biridir (maddə 68.; hissə 2; bənd “c”.). Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir (maddə 77.; hissə 7.). İşəgötürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır (maddə 79.; hissə 1.).

27. Yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etmiş Rayon Məhkəməsi hesab etmişdir ki, tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin işəgötürən tərəfindən eyni şərtlər üzrə davam etdirilməsi mümkünsüz olmuşdur. Belə ki, işəgötürən ASC-nin son 2 il ərzində düşdüyü qeyri-sabit maliyyə vəziyyətində iddiaçıya əmək müqaviləsində əks olunan əmək haqqı məbləğinin ödənilməsi iqtisadi cəhətdən rentabelli olmamışdır.

28. İşəgötürən ASC, iddiaçı ilə analoji vəzifələrdə çalışan işçilərlə bağladığı əmək müqavilələrinə üzləşdiyi maliyyə çətinliyi səbəbindən dəyişikliklər etmiş (əmək haqqı məbləğləri azaldılmış lakin vəzifələri dəyişdirilməmişdir.), lakin iddiaçı həmin dəyişikliklərə razı olmamışdır.

29. Mübahisənin mahiyyətindən bəlli olur ki, işəgötürən olan cavabdeh ASC əvvəlki şərtlərlə işçi ilə əmək müqaviləsinin davam etdirilməsində maraqlı olmamışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi heç kəs əmək müqaviləsinin bağlanmasına və ya hazırki iş üzrə davam etdirilməsinə məcbur edilə bilməz. İşəgötürən yuxarıda sadalanan qanunvericilik normalarına uyğun olaraq ilk növbədə işçiyə əmək şəraitinin dəyişdirilməsini təklif etmiş, işçi bu təkliflə razılaşmamış və razı olmadığını DƏMX-nə şikayətilə ifadə etmişdir. Daha sonra işəgötürən işçiyə irəli sürdüyü digər təklif (müvafiq ödəniş müqabilində əmək müqaviləsinə xitam verilməsi) göndərmişdir.

30. İşəgötürən bütün bu prosedurlara riayət etdikdən sonra işçinin yeni əmək şəraitində işləmək istəyinin olmadığına əmin olduqdan və özünün də mövcud şərtlərlə əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmaması səbəbindən onunla əmək müqaviləsinə xitam vermişdir.

31. İddiaçının öz iddiasında istinad etdiyi himayəsində sağlamlıq imkanları məhdud uşağının olmasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi əsasına dair isə Rayon Məhkəməsi qeyd etmişdir ki, mübahisənin mahiyyətindən göründüyü kimi işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam verilməsi əsas məqsəd olmamışdır. İşəgötürən özündə mövcud olan qeyri-sabit maliyyə vəziyyətinə uyğun olaraq yeni şərtlərlə əmək müqaviləsinin davam etdirilməsində maraqlı olmuşdur. Lakin məhz işçinin hərəkətləri nəticəsində yeni şərtlərlə əmək müqaviləsinin davam etdirilməsi mümkün olmamış və buna görə də işəgötürən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verməyə məcbur olmuşdur. Odur ki, Rayon Məhkəməsi hazırki mübahisə üzrə Əmək Məcəlləsinin 79-cu maddəsini əsas götürməklə əmək müqaviləsinin əvvəlki şərtlərlə davam etdirilməsini ədalətli hesab etməmişdir.

32. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 56.2-ci maddəsində əmək şəraitinin dəyişdirlməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməzdən öncə işəgötürənin işçiyə münasibətdə yerinə yetirməli olduğu vəzifələri öz əksini tapmışdır.

34. Belə ki, əmək şəraitinin şərtlərini dəyişmək qərarına gəlmiş işəgötürən azı bir ay əvvəl işçini xəbərdar etməklə bu barədə məlumat verməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməlidir. Yalnız işçinin başqa vəzifəyə keçirilməsi mümkün olmasa əmək müqaviləsinə 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam verilə bilər.

35. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə işçinin bir ay əvvəl xəbərdar edilməsini və işçinin başqa vəzifəyə keçirilməsinin mümkün olmamasını sübut etmək işəgötürənin – cavabdeh ASC-nin üzərinə düşür.

36. Rayon Məhkəməsi qeyd etmişdir ki, işəgötürən, əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar işçinin xəbərdar edilməsi barədə ASC-nin xx.xx.2023-cü il tarixli, AS-23/053 saylı məktubu xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış və onun tərəfindən imza edilərək qəbul edilmişdir.

37. Cavabdeh ASC xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun xx.xx.2023-cü il tarixdə iddiaçıya çatdırıldığını bildirsə də, bunu təsdiq edən sübutu Məhkəməyə təqdim etməmişdir.

38. Cavabdeh ASC-nin təqdim etdiyi poçt qaiməsindən müəyyən edilir ki, xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən qaiməyə imza edilməklə qəbul edilmişdir.

39. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə işçinin bir ay əvvəl xəbərdar edilmişdir.

40. Lakin həmin xəbərdarlıq məktubunun məzmunundan müəyyən edilir ki, iddiaçının əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə təkliflə razı olmayacağı təqdirdə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının başqa vəzifəyə keçirilməsi təklif edilməmiş, yaxud başqa vəzifəyə keçirilməsinin mümkün olmadığı əsaslandırılmamışdır.

41. Cavabdeh ASC, onun tərəfindən iddiaçıya başqa vəzifəyə keçirilməsi ilə bağlı təklif göndərməsi barədə sübutlar ASC-nin nümayəndəsi tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Baxmayaraq ki, Məhkəmə tərəfindən bunun üçün şərait yaratmışdır.

42. Bundan başqa nəzərə alınmalıdır ki, azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.

43. Lakin cavabdeh ASC tərəfindən Əmək Məcəlləsinin 56.2-ci maddəsində nəzərdə tutulmuş şərtə də riayət edilməmiş, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verilməmişdir.

44. Belə olan halda, cavabdeh ASC tərəfindən iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi qanunsuz olmuşdur. Bu halı nəzərə almamış Rayon Məhkəməsi isə Əmək Məcəlləsinin 56.2-ci maddəsinin tələbini pozaraq iddianın əsassız olması qənaətinə gəlmişdir.

45. Göstərilənləri nəzərə alındıqda müəyyən edilir ki, iddianın “əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə” hissəsi əsaslıdır. Rayon Məhkəməsi qeyd edilən bu tələbləri təmin etməməklə səhv nəticəyə gəlmişdir.

46. İddiaçı tərəfindən cavabdeh ASC-yə qarşı irəli sürülmüş digər tələb ondan ibarətdir ki, əgər o, işə bərpa olunarsa onda işdən çıxarıldığı tarixdən etibarən məcburi işburaxmaya görə əmək haqqı cavabdeh ASC tərəfindən ona ödənilməlidir.

47. Bu tələblə bağlı Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

48. Məhkəmə qeyd edilənləri, o cümlədən iddianın “əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə” hissəsi əsaslı olmasını nəzərə alaraq hesab edir ki, müzakirə edilən bu tələb də əsaslı hesab edilməlidir.

49. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, iddia əsaslıdır. Rayon Məhkəməsinin iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.

50. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

51. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdeh ASC-yə aid edilməli və bu məqsədlə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olan cəmi 150 manat məbləğində pul cavabdehdən Dövlət nəfinə tutulmalıdır.

52. Məhkəmə həmçinin bildirir ki, iddia təmin edildiyindən, iddiaçı və üçüncü şəxs hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

53. Cavabdeh ASC, ona qarşı iddia tələbi təmin edildiyindən və iddia tələbi qiymətləndirilməyən iddia növünə aid olduğundan MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

54. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və sair tələbləri barədə” iddiası təmin edilsin. İddiaçı ilə bağlanmış 18 may 2017-ci il tarixli “Əmək müqaviləsinin” ləğv edilməsi barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, AS-K-23/74 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şimal” filialında direktor vəzifəsinə bərpa edilsin. İddiaçı, o, işdən çıxarıldığı tarixdən etibarən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilsin. İddia tələbi təmin edildiyindən məhkəmə xərcləri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Bu məqsədlə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olan cəmi 150 (yüz əlli) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutulsun. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar