Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8222/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2271/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1 45135 manat, Cavabdeh2 isə 20000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2271/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 45000 (qırx beş min) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilməsi qərara alınmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi tərəfində maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edillib, bu səbəbdən qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçı və Cavabdeh2 barışıq sazişi və müvafiq ərizə verərək, mübahisəni Cavabdeh2 20000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində barışıq yolu ilə həll etdiklərini bildirmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı və Cavabdeh2 barışıq sazişi və müvafiq ərizə verərək, mübahisəni Cavabdeh2 20000 manat məbləğində pul vəsaitinin tutulması hissədə barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də həmin hissədə barışıq sazişinin təsdiq edilməsini və Cavabdeh2 20000 manat məbləğində pul vəsaitinin tutulması hissədə qətnamənin ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə;
1. İddiaçı Cavabdeh2 ona 2500 manat məbləğində pul vəsaitini ödəməsi müqabilində ona qarşı olan 20000 manat pul tələbinə dair iddiasından imtina etməyi öhdəsinə götürür.
2. Cavabdeh2 İddiaçı ona qarşı olan 20000 manat pul tələbinə dair iddiasından imtina etməsi müqabilində 2022-ci ilin yanvar ayına kimi ona 1000 manat, 2022-ci ilin fevral ayına kimi 1500 manat məbləğində olmaqla, cəmi 2500 manat ödəməyi öhdəsinə görür. Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək qeyd edir ki, hazırkı halda iddiaçı iki cavabdehə qarşı tələb irəli sürmüşdür. Belə ki, iddiaçı Cavabdeh1 etibarsız əqdə görə mənzil üçün ödədiyi pulu, Cavabdeh2 həmin mənzilə çəkdiyi təmir xərcini tələb edir. Belə olan halda aydın olur ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü hər bir tələb müstəqil olmaqla, biri digərindən aslılı deyildir, başqa sözlə onlar arasında hər hansı bağlılıq yoxdur. Bu səbəbdən, iddiaçı və Cavabdeh2 arasında bağlanmış barışıq sazişi tərəflərin hüquqlarını pozmur, digər cavabdehin prosessual hüquq və vəziflərinə toxunmur və qanuna zidd deyildir, ona görə də, həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə Cavabdeh2 20000 manat məbləğində pul vəsaitinin tutulması hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı və Cavabdeh2 barışıq sazişinin təsdiq olunması barədə ərizələri qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 20000 manat məbləğində pul vəsaitinin tutulması hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 1 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “pul tələbi”nə dair iş üzrə Cavabdeh2 20000 manat məbləğində pul vəsaitinin tutulması hissədə iddiaçı və Cavabdeh2 aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin.
1. İddiaçı Cavabdeh2 ona 2500 manat məbləğində pul vəsaitini ödəməsi müqabilində ona qarşı olan 20000 manat pul tələbinə dair iddiasından imtina etməyi öhdəsinə götürür.
2. Cavabdeh2 İddiaçı ona qarşı olan 20000 manat pul tələbinə dair iddiasından imtina etməsi müqabilində 2022-ci ilin yanvar ayına kimi ona 1000 manat, 2022-ci ilin fevral ayına kimi 1500 manat məbləğində olmaqla, cəmi 2500 manat ödəməyi öhdəsinə görür Həmin barışıq sazişi təsdiq edilsin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2271/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi “Cavabdeh2 20000 manat məbləğində pul vəsaitinin tutulması hissədə” ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev