Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8218/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ərizəçilərin milliyyətinin alman olması faktının müəyyən edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)- 456/2020 saylı qərardadından ərizəçilər tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, 08 avqust1984-cü il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi1, eləcə də onun övladları xx xxxxxxx 2006-cı ildə Bakı şəhərində doğulmuş Əhmədzadə Camal Rövşən oğlunun və xx xxxx 2008-ci ildə Bakı şəhərində doğulmuş Əhmədzadə Ramal Rövşən oğlunun, habelə xx xxxxxx 1962-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi2 alman milliyyətindən olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-456/2020 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişlər. Şikayət belə əsaslandırılmışdır ki, ərizəçilər belə bir tələblə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş və onların tələbləri təmin olunmamışdır. Halbuki onların nənəsinin və özlərinin doğum haqqında şəhadətnamələrində milliyyətlərinin alman yazılmaması sırf o vaxtkı ictimai-siyasi durumla əlaqədar olmuşdur. Ulu nənələrindən tutmuş valideynlərinə qədər hamısının milliyyəti həqiqətən də alman olmuşdur. Bu barədə sənədləri də məhkəməyə təqdim etmişlər. Buna görə hesab edirlər ki, qeyd olunanlara əsasən işə mahiyyəti üzrə baxılaraq həmin fakt məhkəmə qaydasında tanınmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-456/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)- 456/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydasını müəyyən edən” Əsas müddəaların 4-cü bəndində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas ola biləcək sənədlər sırasında şəxsin milliyyətinin müəyyən edilməsi faktını müəyyən edən məhkəmə aktı qeyd edilməmişdir. Belə ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən yalnız vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə dair ərizələrə baxa bilər. Hazırkı ərizədə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi deyil, məhz şəxsin milliyyətinin müəyyən edilməsi faktının tanınması xahiş olunur ki, bu xahişə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, hakim iş məhkəmədə baxılmalı deyildirsə, həmin iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı mülki iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Mülki iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-456/2020 saylı qərardadından ərizəçilər tərəfindən verilən şikayət təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Şikayət verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8218/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8218/2020
10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver